04 Oktyabr 2022 01:12
884
SİYASƏT
A- A+

Zəfərin zərif gücü

 

"Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bombalar altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var".
Üç il əvvəl, 2019-cu il aprelin 3-də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fond tərəfindən yüksəktexnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşü zamanı söyləmişdi bu fikirləri. 
Mehriban Əliyeva həm də şanlı Aprel qələbəmizin qazanılmasında böyük şücaət göstərən qazilərimizə hər zaman dəstək olacağını söyləmiş, "Hər bir problemin həllini şəxsən özüm diqqətdə saxlayacağam. Mən mümkün olan köməyi ən yüksək səviyyədə göstərəcəyəm", - deyə vurğulamışdı. 
Birinci xanım bu sözlərlə vətənimiz uğrunda canları-qanları bahasına düşmənlə savaşaraq yaralanan hərbçilərimizin daim şəxsi diqqətdə saxlanılacağının, onların sağlamlıqları, həyat şəraitləri ilə bağlı bütün işlərin yüksək səviyyədə həll ediləcəyinin ismarıcını vermişdi. 
Azərbaycan dövlətinin rifahı, xalqımızın daha firavan həyatı naminə çoxşaxəli uğurlu fəaliyyət göstərən Mehriban Əliyeva hər zaman əhalinin həssas təbəqəsinin problemlərinin həllini prioriteti hesab edib. Birinci xanım xüsusilə də şəhid ailələrinə və qazilərə daim yüksək qayğı və diqqət göstərib, onların müalicəsi, sağlamlıqlarının bərpası, işlə, evlə təminatı məsələləri istiqamətində mühüm fəaliyyətlər həyata keçirib. 

 

Haqq davamız uğrunda yorulmadan savaşdı

 

2020-ci il sentyabrın 27-də Vətən uğrunda çıxdığımız Zəfər yürüşünün 44 günündə də Mehriban Əliyeva dövlət xadimi, bir vətəndaş, hər şeydən də öncə bir ana kimi daim ordumuza, xalqımıza dayaq, dəstək nümayiş etdirdi. 
Hər zaman olduğu kimi, həmin günlərdə də Mehriban xanım haqq davamızın beynəlxalq aləmə çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi, faşist xislətli düşmənin hərb meydanında qəhrəman oğullarımızın qarşısından qaçaraq silahını mülki əhalimizə qarşı tuşlamasını, cəbhə bölgəsindən kilometrlərlə uzaqda yerləşən şəhər və kəndlərimizi raket atəşinə tutaraq terror törətməsini beynəlxalq aləmə çatdırdı. 
Azərbaycanın Birinci vitse-prezidenti 17 oktyabr 2020-ci ildə Ermənistanın Gəncə terroru ilə bağlı instaqram hesabındakı paylaşımında da bir daha düşmənin mülki əhalimizə qarşı cinayətlərinə diqqət çəkmiş, xüsusilə vurğulamışdı ki, "Bu gecə Gəncəyə xaincəsinə edilən hücum təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında total acizliyinin təzahürüdür".

 

"Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm"

 

Vətən müharibəsində bütün cəbhələrdə göstərdiyimiz birliyimiz, gücümüz sayəsində rəşadətli ordumuz müharibənin elə ilk günlərindən "dəmir yumruğ"a çevrilərək düşmənin başını əzməyə başlamışdı. Ön səngərdən arxa cəbhəyə qanadlanan qalibiyyət xəbərlərinin ardı-arası kəsilmirdi, işğal altındakı torpaqlarımız addım-addım düşmən tapdağından azad edilirdi. 
Amma müharibə qansız-qadasız olmur. Biz həm də cəbhədən yaralılarımızın, şəhidlərimizin ağrı-acılı xəbərlərini alırdıq. 
Vətən sınağında keçdiyimiz həmin çətin günlərdə Mehriban xanım daim xalqımızın yanında idi, onlarla birgə sevinib, birgə kədərlənirdi. O ağır günlərdə Mehriban xanım şəhid analarına, bacılarına, həyat yoldaşlarına, övladlarına  ən böyük dayaq, dəstək, təsəlli ünvanı idi... 
"Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm". Bu isə 2020-ci il dekabrın 4-də Mehriban xanımın şəhid anaların dərdinə şərik olmasının, kədərlərini bölüşməsinin daha bir kövrək ifadəsidir...
Bu, həm də Mehriban xanım üçün Vətənin bütövlüyü uğrunda canından keçən oğulların ən yüksək ada, onları böyüdən valideynlərin isə ən yüksək dəyərə, qayğıya layiq olduğunun bariz göstəricisidir... 

 

Şəhid ailələri və qazilər Mehriban Əliyevanın diqqəti və qayğısı ilə əhatə olunublar

 

Parlaq zəfərlə sonlandırdığımız Vətən müharibəsinin üzərindən cəmi bir neçə gün keçdikdən sonra, 2020-ci il noyabrın 11-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva haqq davamızın qəhrəman savaşçıları olan yaralı döyüşçülərimizin görüşünə getdilər. Həmin gün dövlətin ən ali kürsüsündə əyləşən mötəbər şəxslərin onların görüşlərinə gələrək dayaq-dəstək durmaları yaralı hərbiçilərimizə böyük ruh verdi. Vətəni qoruyan oğullarımız arxalarında dağ kimi dövlətlərinin, onun qayğıkeş rəhbərlərinin olması ilə bir daha qürur duydular. 
Görüş zamanı Mehriban xanımın qəhərlənməsi, kövrəlməsi, gözlərinin yaşarması da o günün gözlərimizin önündən getməyən təsirli səhnələrindəndir. 
Vətən müharibəsinin üzərindən ötən iki illik zaman ərzində də şəhid ailələri və qazilərimiz Mehriban xanım Əliyevanın şəxsi diqqəti və qayğısı ilə əhatə olunublar. 
Xatırladaq ki, Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksəktexnologiyalı protezlərlə təmin edilməsi" layihəsini həyata keçirib. Ötən müddət ərzində yüzlərlə zabit və əsgər yüksəktexnologiyalı protezlərlə təmin olunub. 
Eləcə də Vətən müharibəsində şəhid və qazi olanların ailələrinə hərtərəfli kömək göstərilir. Yaralılar yüksəktexnologiyalı protezlərlə təmin olunur, dünyanın ən nüfuzlu xəstəxanalarına müalicəyə göndərilir. Bir sözlə, bu kateqoriyadan olan insanlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür. 

 

Mehriban Əliyevanın rəhbərliyi ilə...

 

İkinci Qarabağ müharibəsi parlaq zəfərlə yekunlaşandan dərhal sonra Azərbaycan dövləti  işğaldan azad edilən bütün tarixi ərazilərimizdə sürətli quruculuq-bərpa işlərinə start verdi. 
Heydər Əliyev Fondu da Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, məcburi köçkünlərimizin öz doğma yurdlarına tez bir zamanda qayıdışı üçün görülən işlərə dəstək verir, xüsusilə də tarixi, dini və mədəni irsimizin bərpası istiqamətində mühüm fəaliyyət göstərir. 
Bununla əlaqədar müjdəni isə xalqımıza hələ 2020-ci il dekabrın 8-də Birinci vitse-prezident rəsmi instaqram səhifəsindəki paylaşımından duydurmuş, Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmişdi. 
Mehriban xanım bəyan etmişdi ki, həyata keçiriləcək layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır.
Hazırda Heydər Əliyev Fondu tərəfindən işğaldan azad edilən bölgələrimizdəki bütün tarixi, mədəni, dini abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılır, Azərbaycan xalqının zəngin xəzinəsi kimi gələcək nəsillərə ötürülür.
Heydər Əliyev Fondunun Şuşada gerçəkləşdirdiyi quruculuq və bərpa işləri ilə bağlı Prezident İlham Əliyev 16 mart 2021-ci ildə mədəniyyət paytaxtımıza səfəri zamanı söyləmişdi ki, Heydər Əliyev Fondu şəhərin bərpasına öz sanballı töhfələrini verəcəkdir: "Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq işlərə start verilib. Bunu, həmçinin Molla Pənah Vaqifin büstünün bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına icra edəcək, Heydər Əliyev Fonduna xas olan zövqlə, Mehriban xanımın rəhbərliyi ilə..."
Heydər Əliyev Fondu böyük məsuliyyətlə üzərinə götürdüyü bu işi müvəffəqiyyətlə reallaşdıraraq məqbərəni ötən il avqustun 29-da fərəhlə təhvil verib, eyni zamanda Vaqifin büstünün bərpası layihəsini icra edib. Fondun dəstəyi ilə Üzeyir  bəy Hacıbəylinin bürüncdən hazırlanan heykəli Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb.
Dini mirasımızın bərpasını da üzərinə götürən Heydər Əliyev Fondu bu istiqamətdə xeyli işlər reallaşdırır. Şuşada Yuxarı Gövhər ağa, Saatlı və Aşağı Gövhər ağa məscidlərinin bərpası ilə bağlı işlər aparılır. 
Yeri gəlmişkən, Ağdam Cümə məscidinin bərpası ilə bağlı işlərə də start verilib.
Mədəniyyət paytaxtımızda bərpası həyata keçirilən binalardan biri də milli memarlıq ənənələrini özündə əks etdirən Şirin su hamamıdır. Məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə Şuşada yaşadığı ev də yenidən qurulur. Şuşadakı mühüm mədəni-tarixi memarlıq abidələrindən olan Mehmandarovların malikanə kompleksində də tikinti işləri aparılır.

 

Böyük qayıdışa misilsiz töhfə 

 

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan məscidlərin, dini, mədəni abidələrin bərpası ilə yanaşı, həm də bu bölgəmizdə tarixən var olan mədəni ənənələrimizi də dirçəldir.
32 ildən sonra, 2021-ci il mayın 12-13-də Şuşada, Cıdır düzündə fond tərəfindən təşkil olunan "Xarıbülbül" Musiqi Festivalı, həmin ilin avqustun 30-da illərdən sonra yenidən Şuşada təşkil olunan Vaqif Poeziya Günlərinin keçirilməsi və sair kimi mühüm tədbirlər bunun əyani təzahürüdür. 
Bütövlükdə, Heydər Əliyev Fondunun işğaldan azad edilən yurdlarımızda həyata keçirdiyi quruculuq və bərpa işləri dədə-baba torpaqlarından didərgin düşən yüzminlərlə vətəndaşımızın doğma kənd və şəhərlərinə Böyük qayıdışına misilsiz töhfədir. 
Necə ki, elə Zəfər ilimizin 8 dekabrında Birinci vitse-prezident Mehriban Əliyeva əminliklə bəyan etmişdi: "Prezident İlham Əliyevin rəhbərliyilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar".

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video