01 Oktyabr 2022 02:08
508
SİYASƏT
A- A+

Xalqımız Heydər Əliyevi hər zaman minnətdarlıqla anacaq

 

Lider faktoru tarix boyu dövlətlərin və xalqların taleyində mühüm siyasi amil kimi özünü göstərib. Siyasi və iqtisadi idarəetməsindən, coğrafi yerləşməsindən, cəmiyyətinin milli və mənəvi baxışlarından asılı olmayaraq hər bir ölkənin inkişafında, formalaşmasında, onun tarixinin yaranmasında qətiyyətli siyasi liderlərin böyük rolu olub.  Tarix həm də sübut edir ki, belə dahi liderlər öz dövlətinin əsaslarının, onun milli ideyalarının yaradıcısına çevrilir, xalqını həmin ideyaların, dövlətçilik dəyərlərinin ətrafında qətiyyətlə birləşdirə, səfərbər edə bilirlər.
Bu baxımdan xalqımızın Ulu Öndəri Heydər Əliyevin siyasi fəaliyyəti, istər sovet, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafı və yüksəlişi naminə gördüyü işlər tarixdə liderlərin roluna dair ən mükəmməl nümunədir. Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olan unudulmaz tarixdir. Elə buna görə də vətənini, dövlətini sevən, dövlətçilik ideallarına bağlı olan hər bir azərbaycanlı qəlbində Heydər Əliyevə əzəmətli abidə  ucaltmışdır.
Heydər Əliyev hələ sovetlər birliyində respublikamızın iqtisadi inkişafı, cəmiyyətimizdə milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının itməməsi üçün əlindən gələni edib, müstəqil dövlətçilik ideyalarının reallaşması naminə milli və iqtisadi zəmin formalaşdırıb.
Müasir Azərbaycan dövlətini yaratmaq missiyası da xilaskar kimi Ulu Öndər Heydər Əliyevə nəsib oldu. 1993-cü ildə ölkəmizin çətin bir vaxtında heç kimin öhdəsindən gələ bilməyəcəyi məsuliyyəti üzərinə götürməklə Azərbaycanın əbədi müstəqilliyini təmin etdi. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. Ulu Öndər müasir Azərbaycanın qurucusu, memarı kimi tanındı, milyonların ehtiramını qazandı.
Aradan illər ötdükcə, Azərbaycan daha da inkişaf etdikcə Heydər Əliyevin dahiliyini daha dərindən dərk edirik. Həmçinin iki il əvvəl 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər həm də Heydər Əliyev siyasətinin təcəssümü, Heydər Əliyev yolunun davam etdirilməsinin məntiqi nəticəsi idi. Dövlət və xalq olaraq qazandığımız bütün nailiyyətlər təsdiq edir ki, möhtərəm  Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi Heydər Əliyev yolunun, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun alternativi yoxdur.
Xalqımız  Heydər Əliyevə tarix boyu minnətdar olacaq, hər zaman onu dərin ehtiramla yad edəcək. Heydər Əliyevlə bağlı olan tarixlərdə, eləcə də hər il may ayının 10-da ölkəmizin hər yerində müxtəlif tədbirlər keçirilməsi Ulu Öndərə olan ümumxalq məhəbbətinin göstəricisidir. 2023-cü ildə Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ulu Öndərin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi cəmiyyətdə böyük razılıq və minnətdarlıqla qarşılandı. 
2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar olaraq geniş tədbirlər planı hazırlanacaq, Heydər Əliyevin 100 illik yubileyi Azərbaycanda və eləcə də onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd ediləcək. Əlbəttə, Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyası da öz tədbirləri ilə "Heydər Əliyev ili"nə layiqli töhfələr verəcək.
Prezident İlham Əliyevin respublikamızda 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə bağlı sərəncamında qeyd olunduğu kimi, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Qürur hissi ilə qeyd etməliyik ki, cənab İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində Heydər Əliyevin əmanəti olan Azərbaycan dövləti sürətlə yüksəlir, tarixinin ən qüdrətli dövrünü yaşayır, regionda və dünyada söz sahibi kimi mövqelərini möhkəmləndirir. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi bütün bunların təsdiqi kimi tariximizi şərəfləndirdi, Azərbaycanın öz milli maraqlarını qətiyyətlə təmin etdiyini göstərdi.
Bütövlükdə 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi respublikamızın həyatında böyük siyasi-ictimai hadisədir. Növbəti il bu istiqamətdə həyata keçiriləcək tədbirlər Ulu Öndərin dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsində, təbliğ olunmasında, gələcək nəsillərə ötürülməsində, həm də inkişaf etdirilməsində yeni mərhələ olacaq.

Cavid OSMANOV,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video