04 Oktyabr 2025 09:15
1445
Mədəniyyət
A- A+
Milli dövlətçilik tariximizin parlaq siması

Milli dövlətçilik tariximizin parlaq siması


Ötən əsrin əvvəllərində rus imperiyası tərəfindən süquta uğradılmış Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları və milli dövlətçilik sevdalıları Sovet hökumətinin qadağalarına baxmayaraq, həmişə xalqımızın qəlbində yaşamış, xatirələri əziz tutulmuşdur. Xüsusən Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xalq Cümhuriyyəti irsinə və ideyalarına yüksək qiymət verilmiş, milli dövlət qurucularının fəaliyyətinə qayğı və ehtiram diqqət mərkəzində olmuşdur. 

1996-cı ilin mart ayında Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana səfəri çox mətləblərə işıq saldı. Ulu Öndərin tapşırığına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk baş naziri Fətəli xan Xoyskinin dağılmış, itib-batmaqda olan məzarı tapıldı, yararlı hala salındı və qəbri üzərində büstü ucaldıldı. Eləcə də görkəmli ziyalı Həsən bəy Ağayevin axirət evi əsaslı şəkildə abadlaşdırıldı. Səfər zamanı Heydər Əliyev Tbilisinin Nəbatat bağında Azərbaycan ziyalılarının məzarlarını ziyarət etdi. Fətəli xan Xoyskinin büstünün açılışına qatıldı.

Hazırda bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi barədə imzaladığı sərəncam buna nümunədir. 

Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi "İstiqlal Bəyannaməsi"ni imzalayanlardan biri olmuşdur. Sözügedən sərəncamda deyildiyi kimi: "Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazanmış, Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr vermişdir".

Fətəli xan İsgəndər xan oğlu Xoyski 1875-ci il noyabrın 25-də Şəkidə anadan olmuşdur. Nəcabətli, savadlı, xeyirxah bir nəslin davamçısı olan F.Xoyski 1892-ci ildə Yelizavetpol (Gəncə) klassik gimnaziyasını bitirdikdən sonra Moskva Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 1897-ci ildə buranı birinci dərəcəli diplomla bitirmişdir. F.Xoyski 1897-1907-ci illərdə Yelizavetpol, Kutaisi, Suxumi, Batumi, Yekaterinadar dairə məhkəmələrində müxtəlif vəzifələrdə çalışmışdır. Yekaterinadar dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olmuşdur.

1907-ci ildə o, Gəncə quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilir. Amma onun Dumaya seçilməsi çar hökumətinin heç də ürəyincə olmur. Çünki Fətəli xan Dumanın iclaslarında müsəlman deputatları fraksiyası adından çar hökumətinin ucqarlardakı ayrı-seçkilik və köçürmə siyasətinə qarşı kəskin çıxışlar edərək etirazını bildirirdi.  

1913-cü ildə Fətəli xan Bakıya köçür. O, şəhərdə baş verən bütün xeyriyyə tədbirlərinin keçirilməsinə dəstək olur və az vaxtda şəhərdə baş verən ictimai-siyasi hadisələrin ən fəal iştirakçısına çevrilir. 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanları qurultayının təşkil edilməsində yaxından iştirak edir. Elə həmin ilin oktyabrında Bakı Şəhər Dumasına seçkilərdə müsəlman blokundan 10 mindən çox səs almış Fətəli xan Xoyski Dumanın sədri seçilir.

Rusiyada baş verən hadisələrin Azərbaycana təsiri Fətəli xan Xoyskinin diqqətini daha çox cəlb edirdi. O, bu hadisələrdən nəticə çıxararaq xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizəyə hüquqi yollarla başlayır. 1918-ci il fevralın 23-də Tiflisdə Cənubi Qafqazın qanunvericilik orqanı olan Zaqafqaziya Seymi işə başlayanda Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 deputat arasında F.Xoyski də var idi. O, həmin ilin aprelində elan olunan müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətində xalq maarif naziri vəzifəsinə təyin edilir. F.Xoyski bu vəzifəni icra edərkən Tiflisdə yaradılması qərarlaşdırılmış Avropa tipli universitetin Bakıda açılması təklifini irəli sürür və israr edərək buna nail olur.

Zaqafqaziya Seymində fəaliyyət göstərən hər üç Cənubi Qafqaz millətinin nümayəndələri mənafe müxtəlifliyi üzündən vahid mövqedə birləşə bilmirdilər. Odur ki, mayın 27-də Seymin azərbaycanlı deputatları fövqəladə iclas keçirərək, özlərini Azərbaycan Milli Şurası elan etdilər. Azərbaycanın idarəçiliyini öz üzərinə götürən Milli Şura mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və "İstiqlal Bəyannaməsi"nin qəbul olunması haqqında qərar qəbul etdi. Azərbaycan Milli Şurasının üzvü Fətəli xan Xoyski yekdilliklə Azərbaycan hökumətinin sədri seçildi və ona Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətini təşkil etmək tapşırıldı. Xoyski qısa zamanda öz hökumətinin tərkibini elan etdi. Bu hökumətdə Fətəli xan baş nazir vəzifəsi ilə yanaşı, daxili işlər naziri vəzifəsini də tuturdu. 

Milli Şura və hökumət fəaliyyətini davam etdirmək üçün Azərbaycana gəlir və ilk olaraq Gəncədə məskunlaşır. İstər Gəncədə, istər Bakıda Milli Şura və hökumət çox mürəkkəb daxili və xarici çətinliklərlə üzləşir. İlk addımlarını atan Azərbaycan Xalq Cümhuriyyətinin son dərəcə ağır daxili və beynəlxalq şəraitdə qanunverici və icra hakimiyyətinin əsas ağırlığı Xoyskinin üzərinə düşür. Bu çətinliklərə baxmayaraq, Milli Şuranın iclasında hökumətin yeni proqramı elan olunur. Fətəli xan bildirir ki, onun başçılıq etdiyi ikinci hökumətin başlıca vəzifəsi  Azərbaycanın azadlığını və istiqlaliyyətini möhkəmləndirmək uğrunda ardıcıl mübarizə aparmaq olacaq. 

"Tarix.info" yazır ki, F.Xoyskinin başçılıq etdiyi yeni hökumətin ilk tədbiri Bakı XKS-nin təcavüzünün qarşısını almaq, Bakı və ətraf əraziləri erməni-bolşevik işğalından xilas etmək və Azərbaycan hökumətinin fəaliyyətini bütün Azərbaycan ərazisində bərpa etmək üçün iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan etməsi oldu.

Milli Ordunun yaradılması işinə başlanılır. Xoyski hökuməti Azərbaycan dilini dövlət dili elan edir, ən əsası, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı vəhşiliklərini aşkara çıxarmaq məqsədilə Fövqəladə Təhqiqat Komissiyası yaradır.

Bir faktı unutmaq olmaz ki, F.Xoyskinin ölkəyə rəhbərlik etdiyi zaman Azərbaycanda vəziyyət çox mürəkkəb idi. Həm daxili, həm də xarici qüvvələr müstəqilliyimizin məhvinə var gücləri ilə çalışırdılar. Buna baxmayaraq, yeni hökumət ölkədə bir çox sahə üzrə islahatlar apardı, mədəni quruculuq sahəsində mühüm tədbirlər həyata keçirməyə nail oldu. Amma çox təəssüflər olsun ki, bunları görməyən, daha doğrusu, görmək istəməyənlər də var idi. Parlamentdəki bir sıra partiya və fraksiyalar, xüsusən "Hümmət", "İttihad", "Əhrar" və sosialistlər Xoyski hökumətini "fəaliyyətsizlik"də günahlandıraraq ölkənin bütün problemlərini onun üstünə yıxmağa çalışırdılar. Onlara kəskin cavab olaraq M.Ə.Rəsulzadə həm mətbu orqanlarda, həm də parlamentin iclaslarında Xoyski hökumətini müdafiə edərək "...bu az müddətdə nə mümkündürsə, etmişdir" deyərək, qəti şəkildə etirazını bildirmişdi.

F.Xoyski ilk dəfə 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk iclasında hökumətin fəaliyyəti haqqında hesabat verir və çıxışının sonunda istefasını qəbul etməyi parlamentdən xahiş edir. Parlament hökumətin istefasını qəbul edərək onun təşkilini yenidən Xoyskiyə tapşırır. O, dekabrın 26-da hökumətin proqramı və tərkibi barədə parlamentdə yenidən məlumat verir. Müzakirələrdən sonra parlament Xoyski hökumətinin proqramını bəyənir və hökumətdə Xoyskiyə baş nazir vəzifəsi ilə yanaşı, xarici işlər naziri vəzifəsini də həvalə edir.

Tarixi faktlara nəzər saldıqda F.Xoyski haqqında maraqlı məlumatlarla qarşılaşırıq. Məsələn, professor V.İ.Razumovskinin 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı məqaləsində qeyd edilir ki, Bakı Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsusdur. 1918-1920-ci illərdə milli hökumətə müxalif olan partiyaların mətbu orqanları (xüsusən də bolşeviklər) onu xalqın gözündən salmaq üçün yalan və iftira dolu  təbliğatla məşğul olublar. Onların yaratdığı dözülməz vəziyyətlə əlaqədar 1919-cu il fevralın 25-də Xoyski hökuməti yenidən istefa verib. Parlament istefanı qəbul etsə də, hökumət öz fəaliyyətini martın 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü hökumət qurulana qədər davam etdirib. Bu danılmazdır ki, təcrübəli, səriştəli dövlət xadimi Fətəli xan Xoyskinin son dərəcə mürəkkəb şəraitdə istefa verməyə məcbur olması Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəratına mənfi təsir göstərib və nəticədə 1920-ci il aprelin 27-də XI ordu beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan sərhədlərini keçib və Xalq Cümhuriyyətinin varlığına son qoyub.

Bakıda və Azərbaycanda hakimiyyəti silah gücünə zəbt etmiş bolşeviklər milli hökumətin qurucularına qarşı çox amansızlıq göstərərək həbslərə başlayıblar. Yaranan gərgin vəziyyət Nəsib bəy Yusifbəyli və bir çox silahdaşı kimi, F.Xoyskini də Tiflisə mühacirət etməyə məcbur edib. Lakin bolşeviklər onu burada da rahat buraxmayıblar. Onun yaşayış yeri, hərəkət marşrutu müəyyənləşdirilib və Fətəli xan iki muzdlu erməni terrorçu - Aram Erkanyan və Misaq Qriqoryan tərəfindən dəhşətli şəkildə qətlə yetirilib.  

Xoyskinin dəfn mərasimini Tiflisdəki İran konsulluğu onun adına layiq həyata keçirib və o, müsəlman qəbiristanlığında həmvətəni M.F.Axundzadənin yanında torpağa tapşırılıb.

F.Xoyski Yevgeniya adlı rus qızı ilə ailə həyatı qurub. Yevgeniya Fətəli ilə Azərbaycana gəldikdən sonra islamı qəbul edib və elə öz arzusu ilə Fətəli həmin gündən onu Ceyran adlandırıb. Bu izdivacdan cütlüyün bir qızı - Tamara, iki oğlu - Ənvər və  Murad dünyaya gəliblər. 

"Bizim də yaşamaq, azad yaşamaq haqqımız var!" söyləyən Fətəli xan Xoyski və onun əqidə yoldaşları azadlıqlarını da, xoşbəxtliklərini də millətin hüququ, istiqlalı, hürriyyəti uğrunda qurban veriblər. Azərbaycanın bu müstəqil, suveren və azad günləri naminə canlarından keçənlər xalqımızın və tariximizin yaddaşında əbədiyaşarlıq qazanıblar.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!