22 Sentyabr 2022 09:53
646
Səfərlər
A- A+

“Vergitutma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Auditorlar Palatası, Milli Elmlər Akademiyası, həmçinin işçi qrupa daxil olan bir sıra ictimai birliklər, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər. İclasda Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsinin təqdimatı olub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev qurumun fəaliyyətinə toxunaraq bildirib ki, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması məqsədini daşıyan Komissiyanın tərkibində 22 işçi qrup fəaliyyət göstərir.

Dünya Bankının “Əlverişli biznes mühiti” layihəsi barədə məlumat verən V. Şıxəliyev qeyd edib ki, əgər əvvəllər biznes mühitinin dəyərləndirilməsi zamanı diqqət daha çox mikro və kiçik sahibkarlıq subyektlərinə yönəlirdisə, indi ölkədə biznes sahələrinin funksionallığı, bütövlükdə özəl sektorun inkişafına təsir göstərən biznes qaydaları və dövlət xidmətlərin müqayisəli qiymətləndirilməsi xüsusi önəm daşıyır. “Əlverişli biznes mühiti” layihəsi biznes mühitinin əlverişliliyini 3 mərhələdən ibarət olmaqla 10 indikator əsasında qiymətləndirəcək və bütün indikatorlarda müvafiq sahələrdə rəqəmsal texnologiyaların tətbiqi və ekoloji dayanıqlılıq məsələlərinə diqqət yetiriləcək. Bu məqsədlə konsepsiya komponentləri əsasında müvafiq sahələrin ilkin qiymətləndirməsi, təhlili və diaqnostikası aparılıb, Yol Xəritələri və diaqnostika matrisaları tərtib edilib.

V.Şıxəliyev bildirib ki, yol xəritələrinin geniş ictimai müzakirəsinin təşkili və həyata keçiriləcək tədbirlər barədə maraqlı tərəflərin məlumatlandırılması, biznes sahələri üzrə təklif və rəylərin innovativ platformalar vasitəsilə toplanması, islahat təkliflərinin hazırlanması prosesinə özəl sektor nümayəndələrinin yaxından cəlb olunması, dövlət-biznes dialoqunun genişləndirilməsi və kommunikasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini, işçi qrupun rəhbəri İlkin Vəliyev iclas iştirakçılarına “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi, onun alt indikatorları və komponentləri barədə ümumi məlumat verib, qarşıdakı dövrdə müvafiq qaydaların keyfiyyəti, vergi administrasiyası tərəfindən təqdim edilən xidmətlər, vergi yükü və vergi sistemlərinin səmərəliliyi alt indikatorları üzrə ümumilikdə 54 tədbirin həyata keçiriləcəyini vurğulayıb.

İşçi qrupun rəhbərinin müavini, Dövlət Vergi Xidmətinin Baş İdarə rəisi Nicat İmanov Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin təqdimatını edib və qarşıda duran vəzifələr barədə danışıb. 2022-2023-cü illərdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqda ətraflı məlumat verən Baş İdarə rəisi müvafiq sahədə təkmilləşdirmə işlərinin həyata keçirilməsi üçün diaqnostika matrisasının hazırlandığını da diqqətə çatdırıb.

“Ernst & Young Holdings (CIS) B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri Arzu Hacıyeva və Məmməd Balacanov Yol Xəritəsi üzrə inkişaf və təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsində özəl sektorun rolunu vurğulayaraq, işçi qrup çərçivəsində bu sahədə bir sıra məsələlərin müzakirəsini təklif ediblər.

Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM) icraçı direktoru Gülnarə Aslanbəyli dövlət-biznes dialoqunun əhəmiyyətini diqqətə çatdırıb, vergi mühitinin yaxşılaşdırılmasında işçi qrupun effektiv platforma olacağına əminliyini ifadə edib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin işçi qrup üzvləri tərəfindən dəyərləndiriləcəyini, təkmilləşdirmələrin aparılması üçün növbəti iclaslarda təkliflərin hazırlanacağını qeyd edib.

DVX-nin rəis müavini İlkin Vəliyev işçi qrupun səmərəli fəaliyyət göstərəcəyinə əminliyini, özəl sektor, sahibkarların ictimai birlikləri və konsaltinq şirkətləri tərəfindən təqdim ediləcək bütün təkliflərin müzakirəsinə açıq olduqlarını söyləyib.

Qeyd olunub ki, Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə 2022-2023-cü illər üzrə Yol Xəritəsi Azərbaycanın Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video