16 Yanvar 2022 00:53
842
İQTİSADİYYAT
A- A+

Xızı dağlarının və Abşeron torpağının küləkləri işığa çevriləcək

 

Azərbaycanda “yaşıl enerji” layihələri qarşısında “yaşıl işıq” yandırılır

 

Azərbaycanın  Xəzərsahili ərazilərinin və dağlıq bölgələrinin  havası çox vaxt küləkli olur. Bu da həmin yerlərdə külək stansiyalarının tikilməsinə,  yəni sözügedən potensialdan  istifadə etməyə əlverişli imkan yaradır.

Bu günlərdə təməli qoyulan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının da  məkanı,  məramı və məqsədi adından bəllidir. Belə ki, onu Xızı dağlarının və Abşeron torpağının küləyi hərəkətə gətirəcək. “Xızı-Abşeron” ölkəmizdə bu tipli ən böyük stansiya olacaq.

Prezident İlham Əliyev tikilməsinə başlanan obyektin əhəmiyyətini belə dəyərləndirmişdir: “Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin  təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq.

Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır”.

Vətən müharibəsindəki Qələbəmiz regional əməkdaşlıq, o cümlədən elektrik enerjisi, xüsusilə bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.

Biz bu sahəyə investorları cəlb etmək məqsədimizə nail oluruq. Bunların sırasında  həmin sahədə dünyada ən aparıcı şirkətlərdən biri - “ACWA Power”in olması  və onun  məhz qardaş Səudiyyə Ərəbistanını təmsil etməsi sevindirici haldır. Dövlət başçısının dediyi kimi, bu, bizim üçün və gələcək əməkdaşlığımız üçün çox önəmlidir.

Belə  ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında  sıx dostluq və qardaşlıq münasibətləri var. Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq. Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla, ümumiyyətlə, diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir, qardaşlığın əlamətidir. Biz də bunu yüksək qiymətləndiririk. Səudiyyə Ərəbistanı ilə siyasi əlaqələrimiz yüksək səviyyədədir. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq edirik.

Bir neçə kəlmə də yeni stansiyanın investoru olan şirkət haqqında. “ACWA Power” bu sahədə böyük təcrübəsi olan şirkətdir. Onun  inşa etdiyi stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud şirkət haqqında belə demişdir: “ACWA Power” 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında elektrik enerjisinə olan daxili tələbatın 50 faizini məhz bərpaolunan enerji mənbələri sayəsində təmin etmək üçün külək və günəş enerjisi potensialını artıraraq Krallığımızın bərpaolunan enerji sahəsində təşəbbüslərinin önündə olub. Bu gün qeyd etdiyimiz kimi, Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bildiyiniz kimi, bu enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək. Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq və biz il ərzində 400 min ton karbon qazının atmosferə atılmasını azaldacağıq. Bununla biz Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə vermiş olacağıq”.

Əlavə olaraq “ACWA Power” şirkəti Azərbaycanda dənizdə külək enerjisi stansiyasının tikilməsi layihəsi ilə əlaqədar Anlaşma memorandumu imzalayacaq ki, onun ümumi gücü təxminən 500 meqavat olacaq. İlkin mərhələdə külək enerjisindən istifadə potensialı araşdırılaraq yaşıl karbohidrogenlərin hasil edilməsindəki mümkün tətbiqi öyrəniləcək.

Belə bir şirkətin Azərbaycana maraq göstərməsi sevindirici haldır. Əlbəttə ki, burada ikitərəfli dövlətlərarası əlaqələr böyük rol oynayır. Eyni zamanda, son illər Azərbaycan iqtisadiyyatında, o cümlədən energetika sahəsində aparılan islahatlar, münbit investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, mövcud sabitlik, əmin-amanlıq, təhlükəsizlik - bütün bu amillər təbii ki, hər bir sərmayəçi üçün önəmli rol oynayır. Həm  də Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. “Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir” - deyir Prezidentimiz.

Hazırda bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsindəki gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir. Məsələn, Cəbrayıl rayonunda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Aparılmış dəqiq təhlil nəticəsində bəlli olub ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. İstərdik ki, dost ölkələrin investorları, şirkətləri bu imkanları da araşdırsınlar və həmin böyük layihələrdə iştirak etsinlər.

Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Burada artıq bir neçə su elektrik stansiyası inşa edilib və fəaliyyətə başlayıb. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı isə konkret planlar var. Buna görə də dövlət başçısı əmin olduğunu bildirir ki, ölkədə inşa ediləcək “Xızı-Abşeron” stansiyasının açılışından sonra və bəlkə də açılışına qədər  digər investisiya layihələri də icra edilməyə başlanacaq.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video