23 Noyabr 2024 08:35
234
SİYASƏT
A- A+
Xarici investorların Azərbaycana marağı artıb

Xarici investorların Azərbaycana marağı artıb


Ölkəmiz nüfuzlu xarici şirkətlərlə bərpaolunan enerji layihələri ilə bağlı əməkdaşlıq edir


COP29 bəşəriyyət ilə təbiət arasında sülhün bərqərar edilməsi üçün keçirilən möhtəşəm qlobal tədbirdir. Belə bir tədbirin ölkəmizdə keçirilməsi müasir Azərbaycanın tarixində unudulmaz hadisədir. 

Azərbaycanın əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı dövrdə həmin torpaqlarda ekologiyanın, biomüxtəlifliyin, yaşıllıqların vəhşicəsinə məhv edilməsi, yandırılması, təbii sərvətlərimizin talan olunması dünya ictimaiyyətinə bəllidir. Ermənistanın ölkəmizə təcavüzü zamanı transsərhəd çayların qarşısının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəzalı vəziyyətə düşməsi ilə ətraf rayonlarda yaşayış məntəqələrinin və yüz minlərlə əhalinin sudan məhrum edilməsi ekoloji terror idi. 

Otuz ildən sonra Azərbaycan ərazilərini erməni işğalından azad etməklə, təcavüzkar ölkənin davamlı ekoloji terroruna da son qoydu. Bu inkaredilməz fakt qarşısında qalan, hətta Azərbaycanla dost münasibətdə olmayan ölkələr belə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə əlaqədar yekdil qərar qəbul etdilər. Verilən qərar beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və etimadının, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının ən yaxşı nümunəsidir. 

Özünün enerji müstəqilliyini tam təmin edən Azərbaycan, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilib. Planetin xəritəsinə diqqət etsək görərik  ki, dünyada  zəngin enerji ehtiyatları olan ölkələrin sayı heç də az deyil. Məsələ burasındadır ki, onların əksəriyyəti bu təbii sərvətdən heç də inkişaf naminə yararlana bilməyib, əksinə, təbii sərvətləri əsl baş bəlalarına çevrilib. Azərbaycan isə neft-qaz ehtiyatlarından səmərəli istifadə etməklə dünyada uğurlu bir nümunənin əsasını qoyaraq neft kapitalını insan kapitalına müvəffəqiyyətlə çevirməyi bacaran bir ölkə statusunu qazanıb. 

Hazırda ölkəmiz zəngin təbii ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biridir. Azərbaycan milli maraqları ehtiva edən müstəqil siyasəti sayəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Azərbaycanın neft-qaz ölkəsi kimi inkişafı, "yaşıl enerji" ilə bağlı layihələrin həyata keçirilməsinə, "yaşıl enerji" növlərinin yaradılması və onun dünya bazarlarına nəqlinə geniş imkanlar açır. COP29-un Azərbaycanda keçirilməsi həm ölkədə "yaşıl enerji" layihələrinə uğurlu xarici investisiyaların cəlb edilməsinə, həm də BMT-nin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına bir addım da yaxınlaşdırır. "Yaşıl iqtisadiyyat"a keçid və "yaşıl enerji" təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin ölkədə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi isə bu istiqamətdə təşəbbüsləri stimullaşdıran başlıca amildir.

Azərbaycanın  külək və günəş resursları və biokütlə, geotermal və su-elektrik enerjisinin istehsalı üçün böyük potensialı var. Əsasən, neft-qaz sektorunun inkişafı hesabına sürətlə böyüyən iqtisadiyyata malik olan və enerji istehsalının 90 faizdən çoxu yanacaq mənşəli olan ölkəmizin "yaşıl enerji"yə keçid etməsi perspektivdə iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfə olacaq. 

Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20,2 MVt gücündə 4 su-elektrik stansiyası artıq istismara verilib. Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız qalası") olmaqla iki su-elektrik stansiyasının tikintisi davam etdirilir. Həmçinin Laçın-Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək-elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə "Yaşıl Enerji Zonası"nın yaradılmasına əlavə töhfə verəcək. 

2020-ci ildən Azərbaycan "Masdar", "ACWA Power", BP, "Fortescue Future Industries", "China Gezhouba Group Overseas Investment", Total Energies, "Nobel Energy", "A-Z Czech Engineering" və "Baltech" şirkətləri ilə bərpaolunan enerji layihələri ilə bağlı əməkdaşlıq edir. 2023-cü il oktyabrın 26-da BƏƏ-nin "Masdar" şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionunun və MDB məkanının ən böyük günəş-elektrik stansiyası olan 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə verilib. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib və ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk günəş-elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kVt - saat  elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azalacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. 

2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Sazişə əsasən, Xəzər dənizində istehsal olunacaq "yaşıl enerji"nin Avropaya ixracı nəzərdə tutulur. 2023-cü il iyunun 1-də Energetika Nazirliyi ilə Çinin "China Gezhouba Group Overseas Investment" şirkəti arasında Azərbaycanda 2 QVt gücündə bərpaolunan enerji layihələrinin həyata keçirilməsinə dair anlaşma memorandumu imzalanıb. Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ilə bağlı "Nobel Energy Management", "TotalEnergies" və "A-Z Czech Engineering" şirkətləri ilə ümumi gücü 1000 MVt-dan çox olan "yaşıl enerji" layihələri ilə əlaqədar müqavilələr imzalanıb.

Energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə çıxışı zamanı qeyd edib ki, "COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyaya yeni rakursda təqdimatı fürsəti yaradır. Qətiyyətlə deyə bilərik ki, ölkəmiz yaxın gələcəkdə beynəlxalq aləmdə yalnız neft və qaz ixracatçısı kimi yox, həm də "yaşıl enerji" ixracatçısı kimi özünü təsdiq edəcək".

Ölkəmizdə bərpaolunan enerji resursları üzrə konkret layihələrin qısa müddətdə həyata keçirilməsi üçün bütün imkanlar səfərbər edilib. Azərbaycanın enerji ehtiyatları ilə zəngin ölkə olduğunu deyən nazir qeyd edib ki, ölkəmiz öz enerji ehtiyatlarını beynəlxalq bazara çıxarmaqda davam edir: "Biz bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsinə də çox diqqət yetirmişik. Biz 2030-cu ilə qədər enerji istehsalımızda bərpaolunan mənbələrin payını 30,5 faizə çatdırmağı və bunu daha da artırmağı hədəfləyirik".

Ölkəmizdə bərpaolunan enerji istehsalı ailəsinə "Qobustan" Günəş-Elektrik Stansiyasının adını da sala bilərik. COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən 100 MVt gücündə "Qobustan" Günəş-Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi elan olunub. Hər kilovat-saat elektrik enerjisi üçün ən aşağı təklif verən "Universal International Holdings Limited" şirkəti hərracda qalib gəlib. 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 260 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, "100 MVt gücündə "Qobustan" Günəş-Elektrik Stansiyası üzrə hərracın uğurla başa çatması Azərbaycanın bərpaolunan enerji sektorunda daha bir mühüm nailiyyətidir. Çinin "Universal International Holdings Limited" şirkətinin qalib gəlməsi, ölkəmizin "yaşıl enerji" layihələrinə beynəlxalq investorların artan marağını və inamını bir daha təsdiq edir. AYİB-in dəstəyi ilə həyata keçirilən və nəticələri COP29 çərçivəsində elan olunan bu hərrac, Azərbaycanın beynəlxalq əməkdaşlığa, davamlı inkişaf məqsədlərinə və "yaşıl enerji" potensialının reallaşdırılmasına sadiqliyini nümayiş etdirir. Bu uğur, enerji keçidi prosesimizi sürətləndirməklə yanaşı, qlobal iqlim hədəflərinə töhfəmizi daha da gücləndirəcək".

Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional rəhbəri Alkis Vryenios Drakinos isə bildirib: "Azərbaycanın ilk bərpa olunan enerji hərracının uğurla başa çatması bizim üçün böyük nailiyyətdir. AYİB olaraq, "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi və bu istiqamətdə siyasətlərin dəstəklənməsi üzrə uzun illər davam edən işlərimizin nəticəsini görməkdən məmnunuq. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəfləri təbrik edirik".

Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli fərmanı ilə təsdiq edilmiş "Bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"na uyğun olaraq keçirilib.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin sədri Cavid Abdullayev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda ilk bərpa olunan enerji hərracında iştirak üçün 130-dan çox şirkətə dəvət göndərilib. Hərrac prosesi iki mərhələdən ibarət olub və  ümumilikdə 6 saat davam edib. Şirkətlər tərəfindən təqdim edilən sənədlərin, eyni zamanda məlumatların qiymətləndirilməsi aparılıb və təkliflər sorğusu mərhələsində iştirak edəcək hərrac iştirakçıları müəyyənləşdirilib. 8 şirkət ixtisas uyğunluğu tələblərinə uyğun hesab edilərək növbəti mərhələyə (RFP) keçib. Təkliflərin təqdim edilmə tarixi bəzi iddiaçıların müraciətləri əsasında 21 oktyabr 2024-cü il tarixindən 28 oktyabr 2024-cü il tarixinə qədər uzadıldı. 13 noyabr tarixində siyahıya alınmış iddiaçılar elan edilib. Hərracın dinamik hissəsi 20 noyabr tarixində keçirilib. Altı saat davam edən hərracda hər kilovat-saat elektrik enerjisi üçün ən aşağı təklif verən (1 kVts üçün 3,540 ABŞ/sent) "Universal International Holdings Limited" şirkəti qalib gəlib. 2024-cü il noyabrın 21-də COP29 tədbiri çərçivəsində qalib şirkətlə müvafiq sənəd imzalanıb.

C.Abdullayev əlavə edib ki, 20-25 gün ərzində müqavilələr tam yekunlaşacaq və elektrik stansiyasının daha dəqiq istismara verilmə tarixi məlum olacaq.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanda tayfalar arasında qarşıdurmalar 35 nəfərin həyatına son qoyub  

23:22
23 Noyabr

"Neftçi" - "Zirə" – 2:1  

23:21
23 Noyabr

ABF prezidenti milli komanda ilə görüşüb  

23:20
23 Noyabr

"Qarabağ" "Səbail"ə qalib gəlib  

23:20
23 Noyabr

Roma Kolizeyində 2000 ildən sonra qladiator döyüşləri keçiriləcək  

23:18
23 Noyabr

COP29-un yekun qərarlarından birində Bakı Qlobal İqlim Şəffaflığı Platforması yer alıb  

23:17
23 Noyabr

COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub  

23:16
23 Noyabr

COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib YENİLƏNƏCƏK

23:15
23 Noyabr

COP29 çərçivəsində təşkil edilmiş “Dinlər pavilyonu” işini yekunlaşdırıb  

23:14
23 Noyabr

COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edilməsi barədə qətnamə layihəsi qəbul olunub  

23:13
23 Noyabr

Özbəkistanın paytaxtında “Daşkənd Beynəlxalq Turizm Sərgisi 2024” davam edir  

23:04
23 Noyabr

NATO-nun baş katibi Floridada Donald Trampla görüşüb   

23:01
23 Noyabr

Misli Premyer Liqası: "Neftçi" "Zirə"yə qalib gəlib  

22:59
23 Noyabr

Braziliyanın ətraf mühit naziri: COP30 bütün ölkələr arasında möhkəmlənəcək əməkdaşlığın nümunəsi olmalıdır  

22:58
23 Noyabr

Muxtar Babayev: Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir  

22:57
23 Noyabr

Belçikalı iştirakçı: Biz iqlim maliyyəsi məqsədinə daha ciddi yanaşmalıyıq  

22:55
23 Noyabr

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçirilir

22:52
23 Noyabr

“Power Shift Africa”nın direktoru: İqlim dəyişmələrinə səbəb olan ölkələrin vurduqları zərərə görə məsuliyyət daşımalarını istəyirik 

22:28
23 Noyabr

COP29-da gənc ictimai ekoliderlərin Beynəlxalq Uşaq İqlim Platforması sazişi imzalanıb  

22:24
23 Noyabr

MWM: “Oreşnik” raketi Avropa və Yaponiyadakı hədəfləri vura bilər  

22:07
23 Noyabr

COP29-un bağlanış plenar iclası keçirilir

20:29
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!