27 Yanvar 2022 00:27
773
CƏMİYYƏT
A- A+

Yollar Ağdama aparır

 

Ağdamdayıq...

Qarabağın bəyaz damlı, yenidən ağ günlərinə qanad açan qədim və əzəmətli şəhərində...

Tanış, doğma küçələrlə pərvanələr kimi illərin həsrətlisi olduğumuz Ağdamın başına dolanırıq...

Körpə uşaqlar kimi sevinir, hər daşa, ağaca əlimizi sürtür, tanış bir iz, məhrəm bir nişanə axtarırıq... Xoşbəxtlik gülüşü qonur üzümüzə, elə gülə-gülə gözlərimizdən yaş süzülür. Bu sevinc damlaları Ağdamın cadarlanmış torpağına sığal çəkir, qurumuş otlarını sulayır, kəsilmiş ağaclarının gövdəsinə məlhəm olur...

Yer sevinir, göy şadlanır...

Yolumuzu İmarətdən salırıq, Şahbulağa çıxırıq... Bir daha, bir daha gözüdolusu Ağdama baxırıq... Ətirli havasını ciyərlərimizə çəkirik, dəli bir kükrəyiş qopur sinəmizdən...

Səsimiz, avazımız gəldikcə hayqırırıq: - Ağdam, doğma Ağdam, biz gəlmişik!

 

Bakı-Ağdam marşrutu

 

Bəli, Azərbaycan xalqı illərdir həsrətində olduğu möcüzə anlarını yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu  qarış-qarış Vətən torpaqlarımızı azad edərək milyonlarla məcburi köçkünə doğma yurda qayıdış xoşbəxtliyi, bütün xalqımıza zəfər sevinci və qüruru ərməğan edib. İndi biz o doğma yurdlara sərbəst şəkildə səfərlər edir, həsrətini çəkdiyimiz Vətənin görüşünə yollanırıq.

Yanvarın 24-dən Bakı-Şuşa-Bakı avtobus reysi ilə yanaşı, Bakı-Ağdam-Bakı müntəzəm avtobus marşrutu da istifadəyə verilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, hər bir azərbaycanlı bundan sonra müntəzəm həyata keçiriləcək avtobus reysləri vasitəsilə doğma Ağdam şəhərinə səfər edəcək. Sözügedən avtobus reysi həftədə iki dəfə həyata keçiriləcək. Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir.

Sözügedən tarixdə saat 06:30-da Bakıdan yola çıxan ilk sərnişin avtobusu Ağdama yetişib və sərnişinlər böyük sevinc və həyəcan hissi ilə doğma yurdumuza qədəm basıblar...

Qarşılanma mərasimindən sonra sərnişinlər Ağdam Cümə məscidində dua edib, İmarət kompleksi və Şahbulaq qalası ilə tanış olub, Dram Teatrının qalıqlarına baxıb, Şəhidlər xiyabanını ziyarət ediblər. Sərnişinlər torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının ruhuna dualar oxuyublar.

 

Sərnişinlər sevinc və həyəcan hissi ilə doğma yurda qədəm qoyublar

 

Səfər təəssüratlarını bölüşən sərnişinlərin hər biri fəxrlə söyləyib ki, erməni barbarlarının yer üzündən silmək istədiyi, işğaldan azad ediləndən sonra görənlərin dəhşətlə “Qafqazın Xirosiması” adlandırdıqları Ağdamda Azərbaycan dövlətinin qısa müddətdə həyata keçirdiyi genişmiqyaslı tikinti, abadlıq-quruculuq işləri heyrət doğurur, qürur hissi yaradır.

Xatırladaq ki, ötən ilin mayında Qarabağın təməl daşı Prezident İlham Əliyev tərəfindən məhz Ağdamda qoyulub və dövlət başçısının özünün də dediyi kimi, bunun rəmzi mənası var. Elə həmin gün Ağdamın baş planının da təqdimatı olub. Bütövlükdə 100 min nəfər üçün nəzərdə tutulan Ağdam şəhərinin ərazisi işğaldan əvvəlki ərazi ilə müqayisədə iki dəfədən çox artırılır. Artıq şəhərdə yaşayış binasının, 1 nömrəli məktəbin, Qələbə və İşğal muzeylərinin əsası qoyulub. Ən əlamətdar məqamlardan biri isə Ağdamın baş planında “Qarabağ” Universitetinin yaradılmasının da nəzərdə tutulmasıdır ki, bu da Ağdamın həm də elm-təhsil, innovasiya mərkəzi olacağından xəbər verir.

Düzdür, hələ də Ağdamda erməni barbarlarının törətdikləri vəhşi əməllərin, talanların, dağıntıların izlərini əks etdirən ərazilər, tikililər mövcuddur və ora səfər edən hər bir kəsdə vandal düşmənə qarşı qəzəb hissi oyadır.

Amma artıq mənfur düşmənin murdar ayağı dədə-baba torpaqlarımızdan bilmərrə silinib atılıb və  indi bu yerlərdə həyat yenidən dirçəldilir, azad olunan digər  ərazilərimizdə olduğu kimi, Ağdamın da yeni növrağı başlayır.

 

Gerçəyə çevrilən dualar

 

Ağdamdayıq...

Qarabağın bəyaz damlı qədim sarayında...

Bir qərinə əvvəldə olduğu kimi, yenə də Cümə məscidində səf-səf düzülmüşük, ürəyimizdən keçən dualarla üz tutmuşuq Tanrı dərgahına:

- “Şükürlər olsun sənə, İlahi, bizə bu doğma torpaqlara, əziz Ağdama yenidən qədəm basmağı nəsib etdiyin üçün...”

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video