23 Noyabr 2021 00:21
1191
SİYASƏT
A- A+

2022-ci il Azərbaycanın inkişafında növbəti uğurlu dövr olacaq

 

Gələn ilin dövlət büdcəsi yüksəlişin davamlı olması üçün güclü maliyyə təminatı yaradır

 

Bu gün Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsi layhəsinin və büdcə zərfinə daxil olan digər məsələlərin ikinci oxunuşda müzakirəsi başlayır. Öncə onu qeyd edək ki, bu illə müqayisədə gələn ilin dövlət  büdcəsinin gəlirlərinin 5,5 faiz, xərclərinin isə 4,7 faiz çox proqnozlaşdırılması bir daha Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin düzgünlüyünü, aparılan islahatların uğurlu nəticələr verdiyini göstərir. Xatırladaq ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri isə 29 milyard 879 milyon manat proqnozlaşdırılır.

 

Gəlir və xərclərlə bağlı proqnozlar məqbuldur

 

Azərbaycanın dövlət büdcəsi hər il tərtib olunarkən  diqqətiçəkən əsas məqam onun, həqiqətən, ölkəmizin milli maraqlarına və iqtisadi təhlükəsizliyinə cavab verməsi olur. Dövlətimizin ali maliyyə sənədində hər zaman iqtisadiyyatdakı pozitiv meyillər nəzərə alınır, eyni zamanda büdcənin tərtibi zamanı dünya iqtisadiyyatında və beynəlxalq maliyyə bazarlarında baş verən meyillər diqqətlə təhlil edilir. Çünki dünya iqtisadiyyatında gedən proseslər Azərbaycan iqtisadiyyatı üçün həm müsbət, həm də mənfi təsir imkanlarına malik çağırışlarla səciyyələnən mühit formalaşdırır.

2022-ci il dövlət büdcəsinin layihəsi də Azərbaycanın real inkişaf səviyyəsi, dünyada gedən siyasi və iqtisadi proseslərin təsiri ilə baş verə biləcək mənfi təzahürlər nəzərə alınmaqla hazırlanıb. Qlobal iqtisadiyyatda gedən son proseslərin təhlili aparılıb, onların ölkəmizin makroiqtisadi göstəricilərinə, büdcənin əsas parametrlərinə ehtimal olunan təsirləri qiymətləndirilib. 2021-ci il üzrə artım tempinin, eləcə də  büdcə gəlirlərinin və xərclərinin icrasında qarşılıqlı nisbətin qorunub saxlanması, büdcə kəsirinin proqnozlaşdırılan səviyyədən xeyli aşağı olması, qeyri-neft ixracının və qeyri-neft vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artması, makroiqtisadi sabitlik ölkəmizin 2022-ci ilin dövlət büdcəsinin planlaşdırılmasında mühüm baza rolunu oynayıb. Gəlir və xərclərin artımı həm də onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası koronavirus pandemiyasının davam etməsinə və dünyada iqtisadi fəallığın tam bərpa olunmamasına baxmayaraq, dövlətimizin inkişafını təmin etməyə imkan verib.

Gələn ilin dövlət büdcəsində gəlir və xərclərlə bağlı proqnozlar olduqca məqbuldur. Bu baxımdan büdcə layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər Azərbaycanın iqtisadi həyatında mövcud olan reallıqları tam və dolğun əks etdirir. Bu isə onu söyləməyə əsas verir ki, 2022-ci ilin büdcəsi qarşıdakı dövrdə Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, icra olunan dövlət proqramlarının tam reallaşdırılmasına zəmin yaradacaq, respublikamızın cari və strateji inkişaf hədəflərinə, iqtisadi siyasətinə və qarşıda duran çağırışları dəf etməyə xidmət etmək iqtidarında olacaq.

 

Vətən müharibəsindəki Zəfər yeni çağırışlar yaradıb

 

2022-ci il üçün dövlət büdcəsinin xərclərində əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinin, növbəti ilin yanvarın 1-dən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və maliyyə yardımı alan bir sıra müəssisə və təşkilatlarda çalışanların əməkhaqlarının, həmçinin ölkədə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması ilə bağlı xərclərin, tibbi sığortanın tətbiqinin, COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin maliyyə təminatı üstünlük təşkil edəcək. O cümlədən ərzaq təhlükəsizliyinin, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin daha da inkişaf etdirilməsi, nəqliyyat, kommunal, meliorasiya, sənaye və energetika, kənd təsərrüfatı kimi prioritet sahələr üzrə infrastruktur layihələrinin maliyyələşdirilməsi, təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət və idman sahələri üzrə maddi vəsaitlərin artırılması büdcə xərclərində diqqət mərkəzindədir.

İşğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşdırılmasına, onların həyat şəraitinin bərpasına, dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin hazırlanması, dövlət xidmətlərinin təmin olunması, müdafiə xarakterli işlərin icrası ilə bağlı meydana gələn zəruri xərclərin maliyyələşdirilməsi dövlət büdcəsi qarşısında mühüm çağırışlar yaradıb. Bu baxımdan işğaldan azad olunmuş şəhər və rayonlar üzrə bərpa-yenidənqurma işlərinin, infrastrukturların tikintisinin davam etdirilməsi, həmin ərazilərdə ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, hüquq-mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili və hərbi infrastrukturların tikintisinin və yenidən qurulması büdcə xərclərində prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.

Azərbaycanda mövcud olan güclü makroiqtisadi əsaslar ölkəni gözlənilməz makroiqtisadi təhdidlərə qarşı həm əhəmiyyətli dərəcədə qoruyur, həm də bu sahədə baş verə biləcək risklərin əvvəlcədən müəyyən edilməsi, onların kəmiyyətinin ölçülməsi və aradan qaldırılması barədə lazımi tədbirlər görülməsinə zəmin yaradır.

Hazırda Qafqazda bütün məsələlərdə liderlik edən Azərbaycan dövlət büdcəsinin gəlir və xərclərinə görə də birincidir. Bunun nəticəsidir ki, dövlət büdcəsinin tərtibi zamanı ölkə üçün vacib məsələlərin maliyyələşdirilməsinə daha çox diqqət yönəldilib.

2022-ci il Azərbaycanın yüksəlişində növbəti uğurlu dövr olacaq. Çünki gələn ilin dövlət büdcəsi inkişafın dayanıqlı olması üçün güclü maliyyə təminatı yaradır. Büdcə layihəsində gəlir və xərclərin təhlili göstərir ki, növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasını və ölkəmizin qüdrətinin yüksəlməsini, iqtisadi inkişafın davamlılığını təmin edəcək. Əsas istiqamətlər üzrə müşahidə olunan artımlar həm də Azərbaycanda həyata keçirilən islahatların real nəticəsidir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video