10 May 2022 00:22
1275
SİYASƏT
A- A+

Ulu Öndərin gerçəyə çevirdiyi əfsanə

 

Bu, üç dənizi birləşdirən 1768 kilometrlik BTC kəməridir

 

Ulu Öndər Heydər Əliyev Azərbaycana  rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə  respublikanın paytaxtında, digər şəhər və rayonlarında yüzlərlə sənaye müəssisəsi tikdirmiş,  yollar çəkdirmiş, körpülər saldırmışdır.

Ümummilli Liderin uzaqgörənliklə gerçəkləşdirdiyi həmin layihələr bu gün də xalqımıza xidmət edir. Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri Heydər Əliyevin şah əsərlərindən biridir.

Əsrimizin ilk illərində  iqtisadiyyatı "qədd"ini təzəcə  düzəldən bir ölkədə belə nəhəng layihənin  gerçəkləşməsi asan məsələ deyildi.  Bəlkə elə buna görə də BTC-ni "Üç dənizin əfsanəsi" adlandırırdılar. Əslində isə  BTC nə  "birləşdirdiyi" üç dənizin - Xəzərin, Qara dənizin və Aralıq dənizinin, nə dağlarda çatdığı  2800 metrlik zirvələrin, nə də kəsişdiyi 1500 çayın əfsanəsi idi.  Bu,  Heydər Əliyev  qüdrətinin  həqiqətə çevirdiyi  əfsanə  idi!

Azərbaycanın böyük neftinin dünya bazarlarına nəqli yeni neft strategiyasının əsas istiqamətlərindən biri kimi qarşıda dayanırdı. Odur ki, "Əsrin müqaviləsi"ndən sonra növbəti  layihələrin həyata keçirilməsi  gündəmə gəlmişdi.  Məqsədin reallaşması üçün Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin ortalarında özünün mühüm qərarını verdi. Bu, BTC kəmərinin tikilməsi haqqında qərar idi. Kəmərin tikintisinin başlanması üçün bir neçə il ardıcıl iş getdi. Çünki marşrutun müəyyənləşdirilməsi, xəttin çəkilməsinə razılığın əldə olunması lazım idi. Buna görə 1998-ci il oktyabrın 19-da BTC-nin tikintisi ilə bağlı "Ankara bəyannaməsi" imzalandı. 1999-cu il noyabrın 18-də isə ATƏT-in İstanbul Zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" sazişə imza atıldı. Bu mühüm sənədi 5 ölkənin - Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və ABŞ-ın prezidentləri öz imzaları ilə təsdiqlədilər.

Lakin BTC ideyası yaranan gündən Azərbaycanın istər daxilində, istərsə də xaricində kəmərin tikintisi əleyhinə çıxış edən qüvvələr baş qaldırdı. Onlar müxtəlif bəhanələr gətirirdilər. Bir dəstə deyirdi ki, Azərbaycanın bu boru xəttini doldurmağa kifayət qədər nefti yoxdur. Bəziləri də kəmərin heç vaxt gəlirlə işləyə bilməyəcəyi barədə  mülahizə yürüdürdü. Digərləri isə boruların seysmik cəhətdən riskli zonalardan keçəcəyini söyləyirdilər. BTC-nin ekologiyaya ziyan vuracağını söyləyənlər də tapılmışdı. Halbuki həmin fikirlərin müəlliflərinin heç birinin bu sahələr barədə dərin bilgiləri yox idi.

Ümummilli Liderimiz  isə uzaqgörənliklə BTC-ni Azərbaycanın gələcəyini çox böyük dərəcədə müəyyən edəcək bir layihə kimi  dəyərləndirirdi və onun gerçəkləşməsi üçün  mübarizə aparırdı. Bunun nəticəsidir ki, 2002-ci il sentyabrın 18-də Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalında kəmərin təməlqoyma mərasimi keçirildi. Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları, ABŞ-ın energetika naziri, layihənin tərəfdaşları olan tanınmış xarici şirkətlərin səlahiyyətli nümayəndələri, neçə-neçə ölkənin jurnalistləri orada idilər.

Beləliklə, BTC artıq gerçəkləşməkdə idi.  Bununla belə, kəmərin bədxahları  yenə də rahatlıq tapa bilmir, hər vasitə ilə layihəyə əngəl törətmək istəyirdilər. Bir sıra qeyri-hökumət təşkilatları   tikintiyə  mane olmaq üçün növbəti səbəblər uydururdular. Bu dəfə kəmərin Gürcüstanın "Borjomi" mineral su mənbəyinə ekoloji cəhətdən guya zərbə vuracağı fikrini ortaya atdılar. Bu isə layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədlərinin imzalanmasını  gecikdirirdi. Hətta müxtəlif qruplar kəmərin tikintisini maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq onun çəkilişinə etiraz edirdilər.

Lakin 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" konfransı öz işini davam etdirdiyi günlərdə Ümummilli Lider Beynəlxalq Maliyyə Korporasiyasının, BTC-yə kredit verəcək digər qurumların rəhbərləri ilə görüşdü, söhbətlər apardı. Bütün bunlar layihənin irəliləməsinə təkan verdi. Beləliklə, Heydər Əliyevin dünyadakı hörmət və nüfuzu BTC-ni bu çətinlikdən də çıxardı.

2004-cü ilin fevral ayında isə Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşməsinə aid son sənədlər imzalandı və bu problem tamamilə həll olundu. 2005-ci il mayın 25-də kəmərə Səngəçal terminalındakı baş nasos stansiyasından ilk neft vuruldu. 2006-cı il mayın 28-də BTC-nin daşıdığı neft Ceyhan terminalına çatdı. Həmin il iyulun 13-də kəmərin tam  sistem kimi işə düşməsi münasibətilə Türkiyədə təntənələr keçirildi.

Prezident İlham Əliyev BTC-nin salnaməsini uğurla davam etdirir.  Öz yaradıcısının - Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyan bu kəmər   16 ilə yaxındır  Xəzər neftini dünya bazarlarına təhlükəsiz, etibarlı, sakit və ekoloji baxımdan minimum risklə nəql edir.

BTC bütün regionun həyatında mühüm rol oynayır. O, ötən illər ərzində 1768 kilometr məsafə qət edərək  ərazisindən keçdiyi üç ölkənin - Azərbaycanın, Gürcüstanın və Türkiyənin sakinlərinin güzəranını xeyli yaxşılaşdırıb. Kəmər Azərbaycana böyük gəlirlər gətirib. Həmin vəsait ARDNF-yə (Azərbaycan Respublikası  Dövlət Neft Fondu) daxil olur, eləcə də ölkənin ən zəruri sosial-iqtisadi problemlərinin həllinə yönəldilir.

İstismara veriləndən 2022-ci ilin birinci rübünün sonunadək bu  kəmərlə ümumilikdə  təqribən 509 milyon tondan çox (3,82 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5007 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 6,7 milyon ton (təxminən 51 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 68 tankerə yüklənib və yola salınıb.

Hazırda  kəmər əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur. Təsadüfi deyil ki, onu regionun neft ixracı arteriyası adlandırırlar.

Vaxtilə Ulu Öndər BTC-nin iqtisadi gücünü qeyd etməklə yanaşı, onu həm də Azərbaycanı Avropa ilə daha sıx bağlayacaq polad kəmərə bənzətmişdi. Bu gün BTC, həqiqətən, Azərbaycanı beynəlxalq enerji ailəsinə qovuşdurub və dünyanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Bunu dəfələrlə vurğulayan Prezident İlham Əliyev BTC-dən başlanan yolları geniş dəhlizlərə çevirərək dünyanın ən uzaq ünvanlarına çatdırıb. Belə ki, BTC-nin əhəmiyyəti həm də onun özündən sonra neçə-neçə nəhəng layihəyə yol açmasındadır. Dövlət başçısının dediyi kimi: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil edə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik".

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video