20 Yanvar 2012 01:01
617
Sərəncamlar
A- A+

20 Yanvar faciəsinin on beşinci ildönümünün keçirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən on beş il keçir.

Artıq on beşinci ildir ki, Azərbaycan xalqı bu faciənin ağrısı ilə yaşayır. Süquta məhkum olmuş sovet rejimi öz son günlərində bütün tarixi boyu törətmiş olduğu cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi. Həmin gün sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə, eləcə də Azərbaycanın bir sıra digər şəhər və rayonlarına yeridilərək, Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə və o zamankı Azərbaycan rəhbərlərinin xəyanətkar siyasət yeritməsinə etiraz əlaməti olaraq ayağa qalxmış Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. Öz konstitusiya hüquqlarının bərqərar edilməsi tələbi ilə çıxış edən dinc, silahsız əhali gülləbaran edildi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Sovet rejiminin bu qanlı terror aktı bütün dünyada qətiyyətlə pisləndi.

20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışmış Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Onlar bu məsələdə heç maraqlı da deyildilər, çünki həmin cinayətin törədilməsinin məsuliyyəti bu və ya digər dərəcədə onların da üzərinə düşürdü. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinin mahiyyəti məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə açıqlandı, onlara siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.

Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. 20 Yanvar gününün Azərbaycanın tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. Yerli icra hakimiyyəti orqanları əlaqədar təşkilatlarla birlikdə Azərbaycan Respublikasının bütün şəhər, rayon və kəndlərində 20 Yanvar faciəsinin on beşinci ildönümünə həsr olunmuş tədbirlər keçirsin.

2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, 20 Yanvar faciəsinin on beşinci ildönümü ilə bağlı tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 yanvar 2005-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video