12 May 2022 15:37
810
DÜNYA
A- A+

“Yaşıl enerji”: Almaniya bərpa olunan enerji mənbələri sferasında liderlik edir  

 

AZƏRTAC-ın “Yaşıl enerji” layihəsi çərçivəsində növbəti materialı Almaniyanın bərpa olunan enerji sahəsinə keçidi prosesinə və hökumətin bu sahəyə ayırdığı xüsusi diqqətə həsr olunur.

Bu gün Almaniya bərpa olunan enerji mənbələrinin inkişafında və tətbiqində haqlı olaraq lider sayılır. AFR hərtərəfli düşünülmüş və götür-qoy edilmiş enerji siyasəti və bu sektorun inkişafının onilliklər boyu dəstəklənməsi sayəsində təmiz və bərpa olunan enerjinin təbliğində, nəzəri texnologiyaların iqtisadiyyatda praktiki tətbiqi məcrasına yönəldilməsində mühüm rol oynayır.

Bərpa olunan enerji mənbələrinə keçid alman dilində “energivende” adlanır. Federal hökumət və əyalətlərin hökumətləri, özəl sənaye, vətəndaş cəmiyyəti və əlbəttə, elm bu sahədə qarşılıqlı fəaliyyət göstərir. Qarşıya qoyulmuş hədəflərə çatmağın təxmini müddəti 2030-cu ilə müəyyən edilib. Müvafiq qanunverici baza qəbul olunub və ona yeni düzəlişlər edilir. Lakin məsələnin yeni olması nəzərə alınmaqla, qarşıya qoyulmuş hədəflərə doğru irəliləmə prosesində dəqiqləşdirmə aparıla bilər.

“Enegivende” digər ölkələri bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasına ruhlandırıb. “Yaşıl enerji”nin xalq təsərrüfatında payının durmadan artması sayəsində Almaniyanın energetika sistemi xeyli dəyişib. Lakin növbəti səkkiz il həlledici olacaq, uğurlar və uğursuzluqlar müəyyən ediləcək, iqlimin qorunması və ənənəvi karbohidrogenlərdən asılılığının azaldılması sayəsində ambisiyalı uzunmüddətli məsələlərin həlli üçün aradan qaldırılmalı problemlər ortaya qoyulacaq.

Bu ölkənin hədəfləri doğrudan da ambisiyalıdır. Belə ki, 2030-cu ilə qədər elektrik enerjisi tədarükünün yarıdan çoxu və bütün enerjinin təqribən üçdəbir hissəsi məhz bərpa olunan enerji mənbələri hesabına təmin ediləcək. Ekspertlərin apardığı təhlillər göstərir ki, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ölkədə böyük potensial var. Nəqliyyat və evlərin qızdırılması məsələləri də həmin proqrama daxil edilsə, bu iki “istehlakçı” çox böyük miqdarda enerji sərf edəcək. COVID-19 ilə yadda qalan 2020-ci ildə Almaniya kömürün rolunun azaldılmasını, külək, günəş və bioqaz enerjisinin rolunun artırılmasını elan edib. Məhz həmin ildə ölkədə istehsal edilmiş elektrik enerjisinin yarıdan çoxu, daha dəqiq desək 51,2 faizi bu mənbə hesabına yaranıb. Bu, böyük sıçrayış idi. Əlbəttə, COVID-in iqtisadiyyata təsiri də özünü göstərib, lakin daha vacibi odur ki, pandemiya zəiflədikcə bu meyil dəyişməyib.

AXR-də elektrik stansiyalarının bir qismi hələ də kömürlə işləyir. Qeyd etmək lazımdır ki, AFR-də daş kömür çıxarılması 2018-ci ilin sonunda dayandırılıb. O vaxtdan daş kömür yalnız idxal edilirdi. Almaniya bazarına daş kömürün əsas tədarükçüsü Rusiya idi, bütün idxalın təqribən yarısı onun payına düşürdü. Lakin Ukraynada müharibə və Moskvanın Rusiya qazına görə ödənişin yalnız rubl ilə aparılması barədə tələbləri ilə bağlı münaqişə “yaşıl enerji”yə keçidin sürətləndirilməsi məsələsini daha da aktuallaşdırıb.

Ölkənin elektrik energetikasında kömürlə işləyən elektrik stansiyaların payının azaldılması ilə əlaqədar çox ehtimal ki, daş kömür alınması daha da azalacaq. Bu, həm də qonur kömürə tələbatın azalmasına gətirib çıxaracaq. Beləliklə, nəticə etibarilə Almaniya elektrik energetikasında ən çirkli enerji daşıyıcısı kimi kömürdən istifadə edilməsindən 2038-ci ildən tez imtina edə bilər.

Keçən ilin əvvəlində qəbul edilmiş yeni qanuna əsasən, Almaniyada dizel yanacağı, benzin, mazut və təbii qazın yandırılması zamanı əmələ gələn karbon qazının hər tonuna görə 25 avro ödənilməlidir. Bu, avtomobil yanacağının və mənzillərin qızdırılmasının bahalaşmasına gətirib çıxarıb. Atmosferə karbon qazı tullantılarına görə ödəniş tədricən artırılacaq və 2025-ci ilədək karbon qazının hər tonuna ödənişin məbləği 55 avroya çatdırılacaq. Bu da öz növbəsində elektrik avtomobillərindən istifadəyə keçid prosesini sürətləndirəcək.

Onu qeyd etmək lazımdır ki, aparılmış sorğunun nəticələrinə görə Almaniyada ev təsərrüfatlarının 90 faizi neftdən və atom enerjisindən imtina edilməsini vacib sayır. Onların fikrincə, neft, təbii qaz və kömür kimi ənənəvi yanacaq növlərindən, həmçinin atom enerjisindən bərpa olunan enerji mənbələrinə keçid zəruridir. Belə mənbələr sırasına günəş, külək və bioqaz aiddir. Lakin öz evlərinin damlarında günəş batareyaları quraşdıranlar atan əsasən yüksək gəlirli adamlardır. Alternativ enerji mənbələrinə özəl səviyyədə keçid hələ də fərdi gəlirlə bağlı məsələ olaraq qalır.

“Yaşıl enerji” estafetində Berlin xüsusi uğur qazanıb. Bu yaxınlarda qəbul edilmiş yeni qanuna əsasən 2023-cü ildən başlayaraq, Almaniya paytaxtındakı bütün yeni binaların damlarında günəş batareyaları quraşdırılmalıdır. Şəhərin hakimiyyət orqanlarının məqsədi paytaxtı iqlim baxımından neytral şəhərə çevirməkdir. Doğrudur, Berlin çox günəşli şəhər olmasa da, isti günlərdən tam həcmdə istifadə edir. Burada hər il təqribən 2300 yeni ev istifadəyə verilir. 2023-cü ildən etibarən yeni binaların hər birinin damında günəş panelləri quraşdırılacaq.

Beləliklə, Almaniya yaşıl energetikaya keçidin sürətləndirilməsi məsələsində Avropa İttifaqının aparıcı dövlətlərindən biri imicini doğruldur. Onun təcrübəsindən həm Avropa İttifaqı üzrə qonşu dövlətlər, həm də başqa qitələrdəki ölkələr istifadə edə bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video