08 May 2021 02:02
1903
SİYASƏT
A- A+

Heydər Əliyev ideyalarının və arzularının təntənəsi

 

Hər bir insanın arzuları olduğu kimi, liderlərin də arzuları olur. Adi insanların arzuları əsasən şəxsi xarakter daşıyır, öz həyatı və ailəsinin firavanlığı ilə bağlı olur.

Doğrudur, heç kim ictimai məna kəsb edən dəyərlərdən məhrum deyil və bu baxımdan bütün insanların davranışını motivləşdirən amillər sırasında vətənpərvərlik, humanizim, həmrəylik kimi dəyərlər əhəmiyyətli rol oynayır. Lakin liderlərin fəaliyyətinin motivləri sistemi daha çox ictimai mahiyyət daşıyır və rəhbərlik etdiyi xalqın və ölkənin maraqlarına xidmət göstərir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Mən ömrümün bundan sonra qalan hissəsini xalqıma bağışlayıram” kəlmələri bu fikirlərin ən bariz ifadəsi hesab edilə bilər. Bu dahi insanın bütün arzuları, ona xas olan böyük ideyalar müstəsna olaraq Azərbaycan xalqının rifahına, onun inkişafına, ölkəmizin çiçəklənməsinə, dövlətimizin qüdrətinin artmasına tabe edilmişdi.

 

Böyük arzularla yaşayan Lider

 

Xalqa xidmət etmək arzusu və bu arzuların ümumiləşdirilmiş ifadəsi sayılan ideyalar şəxsin liderlik missiyasının ilkin şərti kimi qiymətləndirilə bilər. Heydər Əliyevin uzun illər ərzində Azərbaycana uğurla rəhbərlik etməsi, ölkənin inkişafında ciddi izlər buraxmış nailiyyətlər qazanması onun öz xalqına təmənnasız, bütün imkanlarını səfərbərlik edərək xidmət göstərmək istəyinin qabarıq ifadəsidir.

Böyük şəxsiyyətlərin həyatının təhlili göstərir ki, xüsusi fitri istedad və əyilməz iradə ilə yanaşı, xalqa təmənnasız xidmət etmək istəyi olmadan tarixin diqqətini cəlb edə biləcək nailiyyətlər qazanmaq, həqiqi lider səviyyəsinə yüksəlmək mümkün deyildir. Digər tərəfdən, tarixi şəxsiyyət səviyyəsinə yüksəlmiş liderin arzularının təcəssümü olan ideyaları xalqın istəklərinin, dövrün tələblərinin daha dəqiq və əhatəli ifadəsi olması ilə ictimai dəstək qazanır. Bu mənada, tam qətiyyətlə deyə bilərik ki, Heydər Əliyevin arzuları və bu arzuların təcəssümü olan ideyaların qida mənbəyi həmişə xalqın istəyi və dövrün sifarişi olmuşdur.

XX əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində Azərbaycanda əhalini narahat edən problemlər və ictimai ovqatda hakim olan ideyalar cəmiyyətdəki keçmiş sovet respublikaları arasında aydın hiss olunan geriliyi aradan qaldırmaq, neqativ hallarla qəti mübarizə aparmaq, iqtisadiyyatı və sosial sahəni inkişaf etdirməklə birbaşa əlaqədar idi. Ozamankı Azərbaycanın lideri kimi Heydər Əliyevin fəaliyyətinin hərəkətverici qüvvəsi kimi çıxış edən ideyaları da məhz həmin aktual problemlərin həllinə kökləndiyindən, onun mahiyyət etibarilə yenilikçi rəhbərliyi, əvvəla, insanlar tərəfindən qətiyyətlə dəstəklənir, ikincisi isə, lazımi səmərə verirdi. Əgər ötən əsrin 70-ci illərində keçmiş Sovet İttifaqında ən geridə qalmış Azərbaycanın qısa vaxtda ən inkişaf etmiş regiona çevrilməsinin səbəblərini axtarmağa çalışsaq, Heydər Əliyevin fitri qabiliyyətləri ilə yuxarıda haqqında söhbət etdiyimiz ideyalarının ictimai ovqatın təcəssümü kimi sintezini göstərmək kifayət edər.   

Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycana uğurla rəhbərliyi, qazanılan möhtəşəm sosial-iqtisadi inkişaf göstəriciləri yeni tipli idarəçilik modelinin inkaredilməz nümunəsi sayıla bilər. Öz növbəsində ozamankı Azərbaycan da sovet ideologiyasının hökmranlığı və məhdud imkanlar şəraitiində maksimum inkişaf nümunəsi hesab edilirdi.

İlk növbədə Heydər Əliyevin müdrikliyi və siyasi iradəsi sayəsində mövcud iqtisadi idarəçilik konsepsiyası çərçivəsində, bir sovet respublikasında demək olar ki, yeni iqtisadi model formalaşmış oldu. Qısa vaxtda o dövrün qabaqcıl texnologiyalarına əsaslanan sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən müasir müəssisələr yaradıldı, iqtisadi fəallıq və əmək məhsuldarlığı ciddi şəkildə yüksəldi, əhalinin məşğulluq səviyyəsi artdı. Azərbaycan geridə qalmış aqrar iqtisadiyyatdan intensiv şəkildə inkişaf edən aqrar-sənaye iqtisadiyyatına malik olan respublikaya çevrildi.

İqtisadi fəallığın və məşğulluğun əhəmiyyətli dərəcədə yüksəlməsi Heydər Əliyevin ideyalarının ikinci məqsədinin həyata keçirilməsinə-əhalinin rifahının yaxşılaşdırılmasına  etibarlı əsaslar yaratdı. Ailələrin gəlirləri əhəmiyyətli dərəcədə artdı. Xüsusilə kənd əhalisinin həyat tərzinin yüksəlməsi sahəsində daha aydın şəkildə görünən irəliləyişlər qazanıldı. Əhalinin rifahının yüksəlməsinin digər göstəricisi insanlara ictimai xidmətlərin həcminin və keyfiyyətlərinin artırılmasında müşahidə edilirdi. Məktəb, xəstəxana tikintisi geniş vüsət aldı, yeni universitetlər yaradıldı, mənzil tikintisi sahəsində sözün həqiqi mənasında yeni mərhələ başladı.

Heydər Əliyevin ideyalarının əsasını təşkil edən arzularının başqa bir tərkib hissəsi ölkənin simasının müasirləşməsi ilə əlaqədar idi. On illər ərzində görkəmində elə bir dəyişiklik müşahidə edilməyən Bakı 1970-ci illərdə, demək olar ki, yenidən quruldu. Gülüstan sarayı, indi Heydər Əliyevin adını daşıyan saray, əzəmətli hotellər, idman kompleksləri, bir sıra ictimai binalar, geniş xiyabanlar, parklar, yaşıllıq zolaqları və s. paytaxtın simasını kökündən dəyişdirdi, ona müasir ab-hava gətirdi. Kənd həyatında baş verən dəyişikliklər daha diqqətəlayiq, daha genişmiqyaslı və tarixi əhəmiyyətə malik idi. Əhalinin gəlirlərinin artması sayəsində kəndlərdə müasir və hər cür rahatlığı olan evlərin tikilməsi kənd yaşayış məskənlərinin simasını köklü surətdə dəyişdi. Eyni zamanda kəndlərdə ictimai xidmətlərin kəmiyyət və keyfiyyətcə yüksəlməsi həyat tərzinin yaxşılaşmasına əlavə təkan verdi, müasirləşmiş Azərbaycanın kənd həyatının yeni keyfiyyətinə çevrildi.

Azərbaycanın mədəni inkişafı ötən əsrin 70-ci illərində həyata keçirilən Heydər Əliyev ideyalarının nəinki ən əhəmiyyətli tərəflərindən biri, həm də onun tanıtım vərəqi idi desək, yəqin ki, səhv etmərik. Yaradılan çoxsaylı universitetlər və elmi müəssisələr, Azərbaycan mədəniyyətinin parlaq nümayəndələrinin abidələrinin ucaldılması, mədəniyyətin inkişafına dövlət dəstəyi və diqqətinin artırılması ölkədə yeni mənəvi mühit yaratmaqla Heydər Əliyevin ölkənin yeniləşdirilməsi və müasirləşdirilməsi konsepsiyasının sistemli xarakterindən xəbər verirdi.

Sadalananlar ötən əsrin 70-ci illərində Azərbaycanda müşahidə edilən sosial-iqtisadi və mədəni inkişafın bütün mənzərəsini əhatə etməsə də, Liderin ideyalarında ifadə olunan arzularının ölkənin və əhalinin taleyində müstəsna rolunu dərk etməyə kömək göstərir.

 

Bütün dünyaya günəş kimi doğan Azərbaycan

 

Müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi xalqımızın taleyində Heydər Əliyevin arzularının və ideyalarının təcəssümünün yeni ifadəsi sayıla bilər və sayılmalıdır.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ölkənin inkişafı, zəngin potensialını milli tərəqqi yolunda istifadə etməsi üçün geniş imkanlar yaratmış oldu. Lakin müstəqilliyin ilk illərində Azərbaycan dövlətinə rəhbərlik edən iqtidarlar milli maraqlar naminə lazımi addımları nəinki ata bilmədilər, əksinə, onların yarıtmaz idarəçiliyi və buraxılan səhvləri ölkəni ağır böhranın içərisinə yuvarladı. Azərbaycanı onu gözləyən real təhlükələrdən xilas etməyin yeganə yolu qüdrətli şəxsiyyətin ölkənin idarəçiliyinin başına keçməsindən asılı idi. Cəmiyyət bu qüdrətli şəxsiyyət qismində Heydər Əliyevi görürdü və onun hakimiyyətə qayıtmasını milli xilaskarlıq missiyası kimi nəzərdən keçirirdi.

Azərbaycan xalqının israrlı tələbləri ilə Heydər Əliyevin tarixi qayıdışı onun ölkənin inkişafı ilə əlaqədar arzularının və bu arzuların ümumiləşmiş ifadəsi kimi ideyalarının həyata keçirilməsi istiqamətində yeni imkanlar yaratdı, müstəqil Azərbaycanın formalaşması prosesinin əsası qoyuldu.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan cəmiyyətinin başlıca istəyi ölkədəki hərtərəfli böhranın, seperatçı meyillərin və erməni təcavüzünün aradan qaldırılması ilə əlaqədar idi. Heydər Əliyevin tarixi qayıdışından insanların gözləntisi əsasən bu sadalanan problemlərdən qaynaqlandığından, dahi siyasətçi Ulu Öndər özünün tarixi missiyasının ümdə hədəfini dəqiqliyi ilə müəyyənləşdirmişdi. İlk növbədə ictimai və siyasi sabitlik təmin edilməli, bunun üçün isə xaos, anarxiya aradan qaldırılmalı, seperatçı meyillərin kökü kəsilməli idi. Müdrik insan, qətiyyətli və təcrübəli siyasətçi Heydər Əliyev inanılmaz dərəcədə qısa vaxtda xalqı dərindən narahat edən, ölkənin mövcudluğuna ciddi təhlükə yaradan sadalanan halları aradan qaldıraraq ölkədə dayanıqlı sabitliyi və əmin-amanlığı bərqərar etdi.

Onu da vurğulamaq yerinə düşər ki,  Heydər Əliyevin tarixi missiyası yalnız bununla bitmirdi və bitə də bilməzdi. Onun müstəqil Azərbaycanın prezidenti seçilməsi hələ ötən əsrin 70-ci illərində reallaşdırmağa çalışdığı, lakin mövcud rejimin ideoloji buxovlarının imkan vermədiyi arzularını həyata keçirməyə real şərait yaratmışdı. Dərin vətənpərvər insan olan Heydər Əliyev həmin arzu və ideyalarını həyata keçirməyə tarixi şəraitin yetişdiyini dərk edirdi və bütün fəaliyyətini bu istiqamətdə qururdu.

İlk növbədə müstəqil Azərbaycan dövlətçiliyinin siyasi əsasları yaradılmalı, bəyan edilmiş milli müstəqilliyin hüquqi təsisatları formalaşdırılmalı idi. Ölkədə həyata keçirilən siyasi islahatlar, yeni Konstitusiyanın qəbul edilməsi, yeni parlamentin seçilməsi, milli qanunvericilik əsasının yaradılması və s. bu istiqamətdə atılan zəruri addımlar idi.

Növbəti mərhələdə qarşıda müstəqil Azərbaycan dövlətinin və onun etibarlı gələcəyinin möhkəm iqtisadi dayaqlarının yaradılması dayanırdı. Heydər Əliyev müdrikliyinin bariz ifadəsi sayılan iqtisadi islahatlar bu vəzifənin uğurla həyata keçirilməsini təmin edə bildi. Ölkəmizin iqtisadiyyatını çökdürmüş tənəzzül və hiperinfilyasiya cilovlandı, iqtisadi liberallaşma tədbirləri başlandı: torpaq islahatı, özəlləşdirmə, iqtisadiyyatın dövlət tərəfindən idarə olunması metodlarının tədricən ixtisar edilməsi və bu qəbildən olan bir sıra addımlar atıldı. Yeni iqtisadi münasibətlərin və sistemin ilkin, lakin mühüm ünsürləri bərqərar edildi.

Müstəqil Azərbaycanın və onun gələcəyinin etibarlı iqtisadi əsaslarının yaradılmasında Heydər Əliyevin dühasının məhsulu olan yeni neft strategiyasının işlənib hazırlanması və “Əsrin müqaviləsi”nin imzalanması müstəsna rol oynamışdır. Əgər  bugünkü Azərbaycanın inkişafının bir neçə fundamental dayaqlarından danışmalı olsaq, ilk növbədə, neft strategiyasını və onun ölkəmizə bəxş etdiyi əvəzolunmaz töhfələri yada salmalıyıq.

Əsrin müqaviləsinin həyata keçirilməsi nəticəsində Azərbaycana daxil olan böyük vəsaitlər onun iqtisadiyyatını gücləndirməklə yanaşı, insanların rifahının yaxşılaşmasına misilsiz töhfə verir. İqtisadi fəallığın artmasında, ölkənin infrastrukturunun müasirləşməsində, yeni iş yerlərinin yaranmasında neft strategiyasının böyük tarixi əhəmiyyəti ayrıca qeyd edilməlidir. Azərbaycan iqtisadiyyatının dünya və regional iqtisadi sistemlərinə qoşulması, dövlətlərarası iqtisadi və təsərrüfat əlaqələrinin möhkəmləndirilməsi “Əsrin müqaviləsi”nin ölkəmizə təqdim etdiyi digər imkanlardır.

Neft strategiyası təkcə iqtisadi və maliyyə dividendləri ilə kifayətlənmir. Onun Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin genişlənməsinə, beynəlxalq inteqrasiyasına, regional iştirakçı kimi rolunun artmasına müsbət təsiri əvəzolunmazdır.

Müstəqil Azərbaycan dövlətinin qurulması Heydər Əliyevin arzuları və ideyaları sistemində mərkəzi yer tuturdu. Onun fəxrlə, xüsusi qürur hissi ilə müstəqil Azərbaycan dövlətinin qurulmasını özünün fəaliyyətinin başlıca qayəsi, şah əsəri hesab etməsi deyilən fikrin təsdiqi kimi başa düşülməlidir. Eyni zamanda Ulu Öndər güclü, qüdrətli Azərbaycan dövlətinin qurulmasını arzu edirdi və bunun üçün bütün zəruri əsasları yaratmağa çalışırdı. Onun “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikirləri əslində ölkəmizin dövlət quruculuğu və inkişafı konsepsiyasının başlıca qayəsini təşkil edirdi.

Heydər Əliyevin böyük arzuları Azərbaycanın təkcə cari inkişafı ilə deyil, daha çox gələcəyi ilə əlaqədar idi. Onun arzuları və ideyaları gələcək qüdrətli, firavan Azərbaycana hədəflənmiş strategiyanı xatırladırdı. Dahi siyasətçi bu günə gələcəyin başlanğıcı, təməl daşı kimi baxırdı və bu mənada onun rəhbərliyi sabaha ünvanlanmış fəaliyyət qismində qavranılmalıdır.

Heydər Əliyevin fəaliyyəti, xalq qarşısında xidmətləri misilsiz olduğu kimi, onun arzuları da möhtəşəm idi. “Azərbaycan bütün dünyaya günəş kimi doğacaq” deyən Ümummilli Lider həm də böyük optimist idi. Tale onun  optimizminə həmişə haqq qazandırırdı. Azərbaycanın dünyanın ən uğurlu dövləti kimi qəbul edilməsi, günü-gündən inkişafın yeni pilləsinə qalxması Heydər Əliyevin dərin optimizminə əsaslanan böyük arzularının çin olmasının əyani ifadəsidir.

 

Azad Qarabağ

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından qaynaqlanan hərbi təcavüz siyasəti nəticəsində ölkəmizin torpaqlarının bir hissəsinin işğal edilməsi tariximizin ən kədərli səhifələrindən biridir. On minlərlə insan təlafatı və torpaqlarımızın təxminən 20 faizə qədərinin işğal edilməsi, bir milyona yaxın vətəndaşın məcburi koçkünə çevrilməsi birinci Qarabağ müharibəsinin acı nəticəsidir. Təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, bir-birini əvəz edən ozamankı iqtidarlar nə ölkənin ərazi bütövlüyünün qorunması, nə də əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün sistemli konsepsiya hazırlayıb həyata keçirmək iqtidarında ola bilmədilər. Dövlətin və cəmiyyətin resurslarını erməni təcavüzünün qarşısının alınmasına səfərbər etməyin öhdəsindən gələ bilmədilər və ya bunu bəlkə də istəmədilər. Müharibə xaincəsinə siyasi mübarizə predmetinə çevrilərək milli fəlakətin baş verməsinə səbəb oldu. Bağışlanmaz səhvlərdən biri də ondan ibarət idi ki, Azərbaycana qarşı hərbi təcavüz, torpaqlarımızın işğal edilməsi, bir milyona yaxın vətəndaşın məcburi köçkün həyatı yaşamağa məhkum edilməsi dünya birliyinin diqqətinə lazımi səviyyədə çatdırıla bilmədi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması haqqında qətnaməsinin icrası istiqamətində zamanında təsirli tədbirlər görülmədi və vaxtın itirilməsi səbəbindən münaqişənin nizama salınması beynəlxalq birliyin gündəliyində arxa plana keçdi.

Beləliklə, AXC-Müsavat iqtidarının yarıtmaz hakimiyyətinin qoyub getdiyi total böhran mirası Qarabağın işğalı və kütləvi köçkünlər problemləri ilə təsəvvüredilməz dərəcədə ağırlaşmışdı və xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdan Heydər Əliyevin çiyinləri üzərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi ağır tarixi missiya qoyulmuşdu.

Erməni işğalına məruz qalmış Qarabağın azad edilməsi istiqamətində bütün cəmiyyətin resurslarının səfərbər edilməsinə yönəlmiş sistemli fəaliyyət yalnız Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra başladı. Ev-eşiklərindən məhrum edilmiş yüz minlərlə insanın yerləşdirilib məişət problemlərinin həll edilməsindən tutmuş nizami ordunun yaradılması, Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması və s. bu çoxşaxəli fəaliyyətin ayrı-ayrı istiqamətləri idi.

Azərbaycanın əhalisinin 10 faizini təşkil edən köçkünlərin yerləşdirilməsinin, ehtiyaclarının ödənilməsinin, onlara zəruri olan xidmətlərin göstərilməsinin iqtisadiyyatı ağır böhran içərisində olan, siyasi sabitliyi əsaslı şəkildə pozulmuş bir ölkədə hansı titanik  səylər bahasına başa gəldiyini təsəvvür etmək çətin deyil. Bu, bir yandan daxili sabitliyin və əmin-amanlığın təmin edilməsi, digər yandan əhalinin böyük kəsiminin sosial problemlərinin həlli, üçüncü tərəfdən isə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə yoluna qoyulması sayəsində mümkün ola bilərdi.

Dağlıq Qarabağ probleminin ədalətli şəkildə və birdəfəlik həllində nizami ordunun yaradılmasının əhəmiyyəti müqayisəedilməz idi. Qarabağın işğalının çoxsaylı səbəbləri içərisində ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda nizami ordu yaradılması işindəki çatışmazlıqların xüsusi yer tutduğunu sübut etməyə ehtiyac yoxdur. Böyük fədakarlıq və ayrı-ayri qəhrəmanlıq nümunələri göstərmələrinə baxmayaraq, könüllü batalyonların nizami ordunun vəzifələrini yerinə yetirə bilmədiyi göz önündə idi. Buna görə Heydər Əliyevin Qarabağın azadlığı konsepsiyasının mərkəzində əsas məsələ kimi tezliklə nizami ordunun yaradılması dayanırdı. Ordunun təchizatı, təcrübəli kadrlarla komplektləşdirilməsi, nizam-intizamının möhkəmləndirilməsi sahəsində qısa vaxtda görülən işlər öz bəhrələrini verirdi.

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində aparılan genişmiqyaslı təbliğatın problemin beynəlxalq səviyyədə düzgün qiymətləndirilməsinə töhfələri özünü göstərirdi. Onun nəticəsində torpaqlarının işğal olunmasına baxmayaraq, Azərbaycanın əleyhinə olan beynəlxalq ictimai rəy tədricən ölkəmizin xeyrinə dəyişməyə başlamışdı. Düşünürəm ki, Heydər Əliyevin ayrı-ayrı ölkələrdə səfərlərdə olarkən xəritə qarşısında Qarabağ probleminin həqiqətlərini şərh edən obrazı vətəndaşlarımızın xatirələrində bu gün də yaşamaqdadır.

Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz evlərinə qayıtmasının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu idi. Prezident olaraq onun vaxtının və enerjisinin böyük hissəsinin həmin problemlərə həsr olunduğunu özü dəfələrlə etiraf edirdi. Çadır şəhərciklərinə səfərlərin, məcburi koçkünlərlə görüşlərin, ordu quruculuğunun, cəmiyyətin münaqişənin həll olunması istiqamətində səfərbər edilməsi Prezident Heydər Əliyevin gündəliyinin ən aktual mövzuları olduğu müasirlərinə yaxşı tanışdır. Dahi siyasətçinin titanik səyləri öz bəhrələrini verdi. Qarabağ problemi onun zamanında həll olunmasa da, münaqişənin ədalətli şəkildə nizama salınmasının ümdə şərtlərinin formalaşmasında çox ciddi uğurlar əldə edildi. Nizami ordu yaradıldı, onun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm nailiyyətlər qazanıldı, beynəlxalq rəydə problemə baxış köklü surətlə dəyişdi. Ən əsası, varisinə Qarabağ probleminin həll edilməsi ilə əlaqədar ağır miras qoymadı. Əksinə, münaqişənin uğurla həll edilməsi üçün lazımi şəraitin yaradılması baxımından mümkün olan hər şeyi etdi. Ona görə də, Ümummilli Lider 2003-cü ildə növbəti prezident seçkiləri ərəfəsində xalqa müraciətində özünəməxsus daxili inamla deyirdi: “Mənim edə bilmədiklərimi İlham Əliyev həyata keçirəcəkdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Heydər Əliyevin bu müdrik kəlamları möhtəşəm siyasi uzaqgörənlik nümunəsinə çevrildi. İlham Əliyev onun bütün ümidlərini doğrultdu. 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın azad edilməsi bu fikirlərin ən qabarıq təcəssümüdür. İlham Əliyev Heydər Əliyevin başladığı, lakin çatdıra bilmədiyi işi - Qarabağın azad edilməsini uğurla başa çatdırdı, Azərbaycana qeyri-adi qürur, iftixar mənbəyi bəxş etdi. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin qüdrət və əzəmətinə tarixi möhür vurdu. 2020-ci il noyabr ayının 8-də Şuşanın azad olunması münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” fikirləri Heydər Əliyevin arzularının ən böyük təntənəsi sayıla bilər və sayılmalıdır.

Heydər Əliyevin başladığı möhtəşəm işin məntiqi yekununu bundan daha yaxşı ifadə etmək mümkün deyil. Qarabağın azad edilməsi bu istiqamətdə böyük xidmətlər göstərmiş, Ümummilli Lider Heydər Əliyevin hər kəsin qəlbində yaşayan əziz xatirəsinə ən böyük ehtiramdır.

           

Daha etibarlı,  daha firavan gələcəyə doğru inamlı addımlar

 

Ulu Öndər Heydər Əliyevin ideyalarını fərqləndirən başlıca xüsusiyyətlərdən biri onların gələcəyə ünvanlanması idi. Bu dahi insan həmişə Azərbaycanın gələcəyini düşünür, bütün fəaliyyətini məhz bu yöndə səfərbər edirdi. Onun həyata keçirdiyi islahatlar, memarı sayıldığı möhtəşəm neft strategiyası ölkənin firavan gələcəyinin qurulması, insanlara daha yüksək rifahın təmin edilməsi məqsədi güdürdü. Onu da ayrıca vurğulamaq lazım gəlir ki, Azərbaycanın etibarlı və yüksək rifaha əsaslanan gələcəyinin qurulması Heydər Əliyevin yalnız fəaliyyətinin hədəfi deyildi, həm də onun ideyaları və idealları sisteminin ayrılmaz tərkib hissəsidir. Başqa sözlərlə ifadə etsək, Azərbaycanın işıqlı gələcəyinin təmin edilməsi onun varisinə siyasi vəsiyyəti mənasını kəsb edirdi. Heydər Əliyevi düşündürən təkcə özünün idarə etdiyi Azərbaycan deyil, həm də gələcək Azərbaycanın qüdrəti, əmin-amanlığı və rufahı idi. Bu isə yalnız gələcək seçkilər haqqında düşünən siyasətçiyə deyil, sözün həqiqi mənasında genişmiqyaslı tarixi şəxsiyyətə və nəhəng vətənpərvərə xas olan xüsusiyyətdir.

Heydər Əliyevdən sonra Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli inkişafının əsas səbəbləri sırasında haqqında söhbət açdığımız amilin ayrıca rolu olduğunu iddia etmək mümkündür. Ulu Öndərin layiqli davamçısı olaraq  Prezident İlham Əliyevin fəaliyyətinin motivasion əsaslarından birinin müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin vəsiyyətlərində axtarılması tamamilə məqsədəuyğundur. İlham Əliyevin mütəmadi olaraq ölkəmizdə həyata keçirilən siyasətin kökündə Ulu Öndərin ideyalarının dayandığını səsləndirməsi siyasi varisliyin ifadəsi, Heydər Əliyevin vəsiyyətlərinə dərin hörmətin nümunəsi kimi qiymətləndirilməlidir.

2003-cü ildən etibarən Azərbaycanın yaşadığı möhtəşəm inkişaf, iqtisadiyyatın inanılmaz dərəcədə artımı, insanların rifahının yüksəlməsi, ölkənin simasının kökündən dəyişdirilməsi və yenilənməsi, dövlətimizin beynəlxalq səviyyədə mövqelərinin güclənməsi və nəhayət, 30 ilə yaxın bir müddət ərzində həllini tapa bilməyən, düyünə düşmüş problemin çözülməsi - Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi möhtəşəm uğurlar olmaqla yanaşı, Heydər Əliyev ideyalarının və arzularının təntənəsi sayılmalıdır.

Böyük və şərəfli inkişaf yolu keçən Azərbaycanı qarşıda daha böyük nailiyyətlərin gözlədiyi nəinki ölkə vətəndaşlarında, habelə dünyanın aparıcı maliyyə və ekspert  birliklərində heç bir şübhə doğurmur. 2021-ci ilin fevral ayında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq edilən və qarşıdakı 10 il ərzində ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirən milli strategiya deyilənin əyani sübutudur. Dayanıqlı və artan rəqabətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətqabiliyyətli insan kapitalı və müasir innovasiyalar, azad edilmiş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və yaşıl inkişaf kimi hədəflərin müəyyən edilməsi 2030-cu ilə qədər Azərbaycanın əzəmətli tranformasiya mərhələsinə qədəm qoyduğundan xəbər verir. Bu, inkişafın elə bir mərhələsi olacaqdır ki, artan iqtisadi imkanlar davamlı və hər kəsi əhatə edən etibarlı, ardıcıl sosial imkanlara transfer edəcək, ümumi rifahı və  firavanlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcəkdir.

Heydər Əliyevin uzun sürən siyasi taleyi daim insanların ona, onun şəxsiyyətinə böyük hörmətlə, fəaliyyətinə dərin inamla müsayiət olunub. Siyasətçinin uğur və xoşbəxtliyinin bir qayda olaraq iki ölçüsü qeyd edilir. Onun biri xalqın sevgisi və ehtiramı, ikincisi isə tarixin qiymətidir. Heydər Əliyevin timsalında hər iki ölçü bütün qabarıqlığı ilə müşahidə olunmaqdadır. Bu baxımdan Ulu Öndər ən xoşbəxt siyasətçi və böyük şəxsiyyət kimi tarixdə yaşayır. Lakin onun rəhbər və tarixi şəxsiyyət xoşbəxtliyinin digər ölçüsü də mövcuddur. Onun ideyaları və arzuları sadəcə tarixdə deyil, həm də onun varisi Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uğurla həyata keçirilən və möhtəşəm nailiyyətlərdə ifadə olunan siyasətdə yaşayır.

Düşünürəm ki, bu qeydləri başa çatdırmaq üçün istifadə oluna biləcək ən münasib sonluq Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi “Nə qədər Azərbaycan var, mən də varam” kəlamı ola bilər.

 

Əli ƏHMƏDOV,

Yeni Azərbaycan Partiyası sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video