03 Oktyabr 2025 08:55
1068
SİYASƏT
A- A+
Gəncədən dünyaya sülh çağırışları

Gəncədən dünyaya sülh çağırışları


Azərbaycanın ən qədim, zəngin mədəniyyətə malik şəhərlərindən biridir Gəncə. Saysız-hesabsız tarixi hadisələrin şahididir. Bura dahi şair, mütəfəkkir Nizami Gəncəvinin, görkəmli şairlər Əbülüla Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, ictimai-siyasi, dövlət xadimləri Cavad xanın, Nəsib bəy Yusifbəylinin, Xəlil bəy Xasməmmədovun, Həsən bəy Ağayevin, Xudadat bəy Rəfibəylinin, diplomatlar Adil xan və İsmayıl xan Ziyadxanov qardaşlarının, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun, geoloq Mirəli Qaşqayın, bəstəkar Fikrət Əmirovun, teatr və kino xadimləri Adil İsgəndərovun, Məmmədrza Şeyxzamanovun, Ələddin Abbasovun və daha neçə-neçə böyük şəxsiyyətlərin yurdudur.


Tarixin çətin sınaqlarından keçən şəhər...


Hələ 977-ci ildə bu şəhərə gələn ərəb coğrafiyaşünası İbn Havqəl heyranlığını belə qələmə alıb: "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər". Şəhər əsrlər boyu əsas karvan yollarının üzərində yerləşdiyi üçün mühüm ticarət mərkəzlərindən biri hesab edilib. Yalnız iqtisadi cəhətdən deyil, digər sahələrdə də yüksəlib.

Bu fərqli, gözəl şəhər tarixin müxtəlif dönəmlərində çox ağır sınaqlarla üzləşib. Gəncəyə dönə-dönə hücumlar edilib. Tarixi mənbələrdən məlumdur ki, Gəncə VII əsrin birinci yarısında farslar, ikinci yarısında isə ərəblər tərəfindən dağıdılıb.  VII əsrin axırlarında bu şəhər ərəblərlə xəzərlərin döyüş meydanı olub. 1231-ci ildə monqolların Azərbaycana II yürüşündə yenidən Gəncə basqına məruz qalıb.

Gəncə 1606-cı ildən 1804-cü ilə - çar Rusiyasına birləşdirilənədək Qacarlar, Əfşarlar, Zəndlər sülaləsinin tərkibində xanlıq mərkəzi olub. Gəncə xanlığı Cavad xanın (1785-1804) dövründə xeyli güclənib. Ancaq yenə yağı düşmənin bəlasına gəlib. 1804-cü ilin yanvarın 3-də Sisianovun ordusu Gəncə üzərinə yeriyib. Cavad xan ortancıl oğlu Hüseynqulu xanla birlikdə qanlı döyüşdə öldürülüb. Çar qoşunları yalnız Gəncə xanlığını işğal etməyib. Şəhərin adı da dəyişdirilib. Çar I Aleksandrın arvadı Yelizaveta Alekseyevnanın şərəfinə Yelizavetpol adlandırılıb.

Zaman keçib, hökmdarlar dəyişib. Gəncə hər zaman fərqli şəhər olaraq qalıb. Hətta rəsmi sənədlərdə adı dəyişdiriləndə də, o, əsl adı ilə tanınıb.

Gəncə şəhərinin yaddaşındakı ən gözəl, sevinc, bayram əhvali-ruhiyyəli günlərdən biri 1918-ci il iyunun 16-dır. Həmin vaxtlar Azərbaycanın paytaxtı Bakıda Şaumyanın rəhbərlik etdiyi Xalq Komissarları Soveti hökmranlıq edirdi. Odur ki, Tiflisdə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti Gəncəyə köçüb. Gəncə şəhəri 1918-ci il iyunun 16-dan sentyabrın 17-dək dövlətin müvəqqəti paytaxtı olub. Cümhuriyyət hökumətinin 30 iyul 1918-ci il tarixli qərarı ilə tarixi adı - Gəncə bərpa edilib. Həmin ilin sentyabrında milli ordu və Qafqaz İslam Ordusu tərəfindən Bakı işğaldan azad olunub. 

Bolşeviklərin Aprel işğalı da bu şəhərdə sükutla qarşılanmayıb. Gəncədə 1920-ci il aprelin 28-də İnqilab Komitəsinin hakimiyyəti ələ keçirməsi, mayın 1-də sovet hakimiyyətinin qurulması, sadəcə narazılıqlara səbəb olmayıb. 1920-ci il mayın 25-də Gəncədəki milli qüvvələr sovet hakimiyyətinə və qırmızı ordu qarnizonuna qarşı fəal silahlı çıxışlara başlayıblar. Bir neçə gün ərzində minlərlə üsyançı həlak olub. Gəncədə üsyanın yatırılmasında bolşevik ordusuna ermənilər kömək göstəriblər.

1935-ci ildə Gəncənin adı yenidən dəyişdirilib. Bu dəfə də Sergey Kirovun adı ilə Kirovabad adlandırılıb. Gəncə öz tarixi adına növbəti dəfə 1989-cu ildə qovuşub.

2020-ci ildə qırx dörd günlük Vətən müharibəsində də qədim Gəncə  Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalıb. Cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhərinə ayrı-ayrı vaxtlarda beş dəfə işğalçı ölkənin silahlı qüvvələri raket zərbələri endirib. Belə ki, Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də bu şəhər Ermənistan silahlı qüvvələrinin "Toçka-U", "Smerç", "SCUD" və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb. Şəhərə külli miqdarda ziyan dəyib.


Tarix unudulmur


Artıq o vaxtdan beş il ötür. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən amansızlıqla bombalanan şəhər bu gün qürurla Zəfər günlərini qeyd edir. Tarix unudulmur. Gəncə terrorunun qurbanlarının xatirələri  əbədiləşdirilir. Həmin zərbələrdən birinin endirildiyi ərazidə - yaşayış binalarının yerində inşa olunan, 4 hektar sahəni əhatə edən memorial bunun bariz nümunəsidir.

Dövlətimizin başçısı İlham Əliyev sentyabrın 27-də - Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak etdi. Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Yalnız bir abidə deyil, eyni zamanda beynəlxalq ictimaiyyətə çağırış, gələcək nəsillər üçün tariximizin canlı yaddaş salnaməsi olan bu məkanda - Gəncə Memorial Kompleksində dövlətimizin başçısı İlham Əliyev Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirmiş Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşdü. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış digər uşaqlarla da görüşdülər. Həmin gün o uşaqların yaddaşında həmişəlik sevinc, fəxarət dolu bir gün kimi qalacaq.


İdman birliyinin parlaq rəmzi


Təkcə insanların deyil, şəhərlərin də yaddaşı var. Qədim Gəncənin də yaddaşına bu günlər iftixar dolu xatirələr yazılır. Beş il qabaq Ermənistan silahlı qüvvələrinin raket hücumları ilə qətlə yetirdikləri dinc, günahsız sakinlərinin qanı axıdılan, yasa batan şəhərdən bu gün bütün dünyaya sülh çağırışları ucalır.

Tarixən qonaq-qaralı olan Gəncə şəhəri hazırda Müstəqil Dövlətlər Birliyinin idman paytaxtıdır. Qeyd edək ki, Gəncə şəhəri III MDB Oyunlarının "İdman Paytaxtı" seçilib. Bu qərar MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının Belarusun paytaxtı Minskdə keçirilən iclasında qəbul olunub.

Sentyabrın 28-dən Gəncə və daha altı şəhərimiz - Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi III MDB Oyunlarına evsahibliyi edir. On gün davam edəcək yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin oyunlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edəcəklər. Oktyabrın 8-dək davam edəcək III MDB Oyunlarında yarışlar 12 idman məkanında keçiriləcək və atletlər 23 idman növü üzrə 1694 medal (505 qızıl, 505 gümüş, 684 bürünc) uğrunda mübarizə aparacaqlar. Həmçinin qalib komandaların uğuruna ən çox töhfə verən idmançıların da xüsusi mükafatlarla təltif edilməsi nəzərdə tutulub.

Möhtəşəm tədbir - III MDB Oyunlarının təntənəli açılış mərasimi sentyabrın 28-də Gəncədə keçirilib. Dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izləyiblər.

Azərbaycan Respublikasının üçrəngli bayrağı arenaya gətirilərək Dövlət himnimizin sədaları altında ucaldıldıqdan sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı keçirilib.

Mərasimdə çıxış edən III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov  bildirib: "Əminik ki, yeni istifadəyə verilən möhtəşəm Gəncə stadionunda açılışını etdiyimiz bu idman oyunları dostluq, sülh, qarşılıqlı hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olacaq, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcək".

III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verildiyini, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrildiyini, Azərbaycanın müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara evsahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq etdiyini, Bakıda 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatlarının yüksək səviyyədə keçirildiyini vurğulayıb.

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Nikolayeviç Lebedevin mərasim iştirakçılarına ünvanladığı məktubda qeyd etdiyi kimi, xalqlarımızın idman birliyinin parlaq rəmzinə çevrilən bu möhtəşəm idman hadisəsi yalnız atletlərin ən yüksək peşəkarlığını nümayiş etdirmək üçün bir platforma deyil, həm də MDB ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəniyyət və idman sahələrində çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir.

O unudulmaz mərasimdə havaya buraxılan sülhün rəmzi ağ göyərçinlər, Gəncə səmasını nura qərq edən atəşfəşanlıq izləyənlərin ruhunu oxşayıb. Bu qədim şəhərdən dünyaya sülhün, əmin-amanlığın bütün bəşəriyyət üçün nə qədər xoş və gərəkli olduğu nümayiş etdirilib.  


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!