15:12 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Adını mən verdim...”

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:52 29.07.2021

 

Yaxud övladına ad qoymaq hər kəsin təkcə şəxsi seçimi olmalıdırmı?

 

...Sinif otağı uşaqların qəhqəhəsi ilə doldu. Çünki Şahnaz müəllimənin sualına cavab vermək üçün dörd şagird birdən  ayağa qalxdı. “Səhv”ini başa düşüb müəllimə də bir anlığa çaşdı. Axı Əliləri həmişə soyadı ilə çağırardı. Bu dəfə isə tələsmiş və sinfə üz tutub sadəcə: “Suala Əli cavab versin,”- demişdi. Nəticədə dörd Əli  eyni vaxtda səslənmişdi...

Günümüzdə bənzər hadisələr çox olur. Çoxmərtəbəli evlərdən ibarət yeni yaşayış məhəlləsinin uşaqlar üçün əyləncə meydançasında bir ana qızını səslədi: “Nuray, bəsdir, az dəcəllik elə, gəl bura....” Daha bir Nuray öz anasına tərəf qaçıb dodaqlarını büzdü: “O xala nə deyir? Axı mən sakitcə oynayıram...” Üçüncü Nuray da sözün ona aid olduğunu güman edib  hürkdü və elə yüyürdü ki, anasına pənah gətirincə yolda yıxıldı...

Bunlar dövrümüzün reallıqlarındandır. Bir-birinin adaşı olan uşaqların sayı getdikcə artır. Keçən il doğulan oğlan uşaqlarından 2008-nə Yusif, 1905-nə Əli, 1797-nə Hüseyn, 1932-nə Uğur, 1236-na Ömər adı verilib. Qızlara verilən adlar arasında üstünlüyü isə Zəhra (1968), Zeynəb (1580), Nuray (1241),Məryəm (1507), Aylin (1437) təşkil edib. Elə 2019-cu ildə də ən çox qoyulan bu adlar olub. Ümumiyyətlə, bu və daha bir neçə digər ad son illərdə  rekordu əldən vermək istəmir. Belə ki, 2014-2018-ci illərdə  qızlara ən çox verilən ad Zəhra olub. Bu müddətdə həmin ad 11 918 yeni doğulan qıza qoyulub. Sözügedən 5 il ərzində

12 507 oğlana Yusif adı verilib. İş o yerə çatıb ki, bir ara hətta uşaq bezlərinin reklamındakı uşağa da simvolik olaraq Yusif deyirdilər. Halbuki bu adın reklama ehtiyacı yoxdur... Yuxarıda qeyd olunan 5 ildə oğlan uşaqlarına Yusifdən sonra ən çox qoyulan adlar Əli (9087), Hüseyn (8921), Ömər (6696) və Məhəmməd (5861) olub.

Bunların hamısı gözəl adlardır. Gözəl olan həm də odur ki, bəzi adlarla öz soykökümüzə qayıdır, bəziləri ilə dinə-imana tapınırıq. Lakin burada bir məqamı da unutmamalıyıq. Övladına müqəddəs ad, məsələn, Məhəmməd adını verən valideyn gələcəkdə onun peyğəmbərimizə layiq bir insan olacağına əmindirmi? Bu mənada gənc ata-analar öz üzərlərinə böyük məsuliyyət götürdüklərini dərk etməlidirlər.

Eyni adların digərlərinə nisbətən çox olması hallarına əvvəlki vaxtlar da rast gəlinib. Hətta qohum-qonşular arasında adların təkrarı olub. Bundan çoxu inciməyib. “Ad bostandır,”- deyiblər. Lakin o cür ifratçılıq da olmayıb ki, eyni şəhərdə yaşayan orta yaslı iki qardaş və bir bacının hər birinin nəvəsinin adı Murad olsun.

Məgər Azərbaycan xalqı ad qıtlığımı yaşayır? Şükürlər olsun, dilimiz zəngin, müsbət ədəbi qəhrəmanlarımız çox, həyatda ibrət götürüləsi insanlarımız saysız-hesabsız, adı yaşamağa layiq olan igidlərimiz tarixin səhifələri qədər...

Hər kəsin övladına hansı adı verəcəyi onun öz şəxsi işi olduğu üçün bu mövzu bir qədər mübahisəlidir. Ətrafdakı insanlar bu məsələyə haqlı olaraq müdaxilə etmir, qanunun özü də övladına ad verən valideynə heç bir qadağa qoymur. Bununla belə, hər kəs uşağına adı qoyarkən “yüz dəfə ölçüb bir dəfə biçməlidir”.

Yaşı 70-i ötmüş Əskinaz xanım maraqlı bir xatirə danışır: “1960-cı illərdə hər yay ailəliklə səfalı bir dağ kəndində istirahət edirdik. Qaldığımız yerin qonşuluğunda yaşayan Nərgiz xala ilə xoş ünsiyyətimiz yaranmışdı. O, tez-tez bizi yoluxur, eləcə də evinə, bağ-bağçasına dəvət edirdi. Növbəti yay o kəndə gələndə gördük ki, Nərgiz xalanın böyük ailəsi bir nəfər də artıb. Qucağındakı təxminən yarım yaşlı nəvəsinin adını soruşduq və cavabın zarafat, yaxud uşağın ayaması olduğunu düşündük. Amma eşitdiyimiz həqiqət idi - balaca oğlanın adını Qaqarin yazdırmışdılar”. 

O zaman Əskinaz xanım ötkəm xasiyyətli gənc bir qız imiş. Dost olduqları bu ailədən israrla və ərklə tələb edir ki, gecikmədən körpənin adını dəyişsinlər. Belə olan halda “Qaqarin”in atası gülümsəyib deyir: “ Yaxşı, bacı, ona sən ad ver”.

“Təklifim onların və bizim ailəmizin birgə müzakirəsindən sonra bəyənildi. Uşağın adını Arif qoyduq, - deyə Əskinaz xanım söhbətinə davam edir. - Biz sonralar da uzaqdan-uzağa olsa belə, həmin ailə ilə münasibət saxlayırdıq. Bu yaxınlarda isə bir qonaqlıqda Arifin özü ilə görüşdük. Adının necə qoyulmasının tarixçəsini valideynləri sağlıqlarında ona danışıblarmış. Buna görə də Arif mənə böyük minnətdarlıq etdi. Söylədi ki, adı ürəyincədir və həmişə ona layiq olmağa çalışır. Əvvəlki adı ilə ətrafdakı insanların və arvad-uşağının istehzalı gülüşünə səbəb olarmış”.    

Ağbirçəyimizin bu söhbətinin də məğzi məhz odur ki, adqoyma az əhəmiyyətli, sıradan bir məsələ deyil. Uşağa elə ad verilməlidir ki, gələcəkdə bu ona cəmiyyət arasında kompleks yaşatmasın. Bəlkə adın insanın taleyinə təsiri olduğunu söyləyənlərin, insanların öz adlarına bənzədiklərini deyənlərin də sözünü qəribliyə salmayaq?..

Doğrudur, indi uşaqlara qəribə, ağlabatmaz ad qoyan yoxdur. Amma yaxın keçmişdə, xüsusilə sovet hakimiyyətinin  ilk illərində və onilliklərində övladlarına İliç, Engels, Marks, Komsomol, Proletar, hətta Kolxoz, Traktor, Kombayn, Film və digər bunlara bənzər ad qoyanlar olurdu. Həm bu adları uşaqlarına təkcə savadsız adamlar deyil, quruluşa sədaqətini nümayiş etdirmək istəyən partiya-sovet işçiləri də verirdilər. Bunlar keçmişdə qalıb və indi yumorla, gülüşlə xatırlanır.

Amma bir həqiqət də var ki, adqoyma məsələsində “dəb” yaratmaq sanki qanımıza-iliyimizə hopub. Bir zamanlar  “Günay” mahnısından sonra Günayların sayı sürətlə artdı. Qonşuluqda yaşayan bir ailənin qızının və iki gəlininin adının Təranə olması da həmin illərin “dəb”indən gələn fəsaddır. Bu” dəb” məsələsinin davam etməsi proqnoz verir ki, yaxın gələcəkdə təkcə bir sinifdə, bir kiçik müəssisədə deyil,  hətta bir ailədə bir neçə Aylin, Zəhra, Nuray, eləcə də Uğur, Əli, Yusif, Ömər və s. olacaq.

Nədənsə, “Əhməd haradadır?” filmi yada düşür. Yeri gəlmişkən, vaxtilə populyar olan bu ad indi az yada düşür. Statistika göstərir ki, 2014-2018-ci illərdə ölkəmizdə yeni doğulan oğlan uşaqlarına ən az qoyulan adlar Əkbər, Emin, Elmir, Fuad, Sübhan, Davud, Sənan, Fateh olub. Əslində, hər biri gözəl addır. Həmin illərdə Nərmin, Sevinc, Lalə, Ləman, Nigar, Aytac, Əsmər qız adları da çox yada düşməyib.

Deyilənləri son statistika da təsdiqləyir. Məsələn, bu ilin mart ayında doğumu qeydə alınmış oğlan uşaqlarına ən çox verilən adlar bunlardır: Əli, Yusif, Hüseyn, Elvin və Vüsal. Qızlara isə həmin ay ərzində verilən adlar arasında Günel, Aysel, Zəhra, Günay və Zeynəb üstünlük təşkil edib.

Gəlin, digər gözəl və mənalı adlarımızı da unutmayaq. Kütləvi informasiya vasitələri, şəhər və rayon qeydiyyat şöbələri bu istiqamətdə ardıcıl izahat və məlumatlandırma işi aparmalıdır. Adlardan və onların mənalarından ibarət kitabçalar buraxılmalıdır. Filoloq alimlərimiz öz sözlərini deməlidirlər.

Çalışmalıyıq ki, qızlarımıza ad seçəndə Saraxatun, Tomris, Nüşabə, Nigar, Həcər, Natəvan yaddan çıxmasın. Ən ülvi insani keyfiyyətlərə, incə qəlbə malik Azərbaycan qızına Zərifə adı çox yaraşır. Daxili və zahiri simasında bütün gəzəllikləri birləşdirən qızlarımıza niyə Güldəstə deməyək? Bu və digər həmişə müasir olan, xoş səslənən, məna daşıyan onlarla ad gənc valideynlərə xatırladılmalıdır. Özümüzün gözəl adlarımız olduğu halda xarici adların həyatımıza daxil olması təzahürlərinə də yol verilməməlidir. Niyə qızımız Çiçək, Süsən, Lilpar, Nilufər, Lalə, Nərgiz, Yasəmən olmasın? Niyə onların Almaz, Zümrüd, Firuzə, Yaqut olmasını istəməyək? Qoy biri Nuray olanda rəfiqələri Ulduz, Ülkər, Zöhrə, Aygün, Aybəniz olsun.

Oğullarımız Cavanşir, Babək, Nəbi, Həzi, Polad, Mübariz adlarını daşısınlar.  Qarabağı yağı caynağından alan igidlərimizin adlarını küçələrə, bulaqlara, məktəblərə deyil, dünyaya göz açan oğul övladlarımıza verək.

Adlarını biz verək, ömürlərini, talelərini Tanrı versin!..

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM