18 Sentyabr 2021 00:16
1290
CƏMİYYƏT
A- A+

Ağdamda beynəlxalq simpozium keçirilib

 

Xalqımızın Ümummilli  Lideri Heydər Əliyevin illər öncə böyük müdrikliklə söylədiyi “Bir millət iki dövlət” kəlamı  Türkiyə-Azərbaycan  dostluğunun, qardaşlıq və əməkdaşlığının  bütün istiqamətlərində öz təsdiqini tapmaqdadır. Türkiyə bir qardaşın edə biləcəklərini bütün zamanlarda Azərbaycan üçün etmişdir.

Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü sentyabrın 15-də ölkəmizdə təntənə ilə qeyd edildi. Nuru paşanın rəhbərlik etdiyi ordu daşnak-bolşevik birləşmələrini məğlubiyyətə uğratdıqdan  sonra yenicə qurulan Azərbaycan hökuməti  Gəncədən Bakıya köçdü. O, ağır döyüşlərdə yüzlərlə türk əsgəri  şəhid oldu. Bu gün qədirbilən xalqımız  onların xatirəsini uca tutur, böyük məhəbbət və ehtiramla yad edir.

Çox qürurvericidir ki, Türkiyə-Azərbaycan  əlaqələrinin miqyası arzuolunan səviyyədən də genişdir. Hərbi-iqtisadi, elmi-mədəni ilişkilərimiz gündən-günə dərinləşir. Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalına son qoyulması ilə nəticələnən 44 günlük İkinci Vətən müharibəsində türk qardaşlarımızın siyasi-diplomatik  və mənəvi yardımı parlaq qələbəmizi  labüd etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdə qüdrəti, Azərbaycan əsgərinin qəhrəmanlığı qarşısında düşmənin diz çökməkdən,  təslim olmaqdan başqa yolu qalmadı.

Qarabağ zəfərindən sonra Azərbaycan-Türkiyə əlaqələri yeni mərhələyə daxil olmuşdur. Bu gün birgə hərbi  təlimlər davam edir. Ermənilərin tarixdə misligörünməmiş bir vəhşiliklə dağıtdıqları, odlara qalayıb viran qoyduqları şəhərlərin, kəndlərin, yolların, körpülərin, tarixi abidələrin, dəyəri bir neçə milyon dollarla hesablanan sosial infrastrukturun yenidən qurulmasında, bərpa  edilməsində türk qardaşlarımız yenə də yanımızdadır. Heç şübhəsiz, bu birlik gücümüzə güc qatır, düşmənlərin yeni təxribat planlarını əngəlləyir.

Bu günlər Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə Qarabağda - Ağdamda beynəlxalq simpozium keçirilmişdir. “Müstəqilliyinin 30-cu ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda keçirilən simpoziuma qardaş Türkiyənin bir qrup nufuzlu elm xadimi qatılmışdır.

Tədbir iştirakçıları öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quzanlı qəsəbəsində ucaldılmış abidəsi önünə qızılgüllər qoydular. Sonra  simpozium Heydər Əliyev Mərkəzində işinə başladı. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov  çıxış edərək Azərbaycanın və qardaş Türkiyənin tanınmış elm xadimlərinə belə bir möhtəşəm elmi konfransın Ağdamda keçirilməsinə qərar verdikləri üçün minnətdarlığını bildirdi. Simpoziumun işinə uğur  arzulayan natiq parlaq qələbə ilə başa çatan  44 günlük müharibədən sonra Ağdamda yaşanan xoş ovqat, yüksək əhvali-ruhiyyə barədə qonaqlara məlumat verdi: “Müzəffər Ali Baş Komandan  İlham Əliyevin “dəmir yumruğu”, qəhrəman əsgər və zabitlərimizin hünəri və türk qardaşlarımızın güclü dəstəyi ilə Qarabağın, eləcə də doğma Ağdamın  işğaldan azad olunması 30 ilin həsrətinə son qoydu, illərdən bəri qaysaq bağlamayan yaralarımıza məlhəm oldu. Hər kəsin eynəsi açıldı, üzü  güldü. Oğlu şəhid olan analar başını dik tutub göz yaşlarını “ürəyinə axıdıb qürurla “Təki Vətən var olsun” dedi. O çətin günlərdə, o şərəfli anlarda hamımızın ürəyi Azərbaycan əsgəri ilə bir döyündü. Nə xoş ki müharibəni qələbəylə bitirdik. Doğma Qarabağımız azadlığa qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  adı müstəqil Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazıldı. İndi bizim  vəzifəmiz tikib-qurmaq, Qarabağın hər qarışını cənnətə döndərmək, xalqımızın sülh, əmin-amanlıq şəraitində yaşamaq, dinc quruculuqla məşğul olmaq  niyyətini dünyaya çatdırmaqdır. Qoy tarixçi alimlərimiz Qarabağın tarixini daha dəqiq öyrənsinlər və təbliğ etsinlər. Burada hər daş, hər qaya  canlı tarixdir. Azərbaycanın ayrılmaz parçası olan Qarabağa xoş gəlmisiniz.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli tədbirdə çıxış edərək Azərbaycanın son 30 ildə keçdiyi çətin və şərəfli, keşməkeşli yoldan ətraflı söhbət açdı. Müstəqillik illərinin iki mərhələdən ibarət olduğunu bildirən natiq Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğuladı. Qeyd etdi ki, son dərəcə çətin, mürəkkəb tarixi şəraitdə Heydər Əliyev Azərbaycanı xaosdan, qardaş qırğınından, dövləti məhv olmaq, parçalanmaq təhlükəsindən xilas etdi, “Əsrin müqaviləsi”ni imzalamaqla ölkəmizin  dinamik iqtisadi inkişafına etibarlı  zəmin yaratdı: “Heydər Əliyev siyasi  kursuna sarsılmaz sədaqət nümayiş etdirən Prezident İlham Əliyev isə Azərbaycana  rəhbərlik etdiyi 18 ildə müdrik siyasəti, uğurlu diplomatiyası ilə müstəqilliyimizi daha da möhkəmləndirdi, dövlətimizi söz sahibinə çevirdi. Müzəffər Ali Baş Komandan  İlham Əliyev mahir sərkərdə bacarığı ilə dünya hərb tarixinə heyrət doğuran yeni səhifələr yazdı, taleyin ona qismət etdiyi xilaskarlıq missiyasını şərəflə reallaşdırıb Qarabağın 30 illik işğalına son qoydu. Bütün bunlar müstəqillik tariximizin qürurla söz açılası parlaq səhifələridir”.

Onu da qeyd edək ki, akademik İsa Həbibbəyli Qarabağa səfəri çərçivəsində böyük ədib Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı Həmidə xanım Məmmədquluzadənin Ağcabədi rayonunun Kəhrizli kəndindəki ev-muzeyində olmuş, yeni kitablarını muzeyə hədiyyə etmişdir. İsa müəllim Cəlil Məmmədquluzadənin Kəhrizli kənd qəbiristanlığında 1922-ci ildə dəfn edilmiş qardaşı Ələkbərin qəbrini ziyarət etmiş, məzarı üstünə tər qızılgüllər qoymuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru professor, tarix elmləri doktoru Kərim  Şükürov çıxış edərək simpoziumun məqsəd və məramlarını açıqladı. Qeyd etdi ki, Azərbaycan-Türkiyə əlaqələri müasir dövrdə yeni məna kəsb edir, öz aktuallığı ilə diqqət çəkir: “Kökü, soyu, dini, inancı eyni olan, lakin ayrı-ayrı dövlətlərdə yaşayan eyni millətin  dostluğu, qardaşlığı, birliyi yolunda məkrlə qurulan, on illərboyu davam edən maneələr artıq aradan  qaldırılmış, iki qardaş bir-birinə qovuşmuşdur. Neyləmək olar ki, bu,  bəzi yaxın qonşularımızda hədsiz  dərəcədə qıcıq yaradır. Nə zamandır ki, biz Azərbaycan-Türkiyə qardaşlığının təntənəsinə aparan, hər addımı qürur doğuran şərəfli bir yolla addımlayırıq. Şükürlər olsun ki, bir millətin iki  qüdrətli oğlu - xidmət  etdikləri böyük amallar uğrunda mübarizədə qazandıqları zəfərlərlə adlarını türk dövlətləri tarixinə qızıl  hərflərlə yazmış Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cumhuriyyətinin başqanı Rəcəb Tayyib Ərdoğan bizi dostluq, qardaşlıq, əməkdaşlıq yoluna yönəldir. Əminəm ki, tarixçi alimlərimiz öz bilik və bacarıqları, xoş məramları ilə bu müqəddəs yolun nurunu, ziyasını daha da artıracaqlar”.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qabil Həsənovun çıxışından sonra simpozium ayrı-ayrı iclaslarla öz işini davam etdirmişdir. Azərbaycanın dövlət müstəqilliyinin 30 illiyi (1991-2021) tarixi baxış mövzusunda  AMEA Tarix İnstitutunun direktoru, professor, tarix elmləri doktoru Kərim Şükürov, “Türkiyənin ictimai rəyində Xocalı qətliamı və sonrasında Qarabağ problemi” mövzusunda  İstanbul Universitetinin professoru, tarix elmləri doktoru Ramazan Erhan Çüllü, “Qarabağ zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri” mövzusunda  Artvin Çoruh Universitetinin  rektoru, professor, tarix elmləri doktoru Mustafa Sıtkı Bilgin, “İkinci Qarabağ müharibəsi: milliləşmənin bir uğur hekayəsi, sovet dövründən qalma mirası təmizləmə və qərb strateji düşüncəsi” mövzusunda  jurnalist Ardan Zentürk,  “Cenevrə konvensiyaları işığında Qarabağ müharibəsinin təhlili, Qarabağ probleminin həllində Asiyada əməkdaşlıq və ehtimal tədbirləri konfransı və türk şurası” mövzusunda  Mərmərə Universitetinin professoru, tarix elmləri doktoru Alaeddin Yalçınkaya, “İkinci Qarabağ müharibəsi dünya kütləvi informasiya vasitələrində” mövzusunda  AMEA Tarix İnstitutunun şöbə müdiri, professor, tarix elmləri doktoru Mais Əmrahov, “Batumi Anlaşmasından Şuşa Bəyannaməsinə - Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda Mərmərə Universitetinin professoru, tarix elmləri doktoru Okan Yeşilot, “Qarabağ və Zəngəzur dəhlizinin geosiyasəti” mövsuzunda Yıldız Texniki Universitetinin professoru, tarix  elmləri doktoru Mehmet Akif Okur, “Mehri dəhlizinin Qafqazda əhəmiyyəti və torpaq mübadilə formulu” mövzusunda Ankara Yıldırım Beyazid Universitetinin professoru, tarix elmləri  doktoru Salih Yılmaz, “Qarabağ xanlığı 1805-ci ildən  1822-ci ilədək:  yalanlar və həqiqətlər” mövzusunda AMEA Tarix İnstitutunun şöbə müdiri, dosent, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov və digər tarixçi alimlər müxtəlif mövzularda  maraqlı elmi  məruzələr etmişlər. Simpoziumda bütövlükdə 24 məruzə dinlənilmişdir.

Ağdam Musiqi Məktəbinin həyətində açıq havada təqdim edilən vətənpərvərlik ruhuna köklənmiş konsert  proqramını qonaqlar xüsusi heyranlıqla dinləmişlər.

Səhəri gün isə qonaqlar işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etmişlər. Ağdam şəhərinin qalıqlarını, faşist xislətli ermənilərin daş üstə daş qoymadığını ürək ağrısı ilə seyr edən türk qardaşlarımızın fikrini bir cümlə ilə Atatürk Mədəniyyət Dil və Tarix Yüksək Qurumunun sədri Muhammet Hekimoğlu belə ifadə etdi: “Bütün bunlar dünyada barbarlığın ən dolğun mənzərəsidir”.

 

Lazım QULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video