01 Oktyabr 2025 08:10
4269
SİYASƏT
A- A+
Diplomatiyamızın daha bir uğuru

Diplomatiyamızın daha bir uğuru


Bu gün Azərbaycan müstəqil, balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir. Ölkəmizin reallaşdırdığı xarici siyasətin əsas prinsipləri ikitərəfli formatda əməkdaşlığa, bərabərhüquqlu münasibətlərə, bir-birinə hörmət ruhuna, daxili işlərə qətiyyən qarışmamaq şərtinə əsaslanır. "Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik", - deyə Azərbaycan Prezidenti bildirir.

Prezident İlham Əliyevin 2025-ci il sentyabrın 25-də Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı və BMT tribunasındakı tarixi çıxışı diplomatiyamızın daha bir təntənəsi oldu. 

Dövlətimizin rəhbərinin bu ilin avqustunda Vaşinqtona səfəri, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş, BMT Baş Assambleyasındakı iştirakı bir-birini uğurla tamamlayır. 

Bu, Vətən müharibəsindəki qələbəmizdən, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpasından sonra Azərbaycan Prezidentinin BMT tribunasından ilk çıxışı idi. Təxminən 30 ilə qədər çəkən müddət ərzində BMT Ermənistan-Azərbaycan arasında münaqişənin həllinə görə beynəlxalq məsuliyyət daşıyan əsas qurumlardan olmuşdu. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan hərbi birləşmələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxması barədə hələ 1993-cü ildə dörd qətnamə qəbul etsə də, bu qətnamələr uzun illər ərzində havadan asılı qalırdı. Azərbaycanın sülh prinsiplərinə sadiqlik göstərərək münaqişənin heç bir tərəfdən itkilərə, dağıntılara yol vermədən dinc şəraitdə həlli üçün apardığı danışıqların da faydası olmurdu. Reallıq bundan ibarət idi ki, Vətən müharibəsi ərəfəsində danışıqlar artıq səmərəsiz hala gəlmişdi və rəsmi İrəvan müzakirə platformalarından hər iki tərəfi qane edəcək hansısa həll yolu axtarmaqdan daha çox status-kvonu qorumaq, nələrəsə ümid bağlayaraq işğal dövrünü mümkün qədər uzatmaq məqsədi güdürdü. Azərbaycan isə Prezident İlham Əliyevin hər zaman bəyan etdiyi kimi səbrimizin tükənməz olmadığını göstərirdi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icra olunmadan qalmasından, 30 illik səmərəsiz danışıqlardan sonra Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etdi. 2020-ci il Vətən müharibəsindəki tarixi qələbəmiz, ardınca 2023-cü ildə həyata keçirilmiş qısamüddətli antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev BMT-nin müvafiq qətnamələrinin icrasını ordumuzun gücü ilə təmin etdi. Eyni zamanda qalib tərəf olaraq dövlətimiz sülh təşəbbüsünü də özü irəli sürdü, 2022-2025-ci illər ərzində aparılan sülh danışıqlarında böyük təmkin, strateji yanaşma nümayiş etdirdi. Sülh proseslərini pozmağa yönələn cəhdlərin, xarici təhdidlərin, təxribatların qarşısını məharətlə aldı. Bütün bunların məntiqi nəticəsi kimi sülhə doğru mühüm addımlar atıldı. Bu addımların ən mühümü, təbii ki, avqustda Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasıdır.


Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə


Ölkəmiz həm müharibədə, həm də sülhdə qazandığı qələbə ilə bütün dünya üçün mükəmməl bir təcrübə formalaşdırdı. Bu, haqq-ədalətin öz yerini tutması, beynəlxalq normaların bərqərar olması, suverenliyin möhkəmlənməsi, sülhün de-fakto təmin edilməsidir. "Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq", - Azərbaycan Prezidenti İlham Əliyev BMT-dəki çıxışında belə qeyd etdi.

Bir-birinin ardınca Amerika Birləşmiş Ştatlarına iki möhtəşəm səfər, dünyanın bu aparıcı ölkəsinin rəhbərliyi ilə sıx, səmimi kommunikasiyalar Azərbaycan-ABŞ münasibətlərində də artıq yeni bir səhifə açılmasının təzahürüdür. Bu baxımdan xüsusilə avqustda Azərbaycan Prezidentinin ABŞ-yə səfəri zamanı əldə edilmiş razılaşmalar çox mühüm əhəmiyyət daşıyır. Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması yaxın gələcəkdə ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf edəcəyini göstərir. Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusi diqqət yetirdi: "Vaşinqton Sammiti həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır".

ABŞ Prezidenti Donald Trampın "907-ci düzəliş"in icrasını dayandırması haqqında tarixi qərarı da buna dəlalət edir. İki ölkə arasında etimadın, qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi üçün isə bu düzəlişin birdəfəlik ləğvi vacibdir. Ümid etməyə dəyər ki, Tramp administrasiyası ABŞ-nin əvvəlki rəhbərliklərinin Azərbaycana və ümumən regionun gələcək təhlükəsizliyinə, rifahına münasibətdə yol verdikləri bu yanlışı tam aradan qaldıracaqdır. 

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) da Vaşinqton Sammitinin mühüm nəticələrindən biri kimi Cənubi Qafqazda sülhə, dayanıqlı inkişafa, regionun imkanlarından bütün tərəflərin qarşılıqlı faydalı şəkildə birgə istifadəsi məramına xidmət edir. 


Yeni iqtisadi modelə keçid


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni bir reallıq yaradıb. Ölkəmizin və yaşadığımız coğrafiyanın tarixində misilsiz bir dövr başlanıb. Yaranmış yeni vəziyyət iqtisadi proseslərə də, təbii ki, öz təsirini göstərir. İndiyə qədər Azərbaycanda tətbiq olunan iqtisadi modellərdə, münaqişə dövrünün gerçəklikləri, şərtləri nəzərə alınırdı. Bu gün isə Azərbaycan iqtisadiyyatında yeni, modern bir keçid dövrü başlanır. Bu, yeni  iqtisadi modelə keçiddir. Azərbaycanın iqtisadi siyasətinin banisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Uzun illər ərzində müstəqil dövlətimizə çox böyük sosial-iqtisadi nailiyyətlər qazandıran və tarixi qələbəmizin də təməlinə çevrilən bu siyasətin əsasını Ulu Öndər qoyub. Torpaqlarımızın işğaldan azad olunmasından, ölkəmizin suverenliyinin tam bərpasından sonra yaranmış yeni reallıqlar isə yeni iqtisadi modelin formalaşdırılmasını vacib edir. Bu modelin isə müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Modelin mühüm tərkib elementi kimi Azərbaycan yeni fəal iqtisadi diplomatiyaya keçir.

ABŞ-yə səfəri zamanı Azərbaycan Prezidentinin Nyu Yorkda bir sıra aparıcı şirkətlərin rəhbərləri ilə görüşləri, ölkəmizdə Beynəlxalq İnvestisiya Forumunun təşkili və digər bu kimi addımlar yeni iqtisadi modelin ilkin təzahürlərindəndir. 

Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq tədbirləri həyata keçirir. Əhalinin Qarabağa, Şərqi Zəngəzura Böyük qayıdış proqramı uğurla, strateji planda addım-addım icra olunur. Ermənistanın vaxtilə işğal altındakı Azərbaycan torpaqlarında basdırdığı minalar, bunun tez-tez səbəb olduğu insan itkiləri postmünaqişə dövrünün ən böyük humanitar problemlərindən biridir. Prezident İlham Əliyev BMT-dəki çıxışında bu problemi də diqqətə çatdırdı. Eyni zamanda Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi hələ də qeyri-müəyyəndir ki, rəsmi İrəvanın bununla bağlı da suallara aydınlıq gətirməsinə ehtiyac var. 

Azərbaycan Prezidentinin BMT Baş Assambleyasındakı çıxışı ölkəmizin çoxsaylı təşəbbüslərlə davamlı inkişaf məqsədlərinə, dayanıqlı həllərə sadiqliyi baxımından məlumatların bir daha beynəlxalq ictimaiyyətə təqdimatı nöqteyi-nəzərindən də maraqlı oldu. Xüsusilə ötən il ölkəmizin uğurla evsahibliyi etdiyi COP29-da Azərbaycanın səyləri nəticəsində bəşəriyyətin faydasına əldə olunmuş nəticələr böyük əhəmiyyət daşıyır. 

"Yaşıl enerji"yə keçidlə bağlı dövlətimizin başçısının çıxışında verdiyi mesajlar isə kifayət qədər dəqiq və hər zamankı kimi strateji mahiyyətli oldu: "yaşıl keçid"ə sadiqliklə yanaşı, qeyri-real hədəflər də qoyulmamalıdır. Çünki vəziyyət bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşamağın mümkünsüzlüyünü göstərir. İndi Azərbaycan bu sahədə də nümunə yaradır. Günəş, külək və su-elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə ardıcıl sərmayələr qoyur, eyni zamanda bu gün böyük bir coğrafiyanın enerji təhlükəsizliyində ciddi rol oynayan ənənəvi enerji təcrübəsini də diqqətdən kənarda saxlamır.

Dövlətimizin rəhbəri Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və əvəzolunmaz tərəfdaş kimi, ölkənin Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində oynadığı strateji rola da diqqət yönəltdi. Eyni zamanda Azərbaycan və Suriya arasında enerji təchizatı, infrastrukturun inkişafı, münaqişədən sonra yenidənqurma sahəsində ikitərəfli tərəfdaşlıq məsələlərini nəzərə çatdırdı. Prezident İlham Əliyev dedi: "Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb".


BMT-nin məsuliyyətli üzvü


Bu gün Azərbaycan dünyanın önəmli enerji-kommunikasiya mərkəzlərindəndir və bu rolu getdikcə artır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri, Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmiryolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirir. "Rəqəmsal İpək yolu" kimi əhəmiyyətli layihə vasitəsilə Azərbaycan rəqəmsal transformasiya təşəbbüsünü uğurla həyata keçirir. Ölkəmiz qeyri-neft sektorunu inkişaf etdirir, davamlı islahatlar, şəffaflıq tədbirləri vasitəsilə investisiya mühitini yaxşılaşdırır. Təsadüfi deyil ki, son illərdəki iqtisadi artım nəticəsində ölkəmizdə yoxsulluğun, işsizliyin həddi tarixi minimuma - 5 faizə enib. Beynəlxalq reytinq  agentlikləri Azərbaycanın reytinqini yüksəldir, ölkəmizə sərfəli investisiya dərəcəsi verilir. 

Azərbaycanın qlobal səviyyədə göstərdiyi humanitar yardım səyləri, xüsusilə COVID-19 pandemiyasına qarşı cavab tədbirləri istiqamətində 80-dən çox ölkəyə qoruyucu avadanlıqlar, tibbi cihazlar və vaksinlər ianə etməsi ölkəmizin BMT-nin ən məsuliyyətli üzvlərindən biri kimi öz məsuliyyətinə yüksək sadiqlik nümayiş etdirdiyini göstərir. 

Prezident İlham Əliyev çıxışında Xəzər dənizinin quruması probleminə də toxundu. Hazırda Xəzəryanı dövlətlər belə bir ekoloji fəlakətlə üz-üzədir, Azərbaycan bu problemi dəfələrlə qaldırıb. Vəziyyətin müsbətə doğru dəyişməsi üçünsə Xəzəryanı dövlətlərin birgə səyləri çox zəruridir. Ümid edək ki, məsələnin BMT Baş Assambleyası səviyyəsində aktuallaşdırılması bu istiqamətdə də səylərin gücləndirilməsinə dəstək olacaqdır.

Prezident İlham Əliyev çıxışının sonunda dedi: "Azərbaycan yeni bir dövrə qədəm qoyub. Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq.

Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.

Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır".

Azərbaycan Prezidentinin son iki ayda ABŞ-yə ikinci səfəri də diplomatiyamızın uğuru kimi tarixə yazıldı və ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirdi.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

16:28
08 Noyabr

Şərəf, qürur və inam günü

16:26
08 Noyabr

Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb

16:03
08 Noyabr

ABŞ Suriya liderinin adını qlobal terrorçular siyahısından çıxardı

15:41
08 Noyabr

Nazir Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb 

15:21
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir YENİLƏNƏCƏK

15:17
08 Noyabr

Ərdoğan: Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılıb  

14:49
08 Noyabr

Müdafiə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət ediblər  

14:48
08 Noyabr

Məhəmməd Şahbaz Şərif: Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi oldu  

14:47
08 Noyabr

Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

14:46
08 Noyabr

Pakistanın Baş naziri: Bu gün burada böyük vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm  

14:46
08 Noyabr

Ərdoğan: Qarabağın azad edilməsi, təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük qürur mənbəyidir 

14:45
08 Noyabr

Türkiyə Prezidenti: Zəfərimiz mübarək olsun

14:44
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

14:04
08 Noyabr

Prezident: Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik  

14:03
08 Noyabr

Azərbaycan Prezidenti: Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir  

14:02
08 Noyabr

Prezident: Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil

14:01
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

14:00
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür 

13:57
08 Noyabr

Prezident İlham Əliyev: Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana öz dəstəyini göstərirdi 

13:57
08 Noyabr

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!