“AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyənin İzmir, Çanaqqala şəhərləri və Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfər edib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, səfərlər qardaş türk dövlətləri ilə dağ-mədən sahəsində əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı investisiya potensialının genişləndirilməsi, geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı, tədqiqi, işlənilməsi və emalı sahəsində texniki təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunub.
Türkiyəyə səfər çərçivəsində “AzerGold” QSC-nin nümayəndələri “Tümad”, “Zenit”, “Bilfer” mədənlərində olublar. Görüşlər çərçivəsində iki ölkə arasında dağ-mədən sənayesində mövcud uğurlu əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, qarşılıqlı təcrübə və bilik mübadiləsi, eləcə də gələcək birgə layihələrin idarə olunması istiqamətində səmərəli müzakirələr aparılıb.
Nümayəndə heyəti daha sonra Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyinin dəvəti ilə Bişkek şəhərinə səfər edib. Səfər çərçivəsində nazir müavini Marat Jusufbekov və bu ölkənin aparıcı dağ-mədən şirkəti “Qırğızaltın” MMC-nin rəhbər şəxsləri ilə görüşlər keçirilib. “AzerGold” QSC-nin dağ-mədən sənayesindəki qabaqcıl təcrübəsi, qarşılıqlı əməkdaşlıq və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Qırğızıstanın “Unkurtaş”, “Sarıtyube” və “Karatyube” qızıl yataqlarının texniki-geoloji dəyərləndirilməsi, potensial investisiya imkanları, habelə geoloji tədqiqat və kadr hazırlığı sahəsində qarşılıqlı təlim və təcrübə mübadiləsi proqramlarının təşkili məsələləri diqqət mərkəzində olub. Qırğız tərəfi bu istiqamətdə “AzerGold” QSC ilə əməkdaşlığa xüsusi maraq göstərdiyini qeyd edib.
Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin uzun illər xarici şirkət tərəfindən istismar edilən, hazırda isə Qırğızıstana məxsus “Kumtor Gold” şirkəti tərəfindən idarə olunan “Kumtor” qızıl mədənində də olub. Burada nümayəndələr açıq karxana və yeraltı mədən üsulu ilə qızıl hasilatı prosesi ilə yaxından tanış olub, yerli mədənçıxarma təcrübəsini əyani surətdə müşahidə edib.
Qeyd edək ki, bu tip səfərlər “AzerGold” QSC-nin beynəlxalq əməkdaşlıq strategiyasının mühüm tərkib hissəsi olmaqla, regional əməkdaşlıq və inteqrasiyanın inkişafına töhfə verir. Səfər zamanı əldə olunan razılaşmalar və fikir mübadiləsi, tərəflər arasında gələcəkdə həyata keçiriləcək layihələrin səmərəli icrası üçün möhkəm zəmin yaradır.