24 Iyul 2022 01:10
1806
SİYASƏT
A- A+

Uğurlu yüksəlişin təminatı

 

İlham Əliyevin yeni sosial-iqtisadi inkişaf strategiyasının reallaşması 2026-cı ilin sonuna qədər böyük dəyişikliklərə səbəb olacaq

 

"Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir. Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir".

Bu fikirlər Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"nda öz əksini tapır.

Sənəddə qeyd edilir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini, insan kapitalının davamlı inkişafını təmin etməkdədir.

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən qüdrətli dövlətidir. Avrasiyada nəqliyyat-tranzit körpüsü hesab olunan Azərbaycan həm də etibarlı tərəfdaşdır. Bunun da səbəbi ilk növbədə Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir. Məhz bu siyasət Azərbaycana iqtisadi və siyasi müstəqillik qazandırıb. İqtisadi müstəqilliyi olan ölkə isə, təbii ki, heç kimdən asılı olmur. Yəni bu gün Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş quruculuq işlərini təkbaşına apardığı kimi.  Azərbaycan həm də beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradıb. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyən edən və dünya iqtisadiyyatında söz sahibi olan "qlobal oyunçu" statusunu təmin edib.

Strategiyada  qeyd edilir ki, sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli və ağıllı inteqrasiyası, dövlət investisiyalarının yüksək həcmi iqtisadi quruculuğun birinci mərhələsindəki başlıca məqsədlərin - ölkənin tarixi coğrafi sərhədlərini bərpa etməklə dövlət suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsində, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsində mühüm rol oynayıb. Son illərdə pandemiyanın ölkənin ixrac gəlirlərinə əhəmiyyətli təsirinə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində milli iqtisadiyyat qısa müddətdə yeni qlobal reallıqlara uyğunlaşdırılmış, makroiqtisadi stabillik təmin edilmiş və Azərbaycan bu böhrandan ən az təsirlənən ölkələrdən biri olmuşdur.

Sənəddə həmçinin vurğulanır ki, Azərbaycan postpandemiya və postmünaqişə dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.

Məhz bu məqsədlə "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq olunub və bu prioritetlərə söykənən "2022-2026-cı illərdə sosialiqtisadi inkişaf strategiyası" hazırlanıb. Bu strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcək. Özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətlənəcək, investorların ölkə iqtisadiyyatında fəallığı artacaq, qeyri-xammal ixracı genişlənəcək.

Qeyri neft-qaz sektoruna, xüsusilə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli aqrar istehsal və emal sənayesinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət-özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək.

Dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin iqtisadi səmərəsi yüksələcək, iqtisadiyyatda şəffaflıq daha da artacaq, iqtisadi idarəetmənin keyfiyyəti yeni səviyyəyə qalxacaq. Dövlət əmlakının özəlləşdirilməsi və dövlət özəl tərəfdaşlığının genişləndirilməsi, dövlətə məxsus olan hüquqi şəxslərin restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, burada dövlət payının azaldılması sahəsində müvafiq işlər görüləcək.

İnsan kapitalının davamlı inkişafı və yeni keyfiyyətə transformasiyası mühiti daha da təkmilləşəcək, milli iqtisadiyyatda innovasiyaların sürətlə mənimsənilməsi üçün zəruri ekosistem formalaşacaq, ölkənin "yaşıl enerji" məkanına çevrilməsi və ətraf mühitin sağlamlaşması prosesləri sürətlənəcək.

Həmçinin innovasiyalar təşviq ediləcək, müasir texnoloji həllərin tətbiqi genişləndiriləcək, bu əsasda iqtisadiyyatın effektiv inkişafı və rəqabətədavamlılığı təmin olunacaq. Əhalinin sosial müdafiəsi, xüsusilə həssas təbəqələrin sosial təminatı gücləndiriləcək, pensiya sistemində mühüm keyfiyyət dəyişikliyi baş verəcəkdir. Nəhayət, ölkənin sosial-iqtisadi inkişafında tarixi dönüş dövrü və yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında bu regiona böyük qayıdış təmin ediləcək.

Sənəddə qeyd edilir ki, Böyük qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaqdır. Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemində və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaqdır. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

Strategiyada o da qeyd edilir ki, 2022-2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf məqsədlərinə nail olmaq üçün bir-biri ilə əlaqəli olan fəaliyyət proqramları həyata keçiriləcək. Qəbul edilmiş sənəd və müvafiq fəaliyyət proqramlarının icrası qoyulan hədəflər nəzərə alınmaqla monitorinq olunacaq. Monitorinqin nəticələri ilə bağlı hesabatlar hazırlanacaq və ciddi koordinasiyası tələb olunan proqram və ya tədbirlərə dair məlumatlar kommunikasiya ediləcək. Proqramların monitorinqinə peşəkar yerli və xarici ekspertlər cəlb olunacaq.

Bir sözlə, yeni sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanın hərtərəfli yüksəlişi üçün yol xəritəsidir. Strategiyanın tədbirlər planında nəzərdə tutulan bütün layihələrin uğurlu icrası Azərbaycanı daha da qüdrətləndirəcək.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video