16 Fevral 2020 04:49
791
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2020-ci il tarixli 137 saylı və 13 fevral 2020-ci il tarixli 164 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


Qərar 24/203


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 77 saylı Astara seçki dairəsi üzrə qeydə alınmış namizədlər Həsənov Rəşad Əlövsət oğlu 2020-ci il fevralın 12-də və Bağırov Rövşən Tofiq oğlu 2020-ci il fevralın 13-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək seçkiqabağı təşviqat mərhələsində baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 30 yanvar 2020-ci il tarixli 14/51 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Seçkiqabağı təşviqatın aparılması zamanı ehtimal olunan qanun pozuntularına dair daxil olmuş həmin müraciətlər eyni məzmunlu olduğundan və eyni seçki dairəsini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Namizədlər R.Ə.Həsənov və R.T.Bağırov müraciətlərində bildirmişlər ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 77 saylı Astara seçki dairəsindən qeydə alınmış namizəd Rəşad Mahmudov 21 yanvar 2020-ci il saat 17:37-də "Facebook” sosial şəbəkəsində Astara Rayon İcra Hakimiyyətinin işçiləri Mərasim Hacıyev, Asiman Qasımlı, Kijəbə qəsəbə tam orta məktəbinin direktoru Təbrizə Rəsulova, Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev, Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov və digərləri ilə görüş keçirmək barədə post paylaşmışdır.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizədlər Həsənov Rəşad Əlövsət oğlu və digərləri 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət hərtərəfli araşdırılmış, 30 yanvar 2020-ci il tarixli 14/51 saylı qərar ilə əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, lakin onlar komissiyanın iclasında iştirak etməkdən imtina etmişlər.

Dairə seçki komissiyasında aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Astara Rayon İcra Hakimiyyətinin işçiləri M.Hacıyev, A.Qasımlı, R.Həsənov Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının iclasında Şura və İdarə Heyətinin üzvləri olaraq namizəd R.Mahmudovun vəkilləri qismində iştirak etmiş və həmin müddətdə onlar rayon icra hakimiyyətinin müvafiq əmrləri ilə ödənişsiz məzuniyyətdə olmuş, Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ə.Əliyev isə izahat verərək R.Mahmudovun seçkiqabağı təşviqat kampaniyası zamanı hər hansı bir görüşdə iştirak etmədiyini, Kijəbə qəsəbəsi tam orta məktəbinin direktoru T.Rəsulova isə izahatında namizəd R.Mahmudovun YAP Astara rayon təşkilatının üzvləri ilə görüşündə İdarə heyətinin üzvü kimi iştirak etdiyini bildirmişlər. N.İbadov və G.Rzayev isə izahatlarında dövlət orqanlarında hər hansı bir vəzifə tutmadıqlarını, pensiyada olduqlarını və namizədlə görüşlərdə seçici kimi iştirak etdiklərini göstərmişlər.

Araşdırma ilə namizəd R.Mahmudovun qardaşı A.Mahmudovun seçkiqabağı təşviqatın aparılması zamanı seçki prosesinə hər hansı bir formada müdaxiləsi təsdiq olunmamışdır.

Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, namizəd R.Mahmudovun seçkiqabağı təşviqatın aparılması qaydalarının pozulmasına yol verməsinə dair namizədlər R.Həsənovun və R.T.Bağırovun iddiaları öz təsdiqini tapmadığından şikayətlərin təmin olunması və 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının 30 yanvar 2020-ci il tarixli 14/51 saylı qərarının ləğv edilməsi üçün əsaslar yaranmamışdır.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 77 saylı Astara seçki dairəsi üzrə qeydə alınmış namizədlər Həsənov Rəşad Əlövsət oğlunun 12 fevral 2020-ci il tarixli 137 saylı və Bağırov Rövşən Tofiq oğlunun 13 fevral 2020-ci il tarixli 164 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 30 yanvar 2020-ci il tarixli 14/51 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

15.02.2020

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video