20 Noyabr 2022 01:21
425
SİYASƏT
A- A+

Xalqın etimad göstərdiyi partiya

 

Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası 30 illik yubileyini Zəfər partiyası kimi qeyd edir. Yarandığı gündən xalqın partiyası adını qazanan bu siyasi təşkilatın liderlərinin qəbul etdiyi qərarlar bu gün Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib. 
Əgər fenomen şəxsiyyət, müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev adını tariximizə xalqının xilaskar Lideri kimi qızıl hərflərlə yazdırıbsa, onun layiqli varisi cənab Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinə 44 günlük müharibədə zəfərlə son qoyaraq xalqının qəlbində əbədi heykəlini ucaldıb. 
30 il tarixi nöqteyi-nəzərdən o qədər də çox müddət deyil. Amma kiçik bir dövlət üçün təxminən bir qərinəlik dövrdə bu qədər yüksəliş, sürətli inkişaf və şanlı Zəfərin qazanılması böyük dövlətlərin tarixində yaşanmayan həqiqətdir. Bu, uzaqgörən Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yüksəliş strategiyasının bəhrəsidir. Bu, Ümummilli Liderin "vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq" kəlamının faktiki təsdiqinin bariz təcəssümüdür. Bu, məhz Ulu Öndərin 30 il öncə yaratdığı Yeni Azərbaycan Partiyasının şanlı tariximizə verdiyi ən böyük töhfədir.  
İstənilən dövlətin tarixində güclü, xilaskar lideri olur. Məhz həmin liderin öndərliyi ilə dövlət də, xalq da nicat tapır. Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, onun çoxəsrlik tarixində güclü sərkərdələri, xilaskar liderləri olub. Məhz həmin liderlərin özlərindən sonra qoyub getdikləri siyasi mirasın düzgün dəyərləndirilməsi, qiymətləndirilməsi sayəsində respublikamız yüksəliş dövrünü yaşayır. 
Tam əminliklə deyə bilərik ki, uca yaradanın Azərbaycan dövlətinə və xalqına Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyəti nəsib etməsi ilə istiqrarımızın, müstəqilliyimizin əbədiliyi rəsmiləşdirilib. Bəlkə də Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə gəlməsəydi, indi Azərbaycan adlı dövlətin müstəqilliyindən danışmaq belə mənasız olardı. 
Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərlə bugünümüzü müqayisə etsək,  tamamilə fərqli bir mənzərənin şahidi olarıq. Əlbəttə ki, bu uğurların qazanılmasına  əsas verən zamanın tələbi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və 6 ay sonra Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, YAP-ın iqtidar partiyası kimi səmərəli fəaliyyət göstərməsidir. 
Tarixə qısa ekskurs edib həmin dövrdə baş verənlərə nəzər yetirsək, bir daha şahidi olarıq ki, həqiqətən də müstəqilliyini yenicə qazanmış, Azərbaycan suverenliyini itirmək təhlükəsində idi. Hər tərəfdən sanki Azərbaycana hücumlar edilirdi. Müstəqilliyini yenicə qazanmış bir ölkə acınacaqlı günlər yaşayırdı. 
Ancaq ölkənin bir qrup ziyalısının bir araya gələrək qəbul etdikləri qərar bu təhlükənin qarşısını aldı. Yaxşı yadımdadır, həmin zaman Azərbaycan Tibb Universitetinin tələbəsi idim və bir azərbaycanlı gənc kimi proseslərlə yaxından maraqlanırdım. Ümumiyyətlə, həmin dövrdə təkcə hörmətli ziyalılarımız deyil, ölkəmizin müstəqilliyinin qorunmasını, dövlətimizin inkişafını istəyən gənclər ordusu da nicatın yalnız Ulu Öndərdə olduğunu bilirdilər. Ona görə də əminliklə deyə bilərəm ki, ziyalılarımızın dahi şəxsiyyətə geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiyanı - Yeni Azərbaycan Partiyasını yaradıb və ona rəhbərlik etməsi ilə bağlı müraciət həm də gənclərin səsi, istək və arzuları idi. Çünki biz gənclər də yaxşı anlayırdıq ki, Azərbaycanı bu uçurumdan yalnız ümummilli lider qurtara bilər. 
Yəqin ki, belə çətin, gərgin anlarda hər siyasətçi ağır yükün altına girmək istəməzdi. Amma "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlamağa hazıram" deyən Ulu Öndər ona ünvanlanan müraciəti müsbət dəyərləndirdi və yeni zamanın yeni partiyasını yaradıb ona rəhbərlik etməyə başladı. 
Yarandığı gündən etibarən YAP tək ziyalıların deyil, gənclərin də güvənc ünvanı idi. Biz inanırdıq ki, dahi lider Heydər Əliyev tezliklə bu partiyanı böyük bir siyasi təşkilata çevirəcək. Belə də oldu. YAP-ın yaranmasından 6 ay sonra dahi lider Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın müstəqilliyinin başının üstünü almış bütün təhlükələri çox qısa zamanda sovuşdurdu. 
Bu gün bir ziyalı kimi qürurluyam ki, dövlətinin istiqrarını, xalqının xoşbəxt gələcəyini istəyən vətənpərvər bir Azərbaycan gənci kimi mən də həmin proseslərin iştirakçısı və hətta 1993-cü ildə YAP-ın Azərbaycan Tibb Universitetində yaradılan ilk dayaq bölməsinin təsisçilərindən biri olmuşam. Bu həm də Nəsimi rayonunda yaradılan ilk dayaq  bölməsi idi. 
Həmin zaman universitetin VI kurs tələbəsi idim. 1993-cü il yanvar ayının 8-də ATU-da Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda 37 nümayəndə iştirak edirdi. Gündəlikdə duran məsələ isə universitetimizdə partiyanın dayaq nöqtəsini təsis etmək və şura üzvləri ilə sədri seçmək idi. Təşkilat komitəsinin sədri vəzifəsi mənə həvalə olunmuşdu. Konfransda çıxış edərək gördüyümüz işlər barədə geniş məlumat verdim. Çıxış edənlər isə vurğuladılar ki, iqtidarın apardığı siyasət böyük xalq kütləsinin heç də ürəyincə deyil. Respublikada vəziyyəti sabitləşdirə biləcək yeganə siyasi təşkilat Yeni Azərbaycan Partiyası ola bilər. Çünki təkcə ziyalılar və tələbə gənclər deyil, xalqın mütləq əksəriyyəti yalnız dahi şəxsiyyət Heydər Əliyevə güvənirdi. Məhz Ulu Öndərin rəhbərlik ediyi partiya tezliklə Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayacaq.
 Təsis konfransında Xəlil Xəlilov sədr, mən isə müavin seçildim. Bu, bir Azərbaycan gənci kimi həyatımda ilk və məsuliyyətli vəzifə idi. Həmin il fevral ayının 20-də dayaq bölməsinin ikinci iclası keçirildi. Gündəliyin əsas məsələsi YAP-ın Nəsimi rayon təsis konfransına nümayəndələrin seçilməsi idi. Müzakirələrdən sonra təsis konfransı üçün 21 nəfər nümayəndə heyəti seçldi. Nümayəndə heyətinin tərkibində bir çox ziyalı, tanınmış ictimai-siyasi xadim yer almışdı. Bu ictimai xadimlər sırasında yer alanlardan biri də bu gün YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov idi. 
ATU-nun VI kurs tələbəsi kimi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan ziyalılarımızla bir sırada addımlamaq, onlardan siyasi bilgilər almaq mənim üçün ən qürurlu anlar kimi bu gün də unudulmaz xoş xatirələrtək gözlərimin önündə canlanır...   
Bir həqiqəti də xüsusi olaraq vurğulayım ki, yaşadığımız tarixi gerçəkliklərin uğurla nəticələnməsində tibb elmləri doktoru, insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinskinin də böyük əməyi var. Professor Vaqif Şadlinski YAP-ın Azərbaycan Tibb Universitetində dayaq bölməsinin təsis edilməsində, konfransların keçirilməsində əlindən gələni əsirgəmədən bizə böyük mənəvi dəstək olmuşdur. 
İllər keçdi və YAP nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrildi. Partiyamızın həyata keçirdiyi siyasət, görülən işlər qısa zamanda Azərbaycanı yeni inkişaf mərhələsinə çıxartdı. YAP-ın hər bir qurultayı respublikamızın həyatına mühüm hadisə kimi həkk olundu. Bu da ondan irəli gəlir ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu il təsis edilməsinin 30 ili tamam olan YAP hər zaman xalqın etimadını doğruldub. 
Bu gün YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatı kimi cəmiyyətdə gedən  proseslərin önündədir və öz fəaliyyəti ilə dövlətimizin həyata keçirdiyi bütün işlərə layiqli töhfələr verir. 
Təbii ki, partiyamızın respublikamızın aparıcı siyasi qüvvəsi kimi fəaliyyət göstərməsinin təməlində ilk növbədə lider amili dayanır.  Ulu Öndər Heydər Əliyevin layiqli varisi, ata vəsiyyətini yerinə yetirən cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi  şanlı Qələbə ilə YAP-ı  Zəfər partiyasına çevirib. Bu gün YAP Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi özünün cəmiyyətdəki aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

Elçin HÜSEYNOV,
tibb elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video