27 Sentyabr 2024 08:40
249
CƏMİYYƏT
A- A+
Ziyanın nuru 

Ziyanın nuru 


Elnarə Nurməmmədovanın oğul naləsi, analıq xiffəti, insanlıq qüruru...


2020-ci ilin Zəfər tarixinin şərəfli  günləri idi... Kürdəmirin Sığırlı kəndindən olan şəhid Ziya Nurməmmədovun anası Elnarə xanım soşial şəbəkələrin əsl qəhrəmanına çevrilmişdi... Tanıyan da, tanımayan da bu Vətən müharibəsi şəhidinin anasından bəhs edirdi...

Şəhidlər vətənin bir parçası olduğu kimi, onları bu vətənə bəxş edən şəhid valideynləri də xalqımız üçün həmişə müqəddəsdirlər, zirvədirlər... 

Dünyanın ən dərin dəryası haradadır? Yəqin ki, oğlu şəhid olmuş anaların gözləri dünyanın ən  dərin, suyu qurumayan dəryasıdır. 

Bəs dünyanın ən uca zirvəsi hansıdır? Əlbəttə ki, şəhid olmuş ərinin namusunu qoruyan, onun döyüşçü şərəfini uca tutan xanımlar dünyanın ən uca, ən müqəddəs zirvələridirlər.

Dünyanın ən əzəmətli dağı bəs hansıdır? Oğlu müharibədə şəhid olmuş atalar dünyanın ən əzəmətli dağlarıdırlar...


Şəhidin anası olmaq...


Bəs onda bir belə şəhid anaları sırasında Elnarə xanımı fərqləndirib məşhurlaşdıran, qəhrəman edən, insanlara daha çox sevdirən səbəb nə idi?

Ürəyinin böyüklüyü...

Göz, könül toxluğu...Təkrarolunmaz nümunəvi hərəkəti...

Haqqında yazırdılar ki, Elnarə Nurməmmədova dövlətin şəhidlər üçün verdiyi 11 min manat sığorta pulunu almaqdan imtina edib. Özü də hirslə, hikkə ilə, acıqla yox... Elnarə xanım onlara "yardım" etmək istəyənlərə deyirmiş ki, "Bir oğlum vardı, o da şəhid oldu. Bundan sonra dünya malı nəyimə gərəkdir? O pulu verin hər hansı bir ehtiyacı olan müharibə iştirakçısına... Canını vətən yolunda qoyan bir qaziyə, bir yoxsula..." 

Bu azmış kimi hələ oğlunun hərbi xidmətə getməzdən əvvəl maşın almaq üçün min bir əziyyətlə topladığı pulu da ehtiyacı olanlara payladığından bəhs edirdilər...

Ondan pul götürmək istəməyənlərə "Oğlum maşın almaq arzusuna da çatmadı. O pulu rahatlıqla xərcləyə bilmərəm" deyib ehtiyacı olanları razı salmaq üçün qəhrəmanın anasının dil tökməsindən də yazırdılar... 

Yolumuz Kürdəmirədir...

"Zəriflərin dünyası"nın bugünkü qəhrəmanı şəhid Ziya Nurməmmədovun anası Elnarə xanımdır...


Oğlu ölən analar...


Kürdəmirə çatanda gün günortanı keçmişdi. Havalar sərin keçsə də, gülümsər gözlü günəşin səmada nazlanmasından bəlli idi ki, bu yerlərin hələlik tək  hakimi odur. İlıq hava canımıza rahatlıq gətirsə də, gedəcəyimiz ünvanın şəhid qapısı olduğunu, nakam taleli bir gəncin həyat hekayəsini vərəqləyəcəyimizi bildiyimiz üçün üzümüz gülmür, ürəyimiz açılmırdı. Yenə göz yaşında boğulan bir ananın, beli bükük bir atanın nisgilli baxışlarına tuş gələcəyimizi, heç vaxt sağalmayan yaralarının qaysağını qoparacağımızı düşünür, işıqlı dünyamızı qaraldan, dərddən yük tutub, qəmdən pay götürəcəyimizi fikirləşirik… 

Sığırlı kəndinin girəcəyində, Bakı-Tbilisi yolunun sağında "Ziya " bulağının yanında avtomobilimizi saxlayırıq. Qaraqaşlı, qaragözlü, nur üzlü, ciddi baxışlı şəhidimiz də yoldan ötən yolçulara, bu vətəni sevənlərə, vətəni əmanət edib getdiyi insanlara məmnun-məmnun baxaraq, sanki "Sizlərin xoşbəxt, firavan gələcəyi üçün bu vətəni azad etdik. Onu sizlərə əmanət etdik. Bu Vətəni canınızı  fəda  edəcək  qədər sevin, onu qoruyun" demək istəyir... 

Şəhid bulağının suyu ilə əl-üzümüzü yuyuruq, bir qədər sərinlik tapırıq... 

Yolun kənarında bostan məhsulları satan gənc oğlandan şəhidin valideynləri yaşayan ünvanı soruşuruq. O, məmnunluqla bizə yol göstərir.

Yola rəvan oluruq. Küçə qapısının üzərində dalğalanan zəfər bayrağımız gendən bizə gəl-gəl deyir. Bir topa qara bulud ağır-ağır gəlib Ziyanın  valideynlərinin yaşadığı evin üstündə günəşin qarşısına keçib yavaş-yavaş yerini tutur. Həyalı qız kimi qızaran günəş qara buludun arxasından nə qədər boylanmağa çalışsa da, əbəs yerə cəhd etdiyini anlayıb qara buluda təslim olur. 

Elə bu an sanki hava da soyuyub bizi üşüdür. Bir anlığa havanın rəngi dəyişib tutqunlaşır, bozarır… 

Həyətdən gələn yanıqlı səs ruhumuzu sızladır...

Ağacda xəzəl ağlar,

Dibində gözəl ağlar,

Oğlu ölən analar 

Sərgərdan gəzər ağlar...


Analar yanar ağlar,

Günləri sanar ağlar.

Dönər göy göyərçinə,

Yollara qonar, ağlar...


Ziyanın qonaqları gəlib...


Özümüzü toparlayıb Ziyanın valideynləri yaşayan evin küçə qapısını döyürük. Qapı açılır. Qarşımızda bəstəboylu, əsmər bənizli, qarapaltarlı, gözüyaşlı bir xanım dayanır... 

Gözləri qəm dənizinə oxşayan ana kimliyimizi soruşmadan bizi evə dəvət edir. Sakit səslə "şəhid Ziyanın anası Elnarə mənəm" deyir...

Eyni ahənglə də ömür-gün yoldaşını, dərd ortağını səsləyir:

- Zabil, Ziyanın qonaqları gəlib, evdən çıx...

Günəşin qarşısını bulud bağlayan kimi dərd bu evdəkilərin  gülüşünü, sevincini, ürəyindəki odu, alovu özünə çəkib… Evin damından, divarından da dərd süzülürdü... 

Şəhidlərimiz Vətəni nura boyasalar da, sanki əzizlərinin, sevənlərinin  qəlbinin işığını söndürüblər. Günəşin qarşısını buludun  bağladığı kimi, Ziyanın valideynlərinin  gülüşünü, sevincini, ürəyindəki odu, alovu da  Ziya  özü ilə aparıb… 

Sanki ruhları bədənlərindən ayrılıb. Dərd çəkən ata-ana indi  göylə yer arasında özlərinə yer tapa bilmirlər. 

Ziya yalnız valideynlərinin sevincini, nəşəsini yox, həm də arzularını, ümidlərini də özü ilə aparıb...

Bu bir həqiqətdir ki, istəsək də, istəməsək də, biz Tanrının hökmünü dəyişə bilmirik. Adını nə qoyuruqsa-qoyaq, tale deyək, qismət adlandıraq, alın yazısı sayaq, hər nə olursa-olsun,  onun qərarını dəyişmək bizim gücümüzdə deyil. Bəzən bizi üzən hadisələrdən, fəlakətlərdən aylar, illər keçdikcə, ürəyimizdə daşıdığımız o yaranın ağrısı, acısı azalmasa da, sağalmasa da, üstünü qaysaq tutur. 

Elə yaralar da var ki, illər ötdükcə daha da dərinləşir, qan verir… 

Ziyanın yoxluğunun ailəsinə yaşatdığı acı kimi...

Ziya Nurməmmədov 2001-ci ildə Kürdəmirin Sığırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2020-ci il iyulun 2-də  hərbi xidmətə yollanıb...


Şəhid atası, nə tez qocaldın sən...


Beli bükülüb, gözləri çuxura düşmüş ata gözlərini bir an oğlunun şəklindən çəkmir. Cəmi 45 yaşının olmasına baxmayaraq, yüz ilin qocasına bənzəyir. Gözündən axan yaş süzülüb yanaqlarını isladır. Elnarə xanım ömür-gün yoldaşına təsəlli verməyə çalışır.

- Özünü ələ al. Fəxr et ki, oğlun vətən yolunda canını qurban verib... Sonra da öz-özünə danışırmış kimi: - Ziya ocağımızı söndürdü. Ondan sonra nə qədər işıq yandırsam da, evimiz işıqlanmır, elə bilirəm heç günəş də çıxmır... Guya evimiz, hava işıqlı, günəşli olsa nə görəcəm ki? Həyatım qaralıb. Ziyasız bizə həyat yoxdur...

Elnarə xanım, sözünün ardını gətirmir. Susur... 

Sanki nəyisə xatırlamağa çalışır. Gözünün yaşı üzündə cığır açıb sinəsinə süzülür. Bəlkə də göz yaşı sinəsini islatmasa, bu xanımın bağrının başı od tutub yanar...

Asta-asta, güclə eşidiləcək bir səslə söhbətini davam etdirir:

- Ziya ağıllı, güclü uşaq idi. Prinsipial idi. Dərslərini də çox yaxşı oxuyurdu. Orta məktəbdə oxuyanda müəllim yanına gedərdi. Məktəbi bitirib ali məktəbə heç sənəd vermədi. Dedi ki, hərbi xidməti bitirdikdən sonra ali məktəbə qəbul olaram. 18 yaşı tamam olan kimi əsgər getdi. Əvvəl Gəncədə xidmət edirdi. 2020-ci il sentyabrın 21-də hərbi andı qəbul edib, evə zəng vurdu. Qazax rayonundan danışdığını bildirdi. Dedi ki, istəsəniz yanıma gələ bilərsiniz. 

Sentyabrın 27-si biz də Qazax rayonuna getdik. O dediyi hərbi hissənin qarşısında dayanıb, gözləyirdik. Müharibənin başlanması xəbərini də elə orada eşitdik. Bu zaman Ziya telefonumuza zəng edib dedi ki, görüşə gələn valideynlərdə COVID-19 virusu olub. Əsgərlərə keçib. Görüş qadağan olunub. Əbəs yerə gözləməyin. 

Biz də apardığımız ərzağı qapıda duran əsgərə verib geri qayıtdıq. Sən demə, Ziyagili artıq Füzuliyə aparıblarmış. Bizlə danışanda Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində, ön cəbhədəymiş. Arada zəng vurur, Qazaxda olduğunu deyib, bizi sakitləşdirirdi. 

Sonuncu dəfə oktyabrın 11-də zəng etmişdi. Yenə də ön cəbhədə olduğunu demədi...

Bundan sonra bir daha zəng gəlmədi. Bir daha Ziyanın səsini eşitmədik. Çox narahat olduq, canımıza istilik keçdi. Hər yerə soraq saldıq. 

Qarşımıza çıxandan, əynində hərbi paltar olan kimi gördüksə,  Ziyanı soruşduq... 

Hər yerdə Ziyanı axtardıq. Gördüm deyən olmadı...

Gedirdik Qazax rayonuna, qulluq etdiyi hərbi hissəyə. Deyirdilər ki, Füzulidə ön cəbhədə döyüşür. Gedirdik Füzuliyə, cəbhə xəttinə keçməyə icazə yox idi... Qalırdıq baxa-baxa...  

Bütün xəstəxanaları, hospitalları gəzirdik. Gördüm deyən yox idi. 

Üç dəfə DNK analizi götürdülər. Deyirdim, bu heç yaxşı əlamət deyil. Ziya ön cəbhədə döyüşürsə, niyə bizdən analiz götürsünlər? 


Özümü qurban dedim...


Noyabrın 10-da Prezidentimiz müharibənin bitdiyini elan edəndə çox sevindim. Allaha şükür etdim. Dedim, mənim balam yaşamırsa da, başqa analar, bacılar, yar yolu gözləyən qızlar  gözüyaşlı qalmasın. Əl açıb  Allaha özümü qurban dedim... 

Dedim "Allahım Ziyamı qaytar, mənim canımı al". Ziyam hələ çox gün görməyib. Mən bir az yaşamışam... 

Təsəllim vardı. Deyirdim ki, bəlkə əsir düşüb. Prezidentimiz balamı düşmən əlində qoymaz... 

Sən demə, oktyabrın 13-də 7 nəfər döyüş yoldaşı ilə birlikdə ermənilər Ziyanı səngərdə mina atanla vurublarmış... 

Balam düz iki aydan da artıq canından çox sevdiyi torpağı qucaqlayıb, Füzulinin Əbdürrəhmanlı kəndində yatıbmış... 

Dekabrın 2-də xəbər gəldi ki, Ziya tapılıb... Dekabrın 3-də Ziyamı dəfn etdik. O gündən həyatımın işığı sondü... Evimin divarları qaraldı. 

40 yaşlı Elnarə oldu qarabəxtli, qara paltarlı qadın... 

Ölümümü gözləyirəm. Ziyamla cənnətdə görüşəcəyim günə tələsirəm. Gözümdə nə malın, nə mülkün, nə pulun dəyəri var...

Lənət olsun analara göz yaşı, insanlara bədbəxtlik gətirən müharibələrə...

Elnarə xanım müharibəni lənətləyir. Ürəyinin döyüntüsü kənardan eşidilir...

Üzünü bizə tutub:

- Müharibə dəhşətdir... Müharibə nakam sevgilərin, ürəklərdə dəfn olunmuş arzuların, üzlərdə donub qalmış məsum təbəssümlərin  torpağa gömüldüyü vəhşət meydanıdır. Müharibə ölümsaçan silahların meydan sulamasıdır, qaynar qazandır. Bu qazanda dərd göyərir…

İnanın  ki, müharibədə od tutub yanan, guruldayan, partlayan, yeri, göyü lərzəyə salan silah səsi deyil. Anaların, bacıların, sevgilisini müharibəyə yola salan qızların, ər yolu gözləyən xanımların, ata yolu gözləyən övladların ürəklərinin səsi, qəlblərinin atəşidir… 

Biz o dəhşəti yaşayıb ölənlərdənik. Bizim ruhumuz çoxdan Ziya ilə göyə çəkilib... 

Ər-arvad qapımızı bağlayıb oturmuşuq evdə... Ölümümüzü gözləyirik... 


Ölənlə ölmək olur...


Zabil əvvəllər satıcı işləyirdi. Ziya şəhid olandan sonra evdə tək olmayım deyə işdən çıxdı, oturdu evdə. Ehtiyat edirdi ki, canıma qıyaram... 

İnsan hər şeyə öyrəşir. Biz də qəbul etdik ki, Vətən uğrunda  minlərlə can şəhid olub. Ziya da onlardan biridir... 

Oğlumla qürur duyuram. Vətən yolunda canını qurban verib. Azərbaycanıma üz ağlığı gətirən qəhrəmanlardandır. Hər gün Zabillə gedib məzarını ziyarət edib,  gəlirik... 

Fikirləşirəm ki, iş olsa, Zabil də, mən də gedib başımızı qatarıq... Nə bilim, hələ iş təklif edən də yoxdur. Biz də o xasiyyətdə deyilik ki, gedib gündə  kiminsə qapısının ağzında dayanaq...

Qələbəmizlə, ordumuzla, Vətənimin qazandığı uğurlarla fəxr edirəm. Düşünəndə ki, bu qələbənin müəlliflərindən biri mənim oğlumdur, qürur duyur, fərəhlənirəm də... 

Ziya Nurməmmədov torpaqlarımızın azad olunmasında göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Müharibənin bir üzü ölümü, qanı, qorxunu, həyəcanı, ayrılığı, həsrəti özündə ehtiva etsə də, bir üzü də qəhrəmanlığı, şərəfi, ləyaqəti, cəsurluğu, ölümü öldürüb ölməzlik qazanmağı, əbədiyaşarlığı təcəssüm etdirir. Müharibə Tanrı dərgahına gedən yolun başlanğıcı, şəhidliyə açılan qapı, Allahla insanın arasındakı məsafənin daraldığı yerdir. 

Müharibə yeganə meydandır ki, qaçan da Allahı çağırır, qovan da… Müharibədə qazanılan Zəfər bəlkə də yeganə qələbədir ki, hamı ondan özünə pay götürə bilir. 

Bayrağa bükülüb gələn döyüşçü də…

Əlinə bayraq götürüb küçələrə çıxıb sevinənlər də…


7 oğul, 7 qardaş, 7 şəhid...


Elnarə xanımla, Zabil bəylə xüdahafizləşəndə Elnarə xanım divardan asılmış şəkli göstərib "xahiş edirəm bu 7 oğulu, 7 qardaşı, 7 şəhidi bir-birindən ayırmayın. Bir səngərdə ən azı iki ay bir torpaq üstündə yatıblar. Qanları bir torpağa qarışıb..." dedi. Divardan asılmış şəkillərə baxırıq. 7 nur üzlü oğulun gözləri gözümüzə zillənir...

Əsgər Ziya Nurməmmədov, leytenant Ətraf Qənimətov, kapitan Elnur Cəbrayılov, əsgər İkram Məmmədov, əsgər Əmrağa Ağayev, əsgər Tahir Əliyev, əsgər Ramil Yusifzadə... 

Gözlərimizi bizə zillənən gözlərdən çəkə bilmirik... 

Elnarə xanımın  pıçıltı ilə, güclə eşidilə biləcək  səsi gəlir: "Vətən sağ olsun!" 

Sanki bu səs divarda əks-səda verib bütün Sığırlıya, Azərbaycana yayılır. 

Vətən sağ olsun!..


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Füzulidə Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarət olunub

11:24
27 Sentyabr

Azərbaycan neftinin qiyməti 76 dollardan aşağı düşüb

11:21
27 Sentyabr

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 130 min şəxsə 358 min xidmət göstərilib

11:20
27 Sentyabr

27 Sentyabr - Anım Günü ilə əlaqədar fləşmob təşkil olunub 

11:18
27 Sentyabr

Prezident İlham Əliyev Zəfər parkında olub YENİLƏNƏCƏK

11:17
27 Sentyabr

Tramp Harrisi yalan danışmaqda itiitham etdi

11:13
27 Sentyabr

Ankarada 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılacaq

09:51
27 Sentyabr

Azərbaycan və Monteneqro arasında ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb

09:49
27 Sentyabr

Ceyhun Bayramov misirli həmkarını Ermənistanla normallaşma prosesinin gedişatı barədə məlumatlandırıb

09:49
27 Sentyabr

Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

09:48
27 Sentyabr

“Qarabağ” məğlubiyyətlə başladı

09:38
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

09:25
27 Sentyabr

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib

09:13
27 Sentyabr

Ermənistanda məyusluq hökm sürür

09:10
27 Sentyabr

Martinikdə Fransa müstəmləkəçiliyi ilə mübarizə güclənir

09:05
27 Sentyabr

Ölkəmizdə dağ turizmi də inkişaf edir

09:00
27 Sentyabr

Cəbrayıl - Qayıdışın yeni ünvanı

08:55
27 Sentyabr

Nazir Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib

08:50
27 Sentyabr

Vüsalın şəhadət zirvəsi 

08:45
27 Sentyabr

Ziyanın nuru 

08:40
27 Sentyabr

Əbədi ehtiram ünvanı

08:35
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!