12 Yanvar 2022 00:25
962
SİYASƏT

Zəfərin yolları

 

Qarabağ və Şərqi Zəngəzurda 13 layihə üzrə 752 kilometr yeni yol çəkilir

 

Azərbaycanda 2021-ci ilin əsas uğurlarından biri işğaldan azad edilmiş ərazilərdə başlanan bərpa və quruculuq işlərinin sürətlə davam etdirilməsi oldu. Ötən ilin mənzərəsi göstərir ki, Prezident İlham Əliyevin xüsusi nəzarəti altında görülən yenidənqurma işlərinin miqyası olduqca əhatəlidir. Artıq bir neçə şəhərin baş planı təsdiq olunub, yeni yaşayış məhəllələrinin, inzibati binaların təməli qoyulub. Zəngilan rayonunun Ağalı kəndində görülən işlər də göstərir ki, yurd yerlərimiz sürətlə bərpa edilir.

 

Qələbənin simvoluna çevrilən yol

 

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin əsas istiqaməti yeni infrastrukturların yaradılması ilə bağlıdır. Çünki Qarabağa və Şərqi Zəngəzura qayıdış üçün ilk növbədə yollar çəkilməli, bu ərazilər istilik enerjisi və su ilə təmin olunmalıdır. 30 ilə yaxın işğal dövründə Ermənistan bu ərazilərdə vaxtilə yaradılmış infrastrukturdan əsər-əlamət qoymamışdı. Hazırda həyata keçirilən infrastruktur layihələrinin böyük bir qismi yeni yolların çəkilməsi ilə bağlıdır.

Qarabağda ilk yeni yolu isə Vətən müharibəsi günlərində Şuşaya doğru irəliləyən qəhrəman hərbçilərimiz salmışdılar. Onlar qədim yurd yerimiz Şuşanı azad etmək üçün ermənilərin gözləmədiyi mövqelərdən hücuma keçmiş, bunun üçün dağlardan, dərələrdən keçmişdilər. Onların saldıqları cığırlardan indi Şuşaya doğru 101 kilometrlik Zəfər yolu uzanır.…

Qeyd edək ki, Zəfər yolu həm də işğaldan azad edilmiş ərazilərdə başa çatdırılan ilk infrastruktur layihələrindən biridir. Yolun təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın ötən il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli rayonuna səfəri zamanı qoyulmuşdu. Həmin gün yeni yolun təməlinin qoyulması münasibətilə xalqımızı təbrik edən Prezident İlham Əliyev demişdi: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”.

Ordumuzun Şuşa şəhərini düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan bu avtomobil yolunun inşası dövlət başçısının daimi nəzarəti altında idi. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihənin icrası ilin bütün fəsillərində çətin relyef şəraitində, sərt qayalar yarılaraq həyata keçirildi. Vətən müharibəsində qələbənin birinci ildönümü ərəfəsində - 2021-ci il noyabrın 7-də yolun açılışı oldu. Bu yolun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Qısa vaxtda icra olunan və dünyada analoqu olmayan bu layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik “Zəfər yolu” Füzuli, Xocavənd, Xocalı rayonlarının ərazisindən keçməklə Şuşa şəhərinə qədər uzanır, qeyd edilən rayonların onlarca yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksəksəviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.

 

İlk icrasına başlanılan layihə

 

İşğaldan azad olunmuş ərazilərdə ilk icrasına başlanan layihə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yolunun yenidənqurulması oldu.  Strateji mövqedə yerləşən Suqovuşan Vətən müharibəsində işğaldan azad edilən ilk iri yaşayış məntəqələrindən biridir. Prezident İlham Əliyev 2020-ci il oktyabrın 3-də özünün rəsmi “Tviter” səhifəsində Suqovuşanın azad olunduğunu bəyan etdi. Həmin gün Tərtərin Talış kəndi də işğaldan azad edildi.

Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının bərpası onların azad edilməsindən dərhal sonra başladı. Prezident İlham Əliyevin tapşırığı ilə hələ döyüşlərin davam etdiyi günlərdə yeni yolun çəkilişinə start verildi. Suqovuşan və Talışın işğaldan azad edilməsinin birinci ildönümündə, 2021-ci il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə  yeni avtomobil yolunun açılışı oldu. Ümumi uzunluğu 28,5 kilometr, eni 9 metr olan yol 2 hərəkət zolağından ibarətdir. Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan yol 21, Suqovuşandan Talış kəndinə doğru uzanan yol isə 7,5 kilometrdir. Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Yolboyu layihə üzrə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb.

Xatırladaq ki, Suqovuşana və Talışa gedən avtomobil yolu ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilmişdi. Bu yol uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmışdı.

Bu avtomobil yolu Naftalan şəhərinədək uzadılır. Ötən il oktyabrın 3-də Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoydu. Talış kəndindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin etməklə bərabər, bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək. Bu yolun istifadəyə verilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq. Yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.

 

Əhmədbəyli-Füzuli-Şuşa yolu

 

Qarabağ və Şərqi Zəngəzurda digər yol layihələri də icra olunmaqdadır. Bunlardan biri 81,6 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoludur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən olan və  Prezident İlham Əliyevin ötən il yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən bu avtomobil yolunun ilk 48 kilometri 6, 48-81.6 kilometr arası isə 4 hərəkət zolağından ibarət olacaq.

Birinci texniki dərəcəli olan bu yol boyu 7 tunelin tikintisi aparılır.  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundan ayrılan və məşhur  “İsa bulağı”nadək inşa olunacaq yol üzərində də tunelin tikinti işləri davam edir.

 

Füzuli-Hadrut yolu

 

Ötən il martın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında oldular. Qeyd edək ki, bu, dövlət başçısının işğaldan azad edilmiş ərazilərə 2021-ci il ərzində sayca üçüncü səfəri idi.

Füzuli-Hadrut yolunun da təməli həmin gün qoyuldu. “Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir”, - deyə Prezident İlham Əliyev təməlqoyma mərasimində bildirdi.

Bu yol başlanğıcını “Zəfər yolu”ndan götürür və inşa edilməkdə olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri də inşa edilir. Bu yol Füzuli və Xocavənd rayonlarının ərazisini əhatə edir.

 

Hadrut-Cəbrayıl-Şükürbəyli yolu

 

Hadrut-Cəbrayıl-Şükürbəyli  yolunun da təməli 2021-ci il martın 15-də qoyulub. Təməlqoyma  mərasimindən dərhal sonra layihənin icrasına start verilib. Başlanğıcını Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 43 kilometrdir.

Hadrut-Cəbrayıl-Şükürbəyli  avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Yol işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

 

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu

 

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli ötən il aprelin 26-da qoyulub. Bu yol Zəngəzur dəhlizinin bir hissəsi olaraq mühüm strateji əhəmiyyət daşıyır.

Strateji əhəmiyyətə malik avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Avtomobil yolunun uzunluğu 123,8 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən, Əhmədbəyli-Horadiz-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 6 və 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 kilometrlik hissəsinin 3 gediş-3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsi isə 2 gediş-2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Bu yol Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir. Hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür. Layihəyə  uyğun olaraq yol boyunca 3 avtomobil tunelinin, 23 avtomobil körpüsünün, 8 yol ötürücüsünün, 50 yeraltı, 5 yerüstü keçidin inşası nəzərdə tutulur.

 

Bərdə-Ağdam yolu

 

Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də - Prezident İlham Əliyevin Ağdama səfəri zamanı qoyulub. Bu layihə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir.

Prezident İlham Əliyevin tapşırığına əsasən 44.5 kilometrlik bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək. Birinci texniki dərəcəli avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 8 nöqtədə geriyə dönmə hissələrinin yaradılması, 24 yerdə isə avtobus dayanacaqlarının inşası həyata keçiriləcək.

 

Toğanalı-Kəlbəcər-İstisu yolu

 

Ötən il Kəlbəcər və Laçın rayonlarında da avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Toğanalı-Kəlbəcər-İstisu yolu hazırda Kəlbəcər istiqamətində icra olunan mühüm yol layihələrindən biridir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80.7 kilometr təşkil edir. Gələcək inkişaf planı nəzərə alınmaqla bu yol 2-4 hərəkət zolaqlı və birinci və ikinci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin ikinci texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulur. Tunel və körpü olan hissələrdə isə birinci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır.

Layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3250 metrə qədər artır. Burada mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bu ərazilərdə inşa ediləcək dolaylara əlavə özül əsaslı istinad divarları tikilsə belə qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bölgədə sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə tikinti texnikalarının hərəkət qabiliyyəti də məhdudlaşır. Mövcud yoldan istifadə edərkən Murovdağ zirvəsindən enişdə də eyni çətinliklər yaranır. Yolda maillik 16-28 faiz arası dəyişir. Əgər yol 7 faiz mailliklə tikilsə, mövcud 16.5 kilometrlik yolun uzunluğunun dolaylarla daha 15 kilometr uzadılması tələb olunur. Bu üzdən çətin relyefə malik ərazidə 31.5 kilometrlik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11.7 kilometrlik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

 

Kəlbəcər-Laçın yolu

 

Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,3 kilometr olacaq. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.  Prezident İlham Əliyev avqustun 17-də Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyub.

Xatırladaq ki, 2021-ci il iyulun 28-də Prezident İlham Əliyev “Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən ilkin olaraq 10 milyon manat ayrılıb.

 

Xudafərin-Qubadlı-Laçın yolu

 

İşğaldan azad olunmuş ərazilərdə Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları da yenidən qurulur. Başlanğıcını Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 kilometr təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 kilometr olan yeni avtomobil yolunun da inşası icra olunur. Qeyd edilən yolların ümumi uzunluğu 70.4 kilometrdir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur. İşğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan bu yolun artıq asfaltlanması işlərinə start verilib.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

 

Qubadlı-Eyvazlı yolu

 

Qubadlı-Eyvazlı avtomobil yolu da işğaldan azad edilmiş rayon və kəndlərin inkişafında böyük rol oynayacaq. Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 28,5 kilometrdir. Yolun 8 kilometrlik hissəsində torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri artıq başa çatıb.

Hazırda Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən və çətin relyefə malik ərazidən keçən avtomobil yolunun layihə eninin alınması üçün qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri davam etdirilir.

Xüsusi texnikalardan istifadə olunmaqla icra olunan işlər zamanı yol genişləndirilərək profilə salınır və dördüncü texniki dərəcəyə uyğun torpaq yatağı inşa edilir. Qubadlı-Eyvazlı avtomobil yolu işğaldan azad edilmiş Qubadlı şəhəri daxil olmaqla, Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu və Eyvazlı kəndlərinin ərazisindən keçir.

 

Füzuli-Ağdam yolu

 

Ağdamla Füzuli arasında da yeni yol çəkilir. Yolun təməli ötən il oktyabrın 17-də Füzulinin işğaldan azad edilməsinin birinci ildönümündə qoyulub. Uzunluğu 64,8 kilometr, eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olacaq. Layihəyə uyğun olaraq yolboyu körpülərin, avtobus dayanacaqlarının və digər yol infrastrukturunun inşası nəzərdə tutulub. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri davam edir. Görünən odur ki, cəmi bir neçə ildən sonra Qarabağ və Şərqi Zəngəzurda ən mükəmməl avtomobil yolları şəbəkəsi formalaşacaq.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video