31 Avqust 2024 08:20
90
İQTİSADİYYAT
A- A+

Yaşıl qozaların "ağ qızıl"a dönən vaxtı yaxınlaşır

 

Kombaynlar hazır vəziyyətdədir 

 

Pambıqçı fermerlərin gözlədikləri gün yaxınlaşmaqdadır. Onlar 3-4 ay öncə torpağa böyük ümidlə çiyid səpmişlər. Daha çox məhsul yetişdirib müqavilə bağladıqları şirkətlərə satmaq, nəzərdə tutduqları məqsədləri reallaşdırmaq üçün əzmlə çalışmışlar. 
Torpaqdan baş qaldıran zərif bitkilərin normal inkişaf etməsindən ötrü nə lazımdırsa, etmişlər. Pambığın alaq otlarından təmizlənməsini, kultivasiyasını, suyunu, gübrəsini, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə tədbirlərini vaxtında və keyfiyyətlə aparmağa səy göstərmişlər. 
Kənd təsərrüfatının, onun mühüm sahəsi olan əkinçiliyin, o cümlədən  pambıqçılığın iqlimlə, hava şəraiti ilə bağlı olduğu hər kəsə yaxşı məlumdur. Bu baxımdan cari ilin may ayının normadan artıq yağmurlu keçməsi əkinçilər üçün müəyyən problemlər yaratmışdır. Aprel ayında əkilən çiyid vaxtında torpaqdan baş qaldırsa da, may ayında havaların soyuması, yağışın ara vermədən yağması nəticəsində bitkilərin inkişafı ləngimiş, tripis, hommoz və başqa xəstəliklərin yaranmasına şərait yaranmışdır. Çətinlik bununla da bitməmişdir - kollar gül açanda, daraq, sonra da qoza əmələ gələndə növbəti bəla gəlmişdir: pambığın düşməni olan sovka bitkilərə görünməmiş hücum çəkmişdir. Buna görə torpaq mülkiyyətçiləri, fermerlər sovkaya qarşı bir neçə dəfə mübarizə aparmalı olmuşlar. Bunlar isə əsəb və gərgin zəhmətlə bərabər, artıq xərc demək idi. 
Hamının yaxşı yadındadır - keçən ilin sentyabrında - məhsulun hasilə gəldiyi vaxtda aramsız yağışlar yağdı. Pambıq kolları buna görə yenidən "inkişaf" etdi. Daban qozaları hava görmədiyindən və yağış suyunun təsirindən çürüyüb zay oldu. Məhsulun böyük bir hissəsi ələ gəlmədi, məhsuldarlıq xeyli aşağı düşdü. 
Atalar deyiblər: "Başına gələn başmaqçı olar". Ona görə də fermerlər təbiətə bel bağlamaq istəmirlər. Bunun üçün yığımda daha çox maşınlara üstünlük vermək niyyətindədirlər. Düzdür, Salyanda həmişə maşınlara üstünlük verilib. Bu da məhsulu tez yığmaqla yanaşı, həm də onun maya dəyərinə müsbət təsir göstərib. Əlverişsiz keçən hava şəraitinə baxmayaraq, keçən ilin özündə istehsal olunan 26 min 80 ton pambığın 93 faizindən çoxu maşınlarla yığılmışdır. Əvvəlki illərdə bu göstərici daha yüksək olmuşdur. 
Hava şəraitini nəzərə alaraq Salyanda pambıq istehsalı ilə məşğul olan şirkətlər (onların sayı 4-dür) və fermerlər yetişdirilən "ağ qızıl"ın vaxtında və itkisiz yığılması, habelə tədarük edilməsi üçün tədbirlər görürlər. Şirkətlərlə müqavilə bağlayan fermerlər tərəfindən bu il 10 min 63 hektarda pambıq əkilmiş və sahələrdə 5 dəfə kompleks becərmə aparılmışdır. Pambığı maşınlarla yığmağı qərarlaşdıran fermerlər bitkiləri axırıncı dəfə sulayanda cərgələr arasına barazanı daha dərin çəkdirməyi yaddan çıxarmamışlar. Belə olan halda pambıqyığan maşının təkəri yer səthindən xeyli aşağı düşmüş olur. Bu isə kollardakı daban qozaların məhsulunu da götürməyə imkan yaradır. Hazırda sahələrdə qalan "xırda-para" işlər görülür. Tək-tək yaranmış alaq otları təmizlənir ki, məhsul həm təmiz olsun, həm də maşınlar məhsuldar işləsin. 
Söz düşmüşkən bildirək ki, rayon üzrə 49 pambıqyığan maşın var. Demək olar ki, onların hamısı ABŞ istehsalı olan "Conder" markalı kombaynlardır. Onlardan 33-ü "Aqroservis" ASC-nin Salyan bölməsinə, 13-ü isə digər şirkətlərə məxsusdur. Həm şirkətlər, həm fermerlər bu maşınlardan çox razılıq edirlər. Onlar rahat, məhsuldar olmaqla yanaşı, sahələrdə yetişdirilən məhsulu da təmiz götürürlər. Hər biri böyük bir zavodu xatırladır. Buna görə də hər birinə vaxtlı-vaxtında texniki qulluq göstərilir. Onu da qeyd edək ki, müvafiq təşkilatların göstərişi ilə mexanizatorlar kursdan keçərək sertifikat almışlar. İndi onlar yığıma start veriləcəyi günü gözləyirlər. 

Seyran CAVADOV,
"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video