05 Oktyabr 2022 02:26
1160
Təhsil
A- A+

Vətən dərsi

 

Ağdam rayon 38 saylı tam orta məktəb yeni tədris ilinə uğurlu nəticələrlə başlayıb

 

İllər də insanlar kimidir, gözəli, bəxtlisi də olur, bəxtsizi də... 1990-cı illər taleyimizə və tariximizə qara illər kimi yazıldı. Əvvəlcə mənfur ermənilər torpaq iddiasına düşdülər. Təxribatlar törədib, terrorlar etdilər... Daha sonra Xocalı faciəsi baş verdi. Ölkədə xaos və hakimiyyətsizlik, iqtidara gəlmək uğrunda yersiz siyasi çəkişmələr başladı. Ard-arda torpaqlarımız işğal olundu, insanlar tarixi dədə-baba yurdlarından didərgin düşdülər... Məsud Həmzəyev də o illəri xatırlayaraq deyir ki, Ağdamdan çıxanda 15 yaşım var idi. Özümlə yalnız dərs çantamı götürə bilmişdim...
Qanlı, qırğınlı o məşum illər dilimizə yeni "didərgin", "qaçqın" "məcburi köçkün", "qaçqın şəhərciyi", "qaçqınlar düşərgəsi", "qaçqın məktəbi" kimi terminlər də gətirdi... İnsanlar yataqxanalarda, palçıqlı, indiyə kimi insan yaşamayan, işığı, yolu olmayan düzənliklərdə, heç bir şəraiti olmayan yerlərdə məskən salıb yaşadılar. İnsanlar çadır şəhərcikləri salanda bəlkə də ilk qurulan çadır məhz məktəb adına quruldu. Beləcə, ana dilimizə "qaçqın", "köçkün məktəbləri" ifadələri əlavə olundu. Adicə şəraiti, oturmaq üçün normal stolu, stulu, yazmağa yazı taxtası belə olmayan "məktəblər" fəaliyyətə başladı. Bəzən bu məktəblərdə cəmi 10-15 uşaq oxuyurdu. Bəzən bu məktəblər şəraitsiz qaranlıq zirzəmilərdə yerləşirdi. Bütün bu şəraitsizliklərə baxmayaraq, müəllimlər yazı taxtasına ilk olaraq Vətən kəlməsini yazırdılar. Şagirdlərinə ümidli olmağı, mübariz olmağı öyrədirdilər. Müəllimlər "qisas" deyib hayqırırdılar... O zaman yalın ayağı suyun içində olan, soyuqdan tir-tir əsən balaca yumruqlar dəmir kimi düyünlənirdi. Ürəklərdə qisas qığılcımı qızarırdı. Bu dərslər şagirdlərə verilən inam dərsləri idi. Həmin o "qaçqın", "köçkün məktəbləri"ndə verilən dərslərdə zəfərə gedən yolun bünövrəsi qoyulurdu. 
Dövlətimizin iqtisadi qüdrəti artdıqca, çadır şəhərcikləri çoxmərtəbəli evlərlə, müasir tipli qəsəbələrlə əvəzləndi. Çadırlarda, qaranlıq zirzəmilərdə, o uçuq, sökük şəraitsiz yataqxanalarda yerləşən məktəblər müasir məktəblərlə əvəz edildi. Zaman gəldi, o məktəblərdə təhsil alan, Qarabağdan ayaqyalın, başıaçıq, quru canını götürüb çıxmış uşaqlar bir gün əllərində silah, ürəklərində təpər, böyük bir Vətən sevgisi ilə düşmənin işğal etdiyi o torpaqları azad etməyə yollandılar. Minlərlə igidimiz, vətənin mərd oğulları qanlarını töküb, canlarını Vətən üçün fəda verib, torpaqlarımızı düşməndən azad etdilər...
Yolumuz Kürdəxanı məcburi köçkün şəhərciyində yerləşən Ağdam rayon 38 saylı orta məktəbədir. Çoxmərtəbəli binaların arasında özünə məskən salmış nəhəng məktəb binası öz gözəlliyi ilə aralıdan adama gəl-gəl deyir. Səs-küylü, qayğısız qaçışan uşaqların arasından keçib 38 saylı məktəbə üz tuturuq. Xatırladaq ki, bu nəhəng binada ümumilikdə 4 məktəb fəaliyyət göstərir. Böyüklüyü, geniş dəhlizi, səliqə-sahmanı, təmizliyi ilə fərqlənən bina orta məktəbdən çox universitet binasına bənzəyir. Dəhlizdə diqqətimizi ilk çəkən də sinif otaqlarının qapısı üzərinə vurulmuş milli qəhrəmanlarımızın, şəhidlərimizin şəkilləri olan stendlər, müasir qəhrəmanlıq tariximizin döyüş səhnələrini əks etdirən tablolar oldu. Məktəbin direktoru Məsud Həmzəyevlə də söhbəti elə bu yöndən saldıq:
 - Biz şagirdlərimizə ilk növbədə vətənə sevgi, torpağa məhəbbət hissini aşılamağa çalışırıq. Şagirdlərimiz bilirlər ki, Ağdamımız, Qarabağ, bütün işğal olunmuş torpaqlarımız şəhidlərimizin qanı ilə suvarılıb, onların canı bahasına geri alınıb. Bu torpaqlar bizə ulularımızın əmanətidir. Bundan sonra bu Vətəni qorumaq missiyası onların üzərinə düşür.
Söhbət əsnasında məlum olur ki, 1993-cü ildən Buzovnada fəaliyyət göstərən 38 saylı Ağdam orta məktəbi 2019-cu ildə Kürdəxanıdakı məcburi köçkün şəhərciyinə köçürülüb. 35 pedaqoji işçinin çalışdığı məktəbdə 396 şagird təhsil alır. 2022-ci ildə məktəbi bitirən 21 şagirddən 18 nəfəri respublikamızın ali məktəblərinə qəbul olunub. Bu rəqəm özü məktəbdə təhsilin səviyyəsi, müəllimlərin öz peşələrinə necə məsuliyyətlə yanaşmasının göstəricisi hesab oluna bilər.
Müdriklər hesab edirlər ki, müəllimlik hər şeydən əvvəl Tanrı peşəsidir. Müəllim şagirdinin uğuruna doğma valideyni qədər sevinə bilir. Məktəbin direktoru şagirdlərin uğuru, əldə olunmuş yüksək nəticələri haqqında danışarkən çöhrəsindəki sevinci, fəxr hissini sezməmək mümkün deyildi. Məsud müəllim dərs dediyi 4 şagirdinin şəhid olduğu haqqında danışanda gözləri doldu. Telefonunun yaddaşını axtararaq bir zamanlar dərs dediyi, Azərbaycan əsgərinin siması, nur üzlü şəhidimiz Xudayar Yusifzadənin şəklini göstərib, fərəhlə "Xudayara da dərs demişəm" dedi. 
Məsud Həmzəyev ürəyi yurd həsrəti ilə döyünən, o müqəddəs torpaqlara qayıdacağımız günün gələcəyinə bir an belə ümidini itirməyən ziyalılardandır. Əslən Laçından olsa da Ağdamda yaşayıb, Ağdamda işləyib. Ürəyində 30 il Laçın həsrətini, Ağdam acısını gəzdirib. Onu da qeyd edək ki, 21 illik pedaqoji fəaliyyətinin 16 ilini məktəb direktoru kimi yerinə yetirib.
- Hər gün müəllimlərimizdən xahiş edirdim ki, şagirdlərə bunu desinlər: biz mütləq o torpaqlara qayıdacağıq. Biz o torpaqların həsrəti ilə yaşayırıq. Vətəni qorumaq bizim işimizdir. Burada təhsil alanlar məcburi köçkünlərin övladlarıdır. Məqsədimiz o olub ki, bir gün də Qarabağı görməyən uşaqların ürəyində vətən tonqalını alovlandıra bilək. Əsas odur ki, uşaqlarımız unutqan olmasınlar. Vətən həsrətini bizimlə birlikdə onlar da çəksinlər. Vətən müharibəsində qazandığımız qələbədən sonra şagirdlərimizin ən çox verdikləri sual budur: biz o torpaqlara nə zaman qayıdacağıq?
İndi işğaldan azad olunmuş torpaqlarda sürətlə abadlıq-quruculuq işləri aparılır. İnfrastruktur bərpa olunur. Yollar çəkilir, məktəblər tikilir. Vətən həsrətli insanlar, məcburi köçkünlərimiz imkan düşdükcə o torpaqlara səfərlər edib, ermənilərin xaraba qoyduqları yurd yerlərinin daşını, divarını, torpağını öpürlər. Məcburi köçkünlər Böyük qayıdışa hazırlaşırlar. 
Qocaman müəllim Laləzar Cəfərova deyir ki, mən Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Ağdamdan gözüyaşlı çıxmışam. Bircə arzum var, yenidən Ağdama qayıdıb çox yox, cəmi bircə saat da olsa doğma yurdumda dərs deyə bilim. Bu torpağı bizə qaytaran əsgərlərimizdən, bu qüdrətli ordunu quran Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəlik qabiliyyətindən, uzun illər gözyaşımızı silən, dərdimizə ortaq, özümüzün himayədarı olan Mehriban xanım haqqında danışıb, babalardan bizə miras qalmış, şəhid qanı ilə suvarılıb müqəddəsləşmiş o torpaqlarda əbədiyyətə qovuşub, o torpağa qatışam.
Söhbətə qoşulan müəllimlərdən Mehparə Kazımova, Gülyaz Əliyeva, Vəsilə Məhərrəmova, Nailə Quliyeva, Aynur Məhərrəmova da tezliklə doğma yurda qayıdacaqları günün həsrəti ilə yaşadıqlarını sevinclə qeyd edib, bizə qələbə sevinci yaşadan şəhidlərə Tanrıdan rəhmət, əsgər və zabitlərimizə cansağlığı, ordumuzu öz qətiyyəti və dönməz iradəsi ilə qələbəyə aparan Müzəffər Ali Baş Komandana minnətdarlıqlarını bildirdilər.
Məktəbin zəngi çalınır. Bir anlıq şaqraq gülüşlər, səs-küy dəhlizi başına götürür. Əyinlərində əsgər forması olan ibtidai sinif şagirdləri şəhidlərimizin, Vətən müharibəsi qəhrəmanlarının dəhlizin divarlarını bəzəyən şəkillərinə baxıb söhbət edirlər.
Məsud müəllim deyir ki, Vətən müharibəsində qazandığımız böyük qələbədən sonra şagirdlər arasında hərb sənətinə maraq çox artıb. Məktəblilər arasında sorğu keçirəndə nəticələri bizi təəccübləndirdi. Oğlan uşaqlarının əksəriyyəti hərbçi olmaq arzusunda olduqlarını bildirirlər. Bu gün onbirincilərin əksəriyyəti Ali Hərbi Akademiyaya qəbul üçün hazırlaşırlar. Maraqlı olan cəhət budur ki, hərbi peşəni seçənlər arasında qız uşaqları da az deyil. İftixar duyulası faktdır ki, bu gün şagirdlərimiz hansısa kino qəhrəmanı, bədii qəhrəmana deyil, vətən üçün canlarından keçmiş qəhrəmanlara oxşamağa çalışırlar.
Qayıdırıq! Tikərək, quraraq, yaradaraq qayıdırıq o torpaqlara. Qanımızla sulayıb, can verdiyimiz vətənimizə...
Qaytarırıq geri bizdən aldıqlarını... Əyilmiş qəddimizi düzəldib, daha mətin, daha məğrur qayıdırıq. İllər sonra bir baba nəvəsinin əlindən tutub Ağdamdakı 38 saylı tam orta məktəbə aparacaq. Yollardan keçəndə nəvəsinin xoşbəxt, qayğısız üzünə baxıb qəmli-qəmli köks ötürüb deyəcək: ayağını bu torpağa asta bas. Torpaq deyib keçdiyin bu yerlər şəhid qanı ilə suvarılıb. Gördüyün bu məktəb çadırlardan, zirzəmilərdən keçib, dönüb, dolanıb, öz yurduna qayıdıb. Bu məktəbin fədakar müəllimləri bir zamanlar erməni vəhşiliklərindən baş götürüb qaçanda kisələrində təbaşir aparıblar ki, uşaqlara vətən dərsi keçsinlər. Vətən dərsi almayandan olmaz ölkə vətəndaşı...

Elşən QƏNİYEV,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video