BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yekunlaşmaq üzrə olsa da, "yaşıl zona" insanlarla dolu idi. Burada 196 ölkədən gəlmiş müxtəlif irqli, müxtəlif dilli, müxtəlif xarakterli insan qələbəliyi vardı. Bir yanda panel müzakirələr gedir, o biri yanda əyləncəli-musiqili proqram nümayiş olunur, başqa bir tərəfdə hansısa ölkənin nümayəndəsi mətbuata müsahibə verirdi. Sakit bir guşədə oturub kitab oxuyan, yaxud telefonla danışanlar da az deyildi.
Səssiz bir guşədə oturub əlindəki kağıza nə isə yazan bir xanımdan təəssüratlarını bizimlə bölüşməyi xahiş etdik. Azərbaycan Tibb Universitetinin dosenti Fəridə Əli Qidalanma və tibbi ekologiya kafedrasının müdiridir. Ekoloji savadı, tibbi biliyi ilə söhbətimizi arzuladığımız istiqamətə yönləndirən Fəridə xanım dedi: "COP29-un ölkəmizdə keçirilməsi bir vətəndaş olaraq mənim üçün çox qürurvericidir. Ulu Öndər Heydər Əliyevin dediyi "Azərbaycan dünyaya Günəş kimi doğacaq" fikrinin həqiqət olduğunu bu tədbirdə aydın görmək mümkündür. Hazırda ətraf mühitdə təxminən 60-70 min müxtəlif kimyəvi birləşmə mövcuddur və onların sırasına hər il 1000-ə yaxın yenisi əlavə olunur. Zəhərli və kanserogen birləşmələrin toplanması ekosistemlərin ümumi sabitliyinin pozulması ilə əlaqələndirilir. Eyni zamanda insanlarda çoxsaylı patologiyalara səbəb kimi də ətraf mühitin təsiri böyükdür. COP29-un təşkili və pavilyonların möhtəşəmliyi, həqiqətən, qürurvericidir. Mən özüm tədbirin ilk günündə "yaşıl zona"dakı Milli QHT Forumunun pavilyonunda "İqlim böhranında QHT-lərin rolunun gücləndirilməsi: kənd təsərrüfatının davamlılığı, su idarəçiliyi və qida təhlükəsizliyinə dair əməkdaşlıq yanaşmaları" adlı panel müzakirəsinə qatılmışam. Noyabrın 15-də isə dəvət olunduğum BAMF və "Sülhün Kökləri" təşkilatının təşkilatçılığı ilə "Sülhün, torpağın və ekosistemlərin minatəmizləmə və kənd təsərrüfatı vasitəsilə bərpası" mövzusunda panel müzakirəsində isə çıxış etmişəm. İştirak etdiyim müzakirələrdən və hər iki tədbirdən çox yeniliklər öyrəndik. Tədbir iştirakçıları ətraf mühitin əhəmiyyətli dərəcədə insan sağlamlığına və onun rifah halına təsirinə dair düzgün qərarlar verdilər. Bu gün atmosferə buraxılan işlənmiş qazların insan sağlamlığına, eləcə də ətraf mühitə, biomüxtəlifliyə təsiri məsələsi aktual olduğu üçün COP29-da bu məsələlərin əhəmiyyəti bir daha dünya ölkələrinin diqqətinə çatdırıldı. İnkişaf etməkdə olan və kiçik ada olkələrdən gələn nümayəndələrin COP29-dan gözləntiləri böyükdür. Onlarla tanış olub fikirlərini dinlədikcə bir daha qürur hissi keçirirsən ki, qonaqlar ölkəmizin inkişafından, Bakının gözəlliyindən, tədbirin mükəmməl təşkilatçılığından necə heyranlıqla və az qala həsədlə danışırlar. Qatıldığım panel müzakirələrində xüsusən keniyalı səfir xanımın şəhərimiz, eləcə də tədbirin keçirilməsində yüksək bacarıq nümayiş etdirən Azərbaycan xalqı barədə necə sevə-sevə və həyəcanla danışması çox xoş təsir bağışladı".
Məcid Əlizadə COP29-a ikiyaşlı oğlu ilə gəlmişdi. Balaca Nazim ətrafa heyrətlə baxır, nümayiş olunan məhsullara, əşyalara əlini toxundurmağa çalışırdı. Atası ilə söhbət edərkən məlum oldu ki, o, tədbirə ikinci dəfədir gəlib. Çex dili üzrə mütəxəssisdir, SOCAR-da çalışır. Tədbirlərlə bağlı təəssüratlarını söyləyərkən dedi: "COP29-a evsahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir. Azərbaycan təkcə coğrafi deyil, enerji, ticarət və nəqliyyat qovşağı olması baxımından da böyük önəmə sahibdir. Hələ onu demirəm ki, Azərbaycanın həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələrinin Avrasiyanın enerji təhlükəsizliyinin təminatında müəyyən rolu var. Bu dediklərim iştirak etdiyim, şahidi olduğum bir çox panel iclaslarında xüsusi vurğulandı. COP29 sübut etdi ki, biz neft-qaz ölkəsi olsaq da, "yaşıl enerji"yə daha çox üstünlük veririk".
Müəllimə Xəyalə Məmmədova təsdiqlədi ki, COP29 çox yüksək səviyyədə keçir. Azərbaycan dövlətinin aylardı həyata keçirdiyi hazırlıqlar bu gün bəhrəsini verdi. Əslində, tədbirə hər birimiz hazırlaşırdıq. Mən şagirdlərimə COP29-un nə olduğunu, onun məqsədini və əhəmiyyətini öyrədir, sabah hansı müsbət nəticə verəcəyini izah edirdim. Flora və faunanı qorumağın, ətraf mühiti çirkləndirməməyin nə qədər vacib olduğunu, bunun insan sağlamlığına çox böyük fayda verdiyini başa salırdım. Şagirdlərə söyləyirdim ki, dövlətimiz COP29-u dünyada tayı-bərabəri olmayacaq səviyyədə keçirəcək. Elə də oldu. COP29-a bileti onun hazır olduğunun elan edildiyi gün aldım . Hər şeyi öz gözlərimlə görmək üçün indi buradayam - "yaşıl zona"da. Gördüklərimdən sevinməmək, qürur hissi keçirməmək mümkün deyil. Xüsusilə də Azərbaycan pavilyonu hər kəsin diqqətini cəlb edir. İkinci dəfədir gəlirəm. Bu dəfə qızımı da gətirmişəm. Bura onun üçün o qədər maraqlıdır ki, hətta nəyisə öyrənmək üçün mənə sual da vermir. Özü yazılanları oxuyub anlamağa çalışır".
Fatimə Əhmədzadə ilə söhbətimiz də maraqlı oldu. Onun bura gəlməsinin səbəbini soruşduq. "Zəngi" liseyinin 6-cı sinfində oxuyan Fatimə dedi ki, Bakının gözəlliklərini görmək, tanımadığı yerlərə qiyabi səyahət etməkdən ötrü bu məkanı görmək istəyib. "Yaşıl zona" qeyri-adi məkan kimi yaddaşına hopacaq: "Burada gördüklərimi sinif yoldaşlarımla paylaşacam, tədbirin sonuncu günündə də olsa gəlib bu gözəllikləri görmələrinə tələsdirəcəm. Bakımızı çox sevirəm. Nümayiş olunan fotostendlərdəki hər şəkil mənim üçün maraqlıdır. Bilmədiklərimi anamdan soruşuram, o mənə hər şeyi başa salır. COP29-un nə olduğunu burada bir daha anladım".
Azərbaycan pavilyonunu ziyarət edən, buradakı milli dəyərlərə maraqla baxan Rövşən Rəhimova yaxınlaşıb tədbir haqqında fikirlərini söyləməsini xahiş etdik: "İxtisasca iqtisadçıyam, auditlə məşğulam. Bununla belə, Azərbaycanın milli-mənəvi dəyərlərinə çox üstünlük verirəm, xalqımızın adət-ənənələrinin min illərlə yaşamasının tərəfdarıyam. Bu məkanda söylədiyim məqamlar artıqlaması ilə sərgilənir. Azərbaycan pavilyonunu ziyarət edən əcnəbilər bizim qədim məişət əşyalarımıza maraq göstərirlər. Qlobal tədbir olaraq burada elə bir sistem qurulub ki, ziyarətçilər heç bir əziyyət çəkmir, hər şey əlçatandır, inklüzivlik yüksək səviyyədədir. Başda Prezident İlham Əliyev olmaqla bütün təşkilatçılara təşəkkür edirəm. Əminəm ki, COP29 iqlim dəyişmələri istiqamətində gözləntiləri doğruldub. Ona da inanıram ki, tədbirə qatılan 70 mindən cox xarici ölkə vətəndaşı Azərbaycandan xoş təəssüratla gedəcək, Bakıda keçirdikləri iki həftə onların taleyində unudulmaz iz qoyacaq. Yeri gəlmişkən deyim ki, dörd il əvvələ qədər Azərbaycanı Avropanın bəzi yerlərində tanıyan-bilən yox idi. Amma 44 günlük müharibədə qazanılan Zəfərdən sonra bütün dünya vətənimizi tanıyır. İndi biz qalib ölkənin vətəndaşı kimi dünyada rahat gəzib-dolana bilirik. Zəfərimiz kimi COP29-un da əks-sədası uzun illər kəsilməyəcək".
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"