26 May 2022 00:41
562
İQTİSADİYYAT
A- A+

Yarım əsrdən artıq tarixində Davos Forumu ilk dəfə ən çətin suallara cavab axtarır

 

M.Cabbarov: "Azərbaycan Avropaya enerji daşıyıcıları tədarükünün artırılması məsələsini müzakirə etməyə hazırdır"

 

Xəbər verildiyi kimi, pandemiya ilə bağlı ikiillik fasilədən sonra Davos Forumu mayın 22-də ilk tədbirinə başlayıb. Çıxışlar və müzakirələr mayın 26-dək davam edəcək. Forumun rəhbəri Klaus Şvab bəyan edib ki, iqlim dəyişiklikləri, dördüncü sənaye inqilabının yeni texnologiyaları kimi məsələlər müzakirə olunacaq.

Beynəlxalq İqtisadi Forumun yaradıcısı və rəhbəri K.Şvab belə hesab edir ki, son iki ildə virtual görüşlərlə əlaqə quran biznesin, siyasətin və vətəndaş cəmiyyətinin liderləri, nəhayət, yenidən yığışaraq qarşılıqlı etimad mühitini yaratmalı, çoxsaylı problemlərin həllini sürətləndirməlidirlər. Beləliklə, forumda yüksəkçinli siyasət, elm, iqtisadiyyat və media mənsubları bir araya gələrək Ukraynadakı münaqişə, pandemiya, qlobal inflyasiya və iqlim dəyişiklikləri kimi mövzuların müzakirəsinə start veriblər.

Lakin forumun ilk günündən Klausun arzuladığı etimad mühiti  deyəsən çətin alınır. Biz bu tədbirlərdə liderlərin toqquşmalarının, fərqli mövqelərin mübahisələrinin çox sahidi olmuşuq.  Bu dəfə isə vəziyyət daha mürəkkəbdir. Belə ki, beynəlxalq münasibətlərin az qala üçüncü dünya müharibəsi səviyyəsində gərginləşməsi, tərəflər arasında qütbləşmənin dərinləşməsi forumda özünü ilk gündən bütün ciddiliyi ilə büruzə verib. Ekspertlər qeyd edirlər ki, tədbir Rusiyasız keçir və əsas diqqət Ukraynaya yönəlmişdir. Rusiya ilə Ukrayna arasındakı gərginlik hamının ovqatına mənfi təsir edir. Artan qiymətlərin fonunda baş verə biləcək ərzaq böhranı isə, sözün əsl mənasında, hamını vahiməyə salir.  Bəs 2500 nəfərin, o cümlədən 50-dən çox hökumət və dövlət başçısının iştirak etdiyi forumda diqqət mərkəzində duran məsələlər hansılardır? Hamı ümid edir ki, yarım əsrdən çox təcrübəyə malik Davos Forumu bu il daha məhsuldar olmalıdır. İki il əvvəl Davosda iştirakçılar görüşəndə tədricən dünyaya Çindən yayılan virusdan danışırdılar, indi isə hamı həmin virusdan ölənlərin sayının milyonlarla olduğunu qeyd edir. Bu gün bəşəriyyət pandemiyanı adlayıb keçsə də, onun yaraları hələ də özünü büruzə verir. Bu da forumda ciddi müzakirə olunan məsələlərdəndir.

Təzadlara fikir verin. Ukrayna bu tədbirdə öz gələcəyi ilə bağlı təkliflərini verir, milyarderlər isə onların yeni vergilərlə yüklənməsini tələb edirlər. Bu təklifi edən milyarderlər qrupunun əsas məqsədi qlobal bərabərsizliyin aradan götürülməsidir. "Bizim hökumətlərimiz bu ədalətsiz bərabərsizliyin aradan götürülməsi üçün əvvəlki kimi heç bir iş görmək istəmir, əvəzində isə bağlı qapılar arxasında oturub, səxsi sərvətlərinin sərgilərində iştirak edirlər. Bu il yenə 250 milyon insan dilənçiliyin uçurumlarına yıxılacaq. Dünyanın tənzimlənməsinin zamanı gəlmişdir. Varlılar hamı kimi vergi ödəməlidirlər", - deyə milyoner Marlen Enqelhorn bildirmişdir.

Davos İqtisadi Forumunda hamı razılaşır ki, 1971-ci ildən üzü bəri bu qurum heç zaman bu dərəcədə çətin qlobal problemlərlə üzləşməmişdir. Bunlardan ən vacibləri Rusiya-Ukrayna münaqişəsi və onun dünyanı silkələyən təkcə nəticələri yox, həm də planetar miqyasda yaranan yeni qlobal təhlükələr və problemlərdir. Koronavirusdan sonra dünyanın bərpası, iqlim dəyişikliklərinin dağıdıcı təsiri və digər amillər də Davosda özünü daha qabarıq büruzə verir.

Davosda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun çıxışı aktuallıq və perspektiv münasibətləri inkişaf etdirmək baxımından daha maraqlı və diqqətçəkən oldu. Nazir  çıxışında bildirdi ki, Azərbaycan Avropanın enerji təchizatını gücləndirmək üçün əlavə enerji resurslarına malikdir: "Azərbaycandan enerji ehtiyatları tədarükünü artırmağı xahiş edirlər. Biz bazara tədarükü artırmaqdan məmnunuq. Amma son bir neçə ildə bu sektora investisiyalar qazıntı yanacaqlarla bağlı maliyyə təşkilatlarının dəyişən siyasəti ilə əlaqədar kifayət qədər deyil".

 "Cənub qaz dəhlizi"nin Azərbaycanla Avropa arasındakı münasibətlərə təsir gücü ilə bağlı suala cavab verərkən M.Cabbarov qeyd etdi ki, Azərbaycan həm də Gürcüstan və Türkiyəyə iri qaz tədarükçüsüdür, oradan isə mavi yanacaq Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniyaya nəql olunur. Hazırda Avropaya qaz tədarükünün artırılması ilə bağlı tərəfdaşlarla işlər aparılır.

Nazir İqtisadi Forumda həmçinin vurğuladı ki, biz Avropaya enerji daşıyıcıları tədarükünün artırılması məsələsini müzakirə etməyə hazırıq. Azərbaycanın özünün enerji ehtiyatlarının birgə mənimsənilməsi siyasətini yürütdüyünü diqqətə çatdıran nazir  əlavə etmişdir ki, Azərbaycan məhsul və xidmətlərin tədarükü, siyasi dialoqda iştirakı, ümumi makroiqtisadi prioritet və möhkəm maliyyə bazası baxımından sabit tərəfdaş olmağa çalışır.

 

B.İMANQULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video