17 Mart 2019 00:58
2568
SİYASƏT
A- A+

102 qəsəbə, 58 min 203 mənzil


Məcburi köçkünlərin sosial problemləri effektiv həllini tapır


Azərbaycanda prioritet istiqamət kimi müəyyənləşdirilən sosial siyasət bu gün cəmiyyətdə maddi rifah halının davamlı şəkildə yüksəlməsi ilə müşayiət edilməkdədir. Artan əməkhaqları və sosial müavinətlər, dövlət qayğısı nəticəsində insanların yüksələn gəlirləri Azərbaycanın sosial siyasətinin də bir çox ölkələrə nümunə ola biləcək səviyyəyə yüksəlməsinə rəvac verib. Bütün bunları ölkənin vətəndaşları kimi məcburi köçkünlər də öz gündəlik həyatlarında kifayət qədər aydın görür və hiss edirlər.


Mənzil-məişət şəraiti yaxşılaşdırılan məcburi köçkünlərin sayı artır


Yaşanan sürətli inkişaf, məşğulluq, sosial problemlərin effektiv həlli qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin böyük miqyasda aradan qalxmasına səbəb olub. Əlverişli sosial atmosferin yaradılması, ölkə miqyasında tərəqqinin sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin məşğulluqla təmin edilməsi bu gün məcburi köçkünlərin də davamlı, sabit artımlı gəlirləri üçün əsas yaradıb. Onların qarşılaşdıqları mənzil probleminin həllinə isə həmişəki kimi dövlət ən yüksək səviyyədə böyük diqqət və qayğı göstərib. Elə bunun nəticəsidir ki, təkcə keçən il 5 min 901 ailənin və ya 27 minə yaxın məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bundan əlavə, müvəqqəti məskunlaşma yerlərində aparılmış təmir işləri nəticəsində 158 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Ümumiyyətlə isə 2001-2018-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün ölkənin 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik fərdi evlərdən, çoxmərtəbəli binalardan ibarət 102 müasir məhəllə, qəsəbə və ya yaşayış kompleksi salınıb. Bunun da 3,3 milyon kvadratmetr yaşayış sahəsinə malik 97-si və yaxud 95 faizi son 15 ildə inşa edilib.

Bütün bunlar o deməkdir ki, həqiqətən də Azərbaycanda qeydə alınan dinamik sosial-iqtisadi inkişaf məcburi köçkünlərin də həyat səviyyəsinin yüksəlməsində özünü qabarıq şəkildə büruzə verir. Üzləşdikləri mənzil-məişət problemlərinin uğurlu həllini görən məcburi köçkünlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət fonunda doğma yurd yerlərinə qayıdacaqları günün də uzaqda olmadığını yaxşı bilirlər.


Yeni evlərin inşasına genişmiqyaslı hazırlıq görülür


2001-2018-ci illər ərzində Ermənistandan olan 6 min qaçqının, yaxud 1330 ailənin və 294 min məcburi köçkünün, yaxud 56 min 873 ailənin, ümumilikdə isə 58 min 203 ailənin və ya 300 min nəfərə yaxın qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

54 min 203 ailənin, yaxud 272 min nəfərin mənzilə sahib olması isə son 15 ilin payına düşür. Bu məqsədlə 2,6 milyard manat vəsait sərf olunub ki, bunun da 2,3 milyard manatı Dövlət Neft Fondunun payına düşür.

Bu arada onu da qeyd edək ki, məcburi köçkünlərin məişət problemlərinin həlli işində dövlətlə yanaşı, artıq özəl sektor da yaxından iştirak edir. Elə "Qobu Park” köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsidir. Xatırladaq ki, burada mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. Ən əsası isə həmin layihə özəl sektor tərəfindən icra edilib və maliyyələşdirilib. Növbəti dövrdə də bu istiqamətdə özəl sektorun fəaliyyətinin genişlənməsi gözlənilir.


Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr


Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. 2017-2018-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1481 mənzil məcburi köçkünlərin istifadəsinə verilib. Hazırda Heydər Əliyev Fondunun xətti ilə Qaradağ rayonu ərazisindəki "Qobu Park” yaşayış kompleksinin yanında 2-ci yaşayış kompleksində 1300, eləcə də dövlət proqramının icrası üzrə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 810, Pirallahı rayonunda 306, Şirvan şəhərində 685, Beyləqan rayonunda 146 ailəlik qəsəbə və yaşayış komplekslərinin tikintisi intensiv surətdə davam etdirilir.

Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur. Eyni zamanda, qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür.

Xatırladaq ki, bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Qarşıdakı dövr ərzində isə bu qəbildən olan insanların mənzil-məişət problemlərinin həlli istiqamətində işlər daha geniş miqyasda davam etdiriləcək. Müvafiq dövlət proqramına uyğun olaraq, artıq Kürdəmir rayonunda 563, Ucar rayonunda 250, Göygöl rayonunda 80 və Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 645 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş fərdi evlərdən və çoxmərtəbəli binalardan ibarət qəsəbə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanıb.

Bu isə o deməkdir ki, yaxın vaxtlarda mənzil-məişət problemi həll edilən məcburi köçkünlərin sayı daha da artacaq. Bütün bunlar bir daha sözügedən kateqoriyadan olan insanlara yüksək diqqət və qayğının real təzahürləridir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video