18 Yanvar 2022 00:26
2946
SİYASƏT
A- A+

Yeni Azərbaycan Partiyası: yeni proqramla möhtəşəm zirvələrə doğru

 

YAP Azərbaycanın ağır sosial-iqtisadi, siyasi və mənəvi-psixoloji böhranla üzləşdiyi dövrdə xalqımızın vətənpərvər insanlarının, ziyalıların təşəbbüsü və iştirakı ilə tarixi zərurətdən irəli gələrək yaranmışdır. 1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında partiyanın proqram və nizamnaməsi qəbul olundu.

Partiyanın proqramında müstəqillik, dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi ideoloji prinsiplər müəyyən edildi. Proqramda hüquqi, demokratik, dünyəvi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatının inkişafı, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycanın dünya birliyində özünə layiqli yer tutmasına dair məqsədlər öz əksini tapdı.

Ötən illər ərzində YAP milli maraqlara əsaslanan fəaliyyət göstərməklə ictimai-siyasi proseslərdə mühüm rol oynamış, qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla yerinə yetirmişdir. Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf etməsi və onun dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-a böyük nüfuz qazandırdı. “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışını proqramında irəli sürən YAP məhz Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasətin həyata keçirilməsində yaxından iştirak etməklə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsinə böyük töhfələr verdi.

YAP Azərbaycanın siyasi sisteminə xalqımızın mənafeyini təcəssüm etdirən güclü siyasi təşkilat kimi daxil olub. Partiya 30 ilə yaxındır ki, qarşısına qoyduğu məqsədlərə (dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, sosialyönümlü iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin qorunması və s.) nail olunmasında böyük nailiyyətlər əldə edib. Hazırda 800 min nəfərə yaxın üzvü olan partiya Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin aparılmasında, onun təbliğində yaxından iştirak edir.

Cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir.

Məhz bundan irəli gələrək, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”.

Prezident İlham Əliyev qurultaydakı çıxışı zamanı YAP-ın müasir dövrün çağırışlarını özündə əks etdirən yeni proqramının hazırlanmasının vacibliyini bildirmişdir.

Qeyd edək ki, Azərbaycan dövlətinin bütün sahələrində əldə olunan uğurlar YAP-ın yeni proqramının hazırlanmasını şərtləndirən mühüm faktorlardır. Prezident İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələri rəhbər tutaraq və ölkəmizin davamlı inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları, dördüncü sənaye inqilabının ictimai həyata göstərdiyi təsirləri və 44 günlük Vətən müharibəsində şanlı qələbənin yaratdığı reallıqları nəzərə alaraq, YAP-ın “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.

Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri eyni zamanda onun sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır.

Partiyanın yeni proqramı beş fəsildən - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” ibarətdir. Hər bir fəsil sosial-iqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və s. sahələri əhatə edən bölmələrə ayrılır. Hər bir bölmədə partiyanın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir.

YAP-ın proqramında partiyanın inkişaf tarixinə və uğurlarına nəzər salınır, onun Heydər Əliyev yoluna və irsinə sadiqliyi, qarşısına qoyduğu məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyi vurğulanır. Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatı münasibətlərinin inkişafı istiqamətində YAP-ın fəaliyyətinin tarixi-siyasi əhəmiyyəti qeyd olunur. Bildirilir ki, xalqımızın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində YAP yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı, partiyanın sıraları sürətlə genişləndi. Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-ın xalq arasındakı nüfuzunu getdikcə artırdı.

Cənab İlham Əliyevin YAP-ın I qurultayında (20-21 dekabr 1999-cu il) partiyanın sədr müavini, II qurultayında (21 noyabr 2001-ci il) partiya sədrinin birinci müavini, III qurultayında (26 mart 2005-ci il) isə partiyanın sədri seçilməsi təşkilatın həyatında böyük tarixi hadisə oldu. 2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin YAP-ın namizədi kimi qələbə qazanması partiyanın nüfuzunu daha da artırdı və onun sosial bazasını möhkəmləndirdi. Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar YAP-ın siyasi sistemdə, beynəlxalq partiyalararası münasibətlərdə mövqeyini daha da gücləndirdi.

Yeni proqramda ideya-siyasi varislik prinsipinə əsaslanmaqla partiyanın əvvəlki proqramında əksini tapmış və müasir dövrün tələblərinə cavab verən, cəmiyyətin ahəngdar inkişafını təmin edən ideoloji prinsiplər qorunub saxlanılmışdır. YAP demokratik siyasi dəyərlərə və prinsiplərə əsaslanır ki, onların içərisində Heydər Əliyev yolu müstəsna yer tutur. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası özündə siyasi müdrikliyi, illərlə toplanmış böyük dövlətçilik təcrübəsini, qətiyyətli siyasi iradəni və Azərbaycanın hərtərəfli inkişafını nəzərdə tutan ideya-siyasi baxışları ehtiva edir. Bu siyasi xətt müstəqil dövlətçiliyin möhkəmlənməsini və inkişafını, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşamasını şərtləndirir.

Milli maraqların üstünlüyü, güclü, müstəqil, hüquqi, demokratik dövlət, inkişaf edən şaxələndirilmiş iqtisadiyyat, idarəçilikdə və milli ideologiyada varislilik, azad insan, azad cəmiyyət, xalq-hakimiyyət vəhdəti, inkişaf etmiş vətəndaş cəmiyyəti, söz və mətbuat azadlığı, siyasi plüralizm, multikulturalizm və tolerantlıq kimi dəyərlər Heydər Əliyev yolunu səciyyələndirən əsas xüsusiyyətlərdir. Heydər Əliyev irsi Azərbaycanın bu günü və gələcəyi üçün həyati əhəmiyyət kəsb edən siyasi məktəb kimi özünü təsdiq etmişdir.

Ulu Öndərin siyasi kursunu Prezident İlham Əliyevin yaradıcı şəkildə, uğurla davam etdirməsi, onu yeniliklərlə zənginləşdirməsi ölkəmizin tərəqqisini və yüksək sosial rifah şəraitində yaşamasını təmin edir. Bütün bunların nəticəsində Azərbaycan dünyada davamlı inkişaf edən, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verən dövlət kimi tanınır.

YAP-ın mövqeyinə görə, siyasi idarəçilikdə və dövlətçilik şüurunda varislik prinsipi cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayır. Buna görə də partiyanın proqramında Azərbaycan xalqının müstəqil dövlətçilik ənənələrinin varislik əsasında qorunub saxlanılması əsas prinsiplərdən biri kimi qiymətləndirilir. Partiyanın 1918-ci il mayın 28-də müsəlman Şərqində qurulmuş ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq olduğu və onları yaşatdığı bildirilir.

YAP siyasi dialoqa partiyalararası münasibətlərdə əməkdaşlığı möhkəmləndirən mühüm faktorlardan biri kimi baxır. Partiyanın proqramında qeyd edildiyi kimi, siyasi həmrəylik şəraitində konstruktivliyi təmin edən mütərəqqi ideyalar formalaşır, yeni siyasi konfiqurasiya şəraitində siyasi partiyalar arasında əməkdaşlıq və həmrəylik möhkəmlənir. Xüsusilə, vətəndaş həmrəyliyinin və siyasi dialoqun mövcudluğu ümummilli məsələlərin həllində vacib əhəmiyyət daşıyır. Buna görə də Azərbaycanın tərəqqisini təmin edən amillərdən biri milli birlik və siyasi həmrəylikdir. Ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasında və partiyalararası dialoqun möhkəmlənməsində fəal iştirakı, geniş beynəlxalq əlaqələri YAP-ın cəmiyyətdə mövqeyini möhkəmləndirir.

Partiyanın proqramında multikulturalizmin inkişafına və onun tərkib hissələrinə - milli kimliyin və mədəni müxtəlifliyin qorunması, mədəniyyətlərarası dialoqa sadiqlik, ölkəmizdə multikulturalizmin inkişafı sahəsində qazanılmış nailiyyətlərin beynəlxalq miqyasda təbliğinin gücləndirilməsi və s. böyük əhəmiyyət verilir ki, bu da təsadüfi deyildir. Çünki Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun nəinki milli, eyni zamanda qlobal səviyyədə genişlənməsi üçün mühüm addımlar atan dövlət kimi tanınır. Buna misal olaraq, multikulturalizmin və tolerant dəyərlərin inkişafına həsr olunmuş xeyli sayda beynəlxalq tədbirlərə Azərbaycanın evsahibliyi etdiyini göstərmək olar. Milli-dini münasibətlərlə bağlı Prezident İlham Əliyevin apardığı siyasət xalqımız tərəfindən dəstəklənir, milli-etnik qruplar və dini konfessiyalar ümumi birgəyaşayış qaydaları əsasında özlərinin mənəvi dəyərlərini qoruyub saxlayırlar. Onlar azərbaycançılıq məfkurəsi ətrafında birləşməklə ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Partiyanın proqramında demokratik ənənələrə əsas dəyərlərdən biri kimi baxılır, eyni zamanda göstərilir ki, “YAP dövlətin idarə olunmasında və partiyadaxili fəaliyyətin təşkilində demokratik prinsipləri əsas götürür, siyasətdə açıq və peşəkar münasibətlərin tərəfdarı kimi çıxış edir”. YAP hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı üçün demokratik dəyərlərə böyük əhəmiyyət verir. Partiya hesab edir ki, demokratik siyasi münasibətlər dövlətin tərəqqisini şərtləndirən vacib amillərdəndir. Azərbaycanda aparılan genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşməsində, iqtisadiyyatın inkişafında, əhalinin sosial müdafiəsinin gücləndirilməsində, xalqımızın milli-mədəni irsinin və dəyərlərinin qorunmasında böyük əhəmiyyət kəsb edir. Bu islahatlar Azərbaycanın gələcək inkişafında yeni uğurların bünövrəsini qoyur.

YAP-ın proqramında partiyadaxili münasibətlərin və partiya fəaliyyətinin əsasları dəqiq şəkildə müəyyənləşdirilir, onların peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik və müasirlik kimi meyarlara söykəndiyi göstərilir. Qeyd olunur ki, Azərbaycan xalqının maraqlarına cavab verən və mütərəqqi xarakter daşıyan müasir dəyərlərdən bəhrələnmək YAP-ın fəaliyyətinin əsaslarından biridir. Partiya digər siyasi təşkilatlarla və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın demokratik prinsiplər əsasında möhkəmlənməsinə üstünlük verir.

YAP-ın yeni proqramında “Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış”la bağlı hədəflər və onlara nail olmaq üçün vəzifələr göstərilmişdir.

Proqramda Azərbaycanı tərəqqiyə aparan Heydər Əliyev irsinin indiki və gələcək nəsillər üçün zəngin xəzinə, Vətənə, xalqa və dövlətə xidmət nümunəsi olduğu bildirilir. Xüsusilə gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda formalaşmasında Ulu Öndərin irsinin təbliğinin vacibliyi göstərilir. Heydər Əliyevin hələ sovetlər dönəmində respublikaya rəhbərlik etdiyi dövrdə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən böyük uzaqgörənliklə Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşamasını təmin edəcək sosial-iqtisadi və milli-mənəvi bünövrə yaratdığı vurğulanır.

Proqramda ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-mədəni sferalarda, idarəetmə münasibətlərində və xarici siyasətdə hədəflər müəyyən edilərkən bu sahələrdə əldə olunmuş nailiyyətlər əsas götürülür. Güclü iqtisadiyyat və davamlı inkişaf naminə hədəflərin sırasına makroiqtisadi sabitlik və yüksək iqtisadi artım, uğurlu neft strategiyası, qeyri-neft sektorunun inkişafı, daxili və xarici təsirlərə dayanıqlıq, rəqəmsal inkişaf və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ətraf mühitin, ekoloji tarazlığın qorunması və s. daxil edilmişdir.

Əhalinin sosial müdafiəsinin təmin olunması və insan kapitalının inkişaf etdirilməsi Prezident İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindəndir. Bu sahədə görülən işlərin nəticəsində Azərbaycanda xeyli sayda yeni iş yerləri açılır, əməkhaqları, pensiyalar və digər sosial ödənişlər artırılır, işsizlik və yoxsulluq səviyyəsi ildən-ilə azaldılır. Əhalinin gəlirlərinin artırılması istiqamətində atılan addımlar, o cümlədən əməkhaqlarının, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin məbləğlərinin layiqli səviyyəsinə nail olunması, əmək siyasəti və əməyin ödənilməsi sahəsində islahatların həyata keçirilməsi inklüziv cəmiyyətin, ədalətli sosial təminatın və insan kapitalının inkişafına böyük stimul verir. Bu uğurlardan çıxış edən YAP hamı üçün layiqli həyat səviyyəsinin təmin olunmasını əsas hədəflərindən biri hesab edir. İnklüziv cəmiyyətin inkişafı və yüksək sosial rifahın təmin olunması, paytaxt və regionların tarazlı inkişafı, XXI əsrin tələblərinə uyğun elm və təhsil, əhalinin sağlamlığının təmin olunması və yüksəkkeyfiyyətli səhiyyə, gender bərabərliyi və ailə institutunun inkişafı, gənclərin potensialının gücləndirilməsi və yaşlıların təcrübəsindən faydalanması sahəsində konkret vəzifələr müəyyən edilir.

İdarəetmə münasibətlərində şəffaflığın təmin edilməsi məsələsi YAP-ın proqramında xüsusi yer tutur. Bu sahədə vəzifələr müəyyən olunarkən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan dövlət siyasətinin nəticəsində əldə edilmiş nailiyyətlərə əsaslanılır. Azərbaycanın “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri kimi açıq hökumət prinsiplərinin təşviqinə böyük töhfə verdiyi vurğulanır. İnsan hüquqlarının və şəffaflığın təmin olunmasında, ictimai nəzarətin artırılmasında, korrupsiyaya qarşı mübarizədə və qanunvericiliyin təkmilləşdirilməsində “Açıq hökumət” və “Elektron-hökumət” platformalarının əhəmiyyəti göstərilir.

Azərbaycanda “Açıq hökumət” platformasının həyata keçirilməsinin idarəetmə sistemində şəffaflığı artıran vacib amillərdən biri olduğu vurğulanır və bununla bağlı partiyanın hədəfləri (idarəetmə münasibətlərinin dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi; dövlət xidmətlərinin göstərilməsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi; dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılması; maliyyə şəffaflığının təmin edilməsi) sadalanır.

Dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə olunması və innovativ həllərin tətbiqi mühüm əhəmiyyət daşıyır. YAP bu sahədə görülən işlərin daha da təkmilləşməsinin vacibliyini nəzərə alaraq, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi, qarşılıqlı inteqrasiyanın təmin olunması sahəsində vahid yanaşmanın və standartların tətbiqi istiqamətində yeni hədəflər müəyyənləşdirmişdir. Bununla yanaşı, partiya idarəetmədə çevikliyi və şəffaflığı təmin edən ictimai nəzarətə böyük diqqət yetirir.

YAP ictimai nəzarətin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının oynadığı rolu yüksək qiymətləndirir. Buna görə də partiya dövlət və yerli özünüidarəetmə orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında səmərəli qarşılıqlı fəaliyyətin genişləndirilməsi, dövlət orqan və qurumlarında kollegial qərarların qəbulu zamanı, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının təmsilçiliyinin və iştirakının təmin edilməsi, dövlət orqan və qurumları yanında yaradılmış ictimai şuraların fəaliyyətində səmərəliliyin artırılması, ictimai şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi və s. hədəflərlə çıxış edir.

Korrupsiyanın qarşısının alınması, dövlət orqanlarının fəaliyyətində və özəl sektorda şəffaflığın təmin edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və vətəndaş cəmiyyətinin inkişafına dair partiyanın hədəfləri müəyyən edilmişdir. Bundan əlavə, partiyanın proqramında Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, xalqımızın milli-mədəni irsinin və mənəvi dəyərlərin qorunması, vətəndaş birliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu kimi məsələlərə geniş yer verilmiş, bu sahələrdə qarşıda duran vəzifələr göstərilmişdir.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən mühüm tarixi hadisədir. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi birləşmələrini “dəmir yumruq” əməliyyatı ilə darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası xalqımızın milli qürur hissini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə bir yerdə oldu, onlarda ruh yüksəkliyi yaratdı, xalqımız, o cümlədən konstruktiv mövqe tutan siyasi partiyalar da dövlət başçımızın apardığı siyasət ətrafında sıx birləşdi. Azərbaycan hərbçilərinin torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərməsi, bu yolda şəhidlik zirvəsinə ucalması xalqımızın yenilməzlik, mətinlik və qəhrəmanlığının ifadəsi oldu, şanlı qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü göstərdi.

 Vətən müharibəsində qələbə bölgədə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratmışdır. YAP-ın proqramında göstərildiyi kimi, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli fərmanı bu kontekstdə mühüm tarixi-siyasi hadisə oldu. Qarabağ iqtisadi rayonunun yaradılması ilə “Qarabağ Azərbaycandır!” şüarı özünün siyasi-hüquqi təsdiqini tapdı. Şərqi Zəngəzur iqtisadi rayonu yaradılmaqla Azərbaycanın tarixi əraziləri arasındakı ənənəvi sosial-iqtisadi və mədəni bağlılığın bərpası istiqamətində mühüm addım atıldı.

Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi ilə bağlı YAP-ın proqramında dəqiq hədəflər - layiqli yaşayışın bərpası üçün işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparılması və dayanıqlı məskunlaşmanın təmin edilməsi, bu ərazilərin ölkənin ən abad guşələrindən birinə çevrilməsi, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması, regionun sürətli iqtisadi inkişafının təmin olunması üçün stimullaşdırıcı tədbirlərin görülməsi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının hazırlanması və həyata keçirilməsi müəyyən edilmişdir. İşğaldan azad olunmuş ərazilərdə hazırda geniş quruculuq işlərinin aparılması Vətənini sevən hər bir azərbaycanlıda böyük qürur hissi yaradır.

Bütün bunlar sübut edir ki, YAP möhtəşəm zirvələrə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. YAP-ın yeni proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarlar, prinsiplər, hədəflər və vəzifələri birləşdirir. İnanırıq ki, onların qorunması və yerinə yetirilməsi Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi tərəqqisinə böyük təkan verəcək, onun dünya birliyində mövqeyini daha da möhkəmləndirəcəkdir.

Əminliklə deyə bilərik ki, YAP ümumxalq partiyası olaraq qüdrətli dövlət və yüksək rifah cəmiyyəti naminə üzərinə düşən missiyanı “Biz birlikdə güclüyük!” çağırışı ilə şərəf və ləyaqətlə yerinə yetirəcəkdir.

 

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri,  Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video