07 Dekabr 2021 00:52
1079
Mədəniyyət
A- A+

“Xəmsə”nin dördüncü poeması

 

“Yeddi gözəl” əsəri Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş poemadan  dördüncüsüdür. 1197-ci ildə fars dilində yazılmış və Marağa hakimi Əlaəddin Körpə Aslana (1174 - 1208) ithaf edilmişdir. Poemanın mövzusu Sasani hökmdarı V Bəhramın həyatı ilə bağılıdır.

Şair onun yaşam tərzini əks etdirməklə yanaşı, eyni zamanda öz dövrü barədə kəskin tənqidi fikirlərini, romantik düşüncələrini ifadə etmişdir. “Yeddi gözəl” həyat və insan, tarix və müasir dövr, hökmdar və cəmiyyət və digər mövzular ətrafında zəngin, rəngarəng düşüncə, baxış və qənaətlər xəzinəsidir.

Mənbələrdə göstərilir ki, Nizami bu əsərini qələmə alarkən məqsədi yalnız Bəhram haqqındakı əfsanə və rəvayətləri toplayıb nəzmə çəkməkdən ibarət deyılmiş. O, Sasani hökmdarının simasında yeni insan idealını əks etdirmək, zaman və dövr anlayışı ətrafındakı dərin düşüncələrini vermək istəmişdir. Tədqiqatçıların fikrincə, “Yeddi gözəl” poeması təkcə ədalətli hökmdar surəti yaratmaq, ideal şah arzularını əks etdirmək üçün yaradılmış bir əsər kimi də ortaya çıxmamışdır. Şairin əsas poetik qayəsi insan necə olmalıdır fikrini geniş planda əks etdirmək olmuşdur. Poemanın, demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir. Poemada əsas diqqət Bəhram Gur surəti üzərində cəmlənmişdir.

...Uzun müddət yolu gözlənilən Bəhramın doğulmasından sonra, təlim və tərbiyə görməsi üçün onu ərəb hökmdarı Nemanın yanına göndərirlər. Nemanın göstərişi ilə yeni, möhtəşəm saray - Karnak inşa olunur. Bir gün sarayın otaqlarından birində Bəhram yeddi müxtəlif ölkədən olan yeddi şahzadə qızın portretini görür və onlara aşiq olur.

Atasının ölümündən sonra Bəhram İrana qayıdır və taxta çıxır. Hakimiyyətə gəldikdən sonra Bəhram yeddi şahzadə qızın axtarışına başlayır, onları tapır və evlənir. O, memarlara yeni arvadlarının hər biri üçün möhtəşəm sarayların inşa olunmasını əmr edir. Memarlar bildirirlər ki, astrologiyaya görə Yer kürəsinin hər hissəsi bir planetin idarəsi altındadır və Bəhrama məsləhət görürlər ki, sarayların hər birini gözəllərin gəldikləri ölkələrə təsir edən planetlərin rənginə uyğun bəzətdirsin. İnşaat işlərinin tamamlanmasından sonra gözəllər öz saraylarında məskunlaşırlar. Bəhram həftənin hər gününü gözəllərdən birinin yanında keçirir.

Şahın öz arvadları ilə məşğul olduğu müddətdə illər keçir və onun vəzirlərindən biri taxtı ələ keçirir. Bəhram görür ki, onun hökmdarlığında işlər o qədər də yaxşı deyil, qonşu hökmdarlar isə onun dövlətinin ərazisini tutmağa çalışırlar. Baş verən hadisələri təhlil edən Bəhram vəzirinin bütün pis işlərin günahkarı olduğunu düşünür. O, qəddar vəziri ölüm cəzasına məhkum edir və ölkəsində qayda-qanun yaradır. Bundan sonra, Bəhram arvadları üçün inşa etdirdiyi yeddi sarayı tanrıya ibadət üçün yeddi zərdüştülük məbədinə çevirmək qərarına gəlir, özü isə ova çıxır və dərin mağarada itir. Mağarada vəhşi uzunqulağı (gur) axtaran Bəhram öz qəbrini (gor) tapır.

1940-cı illərin əvvəllərində dahi bəstəkar Üzeyir bəy Hacıbəyli Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının yeddi gözəl obrazına uyğun olaraq şairin sözlərinə yeddi romans bəstələməyi planlaşdırır. O, hər bir musiqili portret formasında vokal miniatür şəklində gözəllərin psixoloji vəziyyəti, xarakterləri, hissləri, daxili dünyaları və mənəvi gözəlliklərini təsvir etmək məqsədini qarşısına qoyur. Lakin Hacıbəyli yalnız iki romans - “Sənsiz” (1941) və “Sevgili canan” (1943) yaza bilir.

1949-cu ildə görkəmli bəstəkar Qara Qarayev “Yeddi gözəl” süitasını yazır, 1952-ci ildə isə eyni-adlı poemanın motivləri əsasında “Yeddi gözəl” baletini qələmə alır. Librettonun müəllifi İsmayıl Hidayətzadə, Yuri Slonimski və Sabit Rəhman olur.

Q.Qarayevin ən vacib mövzulara, kəskin həyati konfliktlərə həsr olunmuş, yüksək idealları, insan mənəviyyatının zənginliyini və gözəlliyini, hisslərin poeziyasını tərənnüm edən baletləri insanpərvərlik ruhu ilə doludur. İncə, lirik hisslərlə yazıb-yaradan sənətkar heyranedici ustalıqla öz qəhrəmanlarının daxili aləminə nüfuz edir. Onun ilhamla dolu, fövqəladə dərəcədə təsirli musiqi əsərlərində lirik-psixoloji konfliktlər, ifadə tərzi ictimai, tarixi hadisələrlə dərindən bağlı olur. “Yeddi gözəl” baleti də uzun müddət davam edən yaradıcılıq axtarışlarının məhsuluna çevrilir.

Baletdə Nizaminin “Yeddi gözəl” poemasının süjeti nağıl və əfsanə kimi deyil, ictimai dram kimi izah olunur.

İlk tamaşa 6 noyabr 1952-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdir. Tamaşa ölkənin musiqi həyatında böyük hadisə kimi dəyərləndirilmiş və ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Premyera eyni zamanda beynəlxalq maraq doğurmuşdu. Məşhur bəstəkar Dmitri Şostakoviç yazdığı məqalədə qeyd edirdi ki, yeni baletin ən güclü tərəfi onun musiqisidir. Q. Qarayev bu əsərində musiqi vergisini əvvəlki əsərlərindən daha qabarıq şəkildə büruzə vermişdir. “Sovetskaya muzıka” qeyd edirdi ki, “Yeddi gözəl”in partiturası monumental simfonik təsvirdir. Xalq musiqisi və rəqs ənənələrinə əsaslanan balet böyük tamaşa kimi təşəkkül tapmışdır.

Xüsusi vurğulanmalıdır ki, poemada olduğu kimi, Qara Qarayev də əsərin əsas fikrini məhəbbət naminə insanın əxlaqi kamilləşməsi, xalqın səadəti naminə isə mənəvi fədakarlığın gücünü ardıcıl olaraq açır. Nizami öz poemalarında dəfələrlə azadlıqsevər xalq haqqında humanist fikirlər söyləmişdir.

Q. Qarayev öz baletində məhz bu mövzunu xüsusi olaraq nəzərə çarpdırır və əsərin ideyasına elə təfsir verir ki, orada xalq əsas qəhrəman kimi çıxış edir və beləliklə baletin ictimai motivləri də kəskinləşir. Bəstəkar əsərdə Nizami poemalarının fabulasından çox, şairin yaradıcılığının ümumi ideya istiqamətini, bütün “Xəmsə”nin başlıca mövzusunu saxlamağa çalışmışdır. Onun dövrlə bağlı düşüncələri tamaşaya yaradıcı istiqamət vermişdi. Buna görə də “Yeddi gözəl” in qəhrəmanı olan xalq və onun obrazı baletdə ardıcıl inkişafda göstərilmişdir.

Baletin ikinci redaksiyası 1959-cu ildə tamaşaya qoyulur. SSRİ dövründə balet Moskva, Leninqrad, Novosibirsk, Lvov, Daşkənd, Praqa, Kaliforniya və başqa şəhərlərin teatrlarında anşlaqla qarşılanır, böyük tamaşaçı məftunluğu qazanır. Lakin 1990-cı illərdə repertuarlardan itir. Balet yenidən 2008-ci ildə Bakıda səhnələşdirilir. 21 fevral 2011-ci ildə yenilənmiş “Yeddi gözəl” baleti ilk dəfə Moskvada, Böyük Teatrda nümayiş etdirilir.

Klassik ədəbiyyatın şah əsərlərindən biri olan “Yeddi gözəl”də xeyli əxlaqi fikirlər yer almışdır. Nizami Şərqdə həmişə xüsusi mövqeyə malik olmuş, İslamda ilk mükəmməl rəqəm hesab edilən yeddini əsas motiv kimi istifadə etmişdir. Bəzi müasir araşdırmaçılar poemanı astrologiya haqqında ədəbi traktat kimi nəzərdən keçirirlər, bəziləri isə bu mövqeni qəbul etmirlər.

Tədqiqatçı Fransua de Bluanın fikrincə, əsərin məzmunu Bəhramın ulduzların göstərişi ilə yaşamaq və xoşbəxt olmaq cəhdinin uğursuzluqla nəticələnməsi ilə bağlıdır. Tamamilə yeddi ulduzun xüsusiyyətlərinə uyğun olaraq inşa edilmiş yeddi saray-günbəz sonradan Bəhramı ölümə istiqamətləndirir. De Blua onu da qeyd edir ki, möhkəm köklərlə bu dünyaya bağlı olan bu sənət əsəri və onun etik məzmunu prinsipial şəkildə dini yox, dünyəvi xarakter daşıyır.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video