13 Noyabr 2025 09:10
1654
Mədəniyyət
A- A+
Atası alman, anası rus, özü bakılı

Atası alman, anası rus, özü bakılı


Marksist jurnalistin kəşfiyyatçı taleyi 


Onu hamı "bizim bakılı Zorge" adlandırırdı. Faşizmə qarşı mübarizlərdən olan bu cəsur kəşfiyyatçı anadan olduğu doğma Bakı, Abşeron torpaqları ilə birgə xatırlanır. O, ömrünün başlanğıc nöqtəsi olan bu məkanı heç zaman unutmadığını yazılarında xüsusi qeyd edirdi. Bu il Rixard Zorgenin anadan olmasından 130 il ötür.


Sabunçudan başlayan ömür yolu 


Rixard Zorge 1895-ci il oktyabrın 4-də Sabunçu qəsəbəsində doğulmuşdu. Atası almanəsilli Vilhelm Zorge mühəndis idi. Bakıya neft mədənlərində işləmək üçün gəlmişdi. Rixardın anası Nina Semyonovna Kobeleva isə Bakı-Sabunçu-Qara Şəhər dəmir yolunda podratla işləyən rus fəhləsinin qızı idi. Abşeronda böyümüşdü. Rixard Zorge ailənin 5-ci övladı idi. Bir müddət Bakıda yaşayandan sonra ailə yenidən Almaniyaya köçmüşdür. 

Zorgelər kosmopolit ailə olmuşdur. Berlindəki həyatları standart alman ailələrindən xeyli fərqlənirdi. Rixardın böyük əmisi Fridrix Zorge o dövrün tanınmış ictimai-siyasi xadimləri olan Karl Marks və Fridrix Engels ilə dost idi. Rixardın babası Albert Zorge də fəal siyasi fəaliyyətlə məşğul olurdu. Ailənin bir çox təmsilçisi kommunizm ideallarına bağlı idi. Dünyanın gələcəyini, bəşəriyyətin xoşbəxtliyini bu ideologiyada görürdülər. Belə bir münasibət, təbii ki, kiçik Rixardın baxışlarına da öz təsirini göstərirdi.

1901-ci ildə məktəb yaşı çatanda Rixardı Berlin yaxınlığındakı realnı məktəbə qoyurlar. Bundan 10 il sonra atası dünyadan köçür. Məktəbdə buraxılış imtahanının vaxtı çatanda o, imtahanlarda iştirakdan imtina edir və 1914-cü ildə könüllü I Dünya müharibəsi cəbhəsinə yollanır. 1915-ci ildə yaralanır. Müalicə zamanı Berlin Universitetinin Tibb fakültəsinə daxil olur. Amma sağalandan sonra yenə cəbhəyə gedir. İkinci dəfə yaralanır. Müalicə dövründə təhsilini davam etdirir. Sağalandan sonra cəbhəyə qayıdır. 1916-cı ilin mart ayında Qərb cəbhəsində şiddətli döyüşlər zamanı daha ağır güllə yarası alır. Üç barmağı kəsilir, ayağının ikisi sınır. Bu zədələr üzündən ömrünün sonuna qədər axsayır. Əvəzində müharibədə göstərdiyi şücaətə görə Rixard Zorge Almaniya İmperiyasının II dərəcəli "Dəmir xaç" ordeninə layiq görülür.

1918-ci ildə ordudan tərxis olunur və öz istəyi ilə Kil Universitetinin Siyasi fakültəsində təhsil almağa başlayır. 1919-cu ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alan gənc Rixard həmin ilin oktyabrında Almaniya Kommunist Partiyasına qoşulur. Hamburqdakı kommunist təmayüllü qəzetdə çalışmağa başlayır. 1922-ci ildə Frankfurt-Mayna gəlir. Bir il bu şəhərdəki institutda dərs deyir. Burada "Roza Lüksemburq və kapital yığımı" adlı kitabçasını nəşr etdirir. 1924-cü ildə Almaniya Kommunist Partiyasının IX Qurultayının nümayəndəsi olur.


Moskva həyatı: jurnalist kəşfiyyatçı


Açıq şəkildə kommunizm ideyalarını müdafiə etməsi və Avropada ona qarşı təzyiqlərin artması nəticəsində Rixard Sovet İttifaqına gəlməyə qərar verir. 1924-cü ildə o, Moskvaya köçür. 1925-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul edilir. Mətbuatda Zorgenin imperializmə qarşı mübarizə ruhlu əsərləri dərc olunmağa başlayır. 

Xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunması bu insanın həyatında yeni və daha mühüm bir mərhələnin başlanğıcı olur. Moskvaya gəldikdən qısa müddət sonra Zorge beynəlxalq Kominternin Kəşfiyyat bölməsində işə götürülür. Jurnalist adı altında "Ramzay", "İnson", "Zonter" ləqəbləri ilə Avropanın müxtəlif ölkələrinə göndərilir. Zorge Avropada olan kommunist qruplarla əlaqələr yaratmalı və bu barədə mərkəzə müntəzəm şəkildə raport verməli idi.

1929-cu ildə Zorgeyə Qızıl Ordunun dördüncü bölməsində kəşfiyyat işi verilir və o, Böyük Britaniyaya göndərilir, daha sonra Almaniyaya gəlir, "Döyç Getrid Zeitunq" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərir.

1930-cu ildə Rixard Zorgenin həyatının Çin dövrü başlanır. Onu "Frankfurter Zeitunq" qəzetinin müxbiri kimi Şanxay şəhərinə göndərirlər. Çində olduğu müddətdə başqa bir sovet agenti Maks Klausenlə tanış olur. Zorge Klausenlə yanaşı, alman xəfiyyəsi Ursula Kaçinski və amerikalı jurnalist xanım Aqnas Smedli ilə də müntəzəm görüşlər keçirir. 

Ömürlüyünü vərəqləyəndə onun bütün xarici əməliyyatlara jurnalist adı ilə getdiyini görürük. Bu da səbəbsiz deyildi. Avropada fəaliyyət göstərən tanınmış qəzetlərin xarici ölkələr üzrə xüsusi müxbirləri XX əsrin 30-cu illərində o qədər də diqqətdə deyildilər. Onların xarici ölkələrin xüsusi xidmət orqanlarının əməkdaşları ola biləcəklərini çoxları fərq etmirdi. Zorge də bu nüansdan maksimal şəkildə faydalanmağa çalışırdı.

1933-cü ilin əvvəlində Moskvaya gələn Zorge burada Çinin kənd təsərrüfatı ilə bağlı kitab yazmağa başlayır. Amma R.Zorgenin həyat və fəaliyyətinin, demək olar, ən mühüm mərhələsi Yaponiyada fəaliyyət göstərdiyi illər sayılır. 1933-cü ildə onu yenə də jurnalist adı altında "gündoğar ölkə"yə yola salırlar. Məqsəd həmin ölkədə SSRİ üçün əhəmiyyətli olan kəşfiyyat məlumatlarının toplanması və ötürülməsi idi. Zorge Yaponiyada "Ramzay" kod adı altında fəaliyyət göstərir.


Çətin dövr: Yaponiya - 1933


1933-1934-cü illərdə Rixard Yaponiyada xəfiyyə şəbəkəsi yaradır. O, qurduğu şəbəkəni məharətlə idarə edirdi. Kəşfiyyatçının SSRİ rəhbərliyinə ötürdüyü məlumatların dəyəri o dövrün qarışıq hərbi-siyasi mənzərəsi fonunda misilsiz idi. Buna baxmayaraq, İosif Stalin Zorgeni həm sevmir, həm də ona inanmırdı. Bunun əsas səbəbi Zorgenin alman mənşəli olması idi. Ona görə də Stalin göndərilən məlumatları ciddi qəbul etmirdi. Cəsur kəşfiyyatçıya Moskvaya qayıtmağı da təklif edirdilər. Amma o dövrdə başlanmış repressiya dalğasından yaxşı xəbərdar olan Zorge bilirdi ki, qayıtsa, onun da taleyi güllələnmə ilə bitəcək. Ona görə də Yaponiyada qalıb sovetlər üçün işləməyi daha üstün tuturdu.

Zorgeyə inamsızlıq isə az sonra Stalinə çox baha başa gəlir. 1940-cı il sentyabrın 27-də kəşfiyyatçı Yaponiya, Almaniya və İtaliya arasında hərbi ittifaq haqqında üçtərəfli müqavilənin bağlanması haqqında məlumat verir. Noyabrın 18-də mərkəzə Almaniya tərəfindən təcavüz planının hazırlanmasına dair xəbər də ötürür. Dekabrın 28-də Hitlerin təcavüzkar niyyətləri barədə və Sovet İttifaqı ilə həmsərhəd rayonlardakı alman diviziyalarının sayı barədə dəqiq məlumatlar təqdim edir. 1941-ci ilin martında isə Hitlerin Sovet İttifaqına hücum planları barədə mərkəzi məlumatlandırır. Bundan bir neçə həftə sonra - mayın 21-də Almaniyanın Sovet İttifaqına qarşı topladığı orduların və diviziyaların sayı barədə səhih xəbər çatdırır. Hətta mayın 30-da Almaniyanın SSRİ-yə hücumunun dəqiq vaxtını xəbər verir. 

Stalin isə Zorgenin Almaniyanın hücum planı barədə göndərdiyi məxfi məlumatla tanış olanda onun ünvanına xoş olmayan ifadələr işlədir: "Məndən belə bir adama inanmağımı gözləyirsiniz?", - deyə qəzəblə ətrafındakılara sual etmişdi. Yalnız cəmi 2 günlük fərqlə Hitler Almaniyası "Barbarossa" əməliyyatına başlayanda Stalin Zorgeyə inanmamaqda nə qədər böyük yanlışa yol verdiyini anlayır. Bu inamsızlıq hücumun ilk mərhələlərində milyonlarla sovet əsgərinin hazırlıqsız olması ucbatından labüd ölümü ilə nəticələnmişdi.

R.Zorge hər dəfə məlumat ötürdükdən sonra mərkəzdən səbirsizliklə cavab gözləyirdi. Mərkəz isə susurdu. Nəhayət, iyunun 12-də cavab gəlir. Məlumatı oxuyan Zorge yerindən sıçrayıb başını tutur: "Onlar inanmırlar, şübhə edirlər... Kim şübhə edir? Amma mən öz borcumu verdim..." Fəaliyyətini dayandırmayan Zorge mərkəzə yeni bir məlumat göndərir: "Təkrar edirəm: 150 diviziyadan ibarət 9 ordu iyunun 22-də sovet sərhədinə hücum edəcəkdir! Ramzay". Bu sonuncu xəbərdarlıq iyunun 17-də ötürülür. İyunun 22-də isə faşist Almaniyası Sovet İttifaqına hücum edir.

Göndərilən məlumatların dəyəri o zaman SSRİ üçün çox önəmli idi. Üçüncü Reyx qüvvələrinin sürətlə irəlilədiyi bir dövrdə imperiyanın Uzaq Şərqdə olan hərbi birləşmələrinin qərb ərazilərində yerləşən cəbhə bölgələrinə transfer edilməsi ilə sovetlər əlavə güc qazanmış oldu. Konkret olaraq 18 diviziya, 1700 tank, 1500-dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən qərb cəbhələrinə köçürüldü. Həmin texnikanın və canlı qüvvənin xidmətindən 1941-ci il oktyabrın 2-də baş tutan Moskva uğrunda döyüşdə geniş istifadə edildi.

R.Zorgenin taleyi faciəli olmuşdur. Kəşfiyyatçı bunu hələ sağlığında ikən anlayırdı və bilirdi ki, ölümü əcəllə olmayacaq. 1941-ci ildə üçüncü Reyxin "Barbarossa" əməliyyatına start verməsi Zorgenin Yaponiyada fəaliyyət sahəsinin daralması ilə nəticələnmişdi. Yapon və onlarla birgə işləyən alman mütəxəssisləri ölkə ərazisində SSRİ-nin maraqları üçün xidmət göstərən böyük bir casus şəbəkəsinin mövcudluğu barədə məlumatlı idilər. Casus şəbəkəsinin ifşa olunması və xəfiyyələrin saxlanılması üçün gizli işlər aparılırdı. Nəhayət, başladılan əməliyyat qısa zamanda öz nəticəsini göstərir və Zorgenin xəfiyyəsi Hotsumi Ozaki 1941-ci il oktyabrın 14-də həbs olunur. Həbsdən dərhal sonra Ozakinin dindirilməsi başlayır və bununla da Yaponiyada fəaliyyət göstərən böyük bir sovet casusluq şəbəkəsi ortaya çıxarılır. 4 gün sonra Rixard Zorge 1941-ci il oktyabrın 18-də Tokioda həbs edilir.

Zorgenin sovet casusu olduğu müəyyənləşəndən sonra Yaponiyada yerləşən alman səfirliyinin əməkdaşları və səfir başda olmaqla bir çox adam çaşqınlıq keçirir. Kəşfiyyatçı Zorge hər zaman özünü alovlu nasist kimi göstərmiş və Yaponiyada reyx üçün mühüm olan şəxslərin etimadını qazanmışdı.

Barəsində həbs qərarı çıxarılan Zorge Suqamo həbsxanasına göndərilir. Ağır işgəncələr altında o, xəfiyyə olduğunu etiraf etsə də, SSRİ üçün işlədiyini inkar edir. Həmin zaman Yaponiya SSRİ-yə müraciət göndərir: sovetlərin əllərində olan yapon casuslarını Zorge ilə dəyişməyə hazır olduqlarını bildirirlər. SSRİ tərəfindən verilən cavabda isə Rixard Zorge adlı birinin onlara məlum olmadığı göstərilir.

Beləliklə, 1943-cü il sentyabrın 29-da Tokio məhkəməsi Zorgeyə ölüm hökmü çıxarır. Edam qərarı 1944-cü il noyabrın 7-də icra olunur. Zorgenin xidmətləri yalnız 20 il sonra öz layiqli qiymətini alır. 1964-cü il noyabrın 5-də ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilir.


İradə ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!