17 Oktyabr 2021 00:24
911
SİYASƏT
A- A+

17-18 oktyabr

 

Oktyabrın 17-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb.

Qoşunlarımız düşmənin əvvəlcədən hazırlanmış müdafiə hədlərini müxtəlif istiqamətlərdə yarmağa, onu tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə nail olub.

Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi qazanan şəxsi heyətimiz əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutur.

Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkilib, xeyli sayda ölən və yaralanan olub.

***

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini, Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutub.

***

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncəyə növbəti raket hücumu ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib:

“Nə dərəcədə insanlıqdan uzaq, yırtıcı olmalısan ki, şəhərin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, sakinlər yatarkən raket zərbələri endirilməsi barədə növbəti dəfə əmr verəsən?

Bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür.

Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir. Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir!

Bu faciə nəticəsində həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm və bütün yaralıların tezliklə sağalmasını arzulayıram.

Ulu Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

***

Prezident İlham Əliyev xalqa müraciət edərək müjdəli xəbər verib:

“Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Prezident həmçinin vurğulayır ki, 17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq: “Bu gün biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini yazırıq, birlikdə yazırıq. Biz bu gün həmrəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Biz xoşbəxtik ki, bu anları yaşayırıq. Ancaq bu anları səbirsizliklə gözləyən, həyatdan gedən on minlərlə bizim qaçqın, köçkünümüz əfsuslar olsun ki, bu günləri görməyib. Ancaq bu gün əminəm ki, onların ruhu şaddır. Çünki onların doğma dədə-baba torpaqları işğalçılardan azad edilib”.

Ali Baş Komandan Ermənistanın baş nazirin də yeni ismarıclarını göndərib: “Qarabağ Ermənistandır” deyən Ermənistanın baş naziri, nə oldu, indi demirsən “Qarabağ Ermənistandır”. Gəl Füzuliyə, sən orada bizim torpağımızı istismar edirdin. Gəl Cəbrayıla, gəl Hadruta, gəl azad edilmiş başqa yerlərə, de ki, “Qarabağ Ermənistandır”. Oturmusan orada - İrəvanda, oradan bəyanatlar verirsən, dünya liderlərinin zəhləsini tökürsən, adam qalmayıb ki, telefonla zəng etməyəsən”.

***

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Gəncədə törətdiyi terror aktı ilə bağlı rəsmi “Instagram” səhifəsində daha bir paylaşım edib. Paylaşımda deyilirdi:

“Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda dəhşətlidir - mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq. Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə - Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil.

Gəncə - qədim dövlətçiliyimizin beşiyidir.

Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir!

Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir.

Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”

***

Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib. Hərbi vəzifəlilərin də arasında çoxlu sayda ölən və yaralanan olub. Gücləndirmə məqsədilə alaya təhkim edilmiş xüsusi təyinatlı polis dəstəsinin üzvləri də döyüş mövqelərini tərk edərək qaçıb. Alayın bölmələrində ərzaq və döyüş sursatının çatışmazlığı müşahidə edilib.

Düşmən bölmələrində şəxsi heyətin yorğun və ümidsiz olması səbəbindən zabitlərə tabe olmama, həmçinin qorxu və təşvişə düşərək döyüşə girməkdən imtina etmə halları qeydə alınıb.

Qoşunlarımız bütün cəbhə boyu düşmənə dəqiq atəşlə zərər vurmaqla əməliyyat üstünlüyünü saxlayıb.

***

Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyi düşmənin S-300 zenit-raket kompleksinin, yanacaq-sürtkü materialları və döyüş sursatı anbarlarının, zirehli texniklarının aviasiya zərbələri ilə darmadağın edilməsinin görüntülərini yayıb.

***

Cəbrayıl istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi hava hücumundan müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

***

Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

***

Oktyabrın 18-də saat 00:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.

Düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutur. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirib.

***

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayıb.

***

Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində daha  bir paylaşım edib:

“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”

***

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Müstəqillik Günü ilə bağlı paylaşım edib:

“Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”

***

Saat 12:30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

***

“Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir”.

Bu fikirlər Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” hesabında etdiyi növbəti paylaşımda öz əksini tapıb.

Paylaşımda deyilirdi: “Azərbaycan Ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

***

Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilib.

Nümayiş olunan videoda Azərbaycan Ordusunun zirehli texnika və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunub.

Videonun son kadrlarında düşmən səngərləri tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərinin irəliləməsi aydın görünürdü.

***

Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

***

Müdafiə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağının qaldırılması, eləcə də Füzuli istiqamətində gedən döyüşlərdə xeyli sayda canlı qüvvə və texnika baxımından itkilərə məruz qalan düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnikası və silah-sursatının foto və videogörüntülərini yayıb.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video