05 Oktyabr 2025 08:50
7146
Təhsil
A- A+
Müəllimlik ömürlük məsuliyyətdir

Müəllimlik ömürlük məsuliyyətdir


Bu, 7 övlad böyüdən ailənin həyat devizidir


Yolumuz Zərdabın Sarıqaya kəndinədir. Orada sadə, zəhmətkeş bir ailə yaşayır. Ailə başçısı idman müəllimi Amil Mustafayev təkcə dərs dediyi məktəbdə yox, yaşadığı kənddə, bütövlükdə Zərdabda sayılıb-seçilən, insanlara zəhmətin, ailə və mənəvi dəyərlərin gücünü göstərən nümunəvi bir insan olaraq tanınır. 

7 övlad atası olan Amil müəllim torpağa bağlılığı, kənd adamının zəhmətə söykənən həyat fəlsəfəsi ilə də seçilir. Onun həyat yoldaşı Sevda xanım isə Zərdab rayon Uşaq İncəsənət Məktəbində gənc nəslə milli musiqimizin incəliklərini, muğamlarımızın sirlərini öyrədir, qəlblərinə köçürür. Bu ailə nümunəsi həm müəllimlik, həm də valideynlik məfkurəsinin canlı təcəssümüdür. 

Sarıqaya kəndində Amil müəllimin evini tapmaqda çətinlik çəkmirik. Küçədə əl-ələ tutub "Bənövşə" oyununu oynayan bir dəstə uşağın yanında avtomobilimizi saxlayıb Amil müəllimin yaşadığı ünvanı soruşuruq. Uşaqlar maşına tərəf qaçırlar. "Əmi, Amil müəllim bizim atamızdır, çağıraq?", - deyə uşaqlardan  biri, "ata, ata" deyərək həyət tərəfə qaçır. Gözaltı uşaqlara  diqqət yetiririk. Yox, burada uşaq 7-dən çoxdur.

Çox keçmir ki, küçə qapısından gülərüz, bəstəboy bir nəfər görünür. Cəld hərəkətlə bizə yaxınlaşan adam "Amil müəllim mənəm", - deyib mehribanlıqla salam verir və söhbətə zarafatla körpü salır. "Bu gördüklərinizin  hamısı mənim uşaqlarım deyil. Cəmi 7-si mənimkidir" - deyib övladlarını səsləyir: "Yusif, Sevgi, Fərəh, Zəhra, Həyat, Dəniz, Fateh, keçin həyətə, qonağımız gəlib".

Amil müəllim Ağdaş Dövlət Humanitar Kollecini bitirib. 20 ildir ki, Sarıqaya kənd orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Elə söhbətə də bu yöndən cığır açırıq: "İndi müəllimlərin çoxu repititorluq edir, uşaq hazırlayır. Çoxuşaqlı ailə üçün fiziki tərbiyə müəlliminin maaşı ailənin təminatı üçün..." Amil müəllim nə demək istədiyimizi anlayır: "Valideynlərim də çoxuşaqlı olub. 13 bacı-qardaşdan 11-miz həyatdayıq. Kənddə yaşayan tək mənəm. Bacı-qardaşlarım xarici ölkələrdə yaşayırlar. Mənim də Avropaya getmək imkanım olub. Bu torpağı, Vətəni qoyub gedə bilmədim. Torpağa bağlı adamam, daha doğrusu, torpaqla nəfəs alıram. Taxıl əkirəm, mal-qara saxlayıram. Yaxşı təssərrüfatım var. Bildiyim odur ki, zəhmət çəkən ac qalmır. Mən şagirdlərimə kimi isə nümunə göstərmirəm desəm, doğru olmaz. Mən özüm zəhmətlə yüksək səviyyədə dolanmağın canlı nümunəsiyəm. Hər qış tövləmdə 45-50 baş bordağa bağlanmış heyvanım olur. Biz bu torpağın övladıyıq, bu torpağın adət-ənənəsini yaşatmaq da borcumuzdur. Hər işi planlı şəkildə görməyi xoşlayıram".

Amil müəllim söhbətə ara verib gülür və sonra davam edir: "Elə çoxuşaqlı ailə olmamız da yoldaşımla ikimizin planıdır. Bunun özəlliyi var. Anam bu gün özünü dünyanın ən xoşbəxt insanı hesab edir. 

11 övladı var. Elə biz də eləyik, hara gedirik, maraqla, hörmətlə qarşılanırıq". Söhbətə Amil müəllimin ömür-gün yoldaşı Sevda xanım qoşulur: "Mən də müəlliməm. Asəf Zeynallı adına Musiqi Kollecində Əlibaba Məmmədovun sinfində oxumuşam. Zərdab Uşaq Musiqi və İncəsənət Məktəbində muğam dərsi keçirəm. Səmimiyyətimə inanın, özümüzü Azərbaycanın ən zəngin ailələrindən sayırıq. Mənim üçün zənginlik pul, var-dövlət, dəbdəbəli ev-eşik deyil. Allahın verdiyinə min şükür, zəhmətimizin hesabına heç kimdən geri qalmırıq. Əsas mənəvi sərvətdir. Övladımızın heç birinin ağladığını, yaxud kiminləsə dava-dalaş etdiyini heç kim görməyib. Bilirsiniz niyə? Beşiklərinin başında həmişə muğam oxumuşam, minillərdən bizə yadigar qalan laylalar demişəm, evimizdən həmişə musiqi səsi gəlib. Boş vaxtlarımda dəfi götürüb bir rəng, bir muğam və ya təsnif oxuyuram, ovqat tamam dəyişir. Uşaqlarıma deyirəm ki, siz hər biriniz fərdsiniz. Onu da deyim ki, uşaqların hər birinin fitri istedadı var. Onlardan biri 4-cü sinifdə oxumalıdır, amma proqramı tam mənimsədiyi üçün 5-ci sinfə gedir, bacısı ilə bir sinifdə oxuyur. Dərsdən sonra günün ikinci yarısı onları musiqi dərslərinə aparıram. Sevgi və Fərəh çox mükəmməl şəkildə fortepianoda, Yusif kamançada ifa edirlər. Zəhra isə xanəndə olmaq arzusundadır. Sarıqaya kənd orta məktəbində 108 uşaq oxuyur. Onların içində 6 nəfər ən fəal, dərslərini ən yaxşı oxuyan şagirdlər bizim övladlarımızdır". 

Söhbətin bu yerində Sevda xanım balaca Yusiflə Zəhraya işarə edir. Çox keçmir ki, Yusif kamanla, Zəhra isə dəflə yerlərini rahatlayırlar. Sevda xanım deyir ki, Zəhranın səsi çox gözəldir: "Amma hələ qorumaq lazımdır ki, səs telləri zədələnməsin. Amma bu gün sizin gəlişiniz münasibətilə bir "Qarabağ şikəstəsi" xahiş etsək, məncə, qızım bizə "yox" deməz". 

Bəh, bəh... Sevda xanımın dirijorluğu ilə konsert başlayır. Yusifin barmaqları pərdələr üstə gəzişdikcə kaman dil açır. Balaca xanəndənin şirin boğazı, heyrətamiz zənguləsi qəlbimizi riqqətə gətirir. Bu bənzərsiz musiqili mənzərəni seyr edən Amil müəllimin əli Tanrıya tərəf qalxır. "Şükür bu günümüzə", - deyib söhbətə davam edir: "Ailə bizim xalqın mental dəyəridir. Bu gün ailə institutunu qorumaq həm də milli-mənəvi dəyərlərimizi qorumaq deməkdir. Bəzi ailələr çoxuşaqlı ailədən söhbət salanda maddi çətinliyi önə çəkirlər. Mən məsələyə fərqli yanaşıram. Əsas məsələ maddiyyatda deyil, tərbiyədədir. Gərək uşağın psixologiyasını bilib hər biri ilə fərdi məşğul olasan. Bu gün ailələrin bir çoxunda bir və ya iki uşaq olur. Təəssüf ki, bəzi ailələr o bir uşağa da düzgün tərbiyə verə bilmirlər. Uşağa nəyi etmək olar-olmazı izah etmək əvəzinə onu döyür, üstünə qışqırır, hansı yollasa qorxudurlar. Yaxud aşırı şəkildə uşağın bütün arzularını yerinə yetirirlər. Belə ailələrin sonradan peşmançılıq çəkdiklərini, cəmiyyət, Vətən üçün yararsız bir "məhsul" yetişdirdiklərinin az şahidi olmamışıq. Şükür ki, bizdə belə problem yoxdur. Bəlkə də mənim də burada bəxtim gətirib. Uşaqların anasının da əsəbləri qaydasındadır, əsl pedaqoqdur. Övladlarımızı şiddətlə yox, sözlə tərbiyə edir. Səhvləri olanda da onlarla oturub saatlarla söhbət edir, onlara qayğı ilə yanaşır". 

Amil müəllim deyir ki, hərənin dünyaya öz baxışı var: "Kimi dünyanın gözəlliyini var-dövlətdə görür, kimi də ailə, cəmiyyət, Vətən üçün nümunəvi övlad yetişdirməkdə. Bizim ən böyük sərvətimiz övladlarımızdır. Onları arzuladığımız kimi böyütmək həm vəzifəmiz, həm də ən böyük istəyimizdir".

Amil Mustafayevin ömrü kəndin torpağı, havası, suyu ilə yoğrulub. Sarıqaya kənd orta məktəbinin sinif otaqlarında o, neçə-neçə uşağa yalnız fiziki tərbiyədən yox, həm də mənəvi dəyərlərimizdən dərs keçib. Bu 20 ildə biliyi, bacarığı və təcrübəsi ilə o, neçə gəncin gələcək yolunu işıqlandırıb. Sakit, təmkinli, amma bir o qədər də tələbkar üslubu ilə şagirdlərinə nümunə olub. Bir də yeddi övlad böyütmək hər kişinin hünəri deyil. Bu baxımdan Amil müəllim məktəbdə şagirdlərə, evdə övladlarına sevgi və əmək tərbiyəsi aşılayıb. Onun həyat devizi sadədir: "Müəllimlik ömürlük məsuliyyətdir".

Müəllimlik - cəmiyyətin işığını yandıran, insan talelərinə yön verən, gələcək nəsillərin əxlaq və bilik dünyasını formalaşdıran müqəddəs peşədir. Amil müəllimin həyat yolu isə göstərir ki, müəllimlik yalnız bir peşə deyil, həm də mənəvi borc, həyat fəlsəfəsi və xalqa xidmət missiyasıdır.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur ŞƏRH  

15:21
16 Noyabr

“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə və region üçün yeni imkanlar yaradacaq

15:17
16 Noyabr

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub  

15:13
16 Noyabr

Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul edib  

15:09
16 Noyabr

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüzdən başlayaraq tədricən kəsiləcək  

15:06
16 Noyabr

Hande Harmancı: Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsi innovasiya və rəqəmsal xidmətləri önə çıxarır  

15:01
16 Noyabr

Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır  

14:57
16 Noyabr

Volodimir Zelenski: Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür

14:56
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!