22 Noyabr 2025 08:55
2508
Elm və texnika
A- A+
Din aliminin acı taleyi

Din aliminin acı taleyi


XI Ordunun Hərbi İnqilabi Şurası və yeni qurulmuş sovet hökuməti öz fəaliyyətinin ikinci günü "Müsavat" və "İttihat" partiyalarının rəhbərləri ilə əməkdaşlıq etmək barədə müqavilə imzalayır. Lakin bu müqavilə tezliklə Pankratovun rəhbərlik etdiyi 

XI Ordunun xüsusi şöbəsi tərəfindən pozulur. Həmin şöbə, sonra isə Fövqəladə Komissiya (ÇK) kütləvi həbslər aparmağa başlayır, sürgün düşərgələri az vaxtda Azərbaycanın qabaqcıl ziyalı nümayəndələrinin hesabına doldurulur.

Sonradan 1920-1930-cu illərdə bədnam "kollektivləşmə" dövrü start götürür. Ortabab kəndlilər qolçomaq adı ilə bir sinif kimi ləğv edilməyə başlayır. Sovet cəza orqanları tərəfindən onların bütün mülkiyyətlərinin əllərindən alınması kəndlilərin kütləvi çıxışlarına səbəb olur. Bu çıxışları banditizm adlandıran siyasi orqanlar həmin narazılıqları silah gücünə çox amansızlıqla yatırdırlar. 

Bolşevizmə mənfi münasibətin təşəkkülündə əsas rollardan birini müsəlman ruhaniləri oynayırdılar. Bolşeviklər sovet hakimiyyətinin ilk günlərindən nüfuzlu müsəlman ruhanilərini ağır işgəncələrlə, ən amansız üsullarla aradan götürməyə başlayırlar.

Həmin din xadimlərindən biri də Mir Məhəmməd Kərim ağa Cəfərzadə Bakuvi idi. 15030 nömrəli cinayət işinin birinci vərəqində yazılırdı: "Tarixi olmayan  Qala-Maştağa rayonu üzrə fəal antisovet ünsürlərin cəmiyyətdən kənar edilib ləğv olunası şəxslərin siyahısından çıxarış". Onun adı bu siyahıda 18-ci idi. 83 yaşlı Mərdəkan sakini, keçmiş Zaqafqaziya qazısı Mir Məhəmməd Kərim ağa dinin gizli yayılması, çadraların götürülməsi əleyhinə təbliğat aparmaq ittihamı ilə təqsirləndirilirdi. Siyahıya Azərbaycan SSR XDİK komissarının müavini Borşev qol çəkmişdi. 

1938-ci il fevralın 13-də XDİK 203 nömrəli orderlə qazı Mir Məhəmməd Kərim ağanı Mərdəkandakı evində həbs edir. Axtarış zamanı onun evindən "39 ədəd müxtəlif antisovet Quran" müsadirə olunur. Kim idi bu din xadimi?

Mir Məhəmməd Kərim ağa Bakıda anadan olduğu üçün özünü Bakuvi adı ilə tanıtmışdı. O, İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsi, həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşı idi.

"Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən və bu müqəddəs kitabın təfsirini (izahını) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında xidmətləri olan bu din xadimi "Quran"ı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra mollalar arasında ona qarşı hücumlar artmışdı. O dövrdə mollalar istəmirdilər ki, camaat "Qurani-Kərim"i dərindən mənimsəsinlər. Çünki "Quran"dan xəbəri olmayanları aldatmaq, bu müqəddəs kitaba istədikləri kimi şərh vermək bəzi ruhanilərə sərfəli idi. "Quran" tərcümə edilərsə, o zaman xalq onu öz ana dilində oxuyub maariflənər, nəticədə fırıldaqçı mollaların saxta sözlərinə inanmazlar. O həmçinin müqəddəs kitabın üçcildlik təfsirini yazır və "Quran"la birlikdə mesenat Hacı Zeynalabdin Tağıyevin köməyi ilə 1904-cü ildə "Kaspi" qəzetinin Bəxariyə mətbəəsində çap etdirir. Onun bu zəhmətinin müqabilində Hacı kitabların ağırlığında Mir Məhəmməd Kərim ağaya qızıl da bağışlayır.

Bu hörmətli din alimi öncə İçərişəhərdəki "Şah məscidi"ndə axund, sonra isə yüksək bilik və bacarığına görə Bakı quberniyasının qazısı təyin edilir. Bu ərəfədə o, şəhərin ictimai-mədəni həyatında, xalqının maariflənməsində fəal iştirak edirdi. İsmailiyyə binasının təməlqoyma mərasimində Bakının qazısı olaraq dualar oxumuşdu. O zaman bəzi ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənərək  camaatı ayağa qaldırır, hətta onları "cihad"a çağırmaqdan belə çəkinmirdilər. Lakin qız məktəbini açmaq təklifini bəyənmiş H.Z.Tağıyev onların bəhanələrini kəsmək üçün şəhərin maarifpərvər axundlarından bir neçəsini öz vəsaiti hesabına islamın müqəddəs sayılan yerlərinə - Məkkəyə, Kərbəlaya, Xorasana, Məşhədə və başqa yerlərə göndərir. Onlara tapşırırdı ki, həmin yerlərdə olan mötəbər rəsmi din xadimlərindən sənədlər alsınlar: müsəlman qızları şəriət məktəbində təhsil ala bilər ya yox...

Bununla da axund Mir Məhəmməd Kərim ağa və başqa ruhanilər qaragüruhçuların təqiblərindən xilas olurdular.

Bundan əlavə, Mir Məhəmməd Kərim ağa ədəbi fəaliyyətlə də məşğul idi. O, Şərq dillərindən əsasən ərəb dilindən bir sıra əsərləri Azərbaycan dilinə tərcümə edirdi. Böyük ərəb yazıçısı və alimi Circi Zeydanın islam tarixinə aid on yeddi romanından beşini Azərbaycan dilinə tərcümə etmişdi. Bunlardan "Özreyi-Qüreyş", "Kərbəla yanğısı", "Osmanlı inqilabı", "İslamın mədəniyyət tarixi", "On yeddi Ramazan" tarixi romanlarının tərcüməsi oxucular tərəfindən rəğbətlə qarşılanır.

Axund Şam və Fələstində müsəlmanlarla səlibçi-xristianlar arasında gedən 200 illik (490-690) müharibəni təsvir edən "Səlib müharibəsi" romanını yazır və 1913-cü ildə nəşr etdirir.

Görkəmli din xadimi təlatümlü 1937-1938-ci illərdə antisovet elementlərində siyahıya düşür. 1938-ci il fevralın 13-də Azərbaycan XDİK Maştağa rayon şöbəsinin  əməliyyat müvəkkili köməkçisi Yaroşkeviç qazı Mir Məhəmməd Kərim ağanı dindirir:

Sual: "Ən yüksək dini rütbə olan qazı rütbəsini siz hansı ildən hansı ilədək daşıyırdınız?" 

Cavab: "1904-cü ildən 1918-ci ilədək. Eyni zamanda mən Bakı Quberniya Məclisinin sədri idim". 

Sual: "Müsavat hökuməti nəzdində sizin nə kimi vəzifəniz var idi?" 

Cavab: "O zaman mənim heç bir vəzifəm yox idi, çünki Müsavat hökuməti işə gələndən mən istefa verib qazılığımdan da kənara çəkildim". 

Sual: "Siz əksinqilabi Müsavat təşkilatının üzvü olmusunuzmu?" 

Cavab: "Əksinqilabi Müsavat təşkilatına mən heç vaxt daxil olmamışam". 

Sual: "Siz hansı ildə seçki hüququndan məhrum edilib qolçomaqlıqdan salınmısınız?" 

Cavab: "Seçki hüququndan mən Azərbaycanın sovetləşmə günündə məhrum olmuşam. Bu hüququ məndən din xadimi olduğum üçün alıblar". 

Sual: "Sizin qohumlarınızdan xaricdə kimlər var?" 

Cavab: "Heç kəs yoxdur". 

Sual: "Sizin qohumlarınızdan əksinqilabi fəaliyyətinə görə kim tutulub?"  

Cavab: "Mənim ögey qardaşımın oğlu Mir Əbdülhəsən tutulub, amma nəyə görə tutulduğunu deyə bilmərəm". 

Sual: "Öz kəndinizin sakinlərindən kiminlə əlaqəniz var?" 

Cavab: "Heç kəslə əlaqə saxlamıram, amma əhali arasında hörmətim var". 

Sual: "Sizin həmyerlilərinizdən hansı biri ilə şəxsi-qərəzliyiniz və ya düşmənçiliyiniz var? 

Cavab: "Mənimlə heç kəsin nə şəxsi-qərəzliyi, nə də düşmənçiliyi var". 

Sual: "Siz ondan ötrü təqsirləndirilirsiniz ki, kolxozçular və fərdi əməkçilər arasında mövcud olan quruluşun əleyhinə əks-inqilabi təbliğat aparırsınız. Bunu boynunuza alırsınız?" 

Cavab: "Xeyr, boynuma alımıram".

Elə həmin gün Yaroşkeviç Mərdəkan kənd sakinlərindən üç-dörd nəfəri şahid sifəti ilə dindirir. Onlar bildirirlər ki, Məhəmməd Kərim Mir Cəfər oğlu tanınmış din xadimi, qazıdır. O, mövcud quruluşun əleyhinə düşmənçilik əhvali-ruhiyyəsində olaraq kənd əhalisi arasında daim dini təbliğat aparır. Məsələn, üç-dörd ay bundan əvvəl Mir Məhəmməd Kərim dəfndə iştirak edib deyirdi ki, qadın heç vaxt kişi ilə bərabər ola bilməz. Bu, düzgün deyil. Çünki qadında kişi əlamətləri yoxdur, qadının nə gücü var, nə də hünəri. Bundan başqa, iki ay əvvəl bir dəfndə iştirak edən Mir Məhəmməd Kərim ağa dəfn mərasimini yeni qaydalarla - mollanın iştirakı olmadan keçirildiyi üçün dedi: "Gör Şura hökuməti Azərbaycan xalqını nə günə salıb ki, o öz ölülərini şəriətdə göstərildiyi kimi dəfn edə bilmir. Şura hökuməti bizim bütün dinimizi, imanımızı məhv edib. Allahı unutmaq olmaz, çünki sizin bütün bəlalarınız Alla-təalanın cəzasıdır. Cürbəcür təbliğata uymaq olmaz, gələcək haqqında fikirləşmək  lazımdır". 

Bu ifadələr hörmətli din alimini güllələnməyə doğru aparırdı. 1938-ci il fevralın 17-də Mir Məhəmməd Kərim ağa ikinci və axırıncı dəfə dindirilir. Ona qarşı yönələn ittihamları qəti şəkildə rədd edir. Həmin il fevralın 23-də Yaroşkeviç belə bir ittiham tərtib edir: "Vətəndaş Mir Məhəmməd Kərim Cəfər oğlu, 83 yaşlı, ali ərəb dini təhsilli qazı, məhkum olunmamış, səsindən məhrum olmuş, kənd təsərrüfatı ilə məşğul olan 15030 saylı cinayət işinə baxıb müəyyən etdim: "Mir Məhəmməd Kərim Mir Cəfər oğlu keçmişdə Bakı quberniyasının qazısı olaraq son vaxtlar kənddə artıq ifşa olunub məhkum edilən xalq düşmənləri ilə əlaqəyə girib, mövcud quruluşa düşmənçilik edərək öz dini ayinlərindən antisovet təbliğatı üçün istifadə edirdi. O, sovet hökumətinə böhtan atır, kəndliləri seçkilərdə iştirak etməməyə çağırır, qadınların ictimai-siyasi həyatda iştirakı əleyhinə idi... Müttəhim özünü müqəssir bilmədi, lakin şahidlərin ifadələri ilə ifşa olundu". 

Üçlük qərara alır ki, Mir Məhəmməd Kərim Mir Cəfər oğlu əks-inqilabi fəaliyyətinə görə güllələnsin.

1956-cı il avqustun 31-də Mir Məhəmməd Kərim ağanın oğlu SSRİ-nin baş prokuroru Rudenkonun adına ərizə yazıb atasının taleyi haqqında məlumat almağı xahiş edir. Ona xəbər verirlər ki, guya Mir Məhəmməd Kərim ağa 1940-cı il oktyabrın 14-də beyin qansızmasından vəfat etmişdir. Lakin bu, reallığa uyğun gəlmədiyi üçün iş yenidən yoxlamaya göndərilir. Axundun əleyhinə ifadə verənlər yenidən dindirilir. Onlar yazılan ifadələrin düzgün olmadığını bildirirlər. Ona görə də 1960-cı il iyulun 15-də Azərbaycan SSR Ali Məhkəməsi qərar çıxarır ki, Mir Məhəmməd Kərim Mir Cəfər oğlu haqqında 2 mart 1938-ci il tarixli qərar ləğv edilsin, onun işi sübuta yetmədiyi üçün xətm olunsun. Özünə isə ölümündən sonra bəraət verilsin.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!