10 Oktyabr 2025 08:00
1249
SİYASƏT
A- A+
Avropa güclülərlə əməkdaşlıq edir

Avropa güclülərlə əməkdaşlıq edir


Adətən böyük dövlətlər güclü və imkanlı dövlətlərlə əməkdaşlıq edirlər.

Güc ordu, imkan isə  təbii sərvətlərin növləri və miqdarı ilə ölçülür.

Əməkdaşlığın da iki növü var.

Özünü "böyük qardaş" adlandıraraq "kiçik qardaş"ların varidatını  "dostcasına" əlindən alıb əvəzində heç nə verməmək;

Bir də bərabər hüquqlar, bir-birinin maraqlarını təmin etmək və daxili işlərinə qarışmamaq şərtilə münasibətləri qurmaq.

Tale ya zəlzələdən, ya da vəlvələdən Azərbaycana  iki qonşu qismət edib:

Rusiya və Ermənistan.

Biri güclü, qüdrətli dövlət!

Digəri isə alət və vassal!

Tarixin müxtəlif dönəmlərində Azərbaycan öz qonşularından daim bəlalar görüb.

Çünki zəngin  karbohidrogen ehtiyatlarına, yeraltı və yerüstü sərvətlərə malik olub.

Rusiya öz qonşuları ilə daim "böyük qardaş" kimi davranmağa üstünlük verib.

İnqilab  edərək çarı devirən Rusiyaya yaşamaq və hakimiyyətdə qalmaq  üçün neft gərək idi.

* Çünki hələ o zaman azərbaycanlı Fərman Salmanov Tümen neftini  Rusiya üçün kəşf etməmişdi.

* Çünki hələ o zaman azərbaycanlı Sabit Orucov keçmiş SSRİ-nin (əslində, Rusiyanın) qaz sənayesini inkişaf etdirməmişdi.

* Çünki hələ o zaman azərbaycanlı general Kərim Kərimov Rusiyanın kosmik dövlətə çevrilməsinə öz payını verməmişdi.

Bütün bunlar sonra olacaqdı...

Odur ki, sovet Rusiyası  XI Qızıl  ordunu göndərərək  Azərbaycanı işğal etdi, Azərbaycan Xalq Cümhuriyyətinin  mövcudluğuna  son qoydu!

Elə həmin  vaxtdan da  Bakı  neftinin  əsl  sahibi və  sərəncamçısı Rusiya oldu!

Bakı nefti SSRİ-nin də Hitler Almaniyasına qarşı müharibədə qalib  gəlməsində mühüm rol  oynadı.

Lakin "ağalar" "rəiyyətlər"inin mal-mülkünə sahib çıxanda onlara "sağ ol"  söyləməyi də artıq hesab edirlər.

Moskva Bakıya adi bir "qəhrəman şəhər" adını da  artıq gördü...

***

Qırmızı imperiya laxlayaraq dağılanda Moskvanın əsas planlarından biri Azərbaycanın karbohidrogen ehtiyatlarını əldən buraxmamaq idi.

Odur ki, uğurla sınaqdan çıxardığı "Qarabağ kartı"na  yenidən əl atdı.

Hələ 1923-cü ildə Azərbaycan ərazisində basdırdığı DQMV adlı   "gecpartlayan bomba"nın fitilini alışdıraraq erməni separatizminin ayağa durmasına hər vasitə ilə kömək göstərdi.

Ermənistan ərazisindəki 102-ci bazasını erməni separatçılarının üzünə açdı.

Bununla ürəyi soyumadı, dəfələrlə Ermənistana  milyardlarla dollarlıq silah-sursat bağışladı.

Siyasi dəstək verdi, daim müdafiə etdi!

366-cı sovet motoatıcı alayının yaxından iştirakı ilə Xocalı soyqırımı törədildi.

* Ermənistan heç zaman bizdən təkbaşına torpaq ala bilməzdi!

* Ermənistan heç zaman təkbaşına bizim ərazilərimizi  27 il  işğalda saxlaya bilməzdi...

* Ermənistan heç zaman təkcə özünə güvənməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrini qulaqardına vura bilməz, ATƏT-in Minsk qrupu ilə məzələnməzdi.

* Azərbaycan dözdü!

* Azərbaycan gözlədi!

* Azərbaycan imkanlarını səfərbər edərək gücləndi!

* Azərbaycan XXI əsrin ən yeni müharibəsini apara biləcək yeni ordu yaratdı, onu ən müasir silahlarla silahlandırdı!

* Azərbaycan əlverişli məqam seçərək 44 gündə  erməni işğalına son qoydu,  düşməndən qisasını döyüş meydanında aldı!

* Azərbaycan öz gücünü və imkanlarını hərb cəbhəsində, informasiya müharibəsində və diplomatik  meydanda göstərdi!

Daha sonra bir-birinin ardınca unikal əməliyyatlar keçirərək ərazi bütövlüyünə nail oldu, dövlət suverenliyini və konstitusiya əsaslarını təmin etdi!

Ən əsası, Müzəffər Ali Baş Komandan İlham Əliyev Rusiya  sülhməramlı  kontingentini dinc yolla ölkəmizin ərazisindən çıxararaq Azərbaycanı bir nəfər separatçının və əcnəbi əsgərin olmadığı dövlətə çevirdi!

Bütün dünya bunları gördü və bildi!

Hətta bu gün ölkəmizə qonaq gələnlər belə Hərbi Qənimətlər Parkına getməklə Azərbaycanın Ermənistan ordusunu məhv edərək hansı günə saldığını  gözləri ilə görə bilərlər.

***

Xristian təəssübkeşliyi və ondan irəli gələn  ikili standartlar Avropanın obyektiv olmasına, Azərbaycanla bağlı ədalətli mövqe tutmasına imkan vermədi.

Əksinə, bizə qarşı zaman-zaman ikili mövqe sərgiləndi, ədalətsiz qərarlar qəbul edildi.

Hətta iş o yerə çatdı ki, AŞPA ölkəmizi səsvermə hüququndan  məhrum etmək niyyətinə düşdü.

Lakin Azərbaycan qürurlu bir dövlət olaraq özü AŞPA-da  fəaliyyətini qeyri-müəyyən dövrədək  dondurduğunu bəyan etdi.

Avropa İttifaqı isə sülh danışıqlarında vasitəçilik missiyası adı ilə  ermənipərəst  mövqe sərgilədi və buna görə Azərbaycan tərəfindən danışıqlardan kənarlaşdırıldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyev möhkəm iradə və qətiyyət  nümayiş etdirərək Azərbaycanın haqlı mövqeyindən bir addım belə geri çəkilmədi, ölkəmizin bütün maraqlarının təmin olunduğu Vaşinqton  görüşündə, dünyanın birnömrəli Prezidenti Donald Trampın iştirakı ilə sülh sənədlərini imzaladı.

Bundan sonra Avropanın və onun qurumları da daxil olmaqla dünyanın Azərbaycana münasibəti, sülhün bərqərar edilməsi yönündə göstərilən  fəaliyyətimizə verdiyi dəyər köklü şəkildə  dəyişdi.

***

Ötən otuz il ərzində Azərbaycan təkcə güclənərək ərazi bütövlüyünü bərpa etmədi, həm də siyasi  nüfuzunu və iqtisadi qüdrətini xeyli artırdı.

Bir-birindən möhtəşəm yeni layihələrin işə salınması təkcə Azərbaycana və onun qonşularına deyil, dünyanın digər dövlətlərinə də böyük faydalar gətirməkdədir.

* "Bakı-Tbilisi-Qars" dəmir yolunun işə salınması;

* "Şərq-Qərb" və "Şimal-Cənub"  nəqliyyat dəhlizlərinə həyat vəsiqəsi verilməsi;

* Ələt Beynəlxalq Dəniz Limanının fəaliyyətə başlaması və Azərbaycanın Xəzər dənizində ən böyük mülki donanma sahibinə, eyni zamanda beynəlxalq logistika mərkəzinə çevrilməsi;

* "Cənub qaz dəhlizi" layihəsi sayəsində ölkəmizin 8-i Avropa İttifaqı üzvü olmaqla bütövlükdə 14 dövlətə təbii qaz  ixrac etməsi;

* Orta dəhlizin  tezliklə tam gücü ilə işləməsi;

* Habelə yaxın gələcəkdə ölkəmizin Qara dənizin dibi ilə Avropaya  "yaşıl enerji" ixrac etməsi Azərbaycanın sanbalının və siyasi çəkisinin  mühüm göstəricilərindəndir.

***

Bütün bunların bir təsdiqi isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin yaxınlarda "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə Görüşündə ən hörmətli dövlət başçılarından biri kimi iştirakı və orada keçirdiyi görüşlər oldu.

Bəli, Avropa güclü dövlətlərlə dostluq və əməkdaşlıq etməyi sevir!

Azərbaycan isə təkcə güclü deyil, həm də qalib və imkanlıdır!

Dünyada gedən qloballaşma prosesi, xüsusən Rusiya-Ukrayna müharibəsi  bir çox reallığı dəyişib,  dövlətləri yeni dostlar və əməkdaşlar  axtarmağa vadar edib.

Bu müharibə getdikcə daha dağıdıcı xarakter alır, Rusiya bütün sülh çağırışlarına məhəl qoymayaraq sonadək getmək niyyətini gizlətmir.

Artıq Avropa dövlətləri öz təhlükəsizlikləri barədə ciddi düşünməli və tədbir görməli  olmuşlar.

Dalbadal Rusiyaya tətbiq edilən sanksiyaların hələlik elə bir ciddi təsiri olmasa da,  dövlətlər özlərinə yeni tərəfdaşlar  tapmaq məcburiyyətindədirlər.

Rusiya qazından imtina edən Avropa  dövlətləri Azərbaycanın simasında özlərinə etibarlı tərəfdaş  tapdıqlarını ucadan bəyan edirlər.

Həm müharibə səbəbindən Rusiyadan keçən yolun  təhlükəli olması,  həm də  Orta dəhlizin zaman və tarif baxımından sərfəli olması Azərbaycanın tərəfdaş kimi dəyərini get-gedə artırmaqdadır.

Bu gün Azərbaycanın  Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol kimsəyə sirr deyil.

Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyevin Danimarkada  olarkən dövlət başçıları və rəsmilərlə keçirdiyi görüşlər də aydın göstərir.

Ən önəmlisi bir də odur ki, bütün bu görüşlər qarşı tərəfin müraciətləri əsasında  baş tutmuşdur.

Cənab İlham Əliyevin Danimarkaya işgüzar səfəri çərçivəsində belə müraciətlər əsasında keçirilən görüşlərin bir qismini yenidən diqqətə çəkirik:

* Maya Sandu - Moldova Respublikasının Prezidenti;

* Antonio  Koşta - Avropa İttifaqı Şurasının prezidenti;

* Ursula fon der  Lyayen - Avropa Komissiyasının prezidenti;

* Ciorcia Meloni - İtaliya Respublikası Nazirlər Şurasının sədri;

* Nikol Paşinyan - Ermənistan Respublikasının Baş naziri;

* Volodimir Zelenski - Ukrayna  Prezidenti;

* Dik Sxof - Niderland Krallığının Baş naziri;

* Emmanuel Makron - Fransa Respublikasının Prezidenti.

Bütün bu görüşlər həm də cənab İlham Əliyevin qlobal nüfuzunun mühüm göstəricilərindən biridir.

***

Məşhur kəlamı bir daha xatırladırıq:

"O şey ki mövcuddur, onu qəbul etməmək olmaz, o özü-özünü qəbul etdirər".

Fransa da uzun müddət Azərbaycanla düşmənçilik etdi, Prezident E.Makron dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə müzakirələr keçirilməsinə cəhdlər göstərdi.

Doğrudur, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatına rəhbərliyi dövründə ölkəmizə qazandırdığı dost dövlətlər belə bir məsələnin hətta müzakirəyə çıxarılmasına imkan vermədilər, nəinki hər hansı bir qərəzli qərarın qəbuluna.

Ancaq Azərbaycan-Ermənistan müharibəsində dövlətimizin qazandığı hərbi qələbəni siyasi meydanda uğurla davam etdirməsi,  habelə dostluq və əməkdaşlıq etdiyi ölkələrə qarşılıqlı faydalar gətirməsi təsdiq olunmuş faktlardır.

Artıq Fransa Prezidenti  E.Makron da  görür ki, korafəhmliklə  öz dövlətinin maraqlarını arxa plana keçirməklə Ermənistanın maraqlarını müdafiə etməsi  ona hörmət və  dividend gətirməyən bir işdir.

Azərbaycan heç bir zaman  hansısa dövlətə əl açaraq  ondan yardım, kömək diləmir.

Necə deyərlər, daim əlidolu şəkildə və qarşılıqlı faydalar əsasında əməkdaşlıq təklif edir.

Həm də özünün reallaşdırdığı nəhəng layihələrlə, karbohidrogen ehtiyatları ilə.

Sabah isə bərpaolunan "yaşıl enerji"sini birbaşa Avropa bazarına çıxaracaqdır.

Bəli, Azərbaycan hadisələri də qabaqlamağı bacarır!

Ən əsası, Avropa rəsmiləri artıq əyani şəkildə əmin olurlar ki, təkcə Avropa Azərbaycana deyil, Azərbaycan da Avropaya gərəkdir, bu əməkdaşlıq dövlətlərə və onların xalqlarına yalnız rahatlıq və firavanlıq bəxş edir.



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

16:28
08 Noyabr

Şərəf, qürur və inam günü

16:26
08 Noyabr

Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb

16:03
08 Noyabr

ABŞ Suriya liderinin adını qlobal terrorçular siyahısından çıxardı

15:41
08 Noyabr

Nazir Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb 

15:21
08 Noyabr

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir YENİLƏNƏCƏK

15:17
08 Noyabr

Ərdoğan: Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılıb  

14:49
08 Noyabr

Müdafiə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin və şəhidlərin məzarlarını ziyarət ediblər  

14:48
08 Noyabr

Məhəmməd Şahbaz Şərif: Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin təntənəsi oldu  

14:47
08 Noyabr

Türkiyə Prezidenti Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirib

14:46
08 Noyabr

Pakistanın Baş naziri: Bu gün burada böyük vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm  

14:46
08 Noyabr

Ərdoğan: Qarabağın azad edilməsi, təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük qürur mənbəyidir 

14:45
08 Noyabr

Türkiyə Prezidenti: Zəfərimiz mübarək olsun

14:44
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

14:04
08 Noyabr

Prezident: Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik  

14:03
08 Noyabr

Azərbaycan Prezidenti: Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir  

14:02
08 Noyabr

Prezident: Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil

14:01
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

14:00
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür 

13:57
08 Noyabr

Prezident İlham Əliyev: Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana öz dəstəyini göstərirdi 

13:57
08 Noyabr

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!