12 Avqust 2022 01:31
601
İQTİSADİYYAT
A- A+

Xəzərdə perspektivli sayılan strukturlar çoxdur

 

Ehtiyatları haqqında sözü isə geoloji kəşfiyyat deyir

 

Təbiət Xəzərin Azərbaycana məxsus sektorundakı onlarca yatağın zəngin karbohidrogenləri ilə xalqımıza böyük bir sərvət bəxş edib. Yarım əsrdən çoxdur istismar olunan və ehtiyatları hələ də tükənməyən dəniz yataqları buna aydın misaldır. Son iki-üç onillikdə hasilata başlayan "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" isə ölkəmizin iqtisadiyyatının bel sütununu təşkil edərək öz sərvəti ilə dünyaya nəhəng ixrac marşrutları açmağa imkan verib.
İşlənməkdə olan yeni yataqlardan da növbəti illərdə hasilatın başlanması gözlənilir. Bununla yanaşı, Xəzərdə perspektivli sayılan strukturlar hələ də çoxdur. Onlar neftlə, yoxsa qazla zəngindir? Ehtiyatları nə qədərdir? Bu suallara dəqiq cavabı isə geoloji kəşfiyyat verir.
bp şırkəti bu ilin birinci yarısının yekunlarına aid açıqlamasında Xəzərin Azərbaycan sektorunda həyata keçirilən digər layihələrlə yanaşı, "Şəfəq-Asiman" blokunda və Abşeron yarımadasının dayazsulu hissəsində aparılan geoloji kəşfiyyat işlərinin vəziyyəti barədə də məlumat verib.
"Şəfəq-Asiman" bloku Bakıdan cənub-şərq istiqamətində təxminən 125 kilometr məsafədə yerləşir. Blok 1100 kvadratkilometrə yaxın sahəni əhatə edir və onun ərazisində suyun dərinliyi 650-800 metr arasında dəyişir. "Şəfəq-Asiman" strukturunu "Şahdəniz" yatağından 60 kilometr və Səngəçal terminalından 145 kilometr məsafə ayırır.
"Şəfəq-Asiman" strukturu 1961-ci ildə aparılmış seysmik kəşfiyyat vasitəsilə aşkar olunub. 2010-cu ilin oktyabr ayında Bakıda bp və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) arasında blokun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS (Hasilatın Pay Bölgüsü Sazişi) imzalanıb. Saziş Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2011-ci ildə ratifikasiya edilib. Sənədə əsasən, bu şirkətlər layihədə iştirak paylarını tən yarıya bölürlər, operator bp-dir. HPBS-nin müddəti 30 il müəyyən edilib.
2012-ci ildə "Şəfəq-Asiman"da üçölçülü seysmik tədqiqat işləri yerinə yetirilib. Seysmik məlumatların interpretasiyası 2015-ci ildə tamamlanıb. Əldə edilmiş məlumatların emalı və interpretasiyası əsasında tərəfdaşlar strukturda ilk kəşfiyyat quyusunun yerini müəyyənləşdirib və 2020-ci ildə onun qazılmasına başlayıblar.
2021-ci ilin mart ayında blokda ilk kəşfiyyat quyusunun qazılması Fasilə lay dəstində 7189 metr dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Operator şirkət bildirir ki, hazırda ilkin seysmik məlumatların emalı da daxil olmaqla qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili aparılır. Bundan sonra nəticələrin interpretasiyası həyata keçiriləcək. Bu təhlil karbohidrogen kəşfini dəyərləndirməyə və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmağa imkan verəcək. 
Abşeron yarımadasının dayazsulu hissəsinin potensial perspektiv strukturlardan biri olduğu güman edilirdi. 2014-cü il dekabrın 22-də bp və 
SOCAR arasında bu strukturda birgə geoloji kəşfiyyat işlərinin aparılması və hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Bundan bir neçə ay sonra saziş Milli Məclis tərəfindən ratifikasiya edildi. bp Abşeron yarımadasının dayazsulu hissəsi layihəsinin operatoru və HPBS-də 25 faiz paya malik idi. Digər tərəfdaşlar isə bunlar idi: 
SOCAR-50 faiz və LUKOİL-25 faiz. Müqavilə sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanırdı. Bu ərazidə suyun dərinliyi 40 metrədək dəyişir.
HPBS Milli Məclis tərəfindən ratifikasiya olunduqdan dərhal sonra müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramının həyata keçirilməsi üçün hazırlıq işlərinə başlandı. 2015-ci ilin dekabr ayında ikiölçülü seysmik tədqiqat proqramı təhlükəsiz şəkildə sona çatdırıldı.
Üçölçülü seysmik tədqiqat proqramı üzrə ƏMSSTQ sənədinin ictimai müzakirələri aparıldı. Üçölçülü seysmik tədqiqat proqramı 2016-cı il mayın 31-də başlandı və dekabrın 27-də müvəffəqiyyətlə yekunlaşdı. Bu tədqiqat 1300 kvadratkilometr ərazidən üçölçülü məlumatın əldə olunmasını əhatə etdi. Tədqiqat proqramı bp-nin qabaqcıl, patentləşdirilmiş Müstəqil Sinxron Mənbələr (Independent Simultaneous Source with Nodes-ISSNtm) texnologiyası vasitəsilə həyata keçirildi.
Üçölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin dördüncü rübündə sona çatdı. Beləliklə də SOCAR-la perspektivlik haqqında bildiriş imzalanmaqla bp-nin Abşeron yarımadasının dayazsulu hissəsində üç perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edildi. Eləcə də quyuların qazılacağı yerlər müəyyənləşdirildi. 
Şimal Xali sahəsində "Sətti" özüqalxan qazma qurğusu ilkin layihə və plana uyğun olaraq qazma əməliyyatlarını başa çatdırdı və quyu bağlandı. Bundan sonra qurğu ikinci geoloji kəşfiyyat quyusunu qazmaq üçün Bibiheybət perspektiv sahəsinə keçirildi. Qazma müqavilə sahəsinin qərb perspektiv hissəsində, sahildən təqribən 1,5 kilometr aralıda, suyun dərinliyinin 7 metr yaxın olduğu ərazidə aparıldı. 
bp-nin cari ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabatında bildirilir ki, Abşeron yarımadasının dayazsulu hissəsi layihəsi çərçivəsində üçüncü geoloji kəşfiyyat quyusu - QBDX01-in bu il mayın 25-də təhlükəsiz şəkildə bağlanıb və daimi tərk edilib. Belə ki, saziş sahəsinin cənub-şərq hissəsində yerləşən Qarabatdağ ərazisində qazılmış bu quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmayıb. Layihə çərçivəsində Şimal Xalı sahəsində qazılmış birinci quyunun 2021-ci ilin dekabrında, Bibiheybət sahəsində qazılmış ikinci quyunun isə bu ilin mart ayının ortalarında tərk edildiyi diqqətə çatdırılıb. QBDX01 quyusu Abşeron yarımadasının dayazsulu hissəsinin kəşfiyyat qazma proqramı üçün planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsi olduğundan "Sətti" özüqalxan qazma qurğusu bu layihədə iştirakını bitirib. 
Xatırladaq ki, "Sətti" qurğusu Qazaxıstan "KMG Drilling and Services" MMT-yə məxsusdur. 2019-cu ilin yanvar ayında SOCAR və "KazMunayGaz" arasında imzalanmış memoranduma, eləcə də həmin ilin fevralında "Kaspian Drilinq Kompani Limited" (KDK) MMC və "KMG Drilling and Services" MMT arasında bağlanmış müqaviləyə əsasən, qurğu KDK-nin etibarlı idarəetməsinə verilib.
"Sətti"nin təkmilləşdirilməsi Bakıda, KDK-də həyata keçirilib. Gələcəkdə bu qurğunun Xəzər dənizi akvatoriyasında digər əməliyyatlarda da iştirak edəcəyi nəzərdə tutulub.

 

Flora SADIQLI,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video