Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət
Başçıları Şurasının 12-ci Zirvə Görüşü təkcə Türk birliyinin növbəti görüşü
deyil, yeni geosiyasi reallığın və Türk dünyasının qlobal aktora çevrilməsi
prosesinin rəsmi təsdiqidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı
bu zirvənin strateji ruhunu tam şəkildə əks etdirdi və Türk dövlətləri
arasındakı həmrəyliyin gələcək istiqamətlərinə işıq saldı.
Cənab İlham Əliyevin vurğuladığı əsas məqam ondan ibarət idi ki, TDT
artıq sadəcə əməkdaşlıq platforması deyil, geosiyasi mərkəzə çevrilməkdədir.
Bu, Türk dövlətlərinin regional maraqları aşan, qlobal miqyasda strateji mövqelərini
möhkəmləndirməyə yönəlmiş iradəsini göstərir. Təşkilat, iqtisadi əməkdaşlıqla
yanaşı, təhlükəsizlik, enerji, logistika və mədəni birləşmə istiqamətində vahid
mövqe formalaşdıraraq XXI əsrin siyasi xəritəsində yeni mərkəzin – Türk
qütbünün yaranmasına təkan verir.
Prezident İlham Əliyevin çıxışında təhlükəsizlik və hərbi əməkdaşlığın
vacibliyi xüsusi vurğulandı. O, qeyd etdi ki, sülh və təhlükəsizlik olmadan
inkişaf mümkün deyil. Türk dövlətlərinin birgə hərbi təlimlər keçirməsi təklifi
isə yalnız texniki addım deyil, kollektiv müdafiə sisteminin formalaşdırılması
istiqamətində strateji qərardır. Azərbaycan bu prosesdə liderlik edir, çünki
2020-ci il Vətən müharibəsində qazandığı təcrübə və əldə etdiyi hərbi üstünlük
onu bu sahədə praktik bilik və nüfuz mərkəzinə çevirib. Bu, “birinin təhlükəsizliyi
hamının təhlükəsizliyidir” prinsipinin praktik təzahürüdür.
Prezident İlham Əliyevin nitqində Qarabağ və regional sülh məsələsi də
mərkəzi yer tutdu. Dövlət başçısı Azərbaycanın Qarabağ üzərində özünün tam
suverenliyini bərpa etməsini yalnız milli Zəfər deyil, həm də regionda ədalətin
bərpası kimi dəyərləndirdi. Vaşinqtonda paraflanan sülh sazişi və ATƏT-in
müvafiq qərarları göstərdi ki, Azərbaycan diplomatik müstəvidə də münaqişəni
tarixə çevirib. Bu, regionda yeni dövrün əməkdaşlıq və sabit inkişaf mərhələsinin
başlanğıcıdır.
Dövlət başçısı Azərbaycanın iqtisadi və nəqliyyat potensialına da
diqqət çəkərək bildirdi ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində əsas
tranzit mərkəzlərdən birinə çevrilib. Zəngəzur dəhlizinin açılması ilə Türk
dünyasının iqtisadi, logistika və enerji baxımından birləşməsi reallığa
çevrilir. Bu, təkcə tranzit imkanlarını deyil, həm də regional iqtisadi
inteqrasiyanı gücləndirir. Azərbaycan bu layihələrlə Türkiyə, Mərkəzi Asiya və
Avropanı birləşdirərək regional lider rolunu praktik şəkildə həyata keçirir.
Enerji siyasəti Prezident İlham Əliyevin çıxışında mühüm yer tutdu. O
qeyd etdi ki, Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir və 2030-cu ilə
qədər enerji istehsalının 40 faizini bərpaolunan mənbələr hesabına təmin etməyi
planlaşdırır. Bu, təkcə iqtisadi uğur deyil, həm də strateji enerji diplomatiyasının
nümunəsidir. Yaşıl enerji dəhlizinin yaradılması Xəzər regionunun bərpaolunan
enerji potensialını Avropa ilə birləşdirəcək və Azərbaycanın dayanıqlı enerji gələcəyinin
əsasını formalaşdıracaq. Bu istiqamət Türk dövlətləri arasında yaşıl iqtisadiyyat
konsepsiyasının yaranmasına da şərait yaradır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışının ən emosional
hissəsi isə Türk dövlətlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpasına göstərdikləri
dəstəyə görə etdiyi minnətdarlıq idi. Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan, Macarıstan və Türkiyənin bölgədə məktəblər, mədəniyyət mərkəzləri
və məscidlər inşa etməsi Türk həmrəyliyinin real təzahürüdür. Bu, “bir millət
bir ruh” prinsipinin canlı nümunəsidir və qardaşlıq diplomatiyasının gücünü
göstərir.
Cənab Prezidentin Bakıda keçirilmiş birinci Türkoloji Qurultayın 100
illik yubileyinin qeyd olunması təklifini irəli sürməsi də simvolik əhəmiyyət
daşıyır. Bu təşəbbüs Türk kimliyinin elmi, mədəni və ideoloji əsaslarının möhkəmləndirilməsinə
yönəlib. Beləliklə, Türk birliyi artıq təkcə siyasi və iqtisadi deyil, həm də mənəvi
və mədəni məzmun qazanır.
Qəbələ Zirvəsi bir daha göstərdi ki, Azərbaycan həm təşəbbüskar, həm
lider, həm də birləşdirici qüvvədir. Azərbaycan Prezidentinin çıxışı sadəcə siyasi
bəyanat deyil, Türk dünyasının gələcək yol xəritəsidir. Azərbaycan regionda
sabitliyin, enerji təhlükəsizliyinin, nəqliyyat inteqrasiyasının və Türk həmrəyliyinin
əsas dayağı kimi çıxış edir. Bu, həm dövlətimizin müstəqil siyasətinin, həm də
Azərbaycan diplomatiyasının peşəkarlığının bariz göstəricisidir.
Qəbələ Zirvəsi Türk dünyasının tarixində yeni siyasi mərhələnin
başlanğıcı kimi yadda qalacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qəbələ
Zirvə görüşündəki çıxışı Türk Dövlətləri Təşkilatının gələcək vizionunu, dəyərlərini
və fəaliyyət istiqamətlərini aydın şəkildə müəyyənləşdirdi. Bu çıxış bir daha
sübut etdi ki, Azərbaycan bu birliyin əsas dayağı, strateji ağlı və mənəvi mərkəzidir.
Türk dünyası özünün ortaq keçmişi ilə qürur duyur və birgə gələcəyə doğru
inamla addımlayır. XXI əsr Türk dünyasının inkişaf və yüksəliş əsri olacaq.
Vasif Qafarov
Milli Məclisin deputatı,
Tarix elmləri doktoru