18 May 2021 00:35
1036
Mədəniyyət
A- A+

269 yaşlı möhtəşəm Qala

 

“Şuşa Azərbaycanın ən əziz guşəsidir. Bu, Azərbaycan xalqının yaratdığı, sadəcə, bir şəhər deyil, böyük bir tarixi abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Ulu Öndər Heydər Əliyevin  tarixi əhəmiyyətinə yüksək dəyər verdiyi Şuşa Qarabağın ən əzəmətli və füsunkar guşəsində yerləşir.

Bu şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub, məhz buna görə də ilk vaxtlar şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırıblar. Sonrakı dövrdə şəhər, sadəcə, Qala adlandırılmışdır. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə, sadəcə, Şuşa adlandırmışdır.

1747-ci ildə İran hökmdarı Nadir Şah Əfşarın ölümündən sonra Pənahəli xan özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır. Bu məqsədlə xanlığın ən strateji mövqelərində müdafiə qurğuları tikdirir. 1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilir. Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala da  tikdirir. Yeni qala ilk illərdə camaat arasında öz banisinin adı ilə “Pənahabad”, sonralar “Şuşa” adlandırılmışdır.

Pənahəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahimxəlil xanın  hakimiyyəti (1721-1806) illərində xanlıq daha da güclənmiş və inkişaf etmişdir. Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqif 1750-ci ildə Şuşaya köçmüş, saray şairi və İbrahimxəlil xanın baş vəziri olmuşdur. Vaqif 1795-1797-ci illərdə İranla aparılan müharibənin sonunda öldürülmüşdür. İran şahı Ağa Məhəmməd Şah Qacar da bu müharibə zamanı qətlə yetirilmişdir. İbrahimxəlil xan öz hakimiyyətini saxlamaq üçün 1805-ci ilin mayında Rusiya ilə danışıqlara başlayır. Digər dövlətlərlə münasibətlərə son qoymağı, habelə hər il Rusiyaya səkkiz min qızıl sikkə xərac verməyi öhdəsinə götürür. 1813-cü və 1828-ci illərdə bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələri Rusiyanın Qarabağ xanlığı üzərindəki nəzarətini gücləndirir. Buna görədə sonuncu xan - Mehdiqulu xan Cavanşir 1822-ci ildə İrana qaçmağa məcbur olur.

O zaman Şuşa 17 məhəllədən ibarət idi. Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd Çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Bunların doqquzu aşağı məhəllə, qalan səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq vardı.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın seçilən şəhərlərindən birinə çevrilmişdi. Hətta Şuşa şəhərinin gerbi olmuşdur. 21 may 1843-cü ildə təsdiq olunmuş gerbin  yuxarı hissəsinin bir tərəfində pələng, digər tərəfində isə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir edilmişdir. Gerbin  aşağı hissəsindəki yaşıl sahədə yəhəri qızılı rəngli at təsvir olunmuşdur ki, bu da həmin ərazidə yerli cins at növlərinin olmasından və atçılığın inkişafından xəbər verirdi. Şuşada Pənahabadi adlanan gümüş sikkə tədavülə buraxılmışdı. Şəhərin ətrafına böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdı. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayırdılar. XIX əsrdə Şuşa ərazisi və sərvətinə görə Bakı və İrəvandan öndə gedən, Qafqazın ən iri şəhərlərindən hesab edilirdi. Çoxlu karvan yollarının kəsişdiyi bu yerdə 10 karvansara var idi. Şuşa öz ipəyi, səliqə-sahmanlı küçələri, iri daş evləri, parlaq naxışlı xalıları və cins atları ilə dünyada tanınırdı.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Şuşa bütün Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə, xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdi. XX əsrdən başlayaraq burada peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə bəstəkar Üzeyir bəy Hacıbəylinin böyük əməyi sayəsində Azərbaycanda peşəkar musiqi təhsilinin bünövrəsi qoyulmuşdu.

Təəssüf ki, bu gözəl şəhər 1905-ci, 1920-ci və 1992-ci illərdə erməni qəsbkarlarının fitnə-feli nəticəsində üç dəfə tamamilə yandırılmışdır. 1918-1920-ci illərdə ermənilər Şuşa üzərinə dəfələrlə hücum etsələr də, onu yandırsalar da, şuşalılar mərdliklə müdafiə olunaraq böyük itkilər hesabına şəhəri düşmənə təhvil verməmişdilər. Qarabağı erməni işğalından azad etmək üçün 1918-ci il sentyabrın 26-da Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun hissələri Şuşa şəhərinə daxil olanda yerli əhali xilaskar ordunu böyük təntənə ilə qarşılamışdır. Erməni-daşnak birləşmələri murdar xislətlərindən duyğulanaraq cümhuriyyət dönəmində, habelə milli hökumət süquta uğradıldıqdan sonra da bolşevik və ingilis casusları ilə əlaqəyə girərək Şuşa və Şuşaətrafı ərazilərdə qətl və qarətlər həyata keçirmişlər. 1920-1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs edilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdır. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi. Azərbaycanlı ailələrin xeyli hissəsi erməni təqiblərindən xilas olmağın yeganə yolunu Şuşanı tərk edərək İrana və Türkiyəyə qaçmaqda görürdülər. Məqsədli şəkildə həyata keçirilən bu repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdur.

Qarabağ, Şuşa bu kimi faciələrlə XX əsrin sonlarında da üzləşmişdir. Qədim Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur. Erməni vandalları bu yerlərdən azərbaycanlıların tarixi izlərini silmək məqsədilə 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Şuşada Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerləyeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarix muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-ədək əşyası, Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir bəy Hacıbəylinin 300-dən çox əşyası, müğənni Bülbülün 400-dək əşyası, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın 100-dən çox əşyası, eləcə də  xatirə muzeylərinin fondları qarət edilmişdir.

29 ildən artıq Ermənistan silahlı birləşmələrinin işğalına, yerüstü və yeraltı sərvətlərinin talanına məruz qalan 269 yaşlı möhtəşəm Qala şəhəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü - 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edilmişdir. Yarandığı gündən Şuşa Azərbaycanın milli sərvəti hesab olunmuşdur. Dövlət başçısının sərəncamı ilə Şuşanın bu günlərdə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha təsdiq edir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video