13 Noyabr 2011 01:11
743
CƏMİYYƏT
A- A+

AĞDAŞ - sürətli inkişafın yeni ünvanı

 

"Ağdaş indi müasir, gözəl rayona çevrilməkdədir. İstirahət etmək, yaşamaq, işləmək üçün bütün şərait vardır.

...Bu, Ağdaşa mənim Prezident kimi üçüncü səfərimdir. Mən rayonda gedən dəyişiklikləri görürəm, qiymətləndirirəm. Çox şadam ki, burada işlər yaxşı gedir. Ağdaşın gələcək inkişafı üçün də əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq ki, rayon daha da gözəl,  daha da yaxşı olsun".

 

İlham Əliyev

 

Ölkəmizin sosial-iqtisadi potensialı gücləndikcə regionların siması dəyişir, əhalinin rifah halı da yaxşılaşır. İnkişafının yeni mərhələsini yaşayan Ağdaş rayonu da ildən-ilə qazandığı uğurlarını artırır. Göstərilən dövlət qayğısını rayon əhalisi yüksək qiymətləndirir, həyata keçirilən tədbirlərə işgüzarlıqla dəstək verməyə çalışır. Bu gün Ağdaşı ölkənin abadlıq, quruculuq məkanlarından biri adlandırmaq olar. Rayonda bir çox layihələr, o cümlədən su təchizatı layihəsi uğurla icra olunur. Son vaxtlar yeni qəsəbələrə və yaşayış massivlərinə təbii qaz verilir. Yaxın zamanlarda rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulur. Elektrik enerjisinin təchizatı ilə bağlı problem qalmayıb. Təzə çəkilən yollar, içməli su və kanalizasiya layihələrinin icrası Ağdaşın inkişafının yeni mərhələsindən soraq verir.

Prezident İlham Əliyev oktyabrın 30-da Ağdaşa səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Növbəti illərdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaqdır. Bildiyiniz kimi, həm dövlət büdcəsində vəsait nəzərdə tutulur, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan bölgələrin inkişafı üçün vəsait ayrılır ki, hər bir rayon, hər bir şəhər, hər bir kənd abadlaşsın və yaşamaq üçün şərait daha da yaxşı olsun".

Dövlət başçısı İlham Əliyev Ağdaşa budəfəki səfərində rayonun Heydər Əliyev abidə kompleksində aparılmış yenidənqurma işləri ilə tanış olmuş, Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin və Ağdaş Rayon Mərkəzi Xəstəxanasının açılışı mərasimlərində iştirak etmişdir. 7 hektar ərazini əhatə edən kompleksdə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb, 30 metr hündürlükdə Dövlət Bayrağı ucaldılıb, mərmər lövhələrdə dövlət atributları, tarixi keçmişi əks etdirən memarlıq nümunələri yaradılıb. Kompleksin ərazisindəki Heydər Əliyev Mərkəzi və mərkəzdəki muzey də əsaslı şəkildə yenidən qurulub.

Prezident İlham Əliyevin Ağdaş rayonuna budəfəki səfəri də insanlarda yüksək əhvali-ruhiyyə yaradıb, işgüzarlığın və təşəbbüskarlığın artmasına stimul verib.

Ağdaş RİH başçısı Rafiq Niftəliyev Prezident İlham Əliyevin rayona səfəri ilə əlaqədar bildirdi ki, dövlət başçısının hər xoş sözü bizim üzərimizə daha böyük məsuliyyət qoyur. Çalışırıq ki, onun tapşırıq və tövsiyələri vaxtında yerinə yetirilsin. Yaxşı bilirik ki, hər bir rayonun, bölgənin inkişafı üçün ölkə Prezidenti necə diqqət və qayğı göstərir.

Ağdaş Texniki, Təbiət və Humanitar Təmayüllü Gimnaziyanın direktoru Şəhla Hacıbalayevanın da ürək sözlərini eşitdik: - 2010-cu il fevralın 12-də Ağdaşa səfəri zamanı ölkə Prezidentini rayon ictimaiyyətinin nümayəndələri adından salamlamışdım. Həm o vaxtkı, həm də budəfəki görüşün təəssüratları qəlbimdə bir-birinə qarışıb. Azərbaycan Prezidentinin hər gəlişi rayonumuz üçün bayrama çevrilir, xeyir-bərəkət gətirir. Dövlət başçısının əvvəlki gəlişindən ötən müddət ərzində Ağdaşda böyük işlər görülüb. Budəfəki səfərindən sonra da dövlət başçısı sosial-iqtisadi tədbirlərin sürətləndirilməsinə dair Prezidentin Ehtiyat Fondundan rayonumuza 2 milyon manat vəsait ayrılması barədə sərəncam imzaladı. Şübhəsiz, bu qayğı bizi daha da ruhlandırmaqla yanaşı, işgüzarlığımızı və məsuliyyətimizi də artırır.

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru, respublikanın əməkdar müəllimi Tənzilə Şıxıyeva söhbətə hər bir ölkə vətəndaşının qürur duyduğu tarixi məqamdan başladı: - Bu məqam müstəqillik tariximizin ən parlaq qələbəsi, diplomatiyamızın bənzərsiz uğurudur. BMT Baş Məclisinin oktyabrın 24-də keçirilmiş plenar iclasında müstəqil Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasında təmsil edəcək üzv seçilməsindən qürurlandıq. İyirmi ildir müstəqillik yollarında inamla addımlayan Azərbaycan Respublikasının dünyanın ali idarəçiliyində təmsil olunan 15 dövlətdən birinə çevrilməsi ölkəmizin beynəlxalq aləmdə rolunu daha da artıracaq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna əhəmiyyət kəsb edəcəkdir.

Belə bir ərəfədə ölkə rəhbərinin Ağdaşa səfərinin ikiqat bayrama çevrildiyini qeyd edən T.Şıxıyeva bildirdi ki, ilboyu rayonun sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan bir qrup Ağdaş sakininin fəxri adlar və medallarla təltif olunması ilə bağlı Prezident sərəncamları böyük razılıq hissi ilə qarşılanır, daha aktiv fəaliyyət göstərmələri üçün bir stimula çevrilir: - Biz bu qayğını bütövlükdə Ağdaş rayonuna və ağdaşlılara göstərilən böyük etimadın təzahürü kimi dəyərləndiririk. Onu da minnətdarlıq hissi ilə qeyd etməyi özümə borc bilirəm ki, Ağdaş rayonunun bugünkü inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da böyük xidmətləri var. Biz ağdaşlılar Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə və beynəlxalq aləmdə nəcib ideallara xidmət edən bütün layihələrin həyata keçirilməsini ürəkdən bəyənir və müdafiə edirik.

Ağdaş rayonunda bu il yol təsərrüfatı yenidən qurulub, şəhərdə zövq oxşayan fəvvarələr tikilib, prospekt, küçə və meydanlar milli memarlıq ənənələrinə uyğun olaraq tamamilə yenidən qurulub, müasir işıqlandırma sistemləri ilə təchiz edilib.

Rayonda yeni iş yerləri açılır, ekoloji və sosial-məişət problemləri həll olunur, sahibkarlığın inkişafına yüksək dövlət dəstəyi göstərilir. Hazırda Ağdaş şəhərində və ucqar kəndlərdə təhsil və səhiyyə müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi sahəsində böyük məbləğdə maliyyə vəsaiti qoyuluşu hesabına aparılan işləri sakinlər böyük razılıq hissi ilə qarşılayır və buna hər cür dəstək verməyə çalışırlar.

Ağdaşa səfəri zamanı Prezident İlham Əliyev mərkəzi rayon xəstəxanasının açılışındakı nitqində demişdir: "Gözəl hadisədir. Xəstəxananın tikintisi bir il bundan əvvəl başlanmışdı. Mən çox şadam ki, qısa müddət ərzində Ağdaşda çox gözəl, müasir xəstəxana tikilib istifadəyə verilmişdir".

Yüz çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır.

Xəstəxananın baş həkimi Nuru Nuriyev Ağdaşda belə bir möhtəşəm xəstəxananın qısa müddət ərzində tikilib istifadəyə verilməsini Prezident İlham Əliyevin birbaşa qayğısının təzahürü kimi dəyərləndirdi: - Ən müasir tibb avadanlıqları ilə təchiz olunmuş bir səhiyyə ocağında çalışmaq hər bir tibb işçisinin arzusudur. Dövlətimizin və dövlət başçısının qayğısı sayəsində biz bu arzumuza çatmışıq. İndi elə çalışmalıyıq ki, ölkə Prezidentinin dediyi kimi, elə etməliyik ki, burada göstərilən tibbi xidmət yüksək səviyyədə olsun.

Ağdaş rayonunda olarkən söhbət etdiyimiz sakinlərdən Vaqif Hacıyev, Gülər Məmmədova, Rəsul Zamanov, Hənifə Yusibova, Tahir Əliyev, Azad Gözəlov, Vüsal Davidov, Fidan Fərzəliyeva və başqaları da əminliklə bildirdilər ki, ölkə rəhbərinin onlara göstərdiyi diqqət və qayğının müqabilində daha fədakarlıqla çalışacaqlar.

 

Telman NƏZƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video