21 Iyun 2019 02:21
1616
SİYASƏT
A- A+

2.1 milyon insan, 2 milyard manat, 17 sərəncam...


İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı yeni sənədlər Azərbaycanın iqtisadi gücünü və vətəndaşların rifahını daha da yüksəldir


"Biz minimum əməkhaqqını, minimum pensiyanı artırırıq. Ancaq daha da artırılmalıdır və artırılacaq. Hazırda iqtisadi vəziyyətimiz də, maliyyə vəziyyətimiz də yaxşıdır. Biz əlavə əldə edilmiş bütün gəlirləri vətəndaşların sosial müdafiəsinə yönəldəcəyik”.

Əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atan İlham Əliyev hələ aprel ayının əvvəlində xalqla keçirdiyi səmimi görüşlərin birində bu fikirləri səsləndirdikdə bəlli olmuşdu ki, Prezidentin sosial islahatlar paketi çox zəngindir və qarşıda daha böyük inqilabi addımlar atılacaq.


İnqilabi xarakter daşıyan sosial siyasət


İlin əvvəlindən başlayaraq Prezidentin sosial islahatlarla bağlı imzaladığı fərman və sərəncamlar təsdiq etdi ki, dövlətin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halının yüksəldilməsinə yönəltməkdir. Bu siyasət daha geniş şəkildə davam etdirilir. Minimum əməkhaqqının, pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi və əhalinin sosial müdafiəsinin yüksəldilməsi sahəsində atılan addımların əhatə dairəsini daha da genişləndirmək məqsədilə imzalanan sənədlər xalqın dövlətə, liderinə olan inam və etibarını daha da gücləndirir.

2019-cu ilin ilk rübündə elə bir sahə yox idi ki, maaşlarda, sosial müavinətlər və təqaüdlərdə artımlar edilməsin. Məsələn, şəhid ailələrinə istisnasız olaraq birdəfəlik müavinətlərin verilməsi, aylıq müavinətin 242 manatdan 300 manata, Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata yüksəldilməsi, məcburi köçkünlərə verilən aylıq müavinətlərin 50 faiz qaldırılması, minimum əməkhaqqının 40 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 40 faiz artırılaraq 116 manatdan 160 manata qədər qaldırılması, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi Prezidentin bu kateqoriyadan olan insanlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi.

Həmçinin aprelin 1-dən etibarən dövlət başçısının "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı qüvvəyə minməklə 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artdı. Ümumilikdə 576,8 min nəfəri əhatə edən bu sərəncamın icrası üçün cari ilin 9 ayında əlavə olaraq 302 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrıldı. Bu, 600 minə yaxın insanın (buraya əlilliyi olan 300 min şəxs də daxildir) sosial durumunun yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar idi.


Sosial rifahın yüksəlişi


Bununla belə, əməkhaqqı, təqaüd və pensiyalardakı artım yenə də Prezidenti qane etmədi. Dövlət başçısı sosial islahatların davam edəcəyini, maaşların, pensiyaların bundan sonra da qaldırılacağını bəyan etdi. İyunun 18-də böyük sosial islahatlar paketi çərçivəsində tarixi sərəncamlar imzaladı və sözünə, vədinə sadiq lider olduğunu növbəti dəfə isbatladı. Sözlərinin, bəyanatlarının konkret əməli addımlar olduğunu sübuta yetirdi.

İmzalanan 17 sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edərək bu istiqamətdə il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərdi.

Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə Prezident tərəfindən minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılır.

Minimum əməkhaqqının artımı 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

Bu sərəncamlar ümumilikdə 2.1 milyon insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

İmzalanmış sərəncamlara ayrı-ayrılıqda nəzər yetirsək görərik ki, bu sənədlərə əsasən,

- minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılır;

- dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz artırılır;

- pensiyaların minimum məbləği 160 manatdan 200 manata qaldırılır;

- hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz artır;

- dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz yüksəlir;

- dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artır.


3 ay ərzində ikinci dəfə artan əməkhaqqı və pensiyalar


Əgər ilin əvvəlində imzalanmış sərəncamlar qlobal iqtisadiyyatda baş verən mənfi meyillərin ölkə əhalisinin sosial təminatına təsirini minimallaşdırmağa imkan vermişdisə, hazırkı sərəncamlar əhalinin gəlirlərinin artmasına şərait yaradacaq.

Çünki yeni sərəncamlarla 1 milyon 350 min insanın əməkhaqqında ciddi artımlar edilir. Əməkhaqqının məbləğinin sentyabrın 1-dən 40 faizədək artıb 180 manatdan 250 manata çatdırılması ilə ölkədə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin ediləcək.

Həmçinin Prezidentin təşəbbüsü ilə pensiyaların minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. Bu, təxminən 25 faiz artım deməkdir. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Minimal pensiya səviyyəsinin artımı da il ərzində həyata keçirilən ikinci ciddi artımdır. Belə ki, dövlət başçısının təşəbbüsü ilə qəbul olunan qanunla bu il martın 1-dən minimal pensiya məbləği də 116 manatdan 160 manata çatdırılmışdı, oktyabrın 1-dən isə 160 manatdan 200 manata qaldırılacaq.

Göründüyü kimi, il ərzində minimum əməkhaqları, əmək pensiyası ikinci dəfə ciddi şəkildə artır. Belə ki, əgər mart ayına qədər minimum əməkhaqqı 130 manat idisə, bu rəqəm 3 ayda iki dəfə artaraq əvvəlcə 180, sonra 250 manata yüksəldi. Bu, ümumilikdə 92,3 faiz artım deməkdir.

Mart ayınadək olan minimum pensiya 116 manat idisə, iki sərəncamla əvvəl 160, sonra 200 manata yüksəldi. Yəni minimum pensiyanın məbləğində 72,4 faiz artım edildi. Bu isə o deməkdir ki, oktyabr ayından ölkədə 200 manatdan aşağı pensiya alan olmayacaq.


160 minə yaxın müəllimin orta aylıq əməkhaqqı 605 manatadək yüksəlir


Hər zaman elm və təhsil işçilərinin sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm sənədlər imzalayan dövlət başçısı 18 iyun tarixli sərəncamları ilə bu sahədə çalışan bir çox insana sevinc payı bəxş edib.

Dövlət başçısının imzaladığı "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamlar ümumilikdə 160 minə yaxın müəllimi əhatə edir. Sənəd onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, bu il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq.

Prezident İlham Əliyevin "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamı isə həmin təbəqədən olan müəllimlərin və işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmasını nəzərdə tutur.


MDB ölkələri arasında 2-ci yer


Bütövlükdə Prezidentin sərəncamları ilə əməkhaqlarının artımı büdcədən əlavə 2 milyard manat (bu ilin qalan dövrü üçün 660 milyon manat) vəsaitin ayrılmasına səbəb olacaq. Dövlət büdcəsi gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin büdcə vasitəsilə tamamilə maliyyələşməsinə imkan yaradacaq. Əməkhaqlarının artımı həm də iqtisadi fəallığı artıracaq. Bu artımlardan sonra Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında 2-ci yerdə qərarlaşacaq.

Göründüyü kimi, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Hər bir vətəndaş aydın şəkildə görür ki, dövlət onun yanındadır və sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görür.

Ölkə rəhbərinin bu sərəncamları ilk növbədə xalqın rifahı və gələcəyi üçün həyata keçirilən sosial siyasətin məntiqi davamıdır. Çünki dövlət başçısının imzaladığı fərman və sərəncamlara əsasən, son 6 ayda elə bir sahə yoxdur ki, maaşlarda, sosial müavinətlərdə və təqaüdlərdə artımlar edilməsin.

Bir sözlə, həyata keçirilən uğurlu siyasət, iqtisadi islahatlar və görülən işlərin şəffaflaşdırılması prinsipi nəticəsində artan büdcə gəlirlərinin, maliyyə imkanlarının böyük hissəsi bundan sonra da sosial sferaya yönəldiləcək və bu da xalqın dövlətə inamını daha da gücləndirəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video