15 Oktyabr 2021 00:33
828
CƏMİYYƏT
A- A+

14 oktyabrin -   ZƏFƏR gündəliyi


Oktyabrın 14-dən 15-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb.         
Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 
1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Düşmənin canlı qüvvəsi, döyüş texnikası, silah-sursatı, yanacağı tükənmək üzrədir.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayır.
***
Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutub. Tərtər rayonunda dəfn mərasimi zamanı əraziyə ağır atrilleriyadan atəş açılıb. Ölən və yaralananlar olub.
***
Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib. 
Ali Baş Komandan döyüş əməliyyatlarının nəticələri ilə bağlı verilən suala cavabında deyib ki, Azərbaycan Ordusu düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olub: “Bəzi sahələrdə hətta 4 müdafiə xətti vardı. Lakin ərazinin relyefi, dağ relyefi, əlbəttə, müdafiə olunmaq üçün əks-hücumla müqayisədə daha münasibdir. Bugünə qədər onlarca yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. Biz işğalçıları Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarmışıq və ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatı davam etdiririk”.
Prezident deyib ki, təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikası məhv edilib. 
***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşım edib:
“Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan? Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.
***
Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verərək bir daha Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından danışıb. Qeyd edib ki, döyüş meydanında əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır:
“Bizim uğurlu əməliyyatımız davam edir. Bugünə qədər, - əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir, - təqribən 40-a yaxın, ya da ki, 40-dan çox yaşayış məntəqəsi, - şəhərlər və kəndlər işğalçılardan azad edilmişdir. Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcəkdir”.
Ali Baş Komandan əməliyyatların tədricən, vahid bir planlama əsasında aparıldığını və bütün hədəflərin seçildiyini söyləyir. 
Prezident bir daha Ermənistana mesaj ünvanlayır: “Ermənistan tərəfi, sadəcə olaraq, bu reallıqla hesablaşmalı və təcavüzünü dayandırmalıdır, atəşkəsə əməl etməlidir və qalan torpaqlardan da öz xoşu ilə çıxmalıdır ki, qan tökülməsin və bundan sonra bu məsələ sülh yolu ilə həll edilsin. Biz indi torpaqlarımızı azad edirik. Biz bayrağımızı artıq şəhərlərimizi əhatə edən dağlara sancırıq, şəhərlərimizdə mövcud olan binalara sancırıq, biz zəfər marşındayıq”. 
*** 
Prezident xalqa növbəti xoş xəbəri çatdırıb. İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb: 
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
***
Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edib.
Ali Baş Komandanın müraciətləri, həmçinin işğaldan azad olunmuş kəndlər haqqında məlumatlar operativ şəkildə çap olunmuş bülletenlər və səyyar radioqovşaq vasitəsilə mülki sakinlərə çatdırılıb.
Keçirilən tədbirlər cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb.
***
“France 24” televiziya kanalına müsahibə verən Prezident İlham Əliyev bir daha həqiqətləri söyləyib. Ermənistanın humanitar atəşkəsə əməl etmədiyini vurğulayan İlham Əliyev bəzi təxribatçı suallara da əsl diplomat və Baş Komandan kimi cavab verib. 
Jurnalistin “Siz deyirsiniz ki, atəşkəs müəyyən olunandan sonra Azərbaycan tərəfindən heç bir zərbə endirilməmişdir? Hətta hərbi hədəflərə də?” sualını Prezident belə cavablandırıb: “Xeyr, hərbi hədəflərə zərbələr endirilmişdir. Biz bunu təkzib etmirik. Lakin bu təbiidir, çünki biz özümüzü müdafiə etməli idik. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda, Ermənistan üstünlüyə malik olacaq və öz məqsədinə çatacaq. Əslində, onlar elə bunu etməyə çalışırlar. Onlar azad edilmiş əraziləri geri götürməyə cəhd edirlər. Xüsusilə onlar Hadrut şəhərini geri götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular. Mənim onlara məsləhətim belədir və mən artıq Ermənistan hökumətinə və həmçinin Ermənistan xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki, onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaqdır”.
***
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video