23 Oktyabr 2021 01:27
209
SİYASƏT
A- A+

23 oktyabrin -  ZƏFƏR gündəliyi

Bütün cəbhəboyu döyüşlər davam edir.

Gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur.

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulur, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılır, vacib ərazi və yüksəkliklər azad edilir.

Bütün cəbhəboyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulur. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilir. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.

Məlum olur ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.

Bütün cəbhəboyu döyüşlər davam edir.

***

Ermənistan yenə yalan məlumat yayaraq guya Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin Azərbaycan Ordusu tərəfindən atəşə tutulmasını iddia edir. Azərbaycan Müdafiə Nazirliyi bu xəbərin heç bir əsasının olmadığını bildirir.

Qeyd edilir ki, tam əksinə, oktyabrın 23-ü gecə ərzində və səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub. Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhəboyu əməliyyat üstünlüyünü saxlayır.

***

Gecə 03:00-dan gündüz 12:00 radələrinədək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilir. Digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilir.

Həmçinin gün ərzində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilir.

***

Müzəffər Ali Baş Komandan İlham Əliyev rəsmi “Tviter” səhifəsində paylaşım edir:

“Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Prezidentin növbəti müjdəsi də gecikmir. Dövlət başçısı “Tviter” səhifəsində daha  bir paylaşım edir:  “Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

***

Düşmənin qüvvə və vasitələri darmadağın edilir.

Müdafiə Nazirliyinin yaydığı videogörüntülərdə hər şey açıq-aydın görünür. Düşmənə məxsus müxtəlif döyüş texnikaları, hərbi avadanlıqlar və yerdəyişmə etməyə hazırlaşan canlı qüvvəsi, zirehli texnikası məhv edilir.

***

Ermənistan tərəfi daha bir uydurma xəbər yayır. Guya İranın hava məkanına ordumuza məxsus kamikadze-dronu daxil olub və bundan sonra qonşu ölkə Azərbaycanın mövqelərini artilleriya atəşinə tutub.

Müdafiə Nazirliyi məlumat yayaraq bunun düşmənin növbəti dezinformasiyası olduğunu bildirir.

Qeyd edilir ki, İran-Azərbaycan dövlət sərhədinin ölkəmizin tam nəzarətinə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xəbərlər yaymaqla iki dövlət arasında olan yüksək səviyyəli münasibətlərə xələl gətirməyə cəhd göstərir.

Azərbaycan ilə İran arasında mövcud olan və dərin tarixi köklərə malik siyasi, iqtisadi, dini, mədəni və digər sahələrdə əməkdaşlığımız uğurla inkişaf edir.

Beynəlxalq ictimaiyyət tərəfindən lazımi dəstək ala bilməyən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafından ciddi narahatlıq keçirdiyi üçün çıxış yolunu yalan və böhtan xarakterli məlumatların yayılmasında görür.

***

Cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət dəstələrinin və döyüş texnikalarının məhv edilməsinin videogörüntüləri yayılır.

Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video