20 Noyabr 2022 01:35
971
SİYASƏT
A- A+

Xalqın birlik rəmzi

 

30 il əvvəl - 1992-ci il noyabrın 21-də yenicə müstəqilliyini bərpa edən Azərbaycanda əlamətdar tarixi hadisə baş verdi.  Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi. Bu, gənc dövlətimiz üçün bir dönüş nöqtəsi idi. 
Müstəqillik qazanılan o dövrün  ilk illəri çox ağır, təlatümlü, təhlükəli olması ilə diqqət çəkirdi. Belə bir taleyüklü şəraitdə həmin dövrün mövcud iqtidarı müstəqilliyi qoruyub möhkəmləndirmək gücündə deyildi. Azərbaycan həmçinin Ermənistanın işğalçılıq siyasətinə qarşı apardığı mübarizədə  uduzurdu.
Bütün bunların nəticəsində cəmiyyət sarsıntı içində idi. Xalq sabah nə baş verəcəyini bilmirdi. Xüsusilə 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması, eyni zamanda həmin faciəli hadisələrdən  az sonra hakimiyyətə gələn yeni iqtidarın  ölkəni idarə etmək gücündə olmaması mövcud şəraiti daha da ağırlaşdırmış, müstəqilliyimizin itirilmək təhlükəsi yaranmışdı. Bir sözlə, gənc ölkədə bir tərəfdən yaşanan siyasi böhran, sabitsizlik, iqtisadi tənəzzül müstəqilliyimizin möhkəmlənməsinə sədd çəkir, digər tərəfdən erməni faşizminin hücumlarını genişləndirməsini şərtləndirirdi. Belə bir şəraitdə cəmiyyətimizdə böyük nüfuz sahibi olan ziyalılar, ictimai-siyasi xadimlər Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək YAP-ın  yaradılması haqqında qərar verdilər və bu, heç də təsadüfi deyildi. Heydər Əliyevin siyasi təcrübəsi, biliyi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə isə əsl vətənpərvərlik və xalqa sadiqlik nümayiş etdirməsi Azərbaycanın mütərəqqi düşüncəli insanlarının onun ətrafında sıx birləşməsi zərurəti yaradırdı. Burada, şübhəsiz ki, Ulu Öndərin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər də xüsusi önəm daşıyırdı. 
Yeri gəlmişkən, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmində respublikamız keçmiş Sovet İttifaqında bütün göstəricilərə görə öndə olmuşdu. Üstəlik, Heydər Əliyevin qətiyyəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparması bu dahi şəxsiyyətə xalq sevgisi qazandırmışdı.  
Digər mühüm amil isə Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlı idi. Müstəqilliyin ilk illərində Naxçıvan həm Ermənistanın, həm də ovaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalmışdı. Muxtar respublika blokada şəraitində yaşayırdı. Belə bir gərgin mühitdə - sosial problemlərin məngənəsində əhali Heydər Əliyevin rəhbərliyi altında bütün çətinliklərə sinə gərdi. Digər  tərəfdən, erməni faşizmi muxtar respublikada öz istəklərinə nail ola bilmədi. Halbuki Qarabağdan sonra onların növbəti hədəfi Naxçıvan idi. Buna baxmayaraq, dahi şəxsiyyətin rəhbərliyi ilə əhali Naxçıvanı qoruya bildi, düşməni yerinə oturtmağa nail oldu. 
Burada onu da qeyd edək ki, o zaman Naxçıvan erməni məkri, Azərbaycan rəhbərliyinin ögey münasibəti nəticəsində blokada vəziyyətinə düşmüşdü. Belə bir vaxtda - 1990-cı ilin iyul ayında xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlməsi  muxtar respublikanı başı üzərini almış təhlükədən, erməni işğalından xilas etdi. Ulu Öndər yaxşı bilirdi ki, ermənilərin göz dikdiyi, blokadada saxladığı Naxçıvanın qorunub saxlanması Azərbaycan dövlətçiliyi, bütövlükdə türk dünyası üçün mühüm önəm daşıyır. Bu barədə Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Demək olar ki, ölkəmizin müstəqilliyinin bünövrəsi məhz o illərdə qoyulmuşdur. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi".
Həmin dövrdə "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında", "Naxçıvan Muxtar Respublikası Ali dövlət hakimiyyəti orqanı haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" və "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərarlar xalqımızın müstəqillik və milli dövlətçilik yolunda qəbul edilən ilk rəsmi sənədlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının Naxçıvan MR-in Dövlət Bayrağı kimi təsis olunması və Azərbaycanın ali hakimiyyət orqanları qarşısında dövlət rəmzləri haqqında qərar qəbul edilməsi vəsatətinin qaldırılması da dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətindən irəli gəlirdi.  
Ümummilli Lider tərəfindən hazırlanan və qəbul edilən "1990-ci ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar da ilk dəfə qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət verilməsinin bariz nümunəsi idi. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən həmin dövrdə qəbul edilən 1991-ci il 16 dekabr tarixli "31 Dekabr Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" qərarın da əhəmiyyəti bugünkü reallıqlar fonunda misilsizdir. 
Ulu Öndərin rəhbərliyi ilə irəli sürülən ideyalar və bu istiqamətdə Naxçıvanda qəbul edilən qərarlar Azərbaycan ictimaiyyəti tərəfindən yekdilliklə dəstəklənirdi. Məhz respublika ictimaiyyətinin təsiri nəticəsində az sonra Azərbaycan rəhbərliyi də bəzi addımlar atmalı oldu. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin vaxtilə qəbul etdiyi üçrəngli bayraq Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiqləndi.   
YAP təsis edildiyi ilk günlərdən Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, xalqın rifahının yaxşılaşmasına və torpaqlarımızın erməni faşizminin tapdağından azad edilməsi ilə Vətənin bütövlüyünün bərpasına taleyüklü vəzifə kimi yanaşdı.  Bu hədəflərə çatmaq üçün isə partiya fəaliyyətinin ilk mərhələsində bütün gücünü Azərbaycanda siyasi sabitliyin bərpasına yönəltdi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti normallaşdırdı və bu, ölkəmizin inkişaf yoluna qədəm qoymasına hərtərəfli şərait yaratdı. Ən əsası, Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, xalqın getdikcə ağırlaşan sosial durumunun  yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirildi, dövrün tələbinə uyğun davamlı islahatlar gerçəkləşdirildi, iqtisadi müstəqilliyimizin əsası qoyuldu. Bütün bunlarla bərabər, erməni işğalçılarının hücümlarının qarşısını almaq, ordumuzu qurmaq və möhkəmləndirmək üçün tədbirlər görüldü. 
YAP bütün fəaliyyətində Azərbaycanın dünya birliyinə inteqrasiyasını diqqət mərkəzində saxlayıb.  Ölkəmizin siyasi, sosial-iqtisadi inkişafına xidmət göstərən islahatların dərinləşdirilməsinə hər zaman üstünlük verib. Bununla bərabər,  Ümummilli Liderin müdrik siyasəti əsasında qəbul edilən konkret və dəqiq proqramlar ilə Azərbaycanın uğurlu inkişafını gerçəkləşdirib.  
2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti, 2005-ci ilin martında partiyanın III Qurultayında isə YAP-ın Sədri seçilən İlham Əliyev ona bəslənilən bütün ümidləri ötən müddətdə  müdrik fəaliyyəti ilə ən mükəmməl şəkildə doğrultdu, Heydər Əliyevin layiqli varisi olduğunu sübuta yetirdi. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz böyük uğurlar əldə etdi. 
Azərbaycan ötən illər ərzində böyük infrastruktur layihələri həyata keçirməklə, biznes mühitini yaxşılaşdırmaqla, xarici investorları cəlb etməklə iqtisadi sahədə böyük uğurlar qazanıb. Bunun nəticəsində dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə kimi tanınıb. Siyasi sabitlik baxımından  respublikamız bir çox ölkələr üçün örnəyə, nümunəyə çevrilib.   
Burada bir məsələni də vurğulamaq istərdim. YAP yaranan vaxt müxalifət partiyası kimi fəaliyyətə başlamışdı. Ancaq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamış, dövlətə, dövlətçiliyə daim sədaqət nümayiş etdirmiş, Ulu Öndərin müdrikliyi, cəmiyyətdəki böyük nüfuzu sayəsində qısa müddət ərzində ümumxalq partiyası kimi cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilmişdir. Cəmiyyətin  bütün təbəqələrini, bütün yaş qruplarını sıx birləşdirən partiya, sözün əsl mənasında, ümumxalq partiyası kimi böyük nüfuz qazanmış və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi qəbul olunmuşdur.    
Məlum olduğu kimi, Azərbaycan torpaqlarımızın işğaldan azad edilməsi üçün ilk gündən sülh danışıqlarına üstünlük vermişdir. Birinci Qarabağ müharibəsində ərazisinin 20 faizini itirən ölkəmiz BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan dörd qətnaməsinin icrası üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar aparmışdır. Lakin Azərbaycanın bu sülh təşəbbüsləri 2018-ci ildə Ermənistanda inqilab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyanatları və Azərbaycanın işğal olunmuş ərazilərində təxribatçı hərəkətləri ilə  başa çatdı. Ermənistanın ardıcıl təxribatları və "Yeni torpaqlar uğrunda yeni müharibə" çağırışı ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı 44 günlük əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərimiz düşməndən təmizləndi. Bununla da Azərbaycan Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirdi.
Bu uğuru şərtləndirən amillər haqqında danışarkən qeyd edək ki, 30 illik işğal dövründə ölkəmizin  hərbi qüdrətinin mükəmməlləşməsi üçün çox iş görülmüşdür. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu ordumuz dahi şəxsiyyətin layiqli  varisi Prezident İlham Əliyev tərəfindən modernləşdirilən Silahlı Qüvvələrə çevrilmişdir. Dövlət başçısı təmkinlə diplomatik sahədə təxirəsalınmaz tədbirlər reallaşdırmış, beynəlxalq tribunalardan Qarabağ həqiqətlərini dünyaya bəyan etmiş, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu çatdırmışdır.
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun dünyada hərbi əməliyyatların planlaşdırılmasının, həyata keçirilməsinin və yekunlaşdırılmasının yeni texnologiyalara əsaslanan ilk praktik nümunəsini bütün dünyaya göstərdi. Bu savaş xalqımızın mətin iradəyə malik olduğunu, milli ideya ətrafında sıx birləşmək gücünü və işğala boyun əyməmək əzmini təsdiqlədi. Dövlət-xalq-ordu birliyi zəfərin əldə olunmasını şərtləndirdi. Prezident İlham Əliyev diplomatik məharəti və yenilməz sərkərdəlik qabiliyyəti ilə əsl lider olduğunu bir daha təsdiq etdi. 
Ermənilərin Cənubi Qafqaza köçürülməsindən və torpaqlarımızda kompakt yaşamağa başladığı vaxtdan keçən təxminən 200 illik bir dövrdə ərsəyə gətirdikləri və "dənizdən-dənizə böyük Ermənistan" kimi mifik təsəvvürlərə əsaslanan xəstə milli ideyası Vətən müharibəsində darmadağın oldu. Artıq həmin tarixi hadisədən iki il ötür. Bu müddətdə ölkəmiz siyasi şərtləri diktə edir, bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yaradır. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda erməni faşizminin xaraba qoyduğu yaşayış sahələrinə yeni həyat gətirir, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün genişmiqyaslı layihələr reallaşdırır. 
Təbii ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz şanlı qələbəsi ilə regionda yeni reallıqlar yaratması Yeni Azərbaycan Partiyasının həyatında da öz sözünü dedi. 2020-ci il martın 5-də növbədənkənar VII qurultayın keçirilməsi ilə  partiyanın həyatında yeni mərhələ başlandı. Qurultayda qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq Veteranlar Şurası və yeni tərkibli Gənclər Birliyi formalaşdırıldı. 
Qurultayın keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisə oldu. Prezident İlham Əliyevin qurultaydakı çıxışında səsləndirdiyi "Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq" fikri bunun bariz ifadəsidir. 
6 siyasi partiyanın YAP-a qoşulması bu təşkilatın siyasi mövqeyinin daha da güclənməsinə xidmət edən uğurlu bir addım oldu. Bu, YAP-ın ideoloji prinsiplərinin milli həmrəyliyə və inkişafa xidmət göstərdiyini bir daha təsdiqləyir. Digər tərəfdən, bu birləşmə ölkəmizdə demokratik ənənələrin inkişafından xəbər verir. Bu fakt həmçinin milli həmrəyliyimizin və birliyimizin nümunəsidir.  
 Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən,  Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi ənənəsi formalaşdırılıb. Belə görüşlərin nəticəsində qərargahı olmayan 25 siyasi partiya üçün müvafiq yerlər ayrılıb, bir sıra partiyaların vaxtı ötürülmüş qurultaylarının keçirilməsi istiqamətində tədbirlər görülüb, konkret desək, 32 siyasi partiya qurultayını keçirib və nəticələri dövlət qeydiyyatına alınmaqla fəaliyyətlərində legitimlik təmin edilib. Həmçinin uzun fasilədən sonra 11 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması təmin edilib.
Bütün bunlar təsdiqləyir ki, siyasi konfiqurasiyanın yeni modeli özünü təsdiq edib. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar ümummilli məsələlərdə vahid mövqedən çıxış edirlər. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Partiyaların birgə bəyanat imzalayaraq Ali Baş Komandana və Azərbaycan Ordusuna dəstək nümayiş etdirmələri mühüm siyasi hadisə idi. 
Ölkəmizdə siyasi münasibətlərin inkişafında hakim Yeni Azərbaycan Partiyasının rolu xüsusi vurğulanmalıdır. YAP fəaliyyət göstərdiyi dövr ərzində hər zaman ölkədə siyasi qüvvələrin sağlam əlaqələrinin qurulması, ümummilli məsələlərdə vahid mövqedən çıxış edilməsinin təşəbbüskarı olmuşdur. YAP ölkəmizdə çox ağır və mürəkkəb siyasi proseslər zamanı tarixi zərurətdən yaranmış bir partiya olaraq qısa zamanda xalq arasında böyük nüfuz qazanmışdır. Çünki hər zaman öz fəaliyyətində ümummilli maraqları öndə tutmuşdur.
Qurultaydan kecən müddət ərzində partiyanın institusional əsaslarının güclənməsi və hüquqi bazasının möhkəmlənməsi istiqamətində mühüm işlər görülüb. Yeni nizamnaməyə uyğun partiyanın yerli təşkilatları formalaşdırılıb. Partiyanın 5 fəsildən ibarət olan yeni proqramında yeni reallıqlar yaradan Azərbaycanın qarşısında dayanan  mühüm hədəflər əksini tapıb. 
Proqramda YAP-ın siyasi dəyərlər və prinsiplər sistemində Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı kimi  10 strateji istiqamət müəyyən olunub.
VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın "iqtidar-xalq" modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinə yüksəldiyini nümayiş etdirdi. Partiyamız bundan sonra da üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və Prezident İlham Əliyevin liderliyi ilə yeni-yeni qələbələrə imza atacaq!
 
Sevinc HÜSEYNOVA, 
Milli Məclisin deputatı,
YAP Təftiş Komissiyasının sədri
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video