12 Noyabr 2021 01:08
2172
Mədəniyyət
A- A+

Ağrı

 

Avtobus meydana çatan kimi kənd əhli bir-birinə dəydi. Çəkməçi Süleymanın gətirdiyi xəbər hamını çaşdırmışdı. Səkkiz il bundan əvvəl Qarabağ müharibəsində itkin düşmüş Rza sağ imiş. Bacısı oğlu Hikmətin sorağı ilə hərbi komissarlıqlara, müxtəlif təşkilatlara ayaq döyən Süleyman Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətində əsirlərin siyahısında kəndçisi Məmmədin oğlu Rzanın adını görmüş, şöbələrdə bu işlə məşğul olanlarla xeyli söhbətlərdən sonra məlumatın dəqiq olduğunu öyrənmişdi. Hətta 5 il bundan əvvəl könüllü cəbhəyə yollanmış və indiyədək heç bir xəbəri gəlməyən bacısı oğlundan yeni bir sorağın olub-olmaması barədə soruşmağı belə unutmuşdu. Camaat iki-bir, üç-bir, dəstə-dəstə çəkməçi Süleymanın həyətinə toplaşmağa başladı. Dəqiq məlumatı onun özündən eşitmək istəyirdilər. Kəndin ağsaqqalı sayılan Qurban kişi evə keçib xəbərin doğru olduğunu bilmək üçün Süleymanla xeyli söhbət etdi, gətirdiyi kağızlara baxdı. Sonra həyətə çıxıb dedi:

- Bu Süleyman bir xeyir xəbər gətirib. Kağızlarda da yazılıb ki, Rza sağdır, amma əsirlikdədir... Aypara Cəmiyyəti onun yerini dəqiqləşdirən kimi ailəsinə xəbər çatdıracaq.    

Xəbəri eşidən Rzanın böyük qardaşı Mehdi tələsik həyətə daxil olub gözləri ilə Süleymanı axtardı. Adamların içində onu görməyəndə nə deyəcəyini bilmədi. Təlaşla adamların üzünə baxmağa başladı. Camaatın da gözü onda idi.

- Xəbər doğrudur? - deyə astadan soruşdu. Həyəcandan nəfəsi az qalırdı ki, kəsilsin.

Qurban kişi Mehdinin yanına gəlib kağızları ona göstərdi və dedi:

- Bu sənədlərdə belə yazılıb. Ümidimizi üzməyək, yəqin ki, doğru olar... Hər şey Allahın əlindədir.

Mehdi:

- Şadxəbər olasınız, neçə illərdir axtarırıq, sorağı indi gəlir. Süleyman dayı, Allah sizdən razı olsun, ümid verdin bizə... Təki gəlib çıxsın, başında bir iş olmasın. Gözləyək... Anam da deyirdi, Rza ölməyib, üstümə qara kağızı gəlməyib. Qayıdacağı günü bilməsə də, səbirsizliklə, həsrətlə gözləyirdi.

Həyətdəkilər Mehdiyə təskinlik verir, Rzanın evinə, ailəsinə sağ-salamat qayıtmasını diləyirdilər, bunun üçün yerbəyerdən dualar edirdilər.

Mehdi evə ağlaya-ağlaya gedirdi. Qapını açıb içəri girəndə bir xeyli adamın olduğunu gördü. Ürəklənib bibisini qucaqladı və bu dəfə hönkürtü ilə ağlamağa başladı. Xalaları, əmisi uşaqları, bacısı Gülər də ona qoşuldular.

- Bu qədər üzüntünün, illərin nigarançılığının sonu olacaqmı? - deyə uşaqların bibisi Mələk xanım Mehdidən soruşdu.

Mehdi gözlərinin yaşını silib başını tərpətdi:

- Olacaq, belə xəbər gətiriblər - dedi, - sənədlər var, gördüm, deyəsən Rzanın izinə düşüblər. Amma 8 ildən çox vaxt keçib, bu xeyli böyük müddətdir...

Bu zaman əmisi oğlu Rəhman Mehdinin sözünü kəsib ona acıqlandı:

- Bədgüman olma, hamı sevinir, bizə gözaydınlığı verirlər, sənin isə danışdıqlarına bax! Mən inanıram, gələcək... Bunu rəhmətlik Sona xala da son nəfəsinədək deyirdi, - sonra isə kədərli durumu aradan qaldırmaq üçün arvadı Həcərə, uşaqlarına üzünü tutub dedi:

- Axşam düşür, yığışın gedək, bir xeyli yolumuz var.

Rəhman şəhərdə yaşayırdı, dolanışığı pis deyildi, çörək zavodunda mühasib işləyirdi, bir əli də Mehdigilin ailəsinin üzərində idi.

Qohumlar yavaş-yavaş yığışıb evlərinə döndülər. Mehdinin bir kəlmə sözü yenə də beyinlərdə ilişib qaldı. Kiçik bibisi Səlimənin elə bil ki ayaqları tutulmuşdu, yeriyə bilmirdi. Hərçənd ki qardaşı balasının qayıdacağı xəbərini eşidəndə kəndin aşağı məhəlləsindən ata ocağına yüyürərək gəlmişdi. İndi isə hər addımında bir pud ağırlıq hiss edirdi. Bu, ürəklərə çökən nigarançılığın ağırlığı idi.

Mehdi isə öz xəyalları, düşüncələri ilə evdə tək-tənha qaldı.

***

Qoy oxucu real həyatın diktə etdiyi bu yazını hekayə kimi danışdığımıza görə bizi qınamasın. Başqa cür mümkün deyil. Çünki bu, doğrudan da, bir hekayət, nağıla bənzəyən bir həqiqətdir.

Milli adət-ənənələrimizə görə, el arasında ailə, ev kişinin adına çağırılır. Biz isə Sona xanımın ailəsi dedik. Elə kənd camaatı da lazım olanda həmin evi bir-birilərinə bu cür nişan verir. Ona görə ki bu ailənin başçısı dünyasını çoxdan dəyişmişdi - Sona cavan gəlin, 4 balası isə uşaq olanda... Adi bir kənd qadını olan Sona bundan sonra qızı Gülərə və 3 oğlu Mehdiyə, Yalçına, Rzaya həm ata, həm də ana olmuşdu. İşə girmiş, ailənin bütün ağırlığını üzərinə götürmüşdü.

...Sona gündüzlər çöl, axşamlar ev işlərini görüb qurtarandan sonra xəlvətcə yan otağa çəkilərdi. Ömür-gün yoldaşının divardan asılmış şəkli önündə dayanar, pıçıltı ilə onunla dərdləşərdi. Baş verən hadisələri danışardı. Üzüntülərini dilə gətirərdi, həyatın ağırlıqlarından şikayətlənərdi. Övladlarını ürəyi istədiyi kimi böyütmək üçün var qüvvəsi ilə çalışdığını söyləyərdi. Amma nə qədər güclü iradəyə malik olsa da, qadın zərif məxluqdur. Odur ki, bərkiyən, mətinləşən bu xanım hərdən elə kövrəlirdi ki... Bir dəfə etiraf etdi ki, təkbaşına 4 uşaq böyütmək çox çətindir.  Bəzən yıxılıram, dərd-sər üzür məni, ancaq qalxıb təzədən yürüyürəm. Ataları Məmmədin yeri çox görünür”. 

Sonaya güc verən övlad sevgisi idi. Bu sevgi onu yaşadır, o da uşaqların əlindən tutub onları irəli aparırdı. Bu minvalla hamısını boya-başa çatdırdı. Oğlanların ikisini evləndirdi, qızını el adəti ilə ata ocağından gəlin köçürdü. Sonbeşiyi Rzanın sevdiyi qıza nişan apardığı gün ana sanki qanadlı bir quş idi. Heç belə sevincli günü olmamışdı.

Amma el məsəli var, deyirlər ki, sən saydığını say, gör fələk nə sayır. Demə, tale Sonanı qəfil, gözlənilməz hadisələrlə hələ çox sınağa çəkəcəkmiş.

Müharibə başlayandan Sonanın gecəsi-gündüzü yox idi. Tez-tez qonşusu Səhərlə dərdləşərdi. Gurultu, qışqırıq, bağırtı onu vahimələndirirdi. Qanlı Yanvar günlərində sovet tankları dinc sakinləri qıra-qıra bu kəndə də gəlib çıxmışdı. Adamların qulaqbatırıcı səsləri, uğultular zirehli maşınlardan açılan güllələrin şaqqıltısına qarışmışdı. Sona üzünü qonşusu Səhərə tutub dedi:

- Getsin o günlər, gəlməsin. Nə qədər igid cavanlarımız həlak oldu. İndi də rəzil ermənilər top-tüfənglərini götürüb ərazilərimizi işğal edirlər. Müharibə aparmaq asandır məgər? Bunu yaşlılarımız deyirlər, müharibəni görənlər, o dövrdə yaşayanlar... Müharibədə təkcə ordular üz-üzə gəlmir, kəndlər, şəhərlər viran qalır, müharibə qan-qadadır, ölümdür, böyük faciədir. Uşaqlarımızdan, cavanlarımızdan uzaq olsun, müharibə aclıqdır, səfalətdir, yetimlikdir, sərgərdanlıqdır.

Səhər Sonanın sözünə qüvvət verərək qaynanasının danışdıqlarını misal çəkməyə başladı:

- Sitarə xala deyir ki, 41-45-də dörd qardaşım müharibəyə getdi, üçündən xəbər çıxmadı, biri qayıtdı. Hamımız sevindik ki, ata ocağımızın işığı yandı. Adı Əli olub. Bir ay-ay yarım keçəndən sonra Əlinin xasiyyətində ciddi dəyişikliklər baş verib. Arvadını, uşaqlarını döyməyə başlayıb, qapıları bağlayıb onları günlərlə ac saxlayıb, küçədən keçən südçü kişini az qalıb öldürsün. Qaynanam deyir ki, müharibənin bu dərdləri də var. Əxlaqlar sərtləşir, adamlar bir-birinə qarşı qeyri-adi dərəcədə qəddarlaşır. Günlərin birində isə arvadını uşaqlarla birlikdə atasıgilə yollayır, sonra evinə od vurub yandırır. Özünü xilas edirlər, amma cox qalmır.

Sonanın gözləri alacalanmışdı, qəzəbli baxışları ilə Səhərin sözünü kəsib soruşdu:

- Nə əcəb bir xəstəxanaya, həkimə müraciət etməyiblər?

- Kənd yerində belə xəstələrin üstünə həkim gətirmək ayıb, yəni qəbahət sayılıb. Camaat şəbədə qoşub deyəcəkmiş ki, bacı qardaşının üstünə dəli həkimi gətirib.

Sona:

- Bu da ayrı bir bədbəxtlikdir - dedi və susdu.

Səhər qarşıdakı evdə yaşayırdı. Əri taksi sürücüsü idi. Meydanda dayanıb camaatı lazımi yerlərə aparıb gündəlik dolanışıq xərcini çıxarırdı. İki qızı vardı. Onlar da ər evində idilər. Gün-güzəranları pis deyildi. Səhər isə Sabunçuda yenicə açılan toxuculuq sexində işləyirdi. Bu işə Sonanı da cəlb etmişdi. Rəngli saplar, iplər gətirir, axşamlar ailəlikcə bazarlıq torbaları toxuyurdular. Günəmuzd evdə çalışırdılar. Aldıqları 3-5 manat olsa da, bir neçə günlük azuqələrinə çatırdı. Sona buna da şükürlər edirdi.

- Təki sağlıq-salamatlıq olsun. Ruzigar cavanlarımızın canına qıymasın.

Yavan çörək də yeyərik, aclığa, susuzluğa da dözərik. Bircə azğın ermənilər silahlarını yerə qoysunlar, müharibə dayansın.

Bu, kəndin əksər qadınlarının arzusu idi. Səhər başı ilə Sonanın sözlərini təsdiq edirdi.

Onda 1992-ci il idi. Həmin dövr hünər vaxtı, qeyrət məqamı idi. Düşmənin qarış-qarış, oymaq-oymaq ələ keçirməyə can atdığı torpaq oğullarını imdada çağırırdı. Təhlükə hər saat, anbaan artırdı. Amma kənd əhli öz işində-gücündə, xeyrində-şərində idi. Toy məclisləri də, yas mərasimləri də keçirilirdi. Belə günlərin birində kəndin aşağı məhəlləsində böyük bir mağar qurulur. Hacı Kərimin oğlu Vaqifin toy məclisinə hazırlıq görülürdü. Bakı kəndlərində belə məclislərə kişi toyu deyirlər. Axşamüstü toy başlayar, səhərə qədər davam edərdi. Gəlingətirdiyə oğlanın babası, atası, əmisi  və əsasən cavanlar gedərdilər. Kəndin qadınları isə qız evinin həyətində kiçik çadır qurub oturardılar. Stolu çalıb oynayar, yeni qurulan ailəyə xeyir-dua verərdilər, cavan gəlinlər bir-biriləri ilə zarafatlaşar, xoş söhbətlər edərdilər.

Axşam saat 9 idi.  Oğlan evində toy məclisinin ən yaxşı vaxtı, şirin yeri idi. Kəndin cavanlarının əksəriyyəti orada iştirak edirdi. Çoxusu mağarın girəcəyində gələn qonaqları qarşılayır, yer göstərir, ağsaqqalların qulluğunda dururdular. Böyüyə hörmət, ədəb-ərkan qaydaları bu kənddə yüksək səviyyədə qorunurdu. Hamı sevinirdi. Bəyin üzündə sanki təbəssüm işığı vardı. Hamıya gülümsəyir, sevincini üzə vurmamağa çalışırdı. Toyun axırına yaxın mağarda Əfqanıstan döyüşlərinin iştirakçısı olan Hətəmin gur səsi hamını bir anlığa susdurdu.

Hətəm gənclərə müraciət edirdi. Qəlbi Vətən sevgisi ilə dolu, qürurlu, milli  ruhlu, mənəvi dəyərlərə yiyələnmiş, dövlətinə, torpağına, xalqına bağlı gənclərə. Onu hamı eşidirdi, kəndin cavanları da, qız-gəlinləri də, ağsaqqal, ağbirçəkləri də. İlk sözü bu oldu:

- Torpaq çağırır bizi, azğın ermənilər yurdlarımızı dağıdır, viran qoyurlar. Gənclərimiz mənfur düşməni savaş meydanında üstələməlidir.

Hətəm var gücü ilə qışqırır, sadə ifadələrlə cağırışına davam edirdi:

- Azərbaycanın maraqları qorunmalıdır. Yurdlarımız azad edilməlidir. Vətənpərvərlik əzmi olan hər kəs döyüş meydanlarında öz yerini tutmalıdır. Bu, bizim vicdan borcumuzdur, qız-gəlinlərimizin, qocalarımızın, uşaqlarımızın başına gətirilən müsibətlərin, dağıdılan, viran qoyulan yurd yerlərimizin qisası alınmalıdır. Biz vuruşmalıyıq, can verməliyik, ölməliyik, amma torparlarımızı mənfur düşmənin əlində qoymamalıyıq. Azərbaycan gəncliyinin ümdə vəzifəsi budur. Cəsur, mərd qəhrəmanlar yetişdirən Vətən isə heç vaxt yenilməz. Azərbaycan tarixən igidlərimizin mərdliyinə, fədakarlığına görə qürur duyub. Ölümsüz qəhrəmanlarımızın yaddaşlarda qalan silinməz izləri ilə müqəddəsləşib. Hamı Vətənin, torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxmalıdır.

Hətəmin çıxışı gənclərin onsuz da gərilmiş əsəblərini tarıma çəkdi, milli ruhunu, heysiyyətini coşdurdu. Fitlər çalındı, səslər göyə qalxdı. Hətəmin sözləri gurultular içində eşidilməz oldu. Mağarda, çöldə heç kəs dinc dayanmırdı, qışqırır, işğalçı, qaniçən  erməniləri söyür, onlara hədyanlar oxuyurdular. Kənd ayağa qalxmışdı. Birdən 20 Yanvar şəhidi Azadın anası Rəhilənin səsi eşidildi:

- Oğlumun qisasını alın! - deyib fəryad qopardı.

Ardınca Səlimə xala irəli keçib:

- Şikəst qalan iki balamın qisasını alın - dedi.

Nazlı nənə itkin düşmüş nəvəsinin qisasını istəyirdi. Bütün günü iki uşaqla kəndi dolaşan Natali ağlaya-ağlaya:

- Qasımın qisasını alın, - deyib diz çökdü.

Qasım kəndin ən yaxşı maşın ustası idi. Əsgəri xidmətini Donetskdə keçirmişdi, Natali ilə də orada evlənmişdi, iki oğlu vardı. Səfərbərlik elan olunanda kənddən müharibəyə gedənlərdən birincisi oldu. 7 ay əvvəl ölüm kağızı gəlmiş, şəhid olduğu bildirilmişdi. Bir zabit, 4 əsgər nəşini gətirib ailəsinə təslim etmiş, axşamüstü isə cənazə torpağa tapşırılmışdı.

Bu çağırışlar kəndin gənclərinə o qədər təsir etdi ki, səhər tezdən artıq hamı rayon hərbi komissarlığının qarşısında toplaşmışdı. Onların arasında dünən axşam toyu olan Vaqif də, bizim hekayənin qəhrəmanı Rza da var idi.

Rza kəndin sayılıb-seçilən, sözü keçən oğlanlarından idi. Hündurboylu, mütənasib bədənli, xoşsima bir gənc idi. İdmançıya oxşayırdı. Dörd il əvvəl əsgəri xidmətdən tərxis olunmuşdu. Komandirləri deyirdilər ki, Rza yaxşı snayperçidir. Sovetlərin vaxtında belə bir tərifi hər kəs üçün söyləmirdilər.

Səhər erkən paltarlarını əl çantasına yığanda anası Sona oğlunun qarşısına keçib asta səslə dedi:

- Bəlkə sən bir az gözləyəsən, nişanlısan, toya hazırlaşırıq... Oğlanlarımın üçü də əsgərlikdə olub. Sən də bir neçə ildir gəlmisən. Bilirsən əziz balam, başıpozuq bir dövrə, zəmanəyə düşmüşük, bu yolun gedər-gəlməzi var, düşün-daşın, sonra qərar ver. Gözümüzü yolda qoyma...

Rza axşamdan qəti sözünü demişdi, bir də təkrarladı:

- Ana, indi Vətənə vuruşan oğullar lazımdır. Mən burada qala bilmərəm, - dedi və anasını bərk-bərk qucaqlayıb bağrına basdı. - Məndən nigaran qalma, səni hər zaman xəbərdar edəcəyəm.

Sona:

- Nə deyim...Get, dualarım səninlədir, amma salamat qayıt.

Ana bundan artıq heç bir söz deyə bilmədi. Düşündü ki, övladlar Vətən, torpaq qarşısında öz insanlıq və vətəndaşlıq borclarını yerinə yetirmək istəməsələr, heç ana borclarını da qaytara bilməzlər. Onların doğma yurdun ən ağır vaxtında, müharibə şəraitində sınağı ömürdə bir dəfə baş verir - həqiqi oğul isə bu sınağa həmişə hazır olmalıdır.

Elə bu zaman həyətin qapısı açıldı. Gələn Rzanın nişanlısı Lalə idi.

- Bura niyə gəlmisən, - onun sərt şəkildə nişanlısına ilk sözü bu oldu. Qız pərt vəziyyətdə qapının girəcəyində duruxub qaldı. Sona irəli keçib oğluna acıqlandı.

- Özgə yerə gəlib məgər? Yaxşı eləmisən, qızım keç içəri. Mən çay qoyub gəlirəm.

Lalənin halı özündə deyildi, həyəcandan bütün bədəni titrəyirdi. Ağlamaq istəyirdi, amma qorxurdu. Rza onun bu vəziyyətini görüb əllərindən tutdu:

- Mən olmayanda anama ürək-dirək ver, yanında ol... İndi söylə, nə isə demək istəyirsən.

- Dünən dedin ki, hələ düşünürəm, qərar veməmişəm.

Rza Lalənin sözünü axıra qədər gətirməyə qoymadı:

- Düşündüm, qərar da verdim - dedi.

- Bəlkə getməyəsən, arzularımızı, xəyallarımızı yarımçıq qoyma...- deyə Lalə yalvarırdı.

Rza yenə də nişanlısının sözünü kəsdi:

- Olmaz, - deyib ayağa qalxdı,- qala bilmərəm, bir də heç nə yarımçıq qalmayacaq, toyumuzu da edəcəyik, xəyallarımıza da qovuşacağıq. Fikirləşmirdim ki, məni bu qədər çox istəyirsiniz. İndi gedək meydana qədər məni ötür.

Sona ikinci mərtəbədən tələsik düşüb oğluna sarıldı, dualarını etdi, ardınca bir bardaq su atdı, gözdən itənədək balasının arxasınca baxdı.

Rza cəbhəyə getdi. Nişanlısı Laləyə olan sonsuz sevgisi də onu bu yoldan saxlaya bilmədi.

 

(ardı var)

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video