05 Oktyabr 2025 08:55
1527
Mədəniyyət
A- A+
Sənətkar ömrü

Sənətkar ömrü


Ötkəm, qarşısındakının inciyəcəyini nəzərə almayacaq qədər sözü üzə deyən, hazırcavab, geniş məlumatlı, yaddaşı bir-birindən maraqlı, dəyərli xatirələrlə zəngin insan... Söhbətimiz zamanı onu belə tanımışdıq. Ağa ağ deyirdi, qaraya qara. Kimsəni nə vəzifəsinə, nə ad-sanına, nə də şan-şöhrətinə görə qiymətləndirirdi. Hər kəsin dəyərini insanlığına, istedadına və gördüyü işlərinə görə verirdi.

Özü barədə fikirlərin birmənalı olmadığını da yaxşı bilirdi, Bəzilərinin həssas, bəzilərinin mürəkkəb, bəzilərinin acıdil, hətta kobud hesab etdiyi, ancaq istisnasız olaraq hər kəsin etiraf etdiyi nadir istedad, dərin bilik, iti zəka sahibi idi bəstəkar Xəyyam Mirzəzadə... 

O, 1935-ci il oktyabrın 5-də Bakıda dünyaya gəlib. Şair Ömər Xəyyam şeiriyyətinin heyranı olan atası Hadı Mirzəzadə oğlunun adını Xəyyam qoyub.

Ana tərəfdən şəkili, ata tərəfdən isə bakılı olan Xəyyam Mirzəzadənin uşaqlıq illəri ona eşitdiyi nağıllardan da əsrarlı görünən İçərişəhərdə keçib. Bu qədim, böyükdən-kiçiyədək hər kəsin bir-birini nəinki tanıdığı, hətta halına, xasiyyətinə belə bələd olduğu, hörmətlə, ehtiramla davrandığı şəhər Xəyyam Mirzəzadə üçün dünyanın ən doğma yeri idi. O, ağlı kəsəndən ömrünün sonunadək içərişəhərli olması ilə fəxr etdi.

1960-cı ilədək İçərişəhərdə yaşadı. Orada boya-başa çatdı, orta məktəbə, konservatoriyaya getdi, ilk əsərlərini yazdı...

Atası Hadı Mirzəzadə tanınmış, hörmətli ziyalı idi. O, Azərbaycanın görkəmli dilçi alimi, filologiya elmləri doktoru, professor idi. Uzun illər Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) elmi-pedaqoji fəaliyyət göstərib.

Hadı Mirzəzadənin övladları da oxuyub öyrənməyə böyük maraq göstəriblər. Xəyyam Mirzəzadə xatırlayırdı ki, İçərişəhərdəki evlərində divar şkafında çoxlu kitab var idi. Kiçik yaşlarından o kitabları böyük həvəslə oxuyurdu.

Uşaqlıq illərindən dinlədiyi musiqilər ona sevimli İçərişəhəri kimi əsrarəngiz təsir bağışlayırdı. O, Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbində oxuduğu vaxtlar bəstəkarlığa maraq göstərir, arabir musiqi bəstələyirdi. 1952-ci ildə məktəbi bitirəndə artıq qərarını vermişdi. Həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq şöbəsinə daxil oldu, konservatoriyada bəstəkar Əşrəf Abbasovun sinfində oxumağa başladı. Ancaq dahi bəstəkar Qara Qarayevin musiqiləri onu hələ Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olmadığı vaxtlarda cəlb etmişdi. Hadı Mirzəzadə ilə Qara Qarayevin yaxınlığı, onların Moskvada görüşü Xəyyam Mirzəzadəni arzusuna çatdırdı. Atası dahi bəstəkardan oğlunu öz sinfinə qəbul etməyi istədi. Beləliklə, Xəyyam Mirzəzadə birinci kursun axırlarından Qara Qarayevdən dərs almağa başladı.

Konservatoriyada təhsilini 1957-ci ildə uğurla başa vurdu. Elə həmin ildən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında işləməyə başladı.

Bəstələdiyi musiqi əsərləri artıq onu gənc bəstəkar kimi tanıtmağa başlamışdı. Bəzi əsərlərini hətta SSRİ bəstəkarlar İttifaqının plenumlarında ifa edirdilər.

Xəyyam Mirzəzadə bəstəkar olmağın əsl imtahanını o zaman verirdi. Qara Qarayev böyük müəllim idi, görkəmli sənətkar idi. Yaradıcılıq üslubuna, tərzinə sonsuz ehtiram bəslədiyi, heyranlıq duyduğu Qara Qarayev kimi dünyaşöhrətli bəstəkarın  yanında öz yolunu seçmək gənc bəstəkar üçün asan deyildi. Xəyyam Mirzəzadə bilirdi ki, nə qədər bacarıqlı, savadlı və çalışqan olsa da, dahi bəstəkarın kölgəsinə sığındığı halda görünməyəcək, öz adı, fərqli, özünəməxsus dəst-xəti olmayacaq, öz müəllimini yamsılayacaq. Odur ki, qətiyyətlə qərarını verdi, bəstələdiyi əsərlərlə musiqi sənətində özünəməxsus cığırla irəlilədi. Azərbaycan musiqisini dərindən bilən və çox sevən Xəyyam Mirzəzadə dünya musiqisinin nailiyyətlərindən uğurla bəhrələndi. O, Azərbaycan musiqi sənətini müxtəlif janrlarda əsərləri ilə daha da zənginləşdirdi. "Ağlar və qaralar" baleti, instrumental, vokal, simfonik, xor və kamera əsərləri bəstəkara böyük şöhrət qazandırdı.

Xəyyam Mirzəzadə eyni zamanda bu gün də çox sevilən mahnıların müəllifidir. Dillər əzbərinə çevrilən həmin mahnılar uzun illərdir ki, Azərbaycanın görkəmli ifaçılarının repertuarını bəzəyir.

İstedadlı bəstəkar hələ gənc yaşlarında rejissorların da diqqətini cəlb etmişdi. Elə o vaxtlardan teatr və kino musiqisi onun yaradıcılığında xüsusi yer tutdu. Xəyyam Mirzəzadə onlarla kinofilm və 15 dram tamaşası, estrada və caz pyeslərinə musiqi bəstələdi.

Hələ 1959-cu ildə "Bizim küçə" tammetrajlı bədii filmi ekranlaşdırılanda  musiqisini yazmaq ona həvalə edildi. Kino sənətində ilk işi çox uğurlu oldu. Xəyyam Mirzəzadə sonralar "Arxadan vurulan zərbə", "Bağ mövsümü", "Bakıda küləklər əsir", "Birisigün gecəyarısı", "Bizim küçə", "Dənizə çıxmaq qorxuludur", "Güllələnmə təxirə salınır", "İlıq dənizdə buz parçası", "O dünyadan salam", "Yeddi oğul istərəm" və digər bədii, "Abidələr danışır", "Bakı eyvanları" və başqa  sənədli, "Daş", "Günlərin bir günündə", "Meşəyə insan gəlir" animasiya filmlərinə bir-birindən heyranedici musiqilər bəstələdi. Bəstəkarların musiqiləri həmin ekran əsərlərinin məzmununu, ideyasını musiqi dili ilə tamaşaçılara çatdırır. Xəyyam Mirzəzadənin bir çox kompozisiyaları musiqi xəzinəmizin "qızıl fond"una daxil edildi.

Əmək fəaliyyətini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında davam etdirən Xəyyam Mirzəzadə bu təhsil müəssisəsində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışdı. O, 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri işlədi. 1983-cü ildən 2005-ci ilədək isə konservatoriyanın professoru olaraq fəaliyyətini davam etdirdi. Xəyyam Mirzəzadə gənc musiqiçilər nəslinin yetişdirilməsində, yüksəkixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında bilik və bacarığını əsirgəmədi.

Azərbaycan mədəniyyətinin təbliğində özünəməxsus yer tutan bəstəkarın əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və başqa ölkələrdə ifa edildi. 

Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə Xəyyam Mirzəzadə fəxri adlara layiq görüldü. Ona iki dəfə - 1976-cı ildə 2-ci simfoniya triptixi üçün, 1986-cı ildə isə "Birisigün, gecəyarısı…" bədii filminin bəstəkarlığına görə Azərbaycan SSR Dövlət mükafatı verildi. Sənətkar Əməkdar incəsənət xadimi (1972), Xalq artisti (1987), "Şöhrət" ordeninə (2000), "Şərəf" ordeninə (2010) və Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (2015) layiq görüldü. 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Görkəmli bəstəkar Xəyyam Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Sənətkar ömrü isə əsərləri ilə davam edir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan XİN Zəfər Günü münasibətilə bəyanat yayıb

00:41
08 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

00:09
08 Noyabr

Türkiyəli professor: Qarabağ Zəfəri bir millətin öz tarixinə bağlılığının dastanıdır

23:52
07 Noyabr

TDT: Azərbaycan xalqının nümayiş etdirdiyi qəhrəmanlıq və birlik ruhunu fəxrlə yad edirik  

23:38
07 Noyabr

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı videoçarx paylaşıb VİDEO

23:32
07 Noyabr

Gürcü politoloq: Azərbaycanın qələbəsi nəticəsində Cənubi Qafqaz sülh, rifah regionuna çevriləcək  

23:06
07 Noyabr

VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib YENİLƏNİB

22:51
07 Noyabr

Tramp Ağ Evdə Macarıstanın Baş naziri ilə görüşüb  

22:47
07 Noyabr

Pəncəli Teymurovun anası: Prezident Zəfər Bayramı münasibətilə bizi ikiqat sevindirdi

22:26
07 Noyabr

Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb  

22:24
07 Noyabr

Sahibə Qafarova COP30 çərçivəsində “Enerji Keçidi” mövzusunda sessiyada çıxış edib  

22:23
07 Noyabr

Parlamentin 4 komitəsinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

22:21
07 Noyabr

Ermənistan vətəndaşlarının məhkəməsində daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar elan olunub

22:02
07 Noyabr

Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub YENİLƏNİB 

22:00
07 Noyabr

“Zəfərə açılan pəncərə” bədii-sənədli filmin təqdimatı olub

21:59
07 Noyabr

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib

21:51
07 Noyabr

Prezident İlham Əliyev və Pakistanın Baş naziri birgə nahar ediblər

20:44
07 Noyabr

Dövlət Komitəsində Zəfərin beşinci ildönümü ilə əlaqədar Qarabağ müharibəsi veteranları ilə görüş olub  

20:42
07 Noyabr

Azərbaycanın və Slovakiyanın müdafiə nazirləri əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər  

20:40
07 Noyabr

Qazaxıstan XİN ölkənin “İbrahim sazişi”inə qoşulduğunu bəyan edib  

20:35
07 Noyabr

Şəhid ailələrinin üzvləri və müharibə iştirakçısı olan 132 min şəxsə 403 min xidmət göstərilib  

20:34
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!