26 Yanvar 2020 00:56
3780
CƏMİYYƏT
A- A+

67 sərəncam, 229 milyon manat vəsait


Ötən il Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər hesabına mühüm sosial-iqtisadi layihələr gerçəkliyə çevrildi


2019-cu il ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında mühüm uğurlu hadisələrlə yadda qaldı. Azərbaycanın iştirakçısı olduğu bəzi beynəlxalq layihələr reallaşdı, həm paytaxt Bakıda, həm də regionlarda abadlıq-quruculuq işləri davam etdirildi, yeni sosial-iqtisadi infrastrukturlar, sosial-iaşə obyektləri açıldı. Həmçinin Bakı beynəlxalq forum və konfranslara, idman yarışlarına evsahibliyi etdi.

Prezident İlham Əliyev bu uğurların daha da geniş vüsət alması, yeni-yeni sosial-iqtisadi obyektlərin inşası, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün imzaladığı sərəncamlarla ehtiyat fondundan kifayət qədər vəsait ayırdı.


Abadlıq-quruculuq, yenidənqurma işləri


Hər il olduğu kimi, 2019-cu ildə də Prezidentin xalqın rifahına xidmət edən fərman və sərəncamları, imzaladığı sənədlər ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Dövlət başçısının sərəncamlarının əksəriyyəti ölkədə demokratik təsisatların daha da gücləndirilməsinə, idarəetmə strukturlarının təkmilləşdirilməsinə, iqtisadi islahatların davam etdirilməsinə və sosial infrastrukturun yaxşılaşdırılmasına yönəldildi.

2019-cu ildə dövlət başçısının imzaladığı 67 sərəncam və 1 fərmanla Prezidentin Ehtiyat Fondundan abadlıq-quruculuq, təhsil, mədəniyyət və yol-nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması üçün ümumilikdə 229 milyon manat vəsait ayrıldı.

Bu sərəncamlardan 11-i abadlıq-quruculuq işlərinə aid idi. Dövlət başçısının imzaladığı sənədlərə əsasən bir neçə şəhər və rayonda çoxmənzilli binaların dam örtüyünün təmiri, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış binalarının tikintisi üçün ehtiyat fondundan 50,3 milyon manat vəsait sərf olundu.

Ötən il ilk olaraq paytaxt Bakıda 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə 10 milyon manat vəsaitin ayrılması ilə bağlı Prezident sərəncam imzaladı.

Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 11 milyon manat, həmçinin burada yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə yeni çoxmənzilli yaşayış binasının tikintisi üçün 3,7 milyon manat, Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə 2,3 milyon manat, Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat, Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat ayrılıb.

Prezident Sumyaqıt şəhərində abadlıq-quruculuq, dam örtüklərinin dəyişdirilməsi ilə bağlı 2 sərəncam imzalayıb. Birinci sərəncama əsasən, şəhərdə abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün 3 milyon manat, digər sərəncama əsasən isə Sumqayıtda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6 milyon manat vəsait yönləndirilib.

Bundan başqa, Astara rayonunun ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə 2,3 milyon manat, Qobustan şəhərində 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat, Beyləqan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və abadlıq-quruculuq işlərini davam etdirmək məqsədilə 3 milyon manat ayrılıb.


Yolların, körpü və tunellərin tikintisi


Ötən ildə ölkəmizdə yol infrastrukturunun yenidən qurulması, yeni yolların, tunel və körpülərin tikintisi də davam etdirilib. Ümumiyyətlə, son 16 ildə ölkədə 16 min kilometr yol çəkilib.

Dövlət başçısı ötən il imzaladığı 13 sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan yolların, körpülərin tikintisi üçün 59,8 milyon manat vəsait ayırdı. Müxtəlif qəsəbə və kəndləri birləşdirən yollarda yenidənqurma işləri aparıldı.

Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri üçün 8,7 milyon manat, Suraxanı rayonunun 17 min 800 nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri üçün 7,8 milyon manat, Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 6 milyon manat ayrıldı.

Eləcə də Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə 6 milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün 3 milyon, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün isə ilkin olaraq 3 milyon manatın ayrılması ilə bağlı dövlət başçısı tərəfindən sərəncam imzalandı.

Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası məqsədilə 6,4 milyon manat, Qobustan rayonunun Bakı-Şamaxı-Yevlax (88 km) Ərəbqədim-Göydərə avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 2 milyon manat, 8 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi məqsədilə isə 3 milyon manat sərf olunub.

Bundan başqa, Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11,9 kilometr olan, "Günəşli”, "Bağlar”, "Üçxoz” və "Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri üçün 2,5 milyon manat, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə 3,5 milyon manat, Xırdalan şəhərində ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrinin əsaslı təmiri məqsədilə 3 milyon manat, həmçinin Xırdalan şəhərində ümumi uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə 3,9 milyon manat ayrılıb.

Qəbələdə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisinə və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpasına ilkin olaraq 2 milyon manat, 35 min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yolunun yenidən qurulmasına 5 milyon manat yönləndirilib.

Yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı bu məsələyə toxunaraq bildirdi ki, 2019-cu ildə 1300 kilometr yol çəkilib: "Biz təqribən min kilometr planlaşdırırdıq, ancaq il ərzində Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən yaranmış əlavə gəlirlər hesabına 1300 kilometr uzunluğunda yol çəkdik”.

Prezident bu il də həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələrin icra ediləcəyini söylədi. Bildirdi ki, bu il Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhədi yolunun, Astara-İran sərhədi yolunun tikintisi nəzərdə tutulub.


Sosial təminat, yeni obyektlərin inşası


Bütün dövrlərdə əhalinin aztəminatlı təbəqəsinin, veteranların sosial rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması istiqamətində ciddi addımlar atan cənab Prezident ötən il də bu istiqamətdə mühüm sərəncamlar imzaladı.

Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Prezidentin Ehtiyat Fondundan ictimai birliyə 1 milyon manat ayrıldı.

Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisəsi, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat alması, tibbi göstərişlər üzrə avtomobillə təminatının yaxşılaşdırılması üçün 5 milyon manat sərf olundu.

Bundan başqa, Prezident sərəncam imzalayaraq 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi üçün ehtiyat fondundan 5 milyon manat ayırdı.

Müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 min manat verildi.

Dövlət başçısı Bakı şəhərində iki yeni "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi üçün 6 milyon manat, eləcə də Sumqayıt şəhərində yeni "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə 1 milyon manat ayrılması ilə bağlı 2 sərəncam imzalayıb. Həmçinin "Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə 5 milyon manat ayrılıb.

Beləliklə, sosial sahə üzrə imzalanan 7 sərəncama əsasən 23,3 milyon manat vəsait ayrılıb.


Ümumtəhsil məktəblərinin, xəstəxanaların tikintisi, əsaslı təmiri və yenidənqurulması diqqət mərkəzində olub


Son illərdə ölkəmizdə təhsilin inkişafına göstərilən qayğı sayəsində bu sahədə böyük uğurlar əldə olunub. Ötən ildə dövlət başçısının sərəncamlarına əsasən Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər hesabına regionlarda yeni-yeni məktəb və körpələr evi-uşaq bağçaları tikilib, mövcud təhsil ocaqlarında abadlıq və yenidənqurma işləri aparılıb.

İlk olaraq ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə Gənclər Fonduna 4 milyon manat ayrılıb.

Sumqayıt şəhərində 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat, Ağdaş rayonunun Orta Ləki kəndində 480 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 1 milyon, Beyləqan rayonunun Dünyamalılar kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2 milyon manat, Qobustan rayonunun Sündü kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün ilkin olaraq 2 milyon manat ayrıldı.

Dövlət başçısının sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə "Yüksəliş” müsabiqəsi təsis edilib. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manatın ayrılması qərara alındı.

Bu ildən başlayaraq ölkəmizdə icbari-tibbi sığortanın tətbiqinə də start verilib. Müxtəlif şəhər və rayonlarda, qəsəbələrdə xəstəxanaların əsaslı təmiri prosesi ötən il də davam etdirilib. Prezidentin sərəncamlarına əsasən 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə ehtiyat fondundan ilkin olaraq 5 milyon manat, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri məqsədilə isə ilkin olaraq 2 milyon manat, Salyan şəhərində Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə ilkin olaraq 2 milyon manat ayrıldı.


Təbii fəlakət, "Diqlas”da yanğın və ziyanın aradan qaldırılmasına Prezident qayğısı


2019-cu il fevralın 5-də episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarca fərdi yaşayış evləri qəzalı vəziyyətə düşdü, sosial və infrastruktur obyektlərinə ziyan dəydi.

Fevralın 7-də dərhal zəlzələ bölgəsinə yollanan Prezident İlham Əliyev bütün işləri dövlət nəzarətinə götürəcəyini söylədi və əhaliyə tez bir zamanda yeni mənzillərin tikilib təhvil verilməsi üçün bir neçə sərəncam imzaladı.

Öncə Prezident Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün ehtiyat fondundan ilkin olaraq 2 milyon manat vəsait ayırdı.

Dövlət başçısı martın 7-də "Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” yenidən sərəncam imzaladı və ehtiyat fondundan 11 milyon manat - 5 milyon manat Fövqəladə Hallar Nazirliyinə, 2 milyon manat yaşayış evlərinin təmiri üçün isə hər üç rayonun icra hakimiyyətlərinə ayrıldı.

Prezidentin sentyabrın 13-də dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə Ağsu və Şamaxı Rayon İcra hakimiyyətlərinin hər birinə 2 milyon manat vəsaitin ayrılması, iki ay sonra isə noyabrda Prezident Şamaxı və Ağsu rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün əlavə olaraq hər iki rayonun icra hakimiyyətinə 3 milyon manatın ayrılması ilə bağlı sərəncamlar imzaladı.

Hər zaman verdiyi vədə sadiqliyini nümayiş etdirən, dar gündə, şad gündə vətəndaşın yanında olan dövlət başçısı zəlzələ nəticəsində evləri dağılmış sakinlərə əvvəlkindən daha möhtəşəm mənzillər tikdirdi. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində Prezident 6 sərəncam imzaladı və bu işlərə ümumilikdə 23 milyon manat vəsait yönləndirildi.

Azərbaycan dövlətinin həmişə öz vətəndaşının yanında olmasını təsdiqləyən digər fakt isə Bakının Nizami rayonundakı "Diqlas” Ticarət Mərkəzində baş verən yanğın nəticəsində zərər çəkmiş sahibkarlara göstərilən münasibət oldu.

Prezident İlham Əliyev hadisəyə dərhal reaksiya verdi və bununla bağlı operativ müşavirə keçirdi. Bunun ardınca dövlət başçısı yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 3 milyon manat vəsait ayırdı.


Aqrar sektorun inkişafı hər zaman diqqət mərkəzindədir


Son 16 ildə Azərbaycanda aqrar sektor da böyük inkişaf yolu keçib. Ölkədə yaradılan aqro və texnoparklar, əkin sahələrinin suvarılması üçün tikilən su anbarları və kanalları, fermerlərə dövlət qayğısı sayəsində kənd təsərrüfatında böyük canlanma ilə müşahidə olundu. Subartezian quyularının qazılması, su və kanalizasiya sistemlərinin yenidən qurulması prosesinə isə 7 sərəncamla 17,84 milyon manat vəsait ayrıldı.

Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələşdirilməsi və qazılması məqsədilə Prezidentin Ehtiyat Fondundan 2,25 milyon manat, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə fərmana əsasən isə 1 milyon manat ayrıldı.

"Yuxarı Şirvan kanalının Türyan çayı ilə kəsişməsindəki dükerin yumaya qarşı mühafizəsi üçün barraj-fiksatorun təmir-bərpası”nın başa çatdırılması üçün 790 000 manat, "Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri”nin başa çatdırılması üçün 7 milyon manatın ayrılması ilə bağlı sərəncam da imzalandı.

Həmçinin Şamaxı rayonunda 2500 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 8 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün ilkin olaraq 300 min manat, Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması məqsədilə 5 milyon, Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə isə Prezidentin Ehtiyat Fondundan 1,5 milyon manat ayrıldı.


Mədəniyyət, incəsənət və idman - 8 sərəncam, 17,35 milyon manat vəsait


Ötən il ölkəmizdə "Nəsimi ili” elan edildi. Prezidentin sərəncamları əsasında bu məqsədlə müxtəlif tədbirlər keçirildi. "Nəsimi ili” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirəcəyi tədbirlərin maddi təminatı üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manat ayrıldı.

Dövlət başçısı mədəniyyət və incəsənət xadimləri ilə görüşüb mövcud durum və problemlərlə maraqlandı. Bunun ardınca Prezident sərəncamlar imzaladı.

Azərbaycan yaradıcılıq ittifaqları və birliklərinin müraciətlərini nəzərə alaraq, onların fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədilə Prezidentin Ehtiyat Fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat, Azərbaycan Memarlar İttifaqına 250 min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 min manat verildi.

Prezident teatr xadimlərinin müraciətini də nəzərə alaraq Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədilə sərəncam imzaladı. Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə 1,8 milyon manat ayrıldı.

Prezident İlham Əliyev mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması və film istehsalı sahəsinin modernləşdirilməsi ilə bağlı sərəncam imzaladı. Sərəncama əsasən, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsi və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün Mədəniyyət Nazirliyinə 1,2 milyon manat verildi.

Bundan başqa, Yazıçılar Birliyinin Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evinin rekonstruksiyası və təmiri üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 3 milyon manat, Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2 milyon manat vəsait ayrıldı.

Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün 500 min manat, Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunun yenidən qurulması məqsədilə ilkin olaraq 5 milyon manatın ayrılması ilə bağlı da sərəncamlar imzalandı.

Beləliklə, mədəniyyət, incəsənət və idmanın inkişafı itiqamətində ötən il Prezidentin Ehtiyat Fondundan ümumilikdə 8 sərəncama əsasən 17,35 milyon manat vəsait ayrıldı.


KİV-ə və dini qurumlara dəstək


Azərbaycan dövləti kütləvi informasiya vasitələrinin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır, bu sahədə meydana çıxan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.

Hər il dövlət başçısı ölkədə nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna vəsait ayırır. Ötən il də bu məqsədlə dövlət başçısı 1 milyon manatın ayrılması ilə bağlı sərəncam imzaladı.

Maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ehtiyat fondundan 3 milyon manat ayrıldı.

Bununla yanaşı, ölkədə özəl teleradio yayımçılarının Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xaricdə yaşayan azərbaycanlıların öz vətənləri haqqında daha dolğun məlumatlandırılması, Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin stimullaşdırılması, həmçinin texniki imkanlarının artırılması və əhatə dairəsinin daha da genişləndirilməsi zəruriliyini nəzərə alaraq özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə 3 milyon manat ayırdı. Digər sərəncamla isə ümumölkə teleradio yayımçılarının peyk vasitəsilə xarici ölkələrdə yayımını təşkil etmək üçün Prezidentin Ehtiyat Fondundan "Azərkosmos”a 2 milyon manat verildi.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu ildə fəaliyyətinin təmin olunması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə isə 800 min manat ayrıldı.

Həmçinin qeyd edək ki, Şərqlə-Qərbin qovuşduğu məkan adlandırılan Azərbaycan həm Avropa İttifaqı, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvü olan bir ölkədir. Azərbaycanı "İslam mədəniyyətinin paytaxtı” da adlandırırlar. Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə fəaliyyət göstərən dini icmalara vəsaitlərin ayrılması da bunu bir daha təsdiqləyir.

Ötən il Prezident İlham Əliyev mayın 24-də Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzaladı. Sənədə əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Prezidentin Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək göstərilməsi üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat vəsait ayrıldı.

Dövlət başçısının 6 sərəncamı ilə bu sahələrə ayrılan vəsaitin həcmi 13,05 milyon manat təşkil etdi.

Göründüyü kimi, dövlət başçısının ötən il ölkədə bir çox sosial-iaşə obyektlərinin inşası, yenidən qurulması, aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, Azərbaycanda və xaricdə beynəlxalq tədbirlərin keçirilməsi, enerji təminatı və digər sahələrin inkişafı üçün 2019-cu ildə imzaladığı 67 sərəncam, 1 fərmanla Prezidentin Ehtiyat Fondundan ayrılan ümumi məbləğ 228 milyon 640 min manat təşkil edib.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video