14 Oktyabr 2021 00:49
586
CƏMİYYƏT
A- A+

14 oktyabrin -   ZƏFƏR gündəliyi

 

 

Gecə saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunur.

Bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənir.

Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülür.

***

Ali Baş Komandan İlham Əliyev rəsmi “Twitter” səhifəsində paylaşım edərək xalqa növbəti müjdəli xəbəri verir:

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

***

Cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalır.

Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulur.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən adekvat tədbirlər görülür.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayırlar.

***

Səhər saat 08:36 radələrində düşmən tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərdə növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilir.

Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və ölkəmizin digər şəhərlərinə doğru hədəflənmişdi. Legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılır.

***

Günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilir.

***

Hərbi İnformasiya Mərkəzində brifinq keçirilir. Azərbaycan Hərbi Hava Qüvvələrinin qərargah rəisi, general-mayor İkram Əliyev mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələrinə məxsus operativ-taktiki komplekslərin taktiki xüsusiyyətləri və onların imkanları barədə məlumat verir.

Qeyd edilir ki, 9K72 operativ-taktiki raket kompleksinin (OTZK) 8K14 raketi ilə birgə canlı qüvvəni, idarəetmə məntəqələrini, aerodromları və digər əsas obyektləri məhv etmək üçün təyin olunur. Bu kompleks silahlanmaya 1967-ci ildə qəbul edilib. Raketin atəş məsafəsi 50-300 kilometr, maksimal uzaqlığa uçma vaxtı 5 dəqiqə, start çəkisi 5862 kiloqram, doldurulmamış raketin çəkisi isə 2076 kiloqramdır. Uzunluğu 11 metr 164 santimetrdir. Korpusunun diametri 880 millimetrdir. Kompleksin ümumi çəkisi 37 ton, döyüş heyəti 8 nəfərdən ibarətdir.

Əgər bu raket atılsaydı, o, hətta Bakının da ətrafına düşə bilərdi. Yəni bu sistemlər Dağlıq Qarabağ ərazisinə keçsəydi, həmin sistemlərin atəş məsafəsi Bakıdan da uzağı hədəfləyərdi.

Brifinqdə o da vurğulanıb ki, gecə saat 01 radələrində iki ədəd və səhər 08:30 radələrində bir ədəd olmaqla, ümumilikdə, üç ədəd “Elbrus” ballistik raket qurğusu raketləri ilə birlikdə ordumuz tərəfindən aşkarlanaraq məhv edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video