BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin növbəti diplomatik və siyasi uğuru oldu. Bu həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisinə çevrildi.
Azərbaycan bundan əvvəl bir çox mötəbər beynəlxalq tədbirlərə, müxtəlif idman yarışlarına yüksək səviyyədə evsahibliyi edib. Bu mənada COP29 da istisna deyil. Xatırladaq ki, COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar ötən ilin sonunda Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib və dövlətimizin başçısı bütün lazımi tapşırıqları verdikdən sonra BMT tədbirinə hazırlıq işlərinə başlanıb.
Bu, mürəkkəb və yüksək texnoloji proses olsa da, bütün işlər davamlılıq, əlçatanlıq və inklüzivlik prinsipləri nəzərə alınmaqla həyata keçirilib. COP İqlim Sammiti tarixində ilk dəfə olaraq həm texniki, həm də kollektiv məsələləri dəstəkləmək üçün Əməliyyat Şirkəti tərəfindən yaradılmış xüsusi mərkəz də BMT tərəfindən təsdiq edilib.
Beynəlxalq ekspertlər qeyd edirlər ki, Azərbaycan tədbirə evsahibliyi edən əvvəlki ölkələrdən fərqlənir. Belə ki, ölkəmizin iqlim dəyişikliyi ilə bağlı qərarların qəbul ediləcəyi COP29-a hazırlaşmaq üçün bir ildən az vaxtı olub. Məhdud vaxta baxmayaraq, Azərbaycan ev sahibi olan ölkə kimi hazırlıq prosesində bütün aspektlərdə ciddi irəliləyiş əldə edib. Konfransda uğurlu nəticələrin əldə olunması üçün təşkil olunan tədbirlər də yüksək səviyyədə keçirilib.
COP29-un sədrliyi İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasını təqdim edib və ikiillik şəffaflıq hesabatının hazırlanmasında digər tərəflərə nümunə olmağı öhdəsinə götürüb. Əsas prioritetlər istiləşmənin 1,5 dərəcə hədəfinə nail olmaq, qlobal istiləşməni məhdudlaşdırmaq və investisiya planlarının gedişindən asılı olaraq davamlı inkişaf məqsədlərini həyata keçirməkdir.
Noyabrın 11-22-də sessiyada iştirak edən bütün tərəflər perspektivli həll yolları təklif ediblər. Bakıda iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitin həcminin artırılması yolları, adaptasiya, itki və zərərin ödənilməsi üçün fondun fəaliyyətinin davam etdirilməsi kimi mühüm məsələlər ətrafında müzakirələr aparılıb. Əsas diqqət "yaşıl texnologiya"ların yayılmasına, yaxşı idarəetmənin inkişaf etdirilməsi və ictimai xidmətlərin ətraf mühitə və sosial davamlılığa uyğunlaşdırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətinə yönəldilib.
COP29 çərçivəsində ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edilib. Bəyannaməni COP29 prezidenti Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen imzalayıblar.
"Bakı Su Dialoqu" platforması iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması, çirklənmə və səhralaşma ilə mübarizədə qlobal əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Qəbul edilən Su Bəyannaməsi bu istiqamətdə yeni tərəfdaşlıqların qurulmasına və siyasət tədbirlərinin gücləndirilməsinə töhfə verəcək.
COP29 çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Respublika Bankını dəstəkləmiş və Azərbaycanda "yaşıl layihə"lərin maliyyələşdirilməsinə böyük məbləğdə kredit ayırmışdır. Müqaviləyə əsasən, beynəlxalq maliyyə institutu banka 4 il müddətinə 20 milyon ABŞ dolları məbləğində kredit verəcək. Kredit vəsaitləri mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən aztəminatlı ailə bizneslərinin dəstəklənməsi üçün istifadə olunacaq.
Bu, yeni iş yerləri yaradacaq, sosial dayanıqlığı yaxşılaşdıracaq və "yaşıl texnologiya"ların daha geniş əhali üçün əlçatan olmasını təmin edəcək. Bu cür təşəbbüslərin dəstəklənməsi davamlı iqtisadi artıma töhfə verəcək və regionların inkişafına təkan verəcək, onların qlobal ekoloji transformasiya proseslərinə inteqrasiyasını təmin edəcək.
Bakı COP29-un təşkilinə və evsahibliyinə yaxşı hazırlaşıb və bu gün haqlı olaraq öz əməyinin bəhrəsini görür. Azərbaycan paytaxtına ilk dəfə gələn qonaqlar ölkəmiz, tariximiz, adət-ənənələrimiz və mədəniyyətimiz ilə tanış olmaq üçün unikal imkan əldə ediblər. Bakıda qurulan yeni əlaqələr isə gələcəkdə ya biznes layihələrinə çevrilə, ya da mədəniyyətlərarası dialoq amillərini gücləndirə bilər.
BMT-nin Baş katibi Antonio Quterreş vurğulayıb ki, Bakıda yeni iddialı iqlim maliyyəsi sazişi bağlanmalıdır: "Bütün mübahisəli məsələlər üzrə iddialı və balanslaşdırılmış paketin yaradılması üçün hər cür səy göstərilməlidir. Uğursuzluq yolverilməzdir. Ötən həftə beynəlxalq inkişaf bankları aşağı və orta gəlirli ölkələr üçün iqlim maliyyəsinin əhəmiyyətli dərəcədə artdığını açıqladı. Bu məbləğ 120 milyard dollara çatacaq. 2030-cu ilə qədər hər il özəl sektordan daha 65 milyard dollar cəlb ediləcək".
COP29 baş icraçı Direktoru Elnur Soltanovun dediyinə əsasən, əsas nailiyyət Paris Sazişinin 6-cı maddəsi üzrə razılaşma olub: "Mövcud dinamikanı nəzərə alsaq, biz inanırıq ki, karbon bazarları 2025-ci ildə fəaliyyətə başlaya bilər. Bu, həm də iqlim maliyyələşdirməsinin mühüm hissəsidir. Karbon bazarlarından əldə olunan gəlirin bir hissəsi adaptasiya proseslərinə sərf olunacaq".
"COP29-da iştirak etmək üçün 77 mindən çox insan qeydiyyatdan keçib. Onların 70 faizi aktiv şəkildə COP29-da iştirak ediblər". Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası təşkilatının katibliyinin (UNFCCC) proqramların koordinasiyası üzrə meneceri Niklas Svenningsen "Gələcəyin qurulması: Azərbaycanda və dünyada COP29-un mirası" mövzusunda keçirilən tədbirdə deyib. "Hesab edirəm ki, Dubayda keçirilən COP28-dən sonra ikinci ən böyük COP tədbiri Bakıda baş tutdu. Bundan əvvəlki COP təşkilatçılarının tədbirə hazırlaşmaq üçün 2-3 il vaxtları olub. Lakin Azərbaycanın COP tədbirinə hazırlaşmaq üçün 10 ay vaxtı olub. Bu kiçik zaman ərzində ərsəyə gələn tədbir heyrətamizdir. Bunun üçün Azərbaycan hökumətini təbrik edirəm. COP29-da 400-ə yaxın müşahidəçi, 200-ə yaxın təşkilat iştirak edib", - deyə o bildirib. Niklas Svenningsenin sözlərinə görə, COP29-un yekunlarına dair qərarlar ancaq yekdilliklə qəbul edilə bilər: "Hesab edirəm ki, biz qısa müddət ərzində - sabaha qədər, bəlkə də daha uzun müddətə razılığa gələ biləcəyik. Ancaq ümid edirəm ki, bu günü başa vuracağıq".
"Bu COP tədbiri son deyil, başlanğıcdır". Bunu isə "GLOBE International" şirkətinin baş direktoru Malini Mehra "Gələcəyin qurulması: Azərbaycanda və dünyada COP29-un mirası" mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, COP29-da bir çox məsələ müzakirələr olunub: "Azərbaycan bu tədbirlə bağlı öz səriştəsini göstərdi. 10 ayı əhatə edən təşkilatçılıq və baş tutan uğurlu tədbir həm də bütün cəmiyyətin göstərdiyi səylərin nəticəsidir. Mən burada könüllülərin fəaliyyətini də izlədim. Bunu ilk dəfə Pekində, Çində görmüşdüm. Gənclərin belə qlobal tədbirlərə cəlb edilməsini vacib hesab edirəm. Eyni zamanda əlçatanlıq baxımından da COP29 digərlərindən fərqlənirdi. Britaniyada baş tutmuş COP tədbirində əlçatanlıqla bağlı müəyyən problemlər var idi. Azərbaycanda isə təşkilatçılıq yüksək səviyyədə idi. Ümumilikdə danışıqların yaxşı keçdiyini hesab edirəm".
Təəssüf ki, ölkəmizin qazandığı böyük uğurlar bəzi bədxah qüvvələri narahat edir. Azərbaycanın COP29-a evsahibliyi etməsi ilə bağlı bəzi dövlətlər və onların təsiri altındakı qruplar tərəfindən qarayaxma kampaniyası başladıldı. Özünü müstəqil QHT adlandıran bəzi təşkilatlar və siyasətçilər ölkəmiz haqqında iftira və böhtan məlumatların yayılması üçün sanki bir-biri ilə yarışırdılar. Amma bu cür cəhdlər heç bir nəticə vermədi, Azərbaycanı və onun dünya səhnəsindəki mövqeyini zəiflədə bilmədi.
Azərbaycan yüksək səviyyədə təşkil edilən COP29-da bir tərəfdən qlobal iqlim problemlərinin həllinə dair konkret addımlar atır, digər tərəfdən dünya xalqlarına dövlətimizin sülhsevər və inkişaf yolundakı məqsədlərini nümayiş etdirir. Bütün bu fəaliyyətlər ölkəmizin bu mühüm tədbirin təşkilindəki rolunu möhkəmləndirir.
Ölkəmiz bu təşəbbüslə yalnız iqlim dəyişikliyinə qarşı mübarizəyə deyil, həm də qlobal sülh və təhlükəsizliyə dəstək vermiş oldu. Prezident İlham Əliyev bu cür mənfur kampaniyalara qarşı verdiyi cavablarda bəyan edib ki, COP29-a qarşı yönəlmiş boykot çağırışlarına baxmayaraq, tədbirə 196 ölkədən 77 min nəfər iştirakçı qeydiyyatdan keçib. Onların arasında 80-dən çox prezident, vitse-prezident və baş nazir də olub. Bu, Azərbaycanın qlobal səviyyədəki əhəmiyyətini bir daha nümayiş etdirib.
Ümumilikdə, COP29 Azərbaycana dünya miqyasında yüksək hörmət qazandırmaqla yanaşı, ölkəmizin iqlim siyasətindəki fəallığını və beynəlxalq arenada güclü mövqeyini bir daha göstərib. Bu tədbir iqlim dəyişikliyi ilə mübarizəyə dair dünya liderlərinin bir araya gəlməsi üçün vacib bir platforma olmaqla yanaşı, həm də Azərbaycanın dünya miqyasında artan nüfuzunun təntənəsidir.
Əminliklə deyə bilərik ki, COP29 Azərbaycanın təşkil etdiyi genişmiqyaslı və çoxtərəfli proses kimi sonrakı oxşar platformalar üçün uğurlu təcrübə nümunəsi olaraq tarixə düşəcək.
Bakıda keçirilən bu mötəbər qlobal tədbir 196 ölkədən 77 min nümayəndəni bir araya gətirərək Azərbaycan tarixində ən böyük hadisələrdən birinə çevrildi. İndi Braziliya estafeti öz üzərinə götürür və ölkəmizin təcrübəsindən də yararlanaraq eyni dərəcədə genişmiqyaslı və əlamətdar tədbirə evsahibliyi etməyi planlaşdırır. COP30 bu dövlətin Belen şəhərində keçiriləcək.
Rizvan CƏFƏROV,
"Azərbaycan"