31 Avqust 2019 01:37
1566
SİYASƏT
A- A+

4,2 milyon vətəndaş, 5,3 milyard manat vəsait


Əhalinin bütün qruplarının rifahının yüksəldilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas leytmotividir


Hər bir ölkənin ümumi inkişafı o ölkənin əhalisinin rifahı, vətəndaşının firavanlığı naminə aparılan siyasətdə öz təcəssümünü tapır. Azərbaycanda da dövlətin prioritet istiqamət olaraq qəbul etdiyi sosialyönümlü siyasət əhalinin maddi rifahının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

2019-cu il isə sosial sahədə inqilabi islahatlar ilinə çevrilib desək yanılmarıq. Belə ki, Prezident İlham Əliyevin bu il təqdim etdiyi iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artırılaraq, 130 manatdan 250 manata, minimum pensiyanın 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib. Bundan başqa, dövlət sektorunda işləyənlərin əməkhaqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri əhəmiyyətli şəkildə artırılıb. 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyulmaqla bu problemin həlli ilə bağlı maliyyə yükünü dövlət öz üzərinə götürüb.

Bunu şərtləndirən amillərə nəzər yetirsək görərik ki, cənab İlham Əliyevin fevral ayında imzaladığı 8 sərəncam, 3 fərman ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdi.

İmzalanan fərmanlara əsasən aprel ayının 1-dən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırıldı. İlk olaraq dövlət başçısı fevralın 8-də əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən "Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam imzaladı. Bu sənədə əsasən bu il martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat) artırılaraq 130 manatdan 180 manata yüksəldildi. Bu da dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda işləyən 600 min işçinin əməkhaqqının artması deməkdir. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərdi.

Bu da onu təsdiq edir ki, əhalinin bütün qruplarının rifahının yüksəldilməsi həyata keçirilən sosial siyasətin əsas leytmotividir.

Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldildi. Özəl sektorda əməkhaqqı artımı ən çox avtomobillərin təmir servis xidmətləri, xırda çörəkbişirmə sexləri, hüquqi şəxs statusunda olan ticarət, ictimai-iaşə sahələrində çalışan işçilərə aiddir. Orta hesabla ölkəmizdə muzdla çalışan ümumi işçilərin 40 faizinin, büdcədən maliyyələşən sahələrdə isə 55 faizinin əməkhaqları artırıldı.

Prezidentin birinci paketi 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılmasını təmin etdi və mühüm sosial məsələlərin həllinə 1,6 milyard manat yönləndirildi.

Ümumiyyətlə, vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. 2003-cü ildən bugünədək orta aylıq əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən çox, həssas qruplara yönələn müavinət və təqaüdlərin dəfələrlə artırılması, yoxsulluğun 5 faizə enməsi də təsdiqləyir ki, cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Sosial-iqtisadi sahə ilə bağlı iyulun 31-də keçirilən müşavirədə bu məsələlərə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, dövlət əlavə gəlirlərin demək olar tam həcmini sosial sahəyə yönəldir. Çünki sosial sahə prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir: "Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.

Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə cənab İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə vətəndaşlarının xoş gələcəyinə hesablanmış siyasətin təzahürüdür. Hələ 2018-ci ilin sonlarında qarşıdan gələn dövrdə əhalinin sosial durumunun daha da yüksəldilməsinin prioritet təşkil edəcəyini bəyan edən ölkə rəhbəri hər zamankı kimi sözünə, əməlinə sadiqliyini nümayiş etdirdi.

İkinci paketin icrası isə sentyabrın 1-dən başlayır. Belə ki, minimal əmək haqqı 250 manata çatdırılır, əlavə olaraq 400 min nəfərin maaşı 20-50 faiz artırılır. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış olacaq. Bununla ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) üstələyəcək.

Yəni minimum səviyyədə olan əməkhaqqı belə yaşayış minimumundan 70 manat və ya 40 faiz çox olacaq. Minimum əməkhaqqının bu artımı 950 min nəfərin maaşlarının artımına səbəb olacaq ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlardır.

750 min pensiyaçıya verilən vəsait isə oktyabrın 1-dən artırılacaq. Prezident İlham Əliyevin bu il də təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi yer tutur. Belə ki, bundan əvvəl minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi. Yeni qanunla pensiyanın minimum məbləğinin 200 manata çatdırılması isə 660 min nəfər pensiyaçını əhatə edəcək.

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamları ilə dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslərin əməkhaqları ciddi şəkildə artırılıb ki, bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olacaq. Həmin şəxslərin çalışdıqları sahələr üzrə əməkhaqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır.

Əlavə olaraq müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanı əhatə edib və bunlardan 300 mindən artığı məhz əlilliyi olan şəxslər, 500 minə qədəri məcburi köçkün, 100 mindən artığı tələbə və gənclərdir.

Göründüyü kimi, bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə edir və onların gəlirləri çox əhəmiyyətli şəkildə artırılır.

Onu da əlavə edək ki, dövlət başçısının digər təşəbbüsü sosial sığorta sahəsində böyük irəliləyişi təmin edib. Belə ki, 2006-2018-ci illərdə sığortaya hətta cüzi məbləğ ödəyənlərə belə 25 illik sığorta stajı hesablanb. Bunun nəticəsində yanvar ayının 1-dən etibarən avtomatik pensiya təyinatına başlanılıb. Avtomatik pensiya təyinatı bu gün artıq 13 min insanı əhatə edir. Onlar hər hansı bir ünvana getmədən, hər hansı bir müraciət etmədən pensiya təyinatlarını ən səmərəli və sürətli şəkildə əldə ediblər.

Beləliklə, Prezidentin imzaladığı hər iki sosial paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat olmaqla ümumilikdə 4,2 milyon vətəndaşın əhatə edilməsini və 5,3 milyard manatın ayrılmasını nəzərdə tutur.

Əgər nəzərə alsaq ki, ölkə əhalisinin sayı 10 milyon nəfərdir, bunun necə böyük sosial əhəmiyyətə malik olduğunu təsəvvür etmək çətin deyil.

Dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, həm də hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqın böyük etimad göstərərək mandat verdiyi hakimiyyət fəaliyyəti ilə daim ictimai maraqları doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməklə böyük rəğbət qazanır.

Azərbaycanda sosial sahə üzrə görülən işlər bir tərəfdən dövlətin gücünü, digər tərəfdən isə Prezidentin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir. Ancaq atılan addımlar Prezident İlham Əliyevin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Görünən odur ki, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün dövlət başçısının böyük sosial islahatlar paketi çərçivəsində hələ çox qərarlar qəbul olunacaq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video