26 Iyun 2022 02:26
644
CƏMİYYƏT
A- A+

Zəfərin qəhrəmanlarından biri

 

Yeni ərazilər zəbt etmək iddiası ilə Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistan silahlı qüvvələri ilyarım əvvəl 44 günlük Vətən müharibəsində ordumuz tərəfindən biabırcasına məğlubiyyətə uğradıldı. Qarabağın döyünən ürəyi qədim Şuşa şəhəri erməni quldur birləşmələrindən azad edilən gün - 8 noyabr 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində zəfər qələbəsinin səsi-sorağı bütün dünyaya yayıldı.

44 gün davam edən Vətən müharibəsində dünya hərb tarixinə yeni şanlı səhifələr yazıldı, 5 min kvadratmetrədək ərazi, 5 rayon, 2 şəhər tipli qəsəbə, 300-dək kənd düşməndən təmizləndi. Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında Ermənistanın işğalçı ordusunu sarsıdaraq, hərbi texnikasının 80 faizini və onun saxta "yenilməzlik mifi"ni məhv etdi.

Bu qələbənin qazanılmasında Azərbaycan Ordusunun zabit və əsgərlərinin, könüllülərin, şəhid və qazilərimizin qəhrəmanlığı böyük ehtirama layiqdir. Müharibənin əsas qəhrəmanlarından biri də Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan, Bakıda II Fəxri xiyabanda əbədiyyətə qovuşan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Həmid Abbasbəylidir.

Həmid Cavanşir oğlu Abbasbəyli 17 noyabr 1991-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya göz açıb.

Ailədə iki uşaq olublar. Həmid evin böyüyü, Ağası kiçiyi idi. Həmid birinci sinfə Bakıda, Binəqədi rayonu, Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə gedib. Ailə vəziyyəti ilə əlaqədar 2002-ci ilin noyabr ayında o, anası və qardaşı ilə birgə Şəki şəhərinə köçüb, Şəki şəhər 18 saylı orta məktəbdə təhsilini davam etdirib. Məktəb illərindən idmanın güləş növünə və hərbçi peşəsinə meyilli, dərs əlaçısı və ictimai fəal kimi müəllimlərinin sevimlisi olub.

Şəki şəhər 18 nömrəli tam orta məktəbin müəllimi Xatirə Qədirova deyir: "Həmid Abbasbəyli mənim ağıllı və tərbiyəli şagirdlərimdən biri idi. O, öz biliyi və mədəniyyəti ilə məktəb yoldaşlarının və müəllimlərin sevimlisi olmuşdu. Onun elə bir duruşu, görkəmi var idi ki, ona deyirdim, sən böyüyəndə əsl hərbçi ola bilərsən. O, özü də hərbçi olmağa böyük həvəs göstərirdi. Həmidin vətənpərvərliyi, xalqına, millətinə olan sevgisi ona bu yolda güc verirdi. O, öz məqsədinə çatdı və hərbçi oldu. Bu gün məktəbimizin kollektivi və mən onunla fəxr edirik".

Hərb sənətinə marağı Həmidi arzusunda olduğu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirib. O, 2003-2006-cı illərdə təhsilini böyük həvəslə bu təhsil ocağında davam etdirib. Liseyi müvəffəqiyyətlə başa vurduqdan sonra sənədlərini Heydər Əliyev adına Ali Hərbi Məktəbə vermişdir.

2010-cu ildə Ali Hərbi Məktəbi uğurla bitirən Həmid Abbasbəyli marağında olduğu hərbin ən incə sirlərini mənimsəmişdi, dörd xarici dil bilirdi. İdman uğurlarına görə dəfələrlə fəxri fərman və medallara layiq görülmüşdü. Bu potensialla Həmid Abbasbəyli Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayıb. Həmişə peşə qüruru ilə bildirirdi ki, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. Onun komandanlığı altında döyüşən əsgərlər deyirlər ki, döyüş tapşırıqlarında onun qrupuna düşən əsgərlər heç vaxt narahatlıq keçirmirdilər. Bilirdilər ki, Həmid bacarıqlıdır, təcrübəlidir, şəxsi heyəti sağ aparıb, sağ da gətirəcək. Mərmi yağışı altında qorxmadan əsgərlərinə "İrəli!" əmri verib özü hamıdan öndə gedirdi.

Həmidin döyüş yolu haqqında danışılanlardan qardaşı Ağası, anası Gülnarə xanım və yaxınları qürur hissi keçirirlər. Ağası qardaşından iki il sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı olub. O, deyir: "Müəllimlərim Həmidin kiçik qardaşı olduğumu biləndə onun haqqında ağızdolusu danışırdılar, ürəyim qürur hissi ilə dolurdu. Hamı mənə Həmid kimi təmkinli, savadlı, bacarıqlı və vətənpərvər olmağı tövsiyə edirdi. O vaxt da, indi də qardaşımın həyat yolundan, vətən qarşısında xidmətlərindən qürur duymuşam".

Baş leytenant Həmid Abbasbəyli 2016-2017-ci illərdə Türkiyədə, 2017-2018-ci illərdə isə Çində xüsusi təlim kurslarını birincilər sırasında başa vurub, digər ölkə nümayəndələri arasında fərqlənib. 2020-ci il iyunun 24-də Moskva şəhərində, Qırmızı meydanda keçirilən Böyük Vətən müharibəsində Qələbənin 75-ci illiyinə həsr edilmiş irimiqyaslı paradda 75 hərbçi ilə Azərbaycan Ordusunu təmsil edənlər sırasında olub. "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" medalı ilə təltif edilib. Bundan iki gün sonra, iyunun 26-da igid döyüşçü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında təntənəli hərbi paradda Xüsüsi Təyinatlı Qüvvələrin tərkibində olub.

Baş leytenant Həmid Abbasbəyli 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin ilk günündən ön cəbhədə olmuş, ən mürəkkəb döyüş əməliyyatlarında iştirak etmişdir. Füzuli, Hadrut və Cəbrayılın, eləcə də Ərgünəş yüksəkliyinin və Laçın dəhlizinə nəzarəti təmin edən ərazilərin alınmasında fəallıq göstərmişdir. Baş leytenant qızğın döyüşlər zamanı minaya düşərək ayağından ciddi yara alsa da, ilkin tibbi yardımdan sonra səngərə qayıdaraq vəzifə borcunu davam etdirmişdir. Qrup rəhbəri kimi fövqəladə qəhrəmanlıqlar göstərərək düşmənin 500-dən artıq canlı qüvvəsinin məhv edilməsinə və xeyli sayda hərbi texnikasının qənimət kimi götürülməsinə nail olmuşdur.

Çox təəssüf ki, Laçın dəhlizi Həmid üçün ölüm-dirim mübarizəsinin sonu olur. O, oktyabrın 19-dan 20-nə keçən gecə şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlir. Nəşi üç gün neytral ərazidə qalır. Şəhidin cənazəsi oktyabrın 24-də Bakıya, Xətai rayonuna gətirilir, rayon icra hakimiyyətinin, Xüsusi Təyinatlı Qüvvələrin, habelə respublika Müdafiə Nazirliyi nümayəndələrinin iştirakı ilə böyük izdiham və avtomobil karvanının müşayiəti ilə İkinci Fəxri xiyabanda yaylım atəşinin sədaları altında təntənəli şəkildə torpağa tapşırılır.

Xüsusi Təyinatlıların baş leytenantı Həmid Abbasbəyli Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik göstərdiyinə, xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərdlik və qətiyyət nümayiş etdirdiyinə, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamına əsasən "Qarabağ" ordeni ilə təltif edilib.

Həmid Abbasbəyli ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalına layiq görülüb.

Dövlət başçısının digər sərəncamları ilə şəhid Həmid Abbasbəyli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.

44 günlük Vətən müharibəsində tarixi qələbənin qazanılmasında böyük xidmətləri olan şəhid Həmid Abbasbəylinin xatirəsi dövlətimiz və ictimaiyyət tərəfindən həmişə əziz tutulur. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən baş leytenantın yaşadığı ünvana xatirə lövhəsi vurulub, binanın qarşısında şəhid bulağı inşa edilib, ətrafına yaşıllıq salınıb. Rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüşçü yoldaşları, oxuduğu məktəbin müəllim və şagirdləri tarixi günlərdə, həmçinin bayramlarda bu ünvana gəlir, habelə II Fəxri xiyabana gedərək igid döyüşçünü ehtiramla xatırlayırlar.

 

Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video