Avropa İttifaqı və ATƏT Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlıdırlar
Azərbaycanın fəal diplomatiya siyasəti təkcə regionda deyil, dünya miqyasında da əhəmiyyətli nəticələr verir. Bu yanaşma ölkəmizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir, iqtisadi və siyasi əlaqələri inkişaf etdirir və ümumilikdə Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Azərbaycan fəal diplomatiyasını beynəlxalq hüququn, sülhün və əməkdaşlığın təməl prinsiplərinə əsaslandıraraq, dünya xalqları üçün nümunə kimi göstərilir.
Əminliklə deyə bilərik - Azərbaycan müasir dövrün tələb etdiyi fəal diplomatiya siyasətini uğurla həyata keçirir. Ölkəmiz dünya səhnəsində artan təsiri və strateji mövqeyi ilə tanınır. Azərbaycan dövlətinin yürütdüyü diplomatik siyasət regionda və beynəlxalq arenada sabitlik və təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynayır.
Oktyabrın 16-da Prezident İlham Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edərkən avropalı diplomat bu məsələyə xüsusi olaraq toxunub.
Dövlətimizin başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin son dinamikasını vurğulayaraq, bir il ərzində Avropa İttifaqının 3 komissarının Azərbaycana səfərindən bəhs etdi. Mariyana Kuyundziç Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Azərbaycanın fəal regional diplomatiya siyasəti yürütdüyünü deyən Mariyana Kuyundziç Prezident İlham Əliyevin son dövrlərdəki səfərlərinin və iştirak etdiyi beynəlxalq Zirvə toplantılarının bunun bariz nümunəsi olduğunu vurğuladı. O, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafı üçün əlverişli imkanların olduğunu deyərək, enerji, nəqliyyat sahələrində uğurlu əməkdaşlığa toxundu, Avropa İttifaqının regional nəqliyyat bağlantılarının yaradılması layihələrini yaxından dəstəklədiyini qeyd etdi.
Mariyana Kuyundziç həmçinin Avropa İttifaqının ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana dəstəyini davam etdirəcəyini bildirdi.
Oktyabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen arasında keçirilən görüşdə də prioritet istiqamətlər, ATƏT-in qarşısında duran çağırışlar, Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, eləcə də bölgədə postmünaqişə dövründə vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, Finlandiyanın sədrliyi Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi dövrə təsadüf edir. Bu şəraitdə ATƏT-in çoxtərəfli platforma kimi çevik şəkildə yeni reallıqlara uyğunlaşmasının, öz aktuallığını və funksionallığını qoruyub saxlamasının əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə edilib. Nazir Ceyhun Bayramov bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin tarixi görüşünün və imzalanmış Birgə Bəyannamənin əhəmiyyətini qeyd edib. Sülh sazişinin imzalanması istiqamətində atılacaq növbəti addımlar və Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması zərurəti bir daha diqqətə çatdırılıb. Eyni zamanda Zəngəzur dəhlizi - "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası baxımından əhəmiyyəti vurğulanıb.
Tərəflər postmünaqişə dövründə reallıqları nəzərə alaraq, funksional əhəmiyyətini itirmiş Minsk qrupu, Fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu kimi ATƏT təsisatlarının fəaliyyətinin sentyabrın 1-dən dayandırılması barədə qərarı müsbət qiymətləndiriblər.
Nazir Ceyhun Bayramov ATƏT çərçivəsində əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində mövcud maneələrdən bəhs edərək, Azərbaycan Əməkdaşlıq Proqramının icrasına start verilməsinin vacibliyini qeyd edib. O, xüsusilə minalardan təmizləmə, ekoloji vəziyyətin qiymətləndirilməsi və kibertəhlükəsizlik sahələrində praktiki əməkdaşlığın inkişaf etdirilməsinin faydalı olacağını vurğulayıb.
Ümumiyyətlə, Azərbaycan beynəlxalq əlaqələrində strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istiqamətində mühüm addımlar atır. Bu çərçivədə ATƏT və Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Hər iki təşkilat Azərbaycanın regional və beynəlxalq siyasətində mühüm rol oynayır və ölkəmizlə əməkdaşlıq sahələrini genişləndirmək niyyətindədir.
ATƏT və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsində və regionda sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu əməkdaşlıq həmçinin Azərbaycan üçün iqtisadi və siyasi inkişafın gücləndirilməsi, sosial və hüquqi islahatların həyata keçirilməsi və beynəlxalq əlaqələrin daha da genişləndirilməsi baxımından yeni imkanlar açır. Azərbaycan ATƏT və Avropa İttifaqı ilə əməkdaşlıqda tərəflər üçün faydalı, qarşılıqlı hörmət və etimada əsaslanan bir gələcək qurmaq niyyətindədir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"